Məhkəmə qərarları › İş №2-1(116)-203/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-203/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-203/2025 09.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mülkiyyət hüququnun təsbit edildiyi JN-0094 saylı 90107058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, o cümlədən Yevlax rayon Aqrar İslahat Komissiyasının 21 aprel 2001-ci il tarixli 56 saylı Qərarı ilə iddiaçıya Yevlax rayon Hacımahmudlu kəndində verilmiş, 0.76 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair iddiaçıya mülkiyyət hüququnun tanınmasına dair dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, “Mülkiyyət hüququnun təsbit edildiyi JN-0094 saylı 90107058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, o cümlədən Yevlax rayon Aqrar İslahat Komissiyasının 21 aprel 2001-ci il tarixli 56 saylı Qərarı ilə iddiaçıya Yevlax rayon Hacımahmudlu kəndində verilmiş, 0.76 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair iddiaçıya mülkiyyət hüququnun tanınmasına dair dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Yevlax rayonu Arqar İslahat Komissiyasının 21 aprel 2001- ci il tarixli 56 saylı qərarı ilə iddiaçıya Yevlax rayonu Hacımahmudlu kəndində 0.76 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ JN 0094 saylı 90107058 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən təsdiq edilmişdir. Qeyd edilən torpaq sahəsinə dair maneəsiz olaraq sahiblik və istifadə hüquqlarını həyata keçirir. Torpaq vergisi ödəyir və subsidiya pulu almışdır. Buna görə də JN 0094 saylı 90107058 kodlu Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən mülkiyyətçisi olduğu Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən 0.76 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun Dövlət reyestrində qeydə alınmasına dair Çıxarış əldə etmək istəyirdi və buna görə də cavabdeh inzibati orqana müraciət etdi. Müraciəti xx.xx.2023- cü il tarixli 3-21-3-35/2-14-0293-8/2023 saylı məktubla cavablandırılaraq iddiaçıya bildirildi ki, müraciətlə əlaqədar idarənin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN -0094 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı araşdırılmışdır. Məlum olmuşdur ki, Yevlax rayonu Hacımahmudlu kəndi üzrə elektron xəritə bazasında (DWJ ) JN -0261 nömrəli torpaq sahəsinin yerləşmə mövqeyi öz əksini tapmamışdır. Arxiv materiallarında dövlət aktının arxiv nüsxəsi yoxdur , həmçinin dövlət aktlarının qeydiyyatı kitabında iddiaçının adınına JN -0094 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının olması barədə məlumatlar qeyd olunmamışdır. Buna görə də , Yevlax rayonu Hacımahmudlu kəndində yerləşən 0.76 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyildir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, idarənin arxiv məlumatlarına, elektron məlumat bazasına əsaslanaraq ləğv edilmiş DTXK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-0094 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı araşdırılmışdır. Məlum olmuşdur ki, Yevlax rayonu, Hacımahmudlu kəndi üzrə elektron xəritə bazasında (DWJ) JN-0094 nömrəli torpaq sahəsinin yerləşmə mövqeyi öz əksini tapmamışdır. Arxiv materiallarında dövlət aktının arxiv nüsxəsi yoxdur, həmçinin dövlət aktlarının qeydiyyatı kitabında iddiaçının adına JN- 0094 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının olması barədə məlumatlar qeyd olunmamışdır. Nəzərə alınmalıdır ki. Mülkiyyət hüququnun dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Məhkəmə sərəncamının 4-cü bəndi (JN-0094 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin sərhəd torpaqlarına verilmiş dövlət aktlarının arxiv nüsxəsi məhkəməyə təqdim edilsin) TEKUİS’’ xəritəsinə əsasən müəyyənləşdirilmiş, yalnız cənub-şərq hissəsində qonşu torpaq sahəsi olması aşkar edilmişdir. Sonuncuya münsibətdə dövlət aktının (JN-0093) arxiv nüsxəsi, həm "Elektron Məhkəmə Kabinetinə" yerləşdirilmiş, həm də təsdiq olunmuş surəti etiraza qoşma edilərək məhkəmə təqdim edilir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına iddiaçı gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. JN-0093 kod 90107058 saylı Dövlət Aktının surətindən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 56 saylı qərarına əsasən 5.25 ha torpaq sahəsi X3 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

3. JN-0094 kod 90107058 saylı Dövlət Aktının surətindən görünür ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 56 saylı qərarına əsasən 0.76 ha torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 56 saylı qərarı, Yevlax rayonu Hacımahmudlu kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısından və xx.xx.2000-ci il tarixli 18 nömrəli Aqrar İslahat Komissiyasının qərarından Həsənova (Mirzəyeva) Xatirə İsa qızına aid hissədən çıxarışın surəti.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-4052/2024 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin TEKUİS-ə əsasən Dövlət Aktı ilə üst-üstə düşməməsinin səbəbi mülkiyyətçinin naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi ilə sənədə göstərilmiş (cizgidə qeydə alınmış) torpaq sahələrinin coğrafi yerləşmə vəziyyətinin fərqli olmasıdır. Yevlax rayonu, Hacımahmudlu bələdiyyəsinin xəritə (DWJ- torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) materiallarında iddiaçıya verilmiş JN-0094 saylı 90107058 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı mövcud olmadığından DWJ və TEKUİS bazasında yerləşmə vəziyyətinin eynilik təşkil etməsini müəyyən etmək mümkün olmadı. İddiaçı naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi baza məlumatlarında örüş uqodiyalı torpaq sahəsi kimi qeydə alındığından və ümumi istifadəyə verilmiş otlaq sahəsi olduğundan TEKUİS-ə uyğunlaşdırılması mümkün olmamışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-35/2-716/2025 nömrəli məktubuna əlavə edilmiş torpaq sahəsi ilə bağlı əlavə məlumatların təqdim edilməsi barədə məktubdan görünür ki, İddia olunan 0.76 torpaq sahəsi iddiaçının naturada göstərdiyi və iddia etdiyi 0.85 torpaq sahəsinin hansı hissəsində (hansı qaydada tamamlanmasının mümkün olması) yerləşmə vəziyyəti (sərhədləri) tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məlumat üçün bildiririk ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi baza məlumatlarına əsasən örüş uqodiyalı torpaq sahəsidir və ümumi istifadəyə verilmişdir.

Əsaslandırma hissəsi:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı normaları işin hallarına tətbiq edərək iddianı əsaslı hesab edir. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, İddiaçı adına JN- 0094 kod 90107058 saylı Dövlət Aktı verilmişdir. İddiaçının hazırkı iddia tələbi ilə müraciət etməkdə hüquqi marağı Mülkiyyət hüququnun təsbit edildiyi JN-0094 saylı 90107058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən, iddiaçıya Yevlax rayon Hacımahmudlu kəndində verilmiş, 0.76 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən ibarətdir. Cavabdeh imtinasının əsasını iddia olunan Yevlax rayonu, Hacımahmudlu kəndi üzrə elektron xəritə bazasında (DWJ) JN-0094 nömrəli torpaq sahəsinin yerləşmə mövqeyi öz əksini tapmaması təşkil edir. Məhkəmə imtinanı əsassız sayaraq qeyd edir ki,iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun əsası kimi hüquqmüəyyənedici sənəd təqdim edilmişdir.Belə ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 56 saylı qərarı əsasında 0.76 ha torpaq sahəsi iddiaçıya ayrılmışdır. JN-0094 kod 90107058 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” əsasında həmin torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir.X4 əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən həmin sənədin ləğv edildiyi və ya etibarsız hesab edildiyinə dair sübut təqdim edilməmiş,məhkəmə araşdırması zamanı da belə əsas müəyyən edilməmişdir.Qeyd olunan Dövlət Aktının əsasında iddia oluna torpaq sahəsi aqrar islahat zamanı mülkiyyətə verildiyindən hazırda cavabdehin faktiki hərəkəti (vəzifəsi) təkrar mülkiyyət hüququnun qeydə alınması və yeni nümunəli çıxarışın verilməsindən ibarət olmuşdur.Bu baxımdan da məhkəmə hesab edir ki, JN-0094 kod 90107058 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” torpaq üzərində mülkiyyət hüququnun yaranması əsası kimi (hüquqmüəyyənedici sənəd kimi) qəbul edilməli və onun əsasında mülkiyyət hüququ qeydə alınmalıdır. İddia olunan torpaq sahəsi ilə iddiaçının TEKUİS-ə əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi arasında olan fərqə münasibətdə məhkəmə qeyd edir ki, JN-0094 kod 90107058 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın TEKUİS bazası əsasında qeyd olunan koordinatları əsasında iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsi: 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, həmin Qanunun 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. … Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının məqsədi torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək etməkdən ibarətdir. Fərmanın 2.3-cü bəndinə əsasən torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki .... torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydalarının 1.3cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir. Yuxarıda qeyd olunanlara əsasən iddia təmin edilməli, İddiaçı adına qeydə alınmış JN-0094 kod 90107058 saylı Dövlət Aktına əsasən mülkiyyətə verilmiş 0,76 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Yevlax rayon Aqrar İslahat Komissiyasının 21 aprel 2001-ci il tarixli 56 saylı Qərarı ilə JN-0094 saylı 90107058 kodlu Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıya verilmiş Yevlax rayon Hacımahmudlu kəndində yerləşən 0,76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alaraq dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 17 saylı Yevlax Ərazi İdarəsinin qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar