Məhkəmə qərarları › İş №2-1(116)-2039/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2039/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2039/2025 15.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X7 və X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dini X13 Dövlət Komitəsinə qarşı “Risalei-Nur Külliyatına daxil olan, müəllifi X4, 14 adda kitablardan (Sözler, Mektubat, Lemalar, Şualar, Mesnevii-Nuriye, Asayı-Musa, Tarihçeyi-Həyat, İşaratül-İcaz, Sikkeyi- Tasdiqi qaybi, Barla Lahikası, Emirdağ Lahikası, Kastamonu Lahikası, Muhakemat, İman və küfür müvazeneleri.) hər birindən 1(bir) ədəd olmaqla Türkiyə Respublikasından idxal edilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dini X13 Dövlət Komitəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Risalei-Nur Külliyatına daxil olan, müəllifi X4, 14 adda kitablardan (Sözler, Mektubat, Lemalar, Şualar, Mesnevii-Nuriye, Asayı-Musa, Tarihçeyi-Həyat, İşaratül-İcaz, Sikkeyi-Tasdiqi qaybi, Barla Lahikası, Emirdağ Lahikası, Kastamonu Lahikası, Muhakemat, İman və küfür müvazeneleri.) hər birindən 1(bir) ədəd olmaqla Türkiyə Respublikasından idxal edilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə Azərbaycan Respublikası Dini X13 Dövlət Komitəsinə elektron ərizə ilə müraciət edərək “Risalei-Nur Külliyyatına daxil olan, 14 adda olan kitablardan (Sözler, Mektubat, Lemalar, Şüalar, Mesnevii-Nuriye, Asayı-Musa, Tarihçey i-Həyat, İşatül-İcaz, Sikkeyi-Tasdiqi qaybi, Barla Lahikası, Emirdağ Lahikası, Kastamonu Lahikası, Muhakemat, İman və küfür müvazeneleri) hər birindən 1 (bir) ədəd olmaqla şəxsi istifadə üçün Türkiyə Respublikasından idxal olunmasına razılıq verilməsini xahiş etmişdir. Dini Komitənin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina məktubunda ərizəsinə baxılaraq qeyd edilən kitabların ölkəyə idxal edilməsinin məqsədəuyğun hesab edilməməsini bildirmişdir. Dini Komitənin ona ünvanladığı imtina məktubu ümumi şablon xarakteri daşıyır və konkret olaraq qüvvədə olan qanunvericiliyin hansı tələblərinin pozulmasına görə məqsədəuyğun hesab edilməməsi əsaslandırılmamışdır. Dini Komitənin əvəllər bir neçə dəfə edilən müraciətlərə əsasən həmin kitabların ölkəyə idxal edilməsinə razılıq verilmişdir. Məlumat üçün bildirir ki, adı keçən kitablarla bağlı X5 Ekspertizasının və Azərbaycan Respublikası Ədliyyə nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzninin verdiyi çoxsaylı Ekspert Rəylərində bu kitabların məzmununda islam dininə aid hər hansı qeyri-ənənəvi məsələlərin əks olunmasına, diniideoloji bölücülüyə yönəlmiş fəaliyyətə dair məlumatlara rast gəlinməmişdir, əksinə bu kitabların müsbət xarakter daşıdığı, mənəvi, əxlaqı, tərbiyəvi mövzulardan bəhs etdiyi, müqəddəs Kitab olan Qurani-Kərimin elmi təfsiri olduğu və bu kitabların məzmununda qüvvədə olan qanunvericiliyin tələblərinin pozulmadığı qeyd edilmişdir. “Risalei-Nur” Külliyyatına daxil olan kitabların şəxsi istifadə üçün Türkiyə Respublikasından ölkəyə idxal edilməsinə razılıq verilməsi barədə bir neçə məhkəmə qərarları da var. (Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərarları.). Bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 48-ci və “Dini etiqad azadlığı” haqqında Azərbaycan Respublikası qanunun 1-ci və 21-ci maddələrinə əsasən hər bir şəxsin vicdan azadlığı hüququ və bu hüquqdan irəli gələn digər hüquqları (elmi-fəlsəfi təfsir kitabalarının mütaliəsi və s.) var. Bundan başqa nəzərə çatdırır ki, Azərbaycan Respublikası Dini X13 Dövlət Komitəsi haqqına Əsasnaməsinin tələblərinə görə Azərbaycan Respublikasının hər bir vətəndaşı vicdan azadlığı haqqında Konstitusion hüququna əsasən dini məzmunlu ədəbiyyatı və bu məzmunda olan elektron daşıyıcıarını ölkəyə idxal edilmısinə razılıq verilməsi barədə Dini Komitəyə müaraciət etmək hüququ və bu hüquq qanunvericiliyin tələblərinə uyğun olduğu təqdirdə onun təmin edilməsi qeyd edilmişdir. Bildirir ki, “Risalei-Nur Külliyyatına daxil olan 14 adda kitablardan hər birindən 1 (bir) ədəd olmaqla şəxsi istifadə üçün Türkiyə Respublikasından idxal edilməsinə razılıq verilməsi haqqında Dini Komitəyə etdiyi müraciət qanuni və əsaslı olduğuna görə Komitənin ona ünvanladığı imtina məktubu məhkəmə qaydasında ləğv edilməli və həmin kitabların ölkəyə gətirilməsinə razılıq verilməsi öhdəliyinin Komitənin üzərinə qoyulması barədə məhkəmə qərarı qəbul edilməlidir. Cavabdeh orqan xx.xx.2025-ci il tarixli 3-32/2-455/2025 nömrəli iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı “Risaleyi-Nur külliyyatına daxil olan 14 adda kitabın Türkiyə Respublikasından idxal edilməsinə müvafiq razılığın verilməməsinə dair Azərbaycan Respublikasının Dini X13 Dövlət Komitəsinin qərarının ləğv edilməsi barədə Azərbaycan Respublikasının Şəki intibati Məhkəməsinə iddia ərizəsi vermişdir, iddiaçının tələbləri qanunvericiliyə zidd və əsassızdır. Azərbaycan Respublikasının Dini X13 Dövlət Komitəsi (bundan sonra - Dövlət Komitəsi) Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci tarixli 512 nömrəli Fərmanı ilə yaradılmışdır. Dövlət Komitəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini X13 Dövlət Komitəsi haqqında Əsasnamə”ni rəhbər tutur. Azərbaycan Respublikası Dini X13 Dövlət Komitəsi “Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinin 10-cu abzasına əsasən, dinşünaslıq ekspertizasının aparılmasını təmin edir. Eyni zamanda “Azərbaycan Respublikası Dini X13 Dövlət Komitəsi haqqında Əsasnamə”nin 7.8-ci bəndinə əsasən dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi Dövlət Komitəsinin əsas vəzifələrindən biridir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci bəndinə əsasən dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Burada müvafiq icra hakimiyyəti orqanı dedikdə, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2009-cu il tarixli, 97 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Dini X13 Dövlət Komitəsi nəzərdə tutulur. İddiaçı da bu hüququndan istifadə edərək, 22 noyabr 2024-cü il tarixli ərizə ilə Dövlət Komitəsinə müraciət etmişdir. Ərizəsində Risaleyi-nur külliyyatına daxil olan X6 “Şüalar”, “Mesnevi Nuriye”, “Emirdağ Lahikası”, “Tarihçeyi-Hayat”, “Sikkeyi tasdiki ğaybi”, “Sözler”, “Mektubat”, “Lemalar", “Asayi Musa”, “İman ve küfür muvazeneleri”, “İşarat-ül icaz”, “Barla Lahikası”, “Kastamonu lahikası” və “Muhakemat” adlı kitabların Türkiyə Cümhuriyyətindən idxalına razılıq verilməsini istəmişdir. Müraciət Dövlət Komitəsinə daxil olduqdan sonra araşdırılmışdır. “Risaleyi-nur” külliyyatına daxil olan dini ədəbiyyatların idxalının məqsədəuyğun olmadığı barədə qərar qəbul edilmiş və bununla bağlı Dövlət Komitəsinin 22 noyabr 2024-cü il tarixli, 3-32/2-K-1120-42-449/2024 nömrəli məktubu (məktubun sürəti əlavə olunur) İddiaçı göndərilmişdir. Bildirilmişdir ki, “Risaleyi-nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatların idxalına, yayılmasına və nəşrinə 2009-cu ilə qədər hər hansı bir məhdudiyyət tətbiq edilməmişdir. Lakin “Risaleyi-Nur” külliyyatına daxil olan və bənzəri dini ədəbiyyatlarda dini ekstremizmi təbliğ edən məlumatlara rast gəlinməsə də, sonrakı illərdə ölkədəki mövcud dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər nəzərə alınaraq, əsasən təriqətçiliyin (camaatlığın) yayılmasında istifadə edildiyindən 2009-cu ildən bu kitabların ölkəyə idxalı, yayılması və nəşri ekspertlər tərəfindən məqsədəuyğun hesab olunmamışdır. Eyni zamanda sonrakı illərdə bir neçə şəxsə fərdi istifadə üçün hər birindən bir nüsxə olmaqla “Risaleyi-nur” külliyyatının ölkəyə idxalına razılıq verilsə də, son aylarda ölkədəki mövcud dini durum və dini ədəbiyyatın bu mühitə təsiri məsələləri araşdırılaraq hərtərəfli təhlil edilmişdir. Məlum olmuşdur ki, qeyri-ənənəvi hesab edilən müxtəlif dini qruplar ölkəyə gətirdikləri dini ədəbiyyatlardan geniş istifadə etməklə dini mühiti mürəkkəbləşdirməyə, ənənəvi dini dəyərlərə qarşı dözümsüzlük təbliğ etməyə, eləcə də dini-ideoloji bölücülüyə yönəlmiş fəaliyyətə cəhd edir. Müəyyən edilmişdir ki, Dini X13 Dövlət Komitəsi “Risaleyi-nur” külliyyatına daxil olan ədəbiyyatların kütləvi şəkildə ölkəyə idxalına razılıq verməsə də, bu ədəbiyyatlardan qanunsuz yollarla əldə edilmiş, nur camaatına mənsub olanlar tərəfindən keçirilən toplantılarda yayılmasına çalışılmışdır. Bunu müxtəlif vaxtlarda araşdırma üçün hüquq-mühafizə orqanlarından daxil olan “Risaleyi-nur” külliyyatına aid kitabların nəşr tarixləri də sübut edir. Yuxarıda qeyd olunanlar, o cümlədən cəmiyyətdə dini-ideoloji bölücülüyə rəvac verməsi nəzərə alınaraq, “Risaleyi-nur" külliyyatına daxil olan dini ədəbiyyatların şəxsi istifadə məqsədilə olsa da, nəşri, idxalı, satışı və yayılması məqsədəuyğun sayılmır. Əlavə olaraq qeyd edilməlidir ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 3cü bəndinə əsasən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Müəyyən edilmişdir ki, dini ədəbiyyatları satmaq məqsədi ilə İddiaçı və ya onunla eyni dini dünyagörüşə mənsub nur camaatından hər hansı şəxsə ölkə ərazisində fəaliyyət göstərməsi üçün ixtisaslaşdırılmış satış məntəqəsinin yaradılmasına razılıq verilməmişdir. Bununla yanaşı, iddia ərizəsində “Risaleyi-nur” külliyyatına daxil olan dini ədəbiyyatlarda qanunvericiliyə zidd fikirlərin olmaması ilə bağlı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən verilmiş rəylərə istinad edilməsi də aidiyyəti üzrə deyildir. Qeyd edilməlidir ki, Ekspertiza şöbəsində ekspertizası keçirilən dini məzmunlu bütün materiallarla bağlı müraciətlər müxtəlif istiqamətlərdən daxil olur. Bunlar hüquqi və fiziki şəxslərin xaricdən səxsi istifadə, satış və yayılması məqsədilə dini məzmunlu materialların idxalına müvafiq razılığı verilməsi ilə bağlı müraciətlər, ölkə nəşriyyat və mətbəələrinin sifariş əsasında nəşr etmək istədikləri dini ədəbiyyatlar, hüquq mühafizə orqanlarından daxil olan müraciətlər və nadir hallarda olsa belə dini ədəbiyyatların ixracı ilə bağlı olan müraciətlərdir. Hüquq mühafizə orqanlarından daxil olan müraciətlər də bir neçə qismə bölünür. Bunlar ibtidai istintaq və araşdırmalar zamanı hər hansı ünvandan götürülmüş dini ədəbiyyatın məzmununun və müvafiq razılığının olubolmaması ilə bağlı olan müraciətlər (bu məzmunda olan müraciətlərə dini ədəbiyyatla bağlı arayış verilir) və istintaqı aparılan cinayət işləri üzrə qəbul edilmiş qərarlar əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi vasitəsilə daxil olan müraciətlərdir. Bu səpkili müraciətlərdəki qərarlarda ekspert qarşısında qanunvericiliyin konkret müddəalarının pozulub-pozulmaması ilə bağlı qoyulmuş suallar cavablandırılır və daha ətraflı tədqiqat aparılır. Məhz belə müraciətlər nəticəsində “Risaleyi-nur” külliyyatına daxil olan dini ədəbiyyatların qanunsuz olaraq ölkəyə idxal edildiyi və nur camaatı mənsubları arasında yayıldığı müəyyən edilmişdir. Yəni “Risaleyi-nur” külliyyatına daxil olan dini ədəbiyyatların məzmununda dini nifrət və düşmənçilik yaradan, dini ekstremizm məzmunlu məlumatların olmaması onların hamısının müvafiq razılıq əsasında idxal edilməsi anlamına gəlmir. Nəzərə almaq lazımdır ki, Məhkəmə Ekspertizası Mərkəzində aparılmış tətqiqatların nəticələri ekspert qarşısında qoyulmuş suallara uyğun cavablandırılmışdır. Ümumiyyətlə, Dövlət Komitəsində dinşünaslıq ekspertizasına təqdim edilmiş hər bir kitab barədə rəy hazırlanır. Rəy əsasən iki hissədən - tədqiqi hissə və nəticədən ibarət olur. Əgər dini ədəbiyyatın çapı və ya idxalı məqsədəuyğun hesab edilməsə, rəydə bunun səbəbi göstərilir. Dinşünaslıq ekspertizası zamanı bir qayda olaraq ekspertin qarşısında, “Təqdim edilən ədəbiyyatda dini nifrət və düşmənçiliyə rəvac verəcək fikirlər varmı?”, “Dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər mövcuddurmu?”, “Ölkədəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək fikirlərə yer verilibmi?” kimi şərti sualları qoyulur. Bu suallardan da göründüyü kimi, dini təyinatlı ədəbiyyatın ekspertizasında əsas məsələ və qarşıya qoyulan məqsəd onun dinə, şəriətə uyğun olub-olmadığını müəyyən etmək deyil, hansı mövqedən yazılmasını və cəmiyyətə, ölkədəki mövcud dini duruma, dinlər və məzhəblər arası münasibətlərə necə təsir göstərməsini müəyyənləşdirməkdir. Azərbaycan Respublikasının Konstitusiyasının 18-ci maddəsində göstərilmişdir ki, din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Həmçinin, həmin maddənin ikinci bəndində insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliğinin qadağan olunduğu qeyd olunmuşdur. Yəni dövlət dinə, şəriət məsələlərinə qarışmır və hansı fikrin şəriətə uyğun olub-olmadığını müəyyənləşdirmir. Amma dövlət ölkədəki dini duruma, dinlər və məzhəblərarası münasibətlərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsinə və bu maddəyə istinadən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər sırasında mənəviyyatın və başqalarının hüquqlarının qorunması müddəası yer almaqdadır. Dinşünaslıq ekspertizasının prioriteti də məhz sağlam mənəvi mühitin və inancından asılı olmayaraq hər kəsin hüquqlarının qorunmasıdır. Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına, ixracına, habelə sərbəst yayılmasına Dövlət Komitəsi tərəfindən razılıq verilməsinə aşağıdakı hallarda imtina edilə bilər: - Dini etiqadın və dini həyat tərzinin zor işlətməklə və ya zor işlədəcəyi ilə hədələməklə, habelə dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verildikdə; - Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst yayılması insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması və təbliği məqsədi ilə həyata keçiriləcəyi ehtimal olunduqda; - İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği halları aşkarlandıqda; - Onların istehsalı, idxalı, ixracı, habelə sərbəst yayılması ictimai təhlükəsizliyə və ya ictimai qaydanın pozulmasına səbəb ola biləcəyi hallarda; - Ölkədəki tolerantlıq durumuna mənfi təsir göstərən, dini ekstremizmi təbliğ edən məlumatlara rast gəlindiyi təqdirdə; - Onların ölkədə dini duruma mənfi təsir göstərə biləcəyi ehtimal edildiyi digər hallarda. İddiaçı ölkəyə gətirmək istədiyi dini ədəbiyyatlar X6 “Risaleyi-nur” külliyyatına daxil olan ədəbiyyatlardır, Məlumat üçün bildirilmişdir ki, ölkəmizdə qeyri-qanuni fəaliyyət göstərən dini qruplardan biri də Türkiyə mərkəzli “Nur camaatı’dır. Azərbaycanda “nurçuluğun Mustafa Sunqur qanadı” kimi tanınan bu qrupun əsas özəlliyi böyük islam alimi və ustadları kimi qəbul etdikləri Səid Nursinin dini əsərlərinin mütaliəsidir. Əksər hallarda kütləvi şəkildə təşkil edilən bu mütaliələr, kütləvi dini ayinlərin icrası və başqa dini tədbirlər dini ibadət yerlərində deyil, fərdi evlərdə və ya kirayələnmiş mənzillərdə həyata keçirilir. Bu metod nur camaatının ideoloji təbliğat vasitələrindən biri hesab edilir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6-1 maddəsini tələblərinə uyğun olaraq kütləvi dini ibadət, ayin və mərasimlər (dəfn, yas, iftar, kəbinkəsmə, mövlud və ehsan mərasimləri istisna olmaqla) dini ibadət yerlərində və ziyarətgahlarda keçirilməlidir. Bundan əlavə olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci maddəsinə əsasən dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Qeyd edilənlər nəzərə alınaraq “Risaleyi-nur" külliyyatı adlandırılan bu əsərə daxil olan və bənzəri dini ədəbiyyatlara 2009-cu ildən sonra ölkədəki mövcüd dini durum və qanunvericilikdə edilmiş dəyişikliklər, xüsusilə hüquq-mühafizə orqanlarının çoxsaylı müraciətləri nəzərə alınaraq, əsasən təriqətçiiyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən ölkəyə idxalı, yayılması, nəşri və satışı ekspertlər tərəfindən məqsəduyğun hesab olunmamışdır. Bu cür kitabların idxalının, çapının və ya yayılmasının məqsədəuyğun hesab edilməməsi, belə demək mümkündürsə, onlara legitimlik statusunun verilməməsi anlamına gəlir. İndiki dini şəraitdə dini fikrin və rəyin düzgün istiqamətləndirilməsi və oriyentasiyası baxımından bu, hələlik effektiv vasitə kimi qiymətləndirilir. Eyni zamanda bildirilmişdir ki, bu haqda əlavə məlumat almaq istəyən şəxslər dəfələrlə Dövlət Komitəsində olmuş və onlara müvafiq izahat verilmişdir. Dövlət Komitəsi konkret məsələ ilə bağlı mövqeyini mütəmadi olaraq mətbuat vasitəsilə də ictimaiyyətin diqqətinə çatdırmışdır. Yəni İddiaçı bütün bunlar barədə məlumatlı olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsi hər kəsin vicdan azadlığını tanımaqla yanaşı, dini etiqad və əqidənin hüquq pozuntusuna bəraət qazandırmadığını da ifadə edir. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 3-cü bəndində göstərildiyi kimi dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. İnsan Hüquqlarının və X3 X2 9-cu maddəsinin birinci bəndində qeyd edilir ki, hər kəsin fikir, vicdan və din azadlığı hüququ vardır; bu hüquqa öz dinini və ya əqidəsini dəyişmək azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək və açıq yaxud şəxsi qaydada ibadəti, təlimləri, dini və mərasim ayinlərini yerinə yetirmək azadlığı daxildir. Bununla yanaşı, Konvensiyasının 9-cu maddəsinin ikinci bəndində öz dininə və baxışlarına etiqad etmək azadlığı yalnız ictimai asayiş maraqları naminə, ictimai qaydanı, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan məhdudiyyətlərə məruz qala biləcəyi qeyd edilmişdir. Bütün gətirilən dəlilləri əsas götürülərək, İddiaçı “Risaleyi-Nur külliyyatına daxil olan 14 adda kitabın Türkiyə Respublikasından idxal edilməsinə dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinin əsassızlığının nəzərə alması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndələri, məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdilər. II. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 18. Din və dövlət İ. Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir. İİ. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. İİİ. Dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Maddə 48. Vicdan azadlığı İ. Hər kəsin vicdan azadlığı vardır. İİ. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. İİİ. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir. İV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. İnzibati İcraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3.İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.4. Digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dini etiqaq azadlığı Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində dini təbliğat aparılması qadağandır. Valideynlər və ya digər qanuni nümayəndələr, qarşılıqlı razılıq əsasında, uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər. Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Bu Qanunun 21-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, kütləvi dini ibadət, ayin və mərasimlərin icrası zamanı dini təlimin əsaslarının işıqlandırılması yalnız bu Qanunla müəyyən edilmiş qaydada təyin olunmuş din xadimləri tərəfindən həyata keçirilə bilər. Dini ekstremizmin təbliğinə, həmçinin siyasi məqsədlər üçün dinlərarası və dinlərdaxili fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyət qadağandır Maddə 22. Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları Vətəndaşlar və dini qurumlar istədikləri dildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları əldə edə və onlardan istifadə edə bilərlər. Dini qurumlar, dini qurum olmayan digər hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə onları nəzarət markası ilə markalandıqdan sonra sərbəst yaya bilərlər. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir. Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi qaydaları, habelə nəzarət markasının alınmasına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nəzarət markalarının alınmasına görə ödənilən vəsaitlər dövlət büdcəsinə köçürülür. Həmin vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarət edilməsi və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı nəzarət markalarının hazırlanmasını təmin edir. Maddə 29. Müvafiq icra hakimiyyəti orqanı Müvafiq icra hakimiyyəti orqanı: dini qurumların xahişi üzrə dövlət orqanları (qurumları) ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları (qurumları) tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərir; müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə kömək edir; dini qurumların bu Qanunla nəzərdə tutulmuş qaydada nizamnamələrinin (əsasnamələrinin) qeydə alınmasını, habelə onlara dəyişiklik və əlavələr edilməsini həyata keçirir; dini etiqad azadlığı haqqında qanunvericiliyin tətbiqində yerli icra hakimiyyəti orqanlarına kömək göstərir; xarici dövlətlərin müvafiq orqanları ilə əlaqə saxlayır; Azərbaycan Respublikasında dini qurumlar, dini etiqad azadlığı haqqında qanunvericiliyin icrası üzrə məlumat bankı yaradır; dini qurumlardan qanunda nəzərdə tutulmuş məlumatlar, maliyyə hesabatları alır; dini qurumların bu Qanunun tələbləri nəzərə alınmaqla, beynəlxalq dini hərəkatlarla, forumlarla, beynəlxalq dini mərkəzlərlə və xarici X14güzar əlaqələrdə iştirakına kömək edir; dinşünaslıq ekspertizasının aparılmasını təmin edir, bu işə dini qurumların nümayəndələrini və mütəxəssisləri cəlb edir; dini ibadət yerlərinin və ziyarətgahların tikintisinə və yenidən qurulmasına müvafiq dini mərkəzin (idarənin) təklifini nəzərə almaqla rəy verir; müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dini təhsil müəssisələrinin proqramlarını təhlil və təsdiq edir, dini tədris keyfiyyətinin müəyyən edilməsi üçün rəy verir; nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamalar aparır; dini qurumlara münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi ilə bağlı qanunda nəzərdə tutulmuş qaydada və hallarda nəzarət orqanının funksiyalarını həyata keçirir. III. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İnzibati mübahisənin ərazi aidiyyəti: Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşayış yerinin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın əsaslılığı: Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı dini təyinatlı kitabların şəxsi istifadəsi üçün Azərbaycan Respublikasına idxal edilməsinə razılıq verilməsi üçün cavabdeh orqana müraciət etmiş, kitabların təriqətçiliyin (camaatçılığın) yayılmasında istifadə edildiyindən onların idxalı məqsədəuyğun hesab edilməmiş, buna görə də, cavabdehin cavab məktubu ilə kitabların idxalına razılıq verilməsindən imtina edilmişdir. İddiaçı həmin imtinanı qanunsuz və əsassız hesab edərək iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Onun mövqeyinə görə kitablarda ölkədəki dini duruma mənfi təsir göstərəcək fikirlər yer almamışdır. Əksinə, kitablarda dinin əsasları kimi qələmə verilən bir çox yanlışlıqları və yalanları üzrə çıxararaq islam dinini daha düzgün qavramağa, həqiqi dini əsasları sonradan uydurulmuş din adı altında həyata keçirilən nağıllardan ayırd etməyə və cəmiyyəti maarifləndirməyə yönəlmiş əsərlərdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən hüquqi aktların tələblərinə əsasən cavabdehin hərəkəti qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Dini X13 Dövlət Komitəsi, Azərbaycan Respublikasının Konstitusiyası, "Dini etiqad azadlığı haqqında" Qanun, “İnzibati icraat haqqında” Qanun və aidiyyəti digər normativ hüquqi aktlardan irəli gələn səlahiyyətlərinə əsaslanaraq dini təyinatlı ədəbiyyatların, o cümlədən X6 müəllifi olduğu və "Risaleyi-Nur" küliyyatına daxil olan kitabları ölkə ərazisinə idxalı ilə bağlı müraciətlərə yalnız məzmun, məqsəd, sosial və hüquqi nəticə baxımından hərtərəfli araşdırma və müvafiq dinşünaslıq ekspertizasının nəticələri əsasında rəy verə bilər və həmin rəy, hüquqi baxımdan, inzibati qərarların qəbulunda əsas normativ istinad nöqtələrindən birini təşkil edir. Bu baxımdan, İddiaçı sözügedən dini ədəbiyyatların satış məqsədi olmasa belə (iddia ərizəsinin məzmunu və iddiaçının məhkəmə iclasındakı ifadəsinin məzmununa əsasən) Türkiyə Respublikasından Azərbaycana idxalına razılıq verilməsi barədə müraciətinə Dövlət Komitəsi tərəfindən dinşünaslıq ekspertizasının nəticələri (ümumi hallar üzrə), ölkədəki aktual dini durum, dini müxtəliflik və dini münasibətlərin sabitliyi üzərində potensial təsirlərin risk qiymətləndirilməsi nəzərə alınaraq cavabdeh tərəfindən imtina verilməsi, hüquqi baxımdan nəinki qanuni, eyni zamanda demokratik cəmiyyətin təhlükəsizliyi, ictimai asayişin qorunması və dini bölücülük meyllərinin qarşısının alınması məqsədilə mütləq zərurət şəraitində qəbul edilmiş bir qərardır. Qeyd edilməlidir ki, “Risaleyi-Nur” külliyyatına daxil olan dini ədəbiyyatların məzmununda birbaşa ekstremizm, dini radikalizm və ya konstitusion quruluşun zorla dəyişdirilməsinə yönəlmiş çağırışların olmaması həmin əsərlərin yayımına və ölkəyə idxalına avtomatik olaraq mütləq hüquqi əsas vermir. Çünki bu kitabların dini mahiyyəti ilə yanaşı, onların sosial funksiyası və praktik müstəvidə necə və hansı dini icmalar tərəfindən hansı məqsədlərlə istifadə olunduğu da hüquqi qiymətləndirmə zamanı fundamental əhəmiyyət daşıyır və bu xüsusda da məhz “nurçuluq” adı ilə tanınan, qeyri-ənənəvi dini cərəyanın Azərbaycandakı fəaliyyəti və yayım mexanizmləri Dini X13 Dövlət Komitəsi və digər aidiyyəti orqanlar tərəfindən uzun illər müşahidə və qiymətləndirmə predmetidir. Xüsusilə vurğulanmalıdır ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 X2 9-cu maddəsi ilə vicdan və din azadlığı hüququ təmin olunsa da, həmin maddənin ikinci bəndində qeyd olunduğu kimi bu hüquq istisnasız və məhdudiyyətsiz deyildir. Belə ki, demokratik cəmiyyətdə zəruri hesab edilən hallarda, dövlət bu hüququ ictimai asayişin, sağlamlığın, mənəviyyatın, yaxud digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə qanuni şəkildə məhdudlaşdıra bilər və məhz bu norma Azərbaycan hüquq sisteminə inteqrasiya olunaraq “Dini etiqad azadlığı haqqında” Qanunda normativ əsas kimi əks olunmuşdur. Beləliklə, Dini X13 Dövlət Komitəsinin 12 dekabr 2024-cü il tarixli, 3-32/2-K-1120-42- 449/2024 nömrəli məktubu ilə verilmiş rədd cavabı, iddiaçının istinad etdiyi kimi əsaslandırılmamış və subyektiv deyil, əksinə, dövlətin mövcud dini sabitliyi qorumaq siyasətinə, dini plüralizmin çərçivəsində mənəvi və hüquqi təhlükələrin qarşısının alınmasına yönəlmiş prioritetlərinə, eləcə də qanunvericiliyin konkret müddəalarına əsaslanaraq qəbul edilmişdir. Həmçinin məhkəmə nəzərə alır ki, “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsində və “Lisenziyalar və icazələr haqqında” Qanunda açıq şəkildə qeyd olunmuşdur ki, dini təyinatlı ədəbiyyatın idxalı, yayımı və satışı yalnız müvafiq icra hakimiyyəti orqanı – bu halda Dini X13 Dövlət Komitəsinin icazəsi əsasında həyata keçirilə bilər və həmin icazə heç bir halda birbaşa hüquq sayılmır. Bu səlahiyyətin həyata keçirilməsi isə normativ əsaslara uyğun şəkildə diskresion səlahiyyət çərçivəsində reallaşır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən inzibat orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəyə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. İnzibati Prosessual Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Azərbaycan Respublikası İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. İnzibati Prosessual Məcəlləsinin 73.3-cü maddəsinin tələblərindən də göründüyü kimi dövlət orqanına verilmiş diskresion səlahiyyət çərçivəsində qəbul edilən qərarın yalnız inzibati orqanın mülahizəsinə əsaslanan hallarda, yəni hüquqi qiymətləndirmə və ictimai risk analizi əsaslı olaraq həyata keçirildiyi təqdirdə, həmin qərarın məhkəmə tərəfindən ləğv edilməsi yalnız inzibati orqanın səlahiyyətlərindən sui-istifadəsi və ya açıq-aşkar hüquqa ziddlik hallarında mümkündür ki, hazırkı iş üzrə belə bir hal sübut olunmamışdır. Eyni zamanda iddiaçının istinad etdiyi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bəzi hallarda bu və ya digər dini kitabların məzmununda aşkar qanun pozuntusunun olmaması barədə verdiyi rəylər inzibati razılıq verilməsi üçün mütləq və həlledici sənəd hesab edilə bilməz. Çünki ekspert rəyinin predmeti yalnız mətnin hüquq normasına uyğunluğunun qiymətləndirilməsindən ibarətdir. Onun ictimai-siyasi və dini kontekstdə istifadəsinin mümkün fəsadları isə yalnız Dini işlər üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsində olan məsələdir. Əlavə olaraq qeyd edilməlidir ki, “Risaleyi-Nur” külliyyatının yayımının əsasən dini təriqətçiliyin, konkret olaraq “nurçuluq” ideologiyasının genişlənməsi və qapalı dini toplantıların təşkili vasitəsi kimi istifadə edilməsi barədə hüquq-mühafizə orqanlarının məlumatları, həmçinin, bu kitabların kütləvi idxalı nəticəsində ölkədə dini fikir azadlığı adı altında dini qütbləşmə, məzhəbi münaqişələr və dini-ictimai harmoniyanın pozulması təhlükəsinin real olduğu qənaətinə gəlməyə əsas verir və bu baxımdan Dini X13 Dövlət Komitəsinin imtina qərarı ictimai maraqların müdafiəsinə yönəlmiş, hüquqi və konstitusion baxımdan tam əsaslandırılmışdır. Həmçinin iddiaçı ərizəsində, eyni zamanda məhkəmə iclasındakı ifadəsində qeyd edilən kitabları şəxsi istifadə üçün gətirdiyini qeyd edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, kitabların hər biri bir nüsxədə olsa da, ümumi sayın 14 olması onların çoxaldılması və ya üçüncü şəxslərə ötürülməsi ehtimalını istisna etmir. Bu isə potensial olaraq həmin dini ədəbiyyatın daha geniş şəkildə yayılmasına və nəzarətsiz təbliğat fəaliyyətinə yol aça bilər. Eyni zamanda məhkəmə ehtimal edir ki, bu kitablarla uzunmüddətli ünsiyyət iddiaçının öz dini baxışlarına və sosial davranışlarına da təsir göstərə bilər. Bu isə onun müəyyən dini qrupların ideoloji təsirinə düşməsi, radikal baxışların formalaşması və nəticə etibarilə həm hüquqi, həm də sosial müstəvidə riskli vəziyyətlə üzləşməsi ilə nəticələnə bilər. Bu baxımdan belə dini ədəbiyyatın ölkəyə gətirilməsi və şəxsi istifadə adı altında saxlanılması halları sırf fərdi məsələ kimi qiymətləndirə bilməz. Çünki bu cür hallar daha geniş sosial və təhlükəsizlik aspektləri nəzərə alınmaqla qiymətləndirilməlidir. Nəticə olaraq, Dini X13 Dövlət Komitəsinin mübahisə mövzusu olan məktubu, yəni iddiaçının dini ədəbiyyatların idxalına icazə verilməməsi ilə bağlı imtinası mövcud qanunvericiliyin bütün tələblərinə tam uyğun olaraq, həmçinin dövlətin dini sabitlik və ictimai asayişi qorumağa yönəlmiş funksiyalarını yerinə yetirmək məqsədini daşıyır. Bu imtina həm qanuni tələblərə, həm də dövlətin dini azadlıqları və cəmiyyətin ümumi əminamanlığını təmin etmək kimi müvafiq məqsədlərə xidmət edir. Eyni zamanda, bu imtina həm məqsədyönlü, həm də zəruridir, çünki hər hansı bir icazənin verilməsi ölkədəki dini balansın pozulmasına və ictimai narahatlıqlara səbəb ola bilər. Bu səbəbdən, iddiaçının müraciətinin qəbul edilməməsi üçün heç bir hüquqi əsas olmadığı və qanunlar baxımından bu cür qərarın verilməsinin tam yerində olduğu qənaətinə gəlmək olar. Nəticə etibarilə, iddiaçının tələbinin təmin edilməməsi qanunvericiliyin tələblərinə, hüquqi prinsiplərə və dövlətin ümumi maraqlarına uyğun bir qərardır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dini X13 Dövlət Komitəsinə qarşı Risalei-Nur Külliyatına daxil olan müəllifi X4, 14 adda kitablardan hər birindən 1(bir) ədəd olmaqla Türkiyə Respublikasından idxal edilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dini X13 Dövlət Komitəsinə qarşı “Risalei-Nur Külliyatına daxil olan, müəllifi X4, 14 adda kitablardan (Sözler, Mektubat, Lemalar, Şualar, Mesnevii-Nuriye, Asayı-Musa, Tarihçeyi-Həyat, İşaratül-İcaz, Sikkeyi- Tasdiqi qaybi, Barla Lahikası, Emirdağ Lahikası, Kastamonu Lahikası, Muhakemat, İman və küfür müvazeneleri.) hər birindən 1(bir) ədəd olmaqla Türkiyə Respublikasından idxal edilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X12 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar