Məhkəmə qərarları › İş №2-1(116)-2019/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2019/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2019/2022 02.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, mülkiyyət hüququ ilə iddiaçıya və X3 bərabər payda məxsus olan 0,50 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı qanuni nümayəndəsi Nümayəndə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, mülkiyyət hüququ ilə iddiaçıya və X3 bərabər payda məxsus olan 0,50 ha torpaq sahəsinə Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, yaşadığı Qəbələ rayonu, Vəndam qəsəbəsində mərhum anasından vərəsəlik hüququ ilə keçən 0,50 ha torpaq sahəsi qalmış və bu torpaq sahəsindən bu vaxta qədər iddiaçı istifadə edir. Həmin torpaq sahəsinə dair hüququnun yaranması ilə əlaqədar qardaşı oğlu X6 arasında mübahsiələr yaranmışdır. Mübahisələrə məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Məlumat üçün bildirilir ki, Qəbələ rayon Məhkəməsinin 21 avqust 2019-cu iİ tarixli, 2(025)-1056/2019 saylı qətnaməsi ilə xx.xx.2014-cü il tarixli ********** qeydiyyat nömrəli X1 İddiaçı ümumi birgə mülkiyyətinə verilmiş 0,50 ha torpaq sahəsindən İddiaçı və X2 hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən İddiaçı 28.12 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmin çıxarışla bir daha müəyyən olunur ki, iddiaçı və cavabdehin əmlaka dair hüquqları, hər birinə 1/2 hissədə (bərabər) müəyyən edilmişdir. Həmin torpaq sahəsinin naturada, paylara uyğun ayrılması barədə məhkəməyə müraciət olunmuşdur. Davam edən məhkəmə mübahisələri zamanı məlum olmuşdur ki, mübahisəli torpaq sahəsinin “torpaq sahəsinin planı və ölçüsü” sənədi iş materiallarında olmadığından, torpaq sahəsinin paylara uyğun naturada bölünməsi mümkün olmamışdır. Hazırkı durumda ayrılmış torpaq sahəsi üzərində sərəncam verilməsi mümkün deyil və mübahisələr davam etməkdədir. Həm Qəbələ Rayon Məhkəməsi, həm də Şəki Apellyasiya Məhkəməsi qətnamələrdə qeyd etmişlər ki, tərəflərə bərabər paylarda mülkiyyətə dair çıxarış verilməsinə baxmayaraq, DƏDRX ərazi idarəsi tərəfindən torpaq sahəsinin plan ölçü sənədi məhkəməyə təqdim edilməmişdir. Torpaq sahəsi ayrıldığı zaman plan ölçü sənədinin ümumiyyətlə verilmədiyi məlum olmuşdur. İddiaçının qanuni nümayəndəsi Nümayəndə hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********68 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Ərazi İdarəsinin mütəxəssisləri ərazidə texniki inventarlaşdırma işlərinin aparılması üçün əraziyə getmiş, lakin məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə plan və ölçü-sənədi hazırlanmadığından, torpaq sahəsinin 1/2 (yəni 0,25 ha) hissəsinə plan və ölçü sənədi hazırlanması mümkün olmamışdır. Həmçinin torpaq sahəsi üzərində mübahisə var. Buna görə də torpaq sahəsində texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********11 nömrəli etiraz məktubunda iddiaçının qanuni nümayəndəsinə ünvanladığı imtina məktubunda göstərilənləri qeyd etmiş və bildirmişdir ki, torpaq sahəsinin digər mülkiyyətçisi olan X6 tərəfindən çöl-ölçmə işlərinin aparılmasına imkan verilməmişdir. İddia edilən torpaq sahəsi üzərində İddiaçı ilə digər mülkiyyətçi X6 arasında mübahisə vardır. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-2019/2022 nömrəli qərardadı ilə X4 hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçının qanuni nümayəndəsi məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşdə olan Qəbələ RİH başçısının xx.xx.2011-ci il tarixli, 114 nömrəli sərəncamı ilə Qəbələ Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(025)-188/2010 nömrəli qətnaməsi və rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumçuluq və Himayəçilik Komissiyasının qərarı nəzərə alınaraq xx.xx.1956-cı il təvəllüdlü İddiaçı qardaşı Nümayəndə himayəçiliyinə verilmişdir. Cavabdehin etirazına əlavə olunmuş RX seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, Qəbələ rayonunun Vəndam kəndində yerləşən 0,50 ha torpaq sahəsi X6 və İddiaçı ümumi birgə mülkiyyətində olmuşdur. Cavabdehin etirazına əlavə olunmuş xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qəbələ rayonunun Vəndam kəndində yerləşən 0,50 ha torpaq sahəsi hər birinə 1/2 hissə olmaqla X6 və İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin etirazına əlavə olunmuş JN-830F kod 40600048 nömrəli şəhadətnamənin təsdiq olunmuş arxiv nüsxəsindən görünür ki, torpaq sahəsi Qəbələ rayon AİK-nın xx.xx.1998-ci il tarixli 19 saylı qərarı ilə ayrılmışdır. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən, zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 7.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir; 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən göründüyü kimi cavabdeh imtinasını və iddiaya etirazını mübahisəli torpaq sahəsinin digər mülkiyyətçisinin razılığının olmaması və iddiaçı ilə üçüncü şəxs arasında torpaq sahəsi ilə bağlı mübahisənin olması ilə əsaslandırmışdır. Məhkəmə hesab edir ki, cavabdehin bu mövqeyi əsassızdır. Belə ki, torpaq sahəsi cavabdeh tərəfindən İddiaçı və üçüncü şəxsin adına qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmiş, lakin torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmamışdır. Məhkəmə hesab edir ki, mülkiyyətçilərdən (payçılardan) hər-hansı birinin torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanmasına etiraz etməsi digər mülkiyyətçinin hüquqlarının pozulmasına və yaxud məhdudlaşdırılmasına səbəb olmamalıdır. Digər tərəfdən iddiaçının paylı mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməsindən ibarət tələbi, məhkəmə tərəfindən, faktiki olaraq, üçüncü şəxsin də mənafeyinə xidmət etməklə onun hər-hansı hüququnun pozulmasına yönəlmiş hərəkət kimi qiymətləndirilmir. Cavabdeh torpaq sahəsinin planı və ölçüsü sənədini ilkin torpaqayırma sənədlərinə müvafiq olaraq tərtib etməlidir. Gələcəkdə torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunması ilə əlaqədar cavabdehin onun mənafeyinə zidd hərəkətlərindən narazı qaldığı təqdirdə üçüncü şəxs isə öz növbəsində inzibati və ya məhkəmə qaydasında cavabdehin müvafiq fəaliyyətini və hərəkətlərini mübahisələndirmək hüququna malikdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsinə görə dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 19 noyabr 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, “Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Göstərilən mövqedən çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-84/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarında qeyd etmişdir ki, qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İddiaçı və iş üzrə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi cavabdeh inzibati orqanda onların adına daşınmaz əmlakın dövlət reyestrində hər birinə 1/2 pay olmaqla qeydə alınmışdır və həmin qeyd hazırkı vaxta qədər mübahisə predmeti olmamışdır. Odur ki, cavabdeh tərəfindən iddia tələbinin təmin edilməsindən imtina olunması əsaslı olmamışdır. Digər tərəfdən, hüquqların qeydiyyatı zamanı belə torpaq sahəsinin planı və ölçüsü sənədi olmadıqda, belə sənədi tərtib edib vermək cavabdehin vəzifəsidir Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, iddia təmin edilməli, cavabdehin üzərinə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, mülkiyyət hüququ ilə iddiaçıya və X3 bərabər payla (hər birinə ½ olmaqla) məxsus olan 0,50 ha torpaq sahəsinə ilkin torpaqayrıma sənədlərinə müvafiq “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən, İddiaçı və üçüncü şəxs X2 **********82 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışla hər birinə ½ pay olmaqla paylı mülkiyyətlərində olan 0,50 ha torpaq sahəsinə ilkin torpaqayırma sənədlərinə uyğun olaraq “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanaraq verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar