Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2011/2022 29.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "ona xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1956-cı ildə Şəki rayonu Suçma kəndində anadan olmuş və hazırda Mingəçevir şəhərində yaşayır. O, Şəki rayonu P.Babayev adına üzümçülük sovxozu direktorunun xx.xx.1973-cü il tarixli 250 nömrəli əmri ilə həmin sovxoza müvəqqəti kənd təsərrüfatı fəhləsi qəbul edilmişdir. O, həmin sovxozdan 1973-cü ilin iyun-dekabr ayları, 1974-cü ilin yanvar, mart-may, sentyabr, 1975-ci ilin yanvar, fevral ayları üçün əmək haqqı almışdır. Bundan sonra Şəki rayonu P.Babayev adına üzümçülük sovxozu direktorunun xx.xx.1975-ci il tarixli 156 nömrəli əmri ilə o, yenidən həmin sovxozda mövsümi kənd təsərrüfatı fəhləsi qəbul edilmiş və 1975-ci ilin mart ayı üçün əmək haqqı almışdır. Göstərilən sovxozun direktorunun xx.xx.1975-ci il tarixli 293 nömrəli əmri ilə İddiaçı işdən azad edilmişdir. Daha sonra o, xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (01 il 11 ay 28 gün) keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının əmək kitabçasında olan qeydlərə əsasən, o, Mingəçevir Təmir- Tikinti İdarəsində xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilədək rəngsaz, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilədək suvaqçı-rəngsaz işləmişdir (cəmi 22 il 10 ay). İddiaçı xx.xx.2021-ci ildə pensiya yaşına (65 yaş) çatmış, yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına, hərbi biletinə və arxiv arayışına əsasən, onun sığorta stajı (xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) yalnız 03 il 02 ay 29 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan əlavə, araşdırma zamanı müəyyən edilmişdir ki, X5 filialının arxiv arayışına əsasən, əmək kitabçasında qeyd olunmuş Mingəçevir Təmir-Tikinti İdarəsinin xx.xx.1979-cu ildən xx.xx.2002-ci ilədək olan arxiv sənədləri Mingəçevir Şəhər Dövlət Arxivinə təhvil verilməyib. Odur ki, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı "65 yaşının bitdiyi xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddia tələbini belə əsaslandırmışdır ki, ona ümumi xəstəlik səbəbindən 2011-ci ildən ikinci qrup əlillik təyin edilmiş, xx.xx.2016-cı ildə əlillik dərəcəsi daha 5 il, yəni xx.xx.2021-ci ilədək uzadılmışdır. Növbəti müayinə vaxtı onun əlillik müddəti uzadılmamış, həmin vaxtdan əlilliyə görə pensiya dayandırılaraq ona xx.xx.2021-ci ildə 65 yaşı bitdiyi üçün sosial müavinət təyin edilmişdir. Lakin ona hüququnun yarandığı və 65 yaşı bitən vaxtdan yaşa görə əmək pensiyası təyin edilməli idi. Cavabdeh iddiaya qarşı yazılı münasibət (etiraz) bildirməsə də, şifahi məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək imtinanın məzmununa uyğun izahat verdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Şəki rayonu P.Babayev adına üzümçülük sovxozu direktorunun xx.xx.1973-cü il tarixli 250 nömrəli əmrindən görünür ki, İddiaçı həmin sovxoza müvəqqəti kənd təsərrüfatı fəhləsi qəbul edilmişdir. - İşdə olan, Şəki rayonu P.Babayev adına üzümçülük sovxozu direktorunun xx.xx.1975-ci il tarixli 156 nömrəli əmrindən görünür ki, İddiaçı həmin sovxoza mövsümi kənd təsərrüfatı fəhləsi qəbul edilmişdir. - İşdə olan, Şəki rayonu P.Babayev adına üzümçülük sovxozu direktorunun xx.xx.1975-ci il tarixli 293 nömrəli əmrindən görünür ki, İddiaçı işdən azad edilmişdir. - İşdə olan, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X8 filialının xx.xx.2022-ci il tarixli 489 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Şəki rayonu P.Babayev adına üzümçülük sovxozundan 1973-cü ilin iyun-dekabr ayları, 1974-cü ilin yanvar, mart-may, sentyabr, 1975-ci ilin yanvar-mart ayları üçün əmək haqqı almışdır. - İşdə olan, НЗ seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək (1 il 11 ay 28 gün) keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - İşdə olan, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı Məmmədov X2 Təmir-Tikinti İdarəsində xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilədək rəngsaz, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilədək suvaqçı-rəngsaz işləmişdir. - İşdə olan, cavabdehin xx.xx.2022-ci il tarixli **********9 nömrəli imtina məktubundan görünür ki, iddiaçının təqdim etdiyi əmək kitabçasına, hərbi biletinə və arxiv arayışına əsasən, onun sığorta stajı (xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 03 il 02 ay 29 gün təşkil edir. Həmçinin, xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan əlavə, araşdırma zamanı müəyyən edilmişdir ki, X5 filialının arxiv arayışına əsasən, əmək kitabçasında qeyd olunmuş Mingəçevir Təmir-Tikinti İdarəsinin xx.xx.1979-cu ildən xx.xx.2002-ci ilədək olan arxiv sənədləri Mingəçevir Şəhər Dövlət Arxivinə təhvil verilməyib. Odur ki, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - İşdə olan, X5 filialının xx.xx.2022-ci il tarixli T-175(E) nömrəli arxiv arayışından görünür ki, Mingəçevir Şəhər Təmir-Tikinti İdarəsinin arxiv sənədləri filiala təhvil verilmədiyi üçün İddiaçı işləməsini təsdiq etmək mümkün olmadı. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində deyilir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin "Qeyd" hissəsində deyilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla, xx.xx.2021-ci ildə pensiya yaşına (65 il) çatmışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququ əldə etməsi üçün onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi, yaxud da azı 25 il sığorta stajına malik olması tələb olunur. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsini iddia etmədiyinə və iddiasını 26 ildən artıq iş stajının olması ilə əsaslandırdığına görə məhkəmə ilk növbədə onun sosial sığorta stajının müddətini hesablamağı zəruri bildi. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.2.3cü maddəsinə görə, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Ona görə də İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmətdə olduğu 01 il 11 ay 28 gün müddət onun sığorta stajına daxil edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Müəyyən edildi ki, iddiaçı Şəki rayonu P.Babayev adına üzümçülük sovxozu direktorunun xx.xx.1973-cü il tarixli və xx.xx.1975-ci il tarixli əmrləri ilə həmin sovxozda mövsümi kənd təsərrüfatı fəhləsi qəbul edilmişdir. Onun işdən çıxarılması barədə yalnız xx.xx.1975-ci il tarixli əmr aşkar edilsə də, o, sovxozdan 1973-cü ilin iyun-dekabr ayları, 1974-cü ilin yanvar, mart-may, sentyabr, 1975-ci ilin yanvar, fevral ayları üçün əmək haqqı almışdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıın sovxozda mövsümi fəhlə kimi işləməsi nəzərə alınaraq onun yalnız əmək haqqı aldığı aylar onun sığorta stajına daxil edilməlidir. Beləliklə, İddiaçı Şəki rayonu P.Babayev adına üzümçülük sovxozunda işlədiyi xx.xx.1973-cü ildən xx.xx.1973-cü ilədək olan müddət (09 gün), 1973-cü ilin iyul-dekabr ayları (06 ay), 1974-cü ilin yanvar, mart-may, sentyabr ayları (05 ay), 1975-ci ilin yanvar, fevral ayları (02 ay), cəmi 01 il 01 ay 09 gün müddət onun sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh iddiaçının əmək kitabçasında göstərilmiş xx.xx.1979-cu ildən xx.xx.2002-ci ilədək müddətin onun sığorta stajına daxil edilməməsini Mingəçevir Təmir-Tikinti İdarəsinin arxiv sənədlərinin Mingəçevir Şəhər Dövlət Arxivinə təhvil verilməməsi ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən Mingəçevir Şəhər Dövlət Arxivinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, Mingəçevir Şəhər Təmir Tikinti İdarəsinin arxiv sənədləri filiala təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu edilərək alınmış xx.xx.2022ci il tarixli arayışda göstərilmişdir ki, məlumat-uçot bazasına əsasən, Mingəçevir Şəhər Təmir Tikinti İdarəsinin vergi ödəyicisi kimi 11 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olması barədə məlumat aşkar olunmadı. Bundan başqa, məhkəmə tərəfindən Mingəçevir Şəhər İcra Hakimiyyətinə sorğu edilərək alınmış xx.xx.2022-ci il tarixli arayışda göstərilmişdir ki, hal-hazırda Mingəçevir Təmir-Tikinti İdarəsi şəhər ərazisində fəaliyyət göstərmir və həmin İdarənin sənədləri Mingəçevir Şəhər Arxivinə təhvil verilməmişdir. Göründüyü kimi, iddiaçının əmək kitabçasında göstərilmiş Mingəçevir Təmir- Tikinti İdarəsinin arxiv sənədlərini ümumiyyətlə əldə etmək mümkün olmamışdır. Lakin bununla yanaşı, İddiaçı iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmaması cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Bu səbəbdən də məhkəmə əmək kitabçasında olan məlumatları mötəbər hesab edir. Mingəçevir Təmir-Tikinti İdarəsinin arxiv sənədləri mövcud olsaydı və həmin sənədlər İddiaçı İdarədə işləməsini inkar etsəydi, bu halda, cavabdehin imtinası əsaslı sayıla bilərdi. Hazırkı halda isə, iddiaçının Mingəçevir Təmir-Tikinti İdarəsində işlədiyi xx.xx.1979-cu ildən xx.xx.2002-ci ilədək müddətin onun sığorta stajına daxil edilməli olmaması barədə cavabdehin dəlilləri əsassızdır. Eyni hüquqi mövqe analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-532/2020 nömrəli xx.xx.2020-ci il tarixli, 2-1(102)-792/2020 nömrəli xx.xx.2020-ci il tarixli, 2-1(102)-810/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarlarında da ifadə edilmişdir. Beləliklə, İddiaçı Şəki rayonu P.Babayev adına üzümçülük sovxozunda işlədiyi 01 il 01 ay 09 gün müddətin, həqiqi hərbi xidmətdə olduğu 01 il 11 ay 28 gün müddətin və Mingəçevir Təmir-Tikinti İdarəsində işlədiyi 22 il 10 ay müddətin onun sosial sığorta stajına daxil edilməsinə mane olan hal yoxdur. Bu müddətlərin cəmi 25 il 11 ay 07 gün təşkil edir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edr. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edilməli və İddiaçı xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2-1(116)-2011/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2011/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver