Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-202/2024 16.04.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X13 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Ağdaş şəhəri, Heydər Əliyev prospekti 9-cu dalan, 18 nömrəli binada yerləşən 3 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 9-cu dalan, 18 nömrəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqlədirilməsi barədə ərizə təqdim edərək “Ağdaş şəhəri, Heydər Əliyev prospekti 9-cu dalan, 18 nömrəli binada yerləşən 3 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1987-ci il tarixli protokolu əsasında SMU-18 trestinin orderinə əsasən X7, İddiaçı, X4, X6, X3 Ağdaş şəhəri Heydər Əliyev prospekti 9-cu dalan, 18 nömrəli binada yerləşən 3 nömrəli ünvanda yerləşən 3 otaqlı, 39.32 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi verilmişdir.İddiaçı həmin yaşayış evinin dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş,cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubuna əsasən tələbi təmin olunmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, təqdim edilən sənədlər ekspertiza edilən zaman orderdən göründüyü kimi mənzil X14 və onun ailə üzvlərinin (4 nəfər) istifadəsinə müdiriyyət və həmkarlar ittifaqı komitəsinin xx.xx.1987-ci il tarixli protokolu əsasında verilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, orderdə mənzilin ünvanı, neçə otaqdan ibarət olması, yerləşdiyi binanın nömrəsi və protokolun nömrəsi barədə məlumatlar qeyd olunmamışdır. Bundan əlavə bildiririk ki, tərəfinizdən mənzilə dair təqdim edilmiş orderin mövcudluğu barədə X19 şöbəsinə sorğu ünvanlanmış və sorğuya cavab olaraq Ağdaş rayon Dövlət Arxivində qeyd olunan mənzilə dair orderin mövcud olmadığı bildirilmişdir.Ona görə də hörmətli məhkəmədən iddia tələbinin rədd olunması barədə qərarın çıxarılmasını xahiş edirik. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi çıxışında həmin mənzildə uzun müddətdir ki yaşadıqlarını, həmin mənzilin qayınatası və onun ailə üzvlərinə verildiyini, lakin orderin arxiv nüsxəsinin aşkar olunmadığı üçün tələbin icra olunmadığını bildirdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. 2.Ağdaş şəhəri, Heydər Əliyev prospekti 9-cu dalan, 18 nömrəli binada yerləşən 3 nömrəli mənzilinə dair tərtib edilmiş xx.xx.1987-ci il tarixli orderin surətindən görünür ki, order Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1987-ci il tarixli protokolu əsasında verilmişdir.
3. Ağdaş RİHB-nin Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müsəssisəsinin xx.xx.2022-ci il tarixli Forma-2 görünür ki, iddiaçı Ağdaş şəhəri, Heydər Əliyev prospekti 9cu dalan, 18 nömrəli binada yerləşən 3 nömrəli mənzildə yaşayır. 4.7818 inventar nömrəli xx.xx.2017-ci il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki pasport”un təsdiq edilmiş surətindan görünür ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 9-cu dalan, 18 nömrəli binada yerləşən 3 nömrəli mənzilin hüququi subyekti X15r.
5. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X9 surətindən görünür ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 9-cu dalan, 18 nömrəli binada yerləşən 7 nömrəli mənzil X10 mülkiyyətindədir. 6.Ağdaş RİHB-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ağdaş şəhəri, Heydər Əliyev prospekti 9- cu dalan, 18 nömrəli bina yaşayış binası kimi Ağdaş rayon İcra Hakimiyyəti Başçısının 07 dekabr 2010-cu il tarixli, 288 saylı sərəncamı ilə RİH-nin Ağdaş Mənzil Təsərrüfatı istehsalat İstismar Təmir Müəssisəsinin balansına verilmişdir. 7.Ağdaş RİHB-nin Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müsəssisəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı yaşadığı ünvan ünvan 4ş binası Ağdaş rayon İcra Hakimiyyəti baçısının 07 dekabr 2010-cu il tarixli 288 saylı sərəncamına əsasən Ağdaş Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsinin balansına verilmişdir. X1 yaşadığı ünvan Ağdaş şəhəri H.Əliyev prospekti 9-cu dalan, 18 nömrəli binanın 3 nömrəli mənzildir. 8.Azərbaycan Respublikası X19 filialının xx.xx.2024-cü tarixli məktubundan görünür ki, Ağdaş şəhəri.H.Əliyev prospekti 9-cu dalan, 18 nömrəli (keçmiş SU-19 qəsəbəsi) mənzilə dair order mövcud deyil. X2 fərdi yaşayış evi verilməsinə dair Ağdaş rayon Dövlət Arxivində heç bir sənədə rası gəlinmədi.Həmkarlar İttifaqı komitəsinin xx.xx.1987-ci il tarixli protokolu Ağdaş rayon Dövlət Arxivinə təhvil verilməmişdir və yoxdur.
Əsaslandırma hissəsi:
İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. İddiaçının hazırkı iddia tələbinə əsasən hüquqi marağı Ağdaş şəhəri Heydər Əliyev prospekti 9-cu dalan, 18 nömrəli binada yerləşən 3 nömrəli mənzil üzərinə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir.İddiaçı iddia tələbinin əsası olaraq Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1987-ci il tarixli protokolu əsasında verilmiş orderə istinad edir. Məhkəmə araşdırması zamanı təqdim edilən orderin arxiv nüsxəsinin əldə olunması məqsədi ilə sorğular verilmişdir. Təqdim edilən arxiv məlumatına əsasən İddiaçı adına Ağdaş şəhəri Heydər Əliyev prospekti 9-cu dalan, 18 nömrəli binada yerləşən 3 nömrəli ünvanına dair qərar, o cümlədən orderin arxiv nüsxəsi aşkar edilməmişdir. Lakin,iddiaçı tərəfindən təqdim edilən orderin əsli mötəbərliyi qəbul edilməklə bərabər hazırkı mənzildə uzun müddətdir yaşamaları nəzərə alınmalıdır. Digər tərəfdən həmin binada eyni əsaslarla yaşayan və order əsasında mülkiyyət hüququ qeydə alınan şəxslərlə bağlı məhkəmə tərəfindən araşdırma aparılmışdır.Araşdırma nəticəsində inzibati orqan tərəfindən bərabərlik prinsipinin tələblərinə riayət edilmədiyi,eyni şərtlər daxilində Ağdaş şəhəri Heydər Əliyev prospekti 9cu dalan, 18 nömrəli binada yerləşən 7 nömrəli mənzil üzərində X10 mülkiyyət hüququnun qeydə alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1538/2023 saylı xx.xx.2023cü il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyekti hesab olunurlar. Bundan əlavə, kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvlərinin bu hüquqdan istifadə edə bilmələri üçün onların həm də özəlləşdirmə üçün müraciət edilən anda kirayəçi ilə birlikdə həmin mənzildə faktiki olaraq yaşaması tələb olunur. “İnzibati icraat” haqqında Azərbaycan Respublikası Qanunu : 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Beləliklə,hazırkı iş üzrə iddiaçının atası İddiaçı və orderdə adları qeyd olunan şəxslərin iddia olunan mənzilin özəlləşdirilməsi ilə bağlı iradə ifadəsi aydın olaraq göstərilmişdir.Onlar notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək sözügedən mənzilin İddiaçı adına qeydə alınmasını xahiş etmişdirlər. Qanunvericiliyin şərh olunan müddəalarının hazırkı işin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, cavabdehin özəlləşdirməni aparmaqdan imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1987-ci il tarixli protokolu ilə SMU-18 trestinin orderinə əsasən verilmiş Ağdaş şəhəri Heydər Əliyev prospekti 9-cu dalan, 18 nömrəli binada yerləşən 39,42 kv.m sahəsi olan 3 nömrəli mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.