Məhkəmə qərarları › İş №2-1(116)-204/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-204/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-204/2021 21.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, cavabdehin nümayəndəsi X4, üçüncü şəxslər X12, X2, üçüncü şəxslərin vəkili X11 iştirakı ilə İddiaçı Zaqatala rayonu Qandax Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər: X12 və X5) qarşı “X12 və X2 adına Azərbaycan Respublikası X15 Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********40-06301 reyestr nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Zaqatala rayonu Qandax Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: X12 və X5) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Zaqatala rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli qərarının və onun əsasında X7 və X1 adına xx.xx.2020-ci il tarixdə qeydiyyat alınmış **********40- 06301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 15S saylı sərəncamına əsasən Zaqatala Rayon İcra Hakimiyyəti başçısı xx.xx.2000-ci il tarixli 11 saylı sərəncam imzalamışdır. Sərəncamda Zaqatala rayon Bələdiyyə orqanlarının inzibati binalar ilə təmin edilməsi öz əksini tapır. Həmin sərəncama əsasən Rayon İcra Hakimiyyəti başçısının ərazi nümayəndələrinə tapşırılmışdır ki, təsərrüfatda aqrar islahatlar zamanı ərazi nümayəndələrinə təhvil verilmiş rayon Komissiyasının təklifləri əsasında bələdiyyə orqanlarının inzibati idarə fəaliyyəti üçün nəzərdə tutulan binalar əvəzsiz olaraq bələdiyyələrin sərəncamına verilməsini təmin etsinlər. Həmin Sərəncama əlavə olaraq Zaqatala rayonu üzrə Bələdiyyə şuralarının bina təchizatı haqqında məlumatda Zaqatala rayon X9 kənd YAİK-nın binası ayrılmışdır. Eyni zamanda həmin sərəncama uyğun olaraq Qandax ərazi nümayəndəsinin xx.xx.2000-ci il tarixli 03 saylı sərəncamı ilə Qandax kənd bələdiyyəsinə YAİK-nın binasının ayrılması, YAİK-nın fəaliyyəti dövründə iki otağın müvəqqəti olaraq YAİK-nın istifadəsində saxlanılmasına dair sərəncam verilmişdir. Eyni zamanda Zaqatala rayon Aqrar İslahat Komissiyasının Zaqatala rayonu “Ukrayna” adına kolxozun aqrar islahat proqramında Bələdiyyə mülkiyyətinə verilən 28088000 dəyərində obyektlərin içərisində beş milyon dəyərində olan YAİK-nın inzibati binası nəzərdə tutulmuşdur. Qandax kənd X17 Komissiyasının xx xxxx 2001-ci il tarixli 3 saylı protokolundan çıxarışa əsasən 5 milyon manat dəyərində inzibati idarə binasında YAİK-ya bir iş otağı saxlamaq şərti ilə pay fondundan çıxarılmaqla ümumi istifadədə saxlanılmaqla məqsədə uyğun hesab edilməsinə dair qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq tərtib olunmuş RİHB-nin sərəncamına zidd olaraq YAİK xx xxx 2002-ci il tarixdə protokol tərtib edərək X10 və X3 YAİK-ya məxsus idarə binasından əmlak vermişdir. Qandax kənd YAİK-nın xx xxx 2002-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışa əsasən X3 hesablanmış 1.133 000 manat əmlak payı hesabına və X10 təsərrüfatda aldığı zədəyə görə hesablanmış 1.100 000 manat müavinət hesabına Qandax kənd YAİK-ya məxsus olan idarə binasından əmlak verilməsi qərara alınmışdır. Lakin qərarda və əmlakın pay verilməsi barədə aktlarda idarə binasından payın hansı hissədə olması qeyd olunmur. Tərəflərin DƏDRX-yə təqdim etdiyi sənədlərdə əmlakdan pay verilməsi barədə aktlarda idarə binasının 1/2 hissədə olması qeyd olunmuşdur. Lakin Zaqatala rayon Dövlət Arxiv idarəsindən əldə olunmuş sənədlərdə tərəflərin payı qeyd olunmamış, sadəcə olaraq pay bölgüsündə idarə binasından payın olması qeyd olunur. DƏDRX-yə təqdim olunan sənədlərdə və Arxiv arayışlarında uyğunsuzluq mövcuddur və sənədlərə düzəliş olunaraq idarə binasının 1/2 hissəsinə dair tərəflərə çıxarış verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxslərə verilən çıxarışın ləğv edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X14 məhkəmənin dəftərxanasına xx.xx.2021-ci il tarixdə daxil olmuş ərizəsində iddia tələbində dəqiqləşdirmə apararaq “X12 və X2 adına Azərbaycan Respublikası X15 Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********40-06301 reyestr nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(116)-204/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan xx.xx.2021-ci il tarixli, **********25 nömrəli iddia tələbinə etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Zaqatala rayonu, Qandax bələdiyyəsi xx.xx.2021-ci il tarixində iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “3-cü şəxslərin adına xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış **********40-06301 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə ilə bağlı bildirilir ki, iddiaçı Zaqatala rayonu, Qandax bələdiyyəsi X7 və X2 adına xx xxxxxx 2020-ci il il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi məqsədi ilə xx xxxxx 2020-ci il tarixli, 04 saylı məktubla 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan məsələnin həlli ərazi idarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətdə qeyd olunan məsələnin icrası mümkün olmamış və bu barədə bələdiyyəyə xx.xx.2020-ci il tarixdə **********83 nömrəli məktub ünvanlanmışdır. Bundan sonra, iddiaçı Zaqatala rayonu Qandax bələdiyyəsi cavabdehlər X10 və X3 qarşı cavabdehlərin adına qeydiyyata alınmış xx xxxxxx 2020-ci il il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Zaqatala rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(033)-585/2020 nömrəli qərardadı ilə iddia ərizə üzrə işin icraatına xitam verilmişdir. Həmin qərardaddan apellyasiya şikayətinin verilməsi barədə məlumat ərazi idarəsinə daxil olmamışdır. İddia ərizəsi ilə əlaqədar məlumat verilir ki, X7 (payı 1/2) və X2 (payı 1/2) Zaqatala rayonu, Qandax kəndində yerləşən qeyri-yaşayış binası (idarə heyətinin binası) üzərində mülkiyyət hüququ müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxslər və onların vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 11 saylı sərəncamının təsdiq edilmiş surətindən görünür ki, “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 253 saylı Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 saylı xx xxxxxx 2000-ci il tarixli sərəncamına müvafiq olaraq bələdiyyə torpaqlarının və əmlakının bələdiyyələrin sərəncamına verilməsi, onların təşəkkülünün və inkişafının təmin edilməsi məqsədi ilə qərara alınmışdır:

3. Komissiyaya tapşırılsın ki, RİHB ərazi nümayəndələri və YAİKO ilə birlikdə 3 gün müddətində bələdiyyə orqanları üçün binaların ayrılması, həmin binaların telefonlaşdırılması, avadanlıq və dəftərxana ləvəzimatları ilə təmin edilməsi və digər məsələlər köməklik göstərilməsi barədə təkliflərini RİHB versinlər.

4. RİHB ərazi nümayəndələri və YAİKO tapşırılsın ki, xx xxxxxx 2000-ci ilədək RİHB verilmiş təkliflər üzrə bələdiyyə orqanlarına binaların və avadanlıqların təhvil-təslimini, dəftərxana ləvazimatları ilə təchiz olunmalarını və həmin orqanların fəaliyyət başlaması üçün digər köməkliklər göstərilməsini təmin etsinlər.

6. RİHB ərazi nümayəndələrinə tapşırılsın ki, aqrar islahatların aparılması zamanı bələdiyyə orqanlarına verilməsi nəzərdə tutulan sosial infrastruktur obyektlərinin və avadanlıqların və digər əmlakın xx xxxxx 2000-ci ilədək komission qaydada təhvil-təslimini təmin etsinlər. İş materiallarında olan Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 57 nömrəli məktubuna əlavə edilən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 15 saylı sərəncamının təsdiq edilmiş surətindən müəyyən edilir ki, sərəncam Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 15s saylı və Zaqatala RİHB-nin xx.xx.2000-ci il tarixli, 11 saylı sərəncamının icrası ilə əlaqədar rayonun bələdiyyə orqanlarına inzibati binaların ayrılması haqqında verilmişdir. Sərəncamla RİHBnin ərazi nümayəndələrinə tapşırılmışdır ki, təsərrüfatlarda aqrar islahatlar zamanı ərazi nümayəndələrinə təhvil verilmiş rayon komissiyasının təklifləri əsasında bələdiyyə orqanlarının inzibati idarə heyəti üçün nəzərdə tutulan binaların əvəzsiz olaraq bələdiyyələrin sərəncamına verilməsini təmin etsinlər. Sərəncamın təsdiq edilmiş surətinə əlavə edilən Zaqatala rayonu üzrə bələdiyyə şuralarının bina təchizatı haqqında məlumat sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qandax kənd YAİK-nın binası Zaqatala rayonu, Qandax bələdiyyəsinə verilmişdir. Zaqatala RİHB-nin Qandax ərazi nümayəndəsinin xx.xx.2000-ci il tarixli, 03 saylı sərəncamına əsasən Zaqatala Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 15 saylı sərəncamına uyğun olaraq Qandax kənd bələdiyyəsinə YAİK-nın binası ayrılmış, YAİK-nın fəaliyyəti dövründə iki otağın müvəqqəti olaraq onların istifadəsində saxlanılması qərara alınmışdır. İş materiallarında olan Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2011-ci il tarixli, 937 və 938 nömrəli arxiv arayışlarının təsdiq edilmiş surətlərindən görünür ki, Qandax kənd keçmiş “Ukrayna” adına kolxozun YAİK-nın xx.xx.2002-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışa əsasən Zaqatala RİHB-nin xx.xx.2001-ci il tarixli, 443 nömrəli məktubuna və əməyin ödənilməsinin təlimatları haqqında qanunun 178-ci maddəsinə əsasən X7 1975-ci ildə təsərrüfatda aldığı zədəyə görə hesablanmış ******* manat müavinət pulu hesabına YAİK-ya məxsus idarə binasından əmlak verilməsi qərara alınmışdır. Həmçinin eyni tarixli və nömrəli iclas protokluna əsasən müəyyən edilir ki, X3 hesablanmış ******* manat əmlak payı hesabına Qandax YAİK-ya məxsus olan idarə binasından əmlak verilməsi qərara alınmışdır. Yuxarıda qeyd olunan iclas protokolundan çıxarışlara, həmçinin iş materiallarında olan əmlakdan pay haqqının verilməsi barədə xx.xx.2002-ci il tarixli, 6 və 7 saylı aktlara əsasən X7 adına qeyri-yaşayış binasına Texniki pasport və xx.xx.2020-ci il tarixli, **********40-06301 reyestr nömrəli çıxarış tərtib edilmişdir. Çıxarış əsasən ümumi sahəsi 361.8 kv.m olan daşınmaz əmlakın 1/2 hissəsi X7, 1/2 hissəsi isə X2 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Zaqatala rayonu Qandax YAİK-nın xx.xx.2002-ci il tarixli, 1 nömrəli iclas protokolunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, “Ukrayna” adına kolxozda aqrar islahatlar başa çatdırılmış, yekunları barədə arayış tərtib edilmişdir. İclas protokoluna əsasən “Ukrayna” kolxozunda aqrar islahatların aparılması barədə YAİK-nın yekun hesabatı qəbul və təsdiq edilmiş, Qandax kənd YAİK-da islahat başlanan dövrdən xx.xx.2002-ci il tarixədək olan dövr ərzində islahat komissiyasına məxsus əmlakın bölüşdürülməsinə dair yekun məlumat təsdiq edilmiş, xx.xx.2002-ci il tarixdən Zaqatala rayonu, Qandax kənd YAİK-nın fəaliyyəti dayandırılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli, **********88 nömrəli arayışdan qeyd edilir ki, “xxxx” MMC-nin arxivlərində Zaqatala rayon AİK-nın xx.xx.2002-ci il tarixli qərarı və Zaqatala rayonu, Qandax kəndinin keçmiş “Ukrayna” adına kolxozun X17 komissiyasının xx.xx.2002-ci il tarixli qərarı aşkar edilməmişdir.

Əsaslandırma hissəsi:

İddiaçı və iddiaçının vəkili məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçı və vəkilinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. “Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 15S saylı sərəncamına əsasən Zaqatala Rayon İcra Hakimiyyəti başçısı xx.xx.2000-ci il tarixli 11 saylı sərəncam imzalamışdır. Sərəncamda Zaqatala rayon Bələdiyyə orqanlarının inzibati binalar ilə təmin edilməsi qərara alınmışdır. Həmin sərəncama əsasən Rayon İcra Hakimiyyəti başçısının ərazi nümayəndələrinə tapşırılmışdır ki, təsərrüfatda aqrar islahatlar zamanı ərazi nümayəndələrinə təhvil verilmiş rayon Komissiyasının təklifləri əsasında bələdiyyə orqanlarının inzibati idarə fəaliyyəti üçün nəzərdə tutulan binalar əvəzsiz olaraq bələdiyyələrin sərəncamına verilməsini təmin etsinlər. Həmin Sərəncama əlavə olaraq Zaqatala rayonu üzrə Bələdiyyə şuralarının bina təchizatı haqqında məlumatda Zaqatala rayon X9 kənd YAİK-nın binası ayrılmışdır. Eyni zamanda həmin sərəncama uyğun olaraq Qandax ərazi nümayəndəsinin xx.xx.2000-ci il tarixli 03 saylı sərəncamı ilə Qandax kənd bələdiyyəsinə YAİK-nın binasının ayrılması, YAİK-nın fəaliyyəti dövründə iki otağın müvəqqəti olaraq YAİK-nın istifadəsində saxlanılmasına dair sərəncam verilmişdir. Binalara dair təhvi-təslimin xx.xx.2000-ci ilə qədər yekunlaşdırılması tapşırılmışdır. İdarə binası bələdiyyənin mülkiyyətinə verildiyi halda Qandax kənd keçmiş “Ukrayna” adına kolxozun YAİK-nın xx.xx.2002-ci il tarixli, 1 nömrəli protokolundan çıxarışa əsasən 3-cü şəxslərə idarə binasından əmalk verilmişdir. Halbuki idarə binası “Ukrayna” adına kolxozun YAİK-nın mülkiyyətində olmamış, binanın 2 otağı müvəqqəti olaraq onların istifadəsində saxlanmışdır. Ümumiyyətlə protokoldan çıxarışda əmlak payının nədən ibarət olması qeyd olunmamış, 6 və 7 saylı aktlara əsasən 3-cü şəxslərin hər birinə idarə binasının ½ olmaqla pay verildiyi yazılmışdır. Məhkəmə onu da qeyd edir ki, cavabdehin təqdim etdiyi aktlarda payın ½ oduğu yazılsa da, arxivin təqdim etdiyi aktlarda pay qeyd olunmamışdır. Həmçinin Zaqatala rayon Dövlət Arxivi tərəfindən məlumat verilmişdir ki, xx.xx.2002-ci il tarixli, 1 nömrəli protokolun əsli və ya surəti arxivdə mövcud deyil, yanlız həmin protokoldan çıxarışları mövcuddur. Həmçinin məhkəməyə arxivdən göndərilən noyabr 2002-ci Zaqatala rayonu Qandax kənd YAİK-nın iclas protokolundan görünür ki, iclas protokolu nömrə 1 qeyd olunmuşdur. YAİK sədri Hənifə Kərimov olmaqla Qandax kənd “Ukrayna” kolxozunda aqrar islahatın aparılmasının yekunları barədə olmuşdur. Eyni ildə may ayında 1 nömrəli və noyabr ayında 1 nömrəli iclasın olması mümkün deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Odur ki, məhkəmə hesab edir ki, 3-cü şəxslərə idarə binasının əmlak payı verilməsi barədə qərar qanunsuz olduğundan, həmin qərar əsasında verilmiş əmlakdan pay haqqının verilməsi barədə aktlar mülkiyyət hüququnun qeydə alınması üçün əsas ola bilmədiyi üçün iddia təmin olunmalı, cavabdehin üzərinə X12 və X2 adına tərtib olunmuş xx.xx.2020-ci il tarixli **********40-06301 reyestr nömrəli çıxarışın ləğv olunması öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası X15 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə X12 və X2 adına Azərbaycan Respublikası X15 Komitəsi yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********40-06301 reyestr nömrəli çıxarışın ləğv olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar