Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2017/2022 15.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “təyin olunmuş əlilliyin dayandırılmasına əsas olduğu bildirilən cavabdehin qərarının etibarsız hesab edilməsi, əlilliyə görə təyin edilmiş pensiyanın dayandırılması barədə qərarın ləğv edilməsi, əlilliyinin bərpa edilməsi və əlilliyə görə təyin olunmuş pensiyanın ödənilməyən günlərə görə hissəsində də hesablanaraq tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, təyin olunmuş əlilliyin dayandırılmasına əsas olduğu bildirilən cavabdehin qərarının etibarsız hesab edilməsi, əlilliyə görə təyin edilmiş pensiyanın dayandırılması barədə qərarın ləğv edilməsi, əlilliyinin bərpa edilməsi və əlilliyə görə təyin olunmuş pensiyanın ödənilməyən günlərə görə hissəsində də hesablanaraq tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı tikintidə işləyərkən hündürlükdən yıxılaraq aldığı kəllə beyin travması və bel fəqərələrinin kompession sınığı səbəbindən ona 2-ci dərəcə əlillik təyin olunmuşdur. İddiaçının bel nahiyəsinə qoyulmuş aparat, faktiki fiziki durumu və aşkar əlilliyini təsdiq edən faktların olmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçının mövcud vəziyyətinin əlillik üçün əsas yaratmadığı barədə qərar qəbul olunmuşdur. İddiaçı cavabdehin qərarı ilə razılaşmamış və hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etirazında qeyd olunur ki, İddiaçı əlillik vəziyyətinə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli sonuncu göndərişi əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəliyin başladığı vaxtdan dinamikası və aparılan müalicələr barədə məlumat qeyd edilməyib. Diaqnozun ağırlaşmaları müayinələrlə əsaslandırılmayıb, funksional pozğunluqlar dəqiqləşdirilməyib” səbəbi ilə əliliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia tələbi iki hissədən ibarətdir: 1.əlilliyin etibarsız hesab edilməsi və pensiyanın dayandırılması barədə qərarın ləğv edilməsi, əlilliyinin bərpa edilməsi; 2. əlilliyə görə pensiyanın ödənilməyən günlərinə görə hesablanaraq ödənilməsi. İddiaçının iddia ərizəsində irəli sürdüyü tələblər iki müxtəlif iddia növünə aiddir. Belə ki, tələbin birinci hissəsinə cavab verməli olan inzibati orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, tələbin ikinci hissəsinə, yəni “əlilliyə görə pensiyanın ödənilməyən günlərinə görə hesablanaraq ödənilməsi” hissəsində cavab verməli inzibati orqan isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialıdır. Hüquqi yardım məktubunda iddiaçıya uyğunsuzluqların aradan qaldırılması məqsədilə hazırkı cavabdehə qarşı tələbin birinci hissəsini saxlayaraq iddianı dəqiqləşdirməsi, dəqiqləşdirilmiş iddia ərizəsini 10 (on) gün müddətində məhkəməyə təqdim etməsi təklif olunmuşdur. Həmçinin diqqətinə çatdırılmışdır ki, iddia tələbinin ikinci hissəsi ilə bağlı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialından imtina aldıqdan sonra müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İş materiallarında olan “poçt göndərişlərinin izlənməsi” sənədindən görünür ki, məhkəmənin hüquqi yardım məktubu xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən alınmış, lakin məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmiş və göstərilən nöqsanlar aradan qaldırılmamışdır. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və cavabdeh orqan bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə saat 14:42-də məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etmiş, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Məhkəmə qeyd edir ki, iddiaçı iki müxtəlif tələblə hazırkı cavabdehə qarşı iddia qaldırmış, məhkəmənin yardım məktubunu almasına baxmayaraq qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmənin müvafiq göstərişlərinə əməl etməmiş, faktiki olaraq iddia tələbini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün heç bir tədbir görməmişdir. Belə ki, hazırkı iddia tələbinin birinci hissəsinə cavab verməli olan inzibati orqanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, tələbin ikinci hissəsinə, yəni “əlilliyə görə pensiyanın ödənilməyən günlərinə görə hesablanaraq ödənilməsi” hissəsində cavab verməli inzibati orqanın isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı olması iddiaçıya ünvanlanmış hüquqi yardım məktubunda izah olunaraq yol verilmiş nöqsanların aradan qaldırılması təklif olunsa da, iddiaçı tərəfindən məktubda qeyd olunanlarla bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmiş və uyğunsuzluq aradan qaldırılmamışdır. İddiaçının diqqətinə çatdılır ki, iddianın mümkün sayılmaması yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “təyin olunmuş əlilliyin dayandırılmasına əsas olduğu bildirilən cavabdehin qərarının etibarsız hesab edilməsi, əlilliyə görə təyin edilmiş pensiyanın dayandırılması barədə qərarın ləğv edilməsi, əlilliyinin bərpa edilməsi və əlilliyə görə təyin olunmuş pensiyanın ödənilməyən günlərə görə hissəsində də hesablanaraq tam şəkildə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-2017/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2017/2022
15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver