Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2030/2023 25.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-165/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki rayonu Cəyirli kəndində yerləşən 96 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Şəki rayonu Cəyirli kəndində yerləşən ona məxsus qeyri-yaşayış sahəsinin (binasının) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-165/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki rayonu Cəyirli kəndində yerləşən 96 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Cəyirli kənd İcra Nümayəndəliyinə ərizə ilə müraciət edərək Cəyirli kəndinin mərkəzi hissəsində inşa edilmiş binanın çayxana kimi fəaliyyət göstərməsinə icazə verilməsini xahiş etmişdir. Cəyirli kənd İcra Nümayəndəliyinin 20 may 1996-cı il tarixli 07 saylı vətəndaşların ticarət satınalma fəaliyyəti ilə məşğul olmaları üçün binaların tikilməsi barədə sərəncamı ilə əhalinin tələbatını nəzərə alaraq kəndin mərkəzi hissəsində 96 kv.m sahəsi olan iddiaçıya məxsus binanın çayxana kimi fəaliyyət göstərməsinə icazə verilmişdir. Bundan sonra 1997-ci ilin iyun ayında iddiaçıya məxsus binaya Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexnikiinventarlaşdırma" İstehsalat Birliyi tərəfindən texniki pasport işlənib ona verilmişdir. Həmin qeyri yaşayış sahəsi 2 otaqdan ibarətdir. Bundan sonra iddiaçı Şəki rayonu Cəyirli kəndində yerləşən ona məxsus qeyriyaşayış binasının daşınmaz əmlakın dövlət resyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, vətəndaş İddiaçı 18 fevral 2022-ci il tarixdə ərizə ilə (daxilolma №-si **********) DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, Şəki rayonunda 1996-cı ildə getmiş aqrar islahat zamanı ona verilmiş və Şəki rayonlarası Texniki inventarlaşdırma bürosu tərəfindən 16 inventar nömrəli texniki pasport işlənmiş kolxoz dövründən qalma 2 otaqdan ibarət 96 kv.metr sahəsi olan binaya mülkiyyət hüququna dair çıxarışın verilməsini xahiş etmişdir. Lakin, ərizəyə baxılması zamanı ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu Cəyirli kənd sakini İddiaçı və ailə üzvlərinin adına JN-1477F saylı pay torpağının mülkiyyətə verilməsinə dair şəhadətnamə və fərdi yaşayış evinə İddiaçı adına 1987-ci il tarixli 172 inventar nömrəli texniki pasport verilməsi barədə məlumat olsa da, İddiaçı hər hansı qeyri-yaşayış binasının verilməsinə dair hüquq müəyyənedici sənəd olmadığından, Şəki rayonlarası Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 16 inventar nömrəli texniki pasport ərazi idarəsinin arxivində mövcud olmadığından və Şəki rayon Cəyirli kənd icra nümayəndəliyinin kəndin mərkəzi hissəsində yerləşən 96 kv.metr sahəsi olan binanın çayxana kimi fəaliyyət göstərməsinə icazə verilməsi barədə 20 may 1996-cı il tarixli 07 nömrəli sərəncamın məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmadığından vətəndaşa 11 03.2022-ci il tarixli **********61 №-li imtina məktubu verilmişdir. Bundan başqa, Şəki şəhər İcra Hakimiyyətinin başçısı xx.xx.2022-ci il tarixdə Şəki rayonunun Cəyirli kəndində səyyar vətəndaş qəbulu keçirərkən kənd sakini İddiaçı müraciət edərək torpaq islahatı zamanı ona düşən obyektin sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etdiyindən vətəndaş İddiaçı qaldırdığı məsələnin araşdırılıb qanunamüvafiq qaydada köməklik göstərilməsi barədə Şəki şəhər İcra Hakimiyyətindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə 26 dekabr 2022-ci il tarixli 4/1995 nömrəli məktub daxil olmuşdur. Şəki şəhər İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 4/1995 nömrəli sorğuya xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-165/2023 №-li cavab məktubunda vətəndaş İddiaçı DƏDKR PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018, xx.xx.2020 və xx.xx.2022-ci il tarixli müraciətlərinə Şəki rayonlarası Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş 01 iyun 1997-ci il tarixli texniki pasport (ərazi idarəsinin arxivində mövcud deyildir) və Şəki rayonu Cəyirli kənd icra nümayəndəliyinin 20 may 1996-cı il tarixli sərəncamı (məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildir) əlavə edilsə də, həmin sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan hər hansı biri olmadığından ərizələrin icrasının mümkün olmadığı və inzibati orqanın qərarından inzibati məhkəməyə müraciət edə biləcəyi barədə izah verilmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək, yəni 2013-cü il yanvarın 1-dək inşa edilmiş qeyri-yaşayış binaları üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı əsas hesab olunur. Lakin nə Şəki şəhər İcra Hakimiyyəti, nə də ərizəçi tərəfindən Şəki rayonu Cəyirli kəndinin mərkəzi hissəsində yerləşən 96 kv.metr sahəsi olan qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi üzərində İddiaçı mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə təqdim olunmamışdır. Yuxarıda qeyd olunanlara əsasən və İddiaçı tərəfindən Şəki rayonu Cəyirli kəndində yerləşən 96 kv.metr sahəsi olan qeyri-yaşayış binasının mülkiyyətə verilməsinə dair Şəki rayon aqrar islahat komissiyasının qərarı, yerli aqrar islahat komissiyasının əmlakdan pay verilməsinə dair aktı və ya həmin əmlak üzərində mülkiyyət hüqunu təsbit edən qanuni qüvvəyə minmiş məhkəmə qəran təqdim edilmədiyindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizələrin icrası mümkün olmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Şəki şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-7/2-2/918/2023 nömrəli məktubundan görünür ki, Şəki rayonu Cəyirli kəndində yerləşən qeyri-yaşayış sahəsinin inşası ilə bağlı Şəki Şəhər İcra Hakimiyyətində saxlanılan son 5 ilin sənədləri içərisində heç bir məlumat yoxdur. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 1661/2023 nömrəli məktubundan görünür ki, mərkəzin arxivində Şəki rayonu, Cəyirli kəndi ərazisində yerləşən İddiaçı məxsus 96 kv.m sahəsi olan qeyri-yaşayış binasına dair məlumat aşkar edilməmişdir. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddiaçı tərəfindən təqdim edilmiş 16 inventar nömrəli, iyun 1997-ci il tarixli texniki pasport əsasında müəyyən edilir ki, Şəki rayonu Cəyirli kəndi ərazisində inşa edilmiş 96 kv.m sahəsi olan qeyri-yaşayış binasının inşası artıq 1997-ci ildə başa çatmışdır. Yəni, sözügedən tikili Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək inşa edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Göründüyü kimi iddiaçının, sözgedən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün istinad olunan Qanunun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetirilməlidir. İş materiallarından görünür ki, iddia olunan qeyri-yaşayış sahəsi ilə bağlı istinad olunan Qanunun 8.0.9.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin heç biri mövcud deyil. Təqdim edilən texniki pasport isə sözügedən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş “iddiaçıya kəndin mərkəzi hissəsində özünə məxsus 96 kv.m sahəsi olan binanı çayxana kimi fəaliyyət göstərməsinə icazə verilməsi barədə” Cəyirli kənd icra nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 07 saylı sərəncamı da sözügedən tikili üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia olunan tikiliyə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.9.2-ci maddəsində nəzərdə tutulan sənədlər təqdim edilmədiyindən cavabdehin orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1 Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-165/2023 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki rayonu Cəyirli kəndində yerləşən 96 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2030/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2030/2023
25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver