Məhkəmə qərarları › İş №2-1(116)-203/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-203/2020

07.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-203/2020 07.10.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1975-ci ildə Qax rayonu Tasmalı kəndində anadan olmuş və hazırda həmin ünvanda yaşayır. O, xx.xx.1993-cü ildə Qax Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. Bundan sonra, o, N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq qeydiyyata düşmək üçün Qax Rayon Hərbi Komissarlığına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivində N nömrəli hərbi hissə komandirinin əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona müharibə veteranı adının verilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığına və iddiaçının N nömrəli hərbi hissənin hansı bölməsində xidmət etməsi barədə məlumat aşkar olunmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi mümkün deyil. Bundan sonra iddiaçı xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək N nömrəli hərbi hissədə Ağdam-Ağcabədi uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının müəyyən olunmasını xahiş etmiş, daha sonra isə iddianın dəyişdirilməsi barədə ərizə verərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1993-cü ildə hərbi xidmətə çağırılaraq 960-N nömrəli hərbi hissənin tərkibinə daxil edilmiş, Ağdam-Ağcabədi istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli 11/984 nömrəli etirazında bildirmişdir ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmiş, N nömrəli hərbi hissə komandirinin iyul 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində isə iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, iddiaçı N nömrəli hərbi hissəyə ezam edilsə də, ezamiyyətin məqsədi N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmrinə əsasən, rabitənin təşkili olmuşdur. Ezamiyyət məqsədinin döyüş tapşırığı olması əmrdə qeyd edilməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, HЭ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçıxx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək hərbi xidmətdə olmuşdur. - İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin fevral-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində, şəxsi heyətin əlifba qeydiyyatı kitablarında X2 xidməti barədə məlumat aşkar olunmamışdır. - İşdə olan, Şəki Şəhər Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında İddiaçı barəsində heç bir məlumat yoxdur. - İşdə olan, cavabdehin xx.xx.2020-ci il tarixli 11/984 nömrəli etiraz məktubundan görünür ki, iddiaçının xidmət etdiyi N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmiş, N nömrəli hərbi hissə komadirinin iyul 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində isə iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Bundan başqa, iddiaçı N nömrəli hərbi hissəyə ezam edilsə də, ezamiyyətin məqsədi N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmrinə əsasən, rabitənin təşkili olmuşdur. Ezamiyyət məqsədinin döyüş tapşırığı olması əmrdə qeyd edilməmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmədi. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İşdən görünür ki, İddiaçıxx.xx.1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək N nömrəli hərbi hissənin tərkibində xidmət etmişdir. Lakin müəyyən edimişdir ki, həmin hərbi hissə döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında yoxdur. Bununla yanaşı, iddiaçının hərbi biletində göstərilmişdir ki, o, xx.xx.1993-cü ildən döyüş əməliyyatları başa çatanadək N nömrəli hərbi hissənin tərkibində rabitəçi kimi iştirak etmişdir. Eyni məlumat iddiaçının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon bölməsindən alınmış qeydiyyat kartasında da göstərilmişdir. Lakin cavabdehin xx.xx.2018-ci il tarixli arxiv arayışından görünür ki, N nömrəli hərbi hissə komandirinin nizami hərbi hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı məhkəmə iclasında verdiyi izahatda N nömrəli hərbi hissənin 5-ci və 7-ci divizionlarında döyüşlərdə iştirak etdiyini bildirdiyinə görə cavabdehə sorğu edilərək həmin divizionların hansı tarixlərdə döyüşlərdə iştirak etməsi barədə məlumat tələb olundu. Cavabdehin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktubları ilə müəyyən olundu ki, N nömrəli hərbi hissənin 3-cü, 6-cı və 8-ci divizionları xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək döyüş əməliyyatlarında iştirak etsələr də, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda 5-ci və 7-ci divizionların döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. Göründüyü kimi, iddiaçının hərbi biletində onun N nömrəli hərbi hissənin tərkibində rabitəçi kimi iştirak etməsi qeyd olunsa da, həmin hərbi hissənin arxiv sənədlərində bununla bağlı hər hansı sənəd aşkar edilməmiş, eyni zamanda, iddiaçının özünün bildirdiyi 5-ci və 7-ci divizionların, ümumiyyətlə, döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. Halbuki, "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı verilməsi üçün hərbi bilet hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməlidir. Bundan başqa, cavabdeh iddiaya qarşı xx.xx.2020-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçı blavasitə döyüş əməliyyatlarında iştirak edən N nömrəli hərbi hissəyə ezam edilsə də, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli əmrinə əsasən, ezamiyyətin məqsədi rabitənin təşkili olmuş, ezamiyyətin məqsədinin döyüş tapşırığı olması əmrdə qeyd edilməmişdir. Bu xüsusatla bağlı aparılmış araşdırma nəticəsində məlum oldu ki, N nömrəli hərbi hissə komandirinin iyul 1993-cü ildən xx.xx.1994-cü ilədək əmrlərində iddiaçının xidməti, eləcə də ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməmişdir (cavabdehin xx.xx.2020-ci il tarixli arayışı). Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddia təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiəsi Nazirliyinə qarşı "müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar