Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2038/2025 12.09.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ailəyə xx.xx.2024-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın bərpa olunması və sosial yardım hüququnun 1 il məhdudlaşdırılması qərarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ.İşin Halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı məhkəməyə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək “ünvanlı dövlət sosial yardımın təyin olunaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini qeyd etmiş və cavabdehin üzərinə sosial yardımın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin üzərinə ailəyə xx.xx.2024-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın bərpa olunması və sosial yardım hüququnun 1 il məhdudlaşdırılması qərarının ləğv olunması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia ərizəsini aşağıdakı kimi əsaslandırmışdır: - o, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra - cavabdeh) sosial yardım təyin edilməsi barədə müraciət etmişdir. Cavabdeh tərəfindən ona imtina gələrək bildirilmişdir ki, onun əri Nümayəndə1 nəqliyyat vasitəsi idarə edir. Bildirir ki, onun ərinin adında hec bir nəqliyyat vasitəsinin sahibi olması barədə qeydiyyat yoxdur. Hesab edir ki, bu hal tam olaraq qanunsuzdur. Çünki ərinin adında hec bir nəqliyyat vasitəsi rəsmi olaraq qeydə alınmamışdır. Qanuna uygun olaraq nəqliyyat vasitəsinin olub-olmaması barədə Baş DYP sistemində yoxlanılır və nəqliyyat vasitəsi qeydə alınmış olduğu halda imtina gəlir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı VEMTAS elektron sistemi vasitəsilə ünvanlı dövlət sosial yardımının (bundan sonra - ÜDSY) təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli **********997 nömrəli ərizə ilə müraciət etmişdir. Edilən müraciətlə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın 3.2-ci bəndinə (bundan sonra Qaydalar) əsasən VEMTAS tərəfindən araşdırılma başlanılmış və iddiaçıya xx.xx.2024-cü il tarixindən aylıq 702,82 manat məbləğində sosial yardım təyin olunmuşdur. Daha sonra cavabdeh orqan tərəfindən keçirilmiş yoxlama əsasında iddiaçıya təyin edilmiş sosial yardım dayandırılmışdır. Hazırda iddiaçının mübahisələndirdiyi qeyd olunan müraciətinə verilən təyinatın dayandırılması ilə bağlıdır. Bildirilmişdir ki, İddiaçı ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardım almaq hüququnun müəyyən edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin “Ünvanlı yardım” (VEMTAS) alt sisteminə daxil etdiyi xx.xx.2023-cü il tarixli **********99701-197 nömrəli müraciəti əsasında ailəyə xx.xx.2024-cü il tarixindən aylıq 702,82 manat məbləğində sosial yardım təyin olunmuşdur. Daha sonra Maddi-məişət şəratinin yoxlanılması üzrə Mərkəzi Filialı tərəfindən ailənin ünvanında keçirilmiş xx.xx.2024-cü il tarixli təkrar yoxlama zamanı İddiaçı əri Nümayəndə1 dostu X2 məxsus "VAZ-2115" markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şəxsi məqsədlər üçün istifadə etdiyini bildirmişdir. Həmçinin, 3 il əvvəl həmin nəqliyyat vasitəsinə etibarnaməsi olduğunu qeyd etmişdir. Müəyyən edilmiş hal barədə məlumatlar təkrar müayinə aktına əlavə olunmuş, aktda qeyd olunanlarla tanış olduqdan sonra məlumatlar Nümayəndə1 imzası ilə təsdiq edilmişdir. Həmçinin qeyd edilmişdir ki, aparılan maddi-məişət şəraitinin təkrar müayinəsi video-çəkiliş vasitəsilə Mərkəzi Filialın əməkdaşları tərəfindən qeydə alınmışdır. Qeyd olunanlara əsasən, ailənin sosial yardım almaq hüququna yenidən baxılması nəticəsində ailənin istifadəsində nəqliyyat vasitəsinin olması səbəbilə təyin edilmiş sosial yardım ödənişi xx.xx.2024-cü il tarixində dayandırılmış və ailənin sosial yardım almaq hüququ “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanunun 10.4-cü maddəsinə uyğun olaraq 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, kameral baxış zamanı Nümayəndə1 VEMTAS-a daxil etdiyi xx.xx.2023-cü il tarixli **********74501 nömrəli müraciətinə Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi tərəfindən təqdim edilən məlumata əsasən Nümayəndə1 istifadəsində xx.xx.2016-cı il tarixindən nəqliyyat vasitəsinin olması səbəbilə qurumlarla yoxlanılması əsasında imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli. 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.4.-cü maddəsinə əsasən ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla) sosial yardımın təyin olunmasından imtina edilir. Həmin Qaydaların 3.7.1-cü maddəsinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin edilməsindən imtina edilir. Qeyd edilən normaların mahiyyətindən də göründüyü kimi cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olaraq verilmişdir. Ərizə-bəyannamə təmsilçi tərəfindən müstəqil surətdə, elektron qaydada doldurulduğu üçün bəyannamədə doldurulan məlumatlarla bağlı təmsilçi özü bilavasitə məsuliyyət daşıyır. “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanunu aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının verilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Qanununun 3-cü maddəsinə əsasən, sosial yardım almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlətorqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrumedilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Qanunun 1.0.5-ci maddəsinə əsasən aztəminatlı ailə dedikdə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə başa düşülür. Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Sözügedən Qanunun 7.1-ci maddəsinə əsasən,sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X6 və X12 (VEMTAS) yaradılmışdır. Sözügedən Qaydaların 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Sözügedən Qaydaların 3.3-cü bəndinə əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin X1nin aparılması barədə tapşırıq göndərilir. Sözügedən Qaydaların 3.4.2-ci yarımbəndinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrədairişlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Sözügedən Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına nəzərən qeyd edilməlidir ki, iddiaçı tərəfindən daxil olan müraciətə əsasən müvafiq maddiməişət şəraitinin yoxlanılmasına dair yoxlama aktı tərtib edilmiş və həyata keçirilən yoxlama zamanı İddiaçı əri Nümayəndə1 istifadəsində nəqliyyat vasitəsinin olması aşkar edilmişdir. Buradan göründüyü kimi İddiaçı ailəni təmsil edən şəxs qismində təyin edilmiş sosial yardımın dayandırılması qanunauyğun olmuşdur. Beləliklə, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 X7 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ÜDSY-nin alınması ilə bağlı ailəni təmsil edən şəxs qismində İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı Yardım” (VEMTAS) altsisteminə daxil etdiyi **********99701-197 nömrəli müraciətə əsasən ailəsinə xx.xx.2024-cü il tarixindən aylıq 702,82 manat məbləğində ÜDSY təyin edilmişdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 10.4-cü bəndinə əsasən ailənin sosial yardım almaq hüququnun yoxlanılması məqsədilə aparılan təkrar yoxlama nəticəsində ailənin istifadəsində nəqliyyat vasitəsinin olması müəyyən edilmiş və bu səbəblə təyin edilmiş ÜDSY xx.xx.2024-cü il tarixində dayandırılmış və ailənin sosial yardım almaq hüququ xx.xx.2025-ci il tarixinədək 1 il müddətinə məhdudlaşdırılmışdır. - Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İİ.Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005-ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2-ci bənd. Sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş X10 və X14 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. (-); 2.5-ci bənd. kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin X1”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. (-). “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. İİİ.Məhkəmənin mövqeyi. İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın əsaslılığı: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə tələb “mübahisələndirmə haqqında” iddia növünə aiddir. “Mübahisələndirmə haqqında” iddia onunla xarakterizə olunur ki, inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. “Mübahisələndirmə haqqında” iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Hazırkı iş üzrə cavabdeh orqan, iddiaçıya xx.xx.2024-cü il tarixdən hesablanmaqla ünvanlı sosial yardım təyin etmişdir. Sözügedən təyinatın aparılması iddiaçı barəsində əlverişli inzibati akt olmuş və buna görə də ona həmin tarixdən aylıq 702,82 manat məbləğində ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Daha sonra “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – Qanun) 10.4-cü bəndinə əsasən ailənin sosial yardım almaq hüququnun yoxlanılması məqsədilə aparılan təkrar yoxlama nəticəsində ailənin istifadəsində nəqliyyat vasitəsinin olması müəyyən edilmiş və bu səbəblə təyin edilmiş ÜDSY xx.xx.2024-cü il tarixində dayandırılmış və ailənin sosial yardım almaq hüququ 1 il müddətinə məhdudlaşdırılmışdır. Mümkünlük məsələsi Bununla belə inzibati orqan ünvanlı dövlət sosial yardımının dayandırılması ilə bağlı ayrıca inzibati akt qəbul etməmiş, iddiaçıya ilkin təyinatın aparıldığı xx.xx.2024-cü il tarixli müraciətə münasibətdə “müraciətdən imtina edilməsi barədə” bildiriş tərtib edərək, ilkin təyinatı imtina cavabı ilə əvəz etmişdir. Bununla belə nəzərə alınmalıdır ki, ilkin təyinatın imtina cavabı ilə əvəzlənməsi ilə bağlı bildiriş iddiaçıya münasibətdə ilkin təyinatın hüquqi nəticələrini aradan qaldırdığından və onun hüquqi sferasında dəyişikliyə səbəb olduğundan, məhkəmə sözügedən bildirişi əlverişsiz inzibati akt kimi qəbul edərək hüquqi qiymət vermişdir. Nəzərə alınmalıdır ki, iddiaçı, cavabdeh orqana qarşı “imtina və sosial yardım hüququnun 1 il məhdudlaşdırılması qərarının ləğv olunması” tələbi ilə bərabər, həm də “Ünvanlı Dövlət Sosial Yardımın bərpa olunması (ödənişlərin davam etdirilməsi)” tələblərini də irəli sürmüşdür. İPM-nin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Göründüyü kimi “Ünvanlı Dövlət Sosial Yardımın bərpa olunması (ödənişlərin davam etdirilməsi)” tələbi mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələr hesab olunduğundan həmin tələblərə də ilkin tələblərlə birgə baxılaraq hüquqi qiymət verilməlidir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı, onun əri və onun övladları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar. İddiaçı, ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın təyin edilməsini xahiş etmiş, ona xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aylıq 702,82 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. İş materiallarından görünür ki, Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 10.4-cü bəndinə əsasən ailənin sosial yardım almaq hüququnun yoxlanılması məqsədilə aparılan təkrar yoxlama nəticəsində ailənin istifadəsində nəqliyyat vasitəsinin olması müəyyən edilməsi əsası ilə təyin edilmiş ÜDSY xx.xx.2024-cü il tarixində dayandırılmış və ailənin sosial yardım almaq hüququ xx.xx.2025ci il tarixinədək 1 il müddətinə məhdudlaşdırılması qərarı qəbul edilmişdir. Cavabdeh orqan sözügedən qərarın qəbul edilməsini maddi X5 zamanı ərizə bəyannamədə qeyd olunmuş məlumatlarda uyğunsuzluq aşkar edilməsi, ailənin istifadəsində nəqliyyat vasitəsinin olması ilə əsaslandırmışdır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Məhkəmə cavabdeh inzibati orqanın yuxarıda göstərilən dəlilləri ilə bağlı qeyd edir ki, şəxsin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsinin olması halı ona ünvanlı sosial yardım təyin edilməsindən imtina üçün əsas hesab olunur. İş materiallarından görünür ki, iddiaçının mülkiyyətində hər hansı nəqliyyat vasitəsi olmamış, cavabdeh orqanın ailənin istifadəsində olduğunu bildirdiyi nəqliyyat vasitəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Habelə nəqliyyat vasitəsinin istifadə edilməsinə dair onun adına verilmiş etibarnamə 3 il əvvəl ləğv olunmuşdur. (Cavabdehin etirazının dəlilləri həmin halı təsdiq edir). Nəticə etibarilə iddiaçı barəsində qanunvericiliklə müəyyən edilmiş imtina üçün əsas qismində çıxış edən hal-mülkiyyətində və ya istfadəsində nəqliyyat vaistəsinin olması halı müəyyən edilmədiyi halda, cavabdeh inzibati orqan tərəfindən bununla bağlı inzibati icraat çərçivəsində araşdırma aparılmamış, imtina əsası kimi formal və əsassız olaraq, həmin hala istinad edilmişdir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan etirazın dəlili kimi nəqliyyat vasitəsinin iddiaçıya məxsus olması halının onun ailə üzvlərinin şifahi məlumatı əsasında müəyyən edilməsi halına istinad etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı nəqliyyat vasitəsinin şəxsə məxsus olması halı şifahi izahat əsasında deyil, sənəd (nəqliyyat vaistəsinə dair qeydiyyat şəhadətnaməsi, etibarnamə və ya qanuni sahibliyi təsdiq edən digər sənədlər) əsasında müəyyən edilə bilərdi. Lakin bununla bağlı cavabdeh inibati orqan tərəfindən heç bir aarşdırma aparılmamış, hər hansı sənədə, mötəbər sübuta istinad edilməmişdir. Bu baxımından qeyd edilən hissədə də cavabdeh inzibati orqanın etirazının (imtinasının) dəlilləri əsasız olmuşdur. Həmçinin Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə rəsmi şəkildə təsdiq olunur ki, cavabdeh orqanın istifadədə olduğunu iddia etdiyi **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. Bu fakt iddiaçının və onun ailəsinin həmin nəqliyyat vasitəsinin mülkiyyətində və ya qanuni istifadəsində olmadığını sübut edir. Azərbaycan qanunvericiliyinə, o cümlədən Mülki Məcəlləyə və “Yol hərəkəti haqqında” Qanuna əsasən, bir şəxs avtomobildən qanuni olaraq istifadə etmək üçün ya onun sahibi olmalı, ya da onun adına rəsmi etibarnamə olmalıdır. Ailənin adına qüvvədə olan heç bir etibarnamə olmadığı üçün nəqliyyat vasitəsinin istifadəsi qanuni sayılmır, ümumiyyətlə elə bir istifadənin olması da qanunsuz olmaqla yanaşı, qeyri-mümkündür. Beləliklə, Qaydaların 3.7.4-cü maddəsinin tətbiqi üçün əsas yoxdur. Məhkəmə bütün qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçıya təyin edilmiş ünvanlı dövlət sosial yardımının dayandırılmasında və 1 il müddətinə məhdudlaşdırma qərarının qəbul edilməsində cavabdeh orqan haqlı olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi ilə təsbit olunmuş sosial təminat hüququnu rəhbər tutaraq və cavabdeh orqanın iddiaçıya ilkin təyin olunmuş ünvanlı dövlət sosial yardımının “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3.7.4-cü maddəsinə istinadən (ailənin istifadəsində nəqliyyat vasitəsinin olması) dayandırılması və bir il müddətinə məhdudlaşdırılması barədə qərarını, ailənin mülkiyyətində və ya istifadəsində hər hansı nəqliyyat vasitəsinin olmadığı, etibarnamənin ləğv edildiyi və inzibati orqanın qərarını sənədli sübutlar əsasında deyil, yalnız əsassız şifahi məlumatlara istinad etməklə qəbul edərək “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsində tələb olunan mötəbərlilik prinsipini pozduğu üçün qanunsuz hesab edərək, inzibati aktın ləğv edilməsi və dayandırılmış ünvanlı dövlət sosial yardımının bərpa olunması barədə iddia tələbinin əsaslı olması qənaətinə gəlir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ailəyə xx.xx.2024-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın bərpa olunması və sosial yardım hüququnun 1 il məhdudlaşdırılması qərarının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”” tələbinə dair iddiası təmin edilməlidir. qərara aldı: İddia təmin edilsin. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı xx.xx.2024-cü il tarixdən 1 il müddətinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın bərpa olunması və sosial yardım hüququnun 1 il məhdudlaşdırılması qərarının ləğv olunması öhdəliyi qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X11 Əsədova
Məhkəmə qərarları › İş №2-1(116)-2038/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2038/2025
12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver