Məhkəmə qərarları › İş №2-1(116)-2024/2022

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2024/2022

03.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2024/2022 03.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu Şamılı kəndində yerləşən, 50 il müddətinə iddiaçının icarəsində olan 1,135 ha torpaq sahəsinin icarə hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı ******* saylı, **********68 reyestri nömrəli çıxarışın ləğv edilməsi, həmin 1,135 ha icarə torpaq sahəsinin 1,10 ha torpaq sahəsinə JN-0204 kod 40716018 saylı Dövlət Aktına əsasən çıxarışın, həmçinin yerdə qalan 0,035 ha torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qəbələ rayonu Şamılı kəndində yerləşən, 50 il müddətinə iddiaçının icarəsində olan 1,135 ha torpaq sahəsinin icarə hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı ******* saylı, **********68 reyestri nömrəli çıxarışın ləğv edilməsi, həmin 1,135 ha icarə torpaq sahəsinin 1,10 ha torpaq sahəsinə JN-0204 kod 40716018 saylı Dövlət Aktına əsasən çıxarışın, həmçinin yerdə qalan 0,035 ha torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, Qəbələ rayonu Şamılı bələdiyyəsinin 25 avqust 2006-cı il tarixli 05 saylı icarə müqaviləsi ilə Qəbələ rayon Şamılı kəndində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 50 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Cavabdehin bildirişi, tələbi ilə həmin İdarəyə xx.xx.2016-cı il tarixli notariat qaydada təstiq olunmuş ərizə ilə müraciət edərək, iddiaçı yuxarıda göstərilən Qəbələ rayonu Şamılı bələdiyyəsinin 25 avqust 2006-cı il tarixli 05 saylı icarə müqaviləsi üzrə 2,0 ha deyil, icarə hüquqlarının real, faktiki 1,135 ha olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmədiyini bildirmişdir. Göstərilən ərizəyə əsasən, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli RX Serialı №0950890 saylı **********68 reyestr nömrəsi ilə Daşınmaz Əmlak Dövlət Reyestrində 134 nömrəli reyestr kitabının 81 nömrəli vərəqində qeydiyyata alınmış, Hüquqlann Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və onun ayrılmaz hissəsi olan xx.xx.2016-cı il tarixli A№093701 saylı “‘Torpaq sahəsinin plan və ölçüsü” əsasında Qəbələ rayon Şamılı bələdiyyəsinin 25 avqust 2006-cı il tarixli 05 saylı icarə müqaviləsi ilə Qəbələ rayon Şamılı kəndində yerləşən 1,135 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 50 il müddətinə iddiaçının icarəsinə verilmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********69 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı tələbinin həlli “Daşınmaz Əmlkaın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyil. Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılan arşdırmalar nəticəsində müəyyən olmuşdur ki, JN-204 saylı Dövlət Aktının plan cizgisində göstərilən 1,10 ha torpaq sahəsi üzərində iddiaçının icarə hüququ Şəki İnzibati Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2-2(84)-122/2013 saylı qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmış və İddiaçı adına **********58 reyestr nömrəli yüklülük çıxarışı verilmişdir. Eyni zamanda aparılan araşdırmaların nəticəsində məlum olmuşdur ki, Ərazi İdarəsinə təqdim edilən “Torpağın mülkiyyət hüququna dair” JN-0204 Dövlət Aktının arxiv nüsxəsi mövcud deyil və həmin Dövlət Aktı elektron kadastır məlumat bazasında öz əksini tapmamışdır. Həmçinin həmin torpaq sahəsinin təyinatı kənd təsərrüfatı torpaq sahələrinə aiddir və kənd təsərrüfatı torpaq sahələri alqı-satqı predmeti ola bilməz. Qeyd olunan səbəblərə görə müraciətin icrası mümkün olmamışdır. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-2024/2022 nömrəli qərardadı ilə Qəbələ rayonu Hacıalılı bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində zəruri cəlb olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs Qəbələ rayon Hacıalılı bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Üçüncü şəxs Qəbələ rayon Hacıalılı bələdiyyəsinin sədri X1 məhkəməyə xx.xx.2022-ci il tarixdə teleqram ünvanlayaraq səhhətilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək iddiasını geri götürdüyünü bildirdi, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iddiaçının ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, o, müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddia tərəfi iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddianın geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Qəbələ rayonu Şamılı kəndində yerləşən, 50 il müddətinə iddiaçının icarəsində olan 1,135 ha torpaq sahəsinin icarə hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı ******* saylı, **********68 reyestri nömrəli çıxarışın ləğv edilməsi, həmin 1,135 ha icarə torpaq sahəsinin 1,10 ha torpaq sahəsinə JN-0204 kod 40716018 saylı Dövlət Aktına əsasən çıxarışın, həmçinin yerdə qalan 0,035 ha torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar