Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2031/2024 04.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “X8 mərhum X4 əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “X8 mərhum X4 əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə göndərərək “X8 mərhum X4 əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-2031/2024 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi baradə ərizə icraata qəbul edilmişdir. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - Ağdaş Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(014)- 989/2019 qətnaməsi ilə X12 X5 övladlığa götürülməsi barədə ərizəsi təmin edilmiş, uşağın soyadının, adının və ata adının “X15” qeyd edilməsi, atasının “X9” və anası "X17" doğulduğu gün, ay, il xx.xx.2013-cü il qeyd edilməsi qərara alınmışdır. Mərhum atası X10 xx.xx.2015-ci il tarixdə, anası X17 isə xx.xx.2024-ci il tarixdə vəfat etmişdir. Ağdaş Rayon İcra Hakimivyəti Başçısının xx.xx.2024-cü il tarixli sərəncamı ilə azyaşlı X16 iddiaçının qəyyumluğundadır. Anasının vəfatından sonra ailə başçısını itiməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qurum xx.xx.2024-ci il tarixli məktubla (xx.xx.2024-cü il tarixdə təqdim edilib) bildirmişdir ki, mərhum atası xx.xx.2015-ci il tarixdə vəfat etdiyindən və X7 övladlığa götürülməsi üçün müraciət etmədiyi üçün onun pensiyasının sığorta hissəsi nəzərə alınmaqla ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi mümkün deyil. Hesab edir ki, cavabdeh orqanın mövqeyi əsassızdır. Belə ki, X7 doğum şəhadətnaməsinə ata adı qrafasında “X9” qeyd edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı qəyyumluğunda olan X8 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmiş, lakin müraciətinin müsbət həlli mümkün olmamışdır. Daha sonra, H Məcidli məhkəməyə təqdim etdiyi iddia ərizəsində ailə başçısını itirməyə görə əmək pensiyanın təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən tələb etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının: - 18 yaşına çatmamış övladları; - 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; - təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); - həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına çatmış, yaxud l və ya ll qrup əlilliyi olan atası, anası, əri (arvadı); həmçinin, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 14.1.1.1 -ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşna çatmamış övladları ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdirlər. Qanunun 18.3-cü maddəsinin tələblərinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. İş materiallarından göründüyü kimi, X2 Yunus Hidayət oğlunun ailə üzvü olmamış və onun tərəfindən övladlığa götürülməmişdir. X9 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X13 övladlığa verilmişdir. Göründüyü kimi X1 Rəna Srac qızı tərəfindən övladlığa götürülərkən X9 artıq vəfat etmişdir. Buna görə də, X4 ölümü ilə əlaqədar X8 ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AZ-İ 719854 nömrəli ölüm haqqında Şəhadətnamə, AZ-İ №012408 nömrəli övladlığa götürmə haqqında Şəhadətnamə, AZ İV № 319742 nömrəli doğum haqqında Şəhadətnamə, Ağdaş rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-989/2019 saylı qətnaməsi, Ağdaş rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu, Ağdaş rayon İHB-nın xx.xx.2024-cü il tarixli 17 №-li sərəncamı. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının: - 18 yaşına çatmamış övladları; - 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; - təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan övladları (ən çoxu 23 yaşına çatanadək); - həmin Qanunun 7-ci maddəsinə uyğun olaraq pensiya yaşına çatmış, yaxud l və ya ll qrup əlilliyi olan atası, anası, əri (arvadı); həmçinin, vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxan və işləməyən, yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərindən biri və ya əri (arvadı), babası, nənəsi, qardaşı, bacısı ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən övladlığa götürənlərin doğma valideynlərlə, övladlığa götürülənlərin isə doğma uşaqlarla bir səviyyədə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 14.1.1.1 -ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşna çatmamış övladları ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququna malikdirlər. Qanunun 18.3-cü maddəsinin tələblərinə əsasən vəfat etmiş ailə başçısı yaşa və ya əlilliyə görə əmək pensiyaçısı olmuşdursa, ailə üzvləri üçün ailə başçısını itirməyə görə əmək pensiyasının sığorta hissəsinin (bu Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla) məbləği vəfat etmiş ailə başçısına təyin edilmiş yaşa və ya əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin əmək qabiliyyətli olmayan ailə üzvlərinin sayma nisbəti şəklində müəyyənləşdirilir. Vəfat etmiş ailə başçısının vəfat etdiyi tarixə əmək pensiyasının yenidən hesablanmasında istifadə olunmamış pensiya kapitalı ailə başçısını itirməyə görə əmək pensiyasının təyinatı zamanı nəzərə alınır. Məhkəmə iddia tələbinə hüquqi qiymət verilməzdən əvvəl aşağıda qeyd edilmiş xüsusatlara diqqət yetirilməsini zəruri hesab edir. Qanunvericiliyin tələbinə görə, ailə başçısının kimliyi onun ailəyə əsas maddi təminat verən şəxs olması ilə müəyyən edilir. Yəni, ailə başçısı ailənin maddi təminatını həyata keçirən, ailənin əsas gəlir mənbəyi olan, ailə üzvlərinin əsas təminatçısı olmaqla iş qabiliyyətli olan şəxsdir. Ailə başçısının itirilməsinə görə pensiyanın təyin edilməsi üçün əsas şərtlərdən biri ailə başçısının himayəsində olmuş şəxslərin həmin şəxsdən iqtisadi asılılıqda olmasıdır. Başqa sözlə ailə üzvünün ailə başçısının sağlığında onun himayəsində və asılılığında olması müəyyən edilmiş olmalıdır. İş materiallarından görünür ki, X3 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X13 övladlığa verilmişdir. X1 Rəna Srac qızı tərəfindən övladlığa götürülərkən X9 artıq xx.xx.2015-ci il tarixdə vəfat etmişdi. Bununla belə sözügedən qətnamədə uşağın valideyni – atası olaraq “X9”nun qeyd edilməsi göstərilmiş və həmin qətnamənin icrası qaydasında tərtib edilmiş doğum haqqında şəhadətnamədə uşağın atası qrafasında “X9” qeyd edilmişdir. X15 mərhum X4 nəvəsi olmuşdur. Nəzərə alınmalıdır ki, mərhum babanın ümümiyyətlə övladlığa götürülmə ilə bağlı iradə ifadəsi olmamış və övladlığa götürülmə prosesinin sonu uşağın X17 tərəfindən övladlığa götürülməsi ilə nəticələnmişdir. İstinad olunan məhkəmə qətnaməsi və uşağın doğum haqqında şəhadətnaməsi mərhum babanın ata kimi göstərilməsi ilə bağlı formal hüquqi vəziyyət yaratsa da, qeyd olunan hal ailə başçısının itirilməsinə görə pensiyanın təyin edilməsi üçün hüquqi əsas yaratmır. Yəni, faktiki olaraq övladlığa götürmə 2015-ci ildən sonra nənəyə münasibətdə baş verdiyi üçün mərhum babanın sağlığında uşağa himayədarlıq etməsi və övladlığa götürmənin həyata keçirilməsi müəyyən olunmur. Faktiki olaraq X15 ilə mərhum X9 arasında övladlığa götürən və övladlığa götürülən münasibətləri hüquqi baxımdan mövcud olmamışdır. Buna görə də, məhkəmə hesab edir ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(014)-989/2019 saylı qətnaməsi xx.xx.2015-ci il tarixdə vəfat etmiş X4 ailə başçısı kimi qəbul edilməsinə səbəb ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “X8 mərhum X4 əmək pensiyasının sığorta hissəsi nəzərə alınmaqla ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.