Məhkəmə qərarları › İş №2-1(116)-204/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-204/2022

18.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-204/2022 18.02.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Nur Məftunə İlham qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ümumi sahəsi 129.1 kv.m olan fərdi yaşayış evinin 37.4 kv.m sahəsinin qeydiyyatının ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1 ünvanında yerləşən 37.4 kv.m yaşayış sahəsinin qeydiyyatının ləğv edilərək qeyri-yaşayış sahəsi kimi dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini dəqiqləşdirərək “ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ümumi sahəsi 129.1 kv.m olan fərdi yaşayış evinin 37.4 kv.m sahəsinin qeydiyyatının ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, Məhkəmənin 18.02.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 129.1 kv.m, torpaq sahəsi 0.026127 ha torpaq sahəsi olan fərdi yaşayış evi iddiaçının qardaşı X3 mülkiyyətində olmuş, Emin Loğmanov 17.10.2018-ci il tarixdə həmin daşınmaz əmlakın 37.4 kv.m yaşayış otağını və 0.004688 ha torpaq sahəsini 04.10.2018-ci il tarixli bölgü planı əsasında qardaşı – hazırkı iş üzrə İddiaçı bağışlamışdır. Oğuz Rayon İcra Hakimiyyəti başçısının 07.02.2019-cu il tarixli 07 №-li sərəncamı ilə iddiaçıya bağışlanmış 37.40 kv.m olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmış, ümumi sahəsi 37.37 kv.m olan bir mərtəbəli qeyri-yaşayış (sahibkarlıq) obyektinin 27.11.2019-cu il tarixdən istismarına icazə verilmişdir. İddiaçı, ümumi sahəsi 37.37 kv.m olan bir mərtəbəli qeyri-yaşayış (sahibkarlıq) obyektinin, sahəsi 129.1 kv.m olan fərdi yaşayış evində “anbar” olaraq aparılmış qeydiyyatının ləğv edilməsi və qeyri-yaşayış sahəsi kimi dövlət reyestrində qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Odur ki, hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı tələb hüququnu həmin əmlakı bağışlama müqaviləsi ilə əldə etməsi, Oğuz rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi, həmin obyektin əvvəllər də uzun müddət mağaza binası olması, lakin fərdi yaşayış evi qardaşının adına qeydiyyata alınarkən anbar kimi qeydiyyata alınması, obyektin tikintisinə icazə, istismara hazırlıq və istismara icazə sənədlərinin olması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh iddia tələbinə etirazını bağışlama müqaviləsi ilə əldə edilmiş 37.4 kv.m sahənin anbar kimi fərdi yaşayış evinin tərkib hissəsi olaraq dövlət reyestrində qeydiyyata alınması, buna görə də fərdi yaşayış evinin tərkib hissəsi kimi qeydiyyata alınmış anbarın ayrıca qeyri-yaşayış sahəsi kimi Dövlət reyestrində qeydiyyata alınmasının mümkün olmaması ilə əsaslandırmışdır. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - ********** qeydiyyat nömrəli, 08.11.2017-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 129.1 kv.m, torpaq sahəsi 0.026127 ha torpaq sahəsi olan fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. - 04.10.2018-ci il tarixdə tərtib edilmiş, ünvan 1 ünvanında yerləşən, X4 məxsus olan daşınmaz əmlakın bölgü planından görünür ki, 0.004688 ha torpaq sahəsinin və 37.4 kv.m yaşayış otağının X3 mülkiyyətindən ayrılaraq – bölgünü qəbul edən İddiaçı verilməsi razılaşdırılmışdır. - 17.10.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X1 şəhəri, H.Əliyev küçəsi ev 92 ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ümumi sahəsi 129.1 kv.m olan fərdi yaşayış evinin 37.4 kv.m hissəsini və həmin ünvanda yerləşən 0.026127 ha torpaq sahəsinin 0.004688 ha hissəsini qardaşı, hazırkı iş üzrə İddiaçı bağışlamışdır. - Oğuz Rayon İcra Hakimiyyəti başçısının 07.02.2019-cu il tarixli 07 №-li sərəncamından görünür ki, İddiaçı ünvan 1 ünvanında ona məxsus ümumi sahəsi 37.40 kv.m olan yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmişdir. - 27.11.2019-cu il tarixli 07 №-li “tikinti obyektinin istismarına icazə” sənədindən və həmin daşınmaz əmlakın mövcud vəziyyətinin sxemetik planından görünür ki görünür ki, hər iki sənəddə qeyd edilmiş ümumi sahəsi 37.37 kv.m olan bir mərtəbəli qeyri-yaşayış (sahibkarlıq) obyektinin koordinatları uyğunluq təşkil edir və sifarişçisi İddiaçı olan ümumi sahəsi 37.37 kv.m olan bir mərtəbəli qeyri-yaşayış (sahibkarlıq) obyektinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alınaraq 27.11.2019-cu il tarixdən istismarına icazə verilmişdir. - Oğuz Rayon İcra Hakimiyyəti başçısının 07.02.2019-cu il tarixli 02 №-li sərəncamından görünür ki, ünvan 1 ünvanında 37.40 kv.m bir mərtəbəli qeyri-yaşayış obyektinin (mağaza) tikintisinə icazə verilmişdir. - ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış (sahibkarlıq) obyektinin layihəsinin memarlıq planlaşdırma bölməsindən və həmin daşınmaz əmlakın mövcud vəziyyətinin sxemetik planından görünür ki, qeyri-yaşayış sahəsinə gediş-gəliş, X3 mülkiyyətində olan fərdi yaşayış yaşayış evinə gediş-gəlişi təmin edən sahədən istifadə edilmədən, birbaşa H.Əliyev küçəsindən həyata keçirilir. Qeyd edilən qeyri-yaşayış sahəsi 405-1/1892 inventar nömrəli texniki pasportda mənzilin tərkib hissəsi kimi – “anbar” kimi qeyd edilsə də, faktiki olaraq həmin fərdi yaşayış evindən mülkiyyətçinin razılığı ilə ayrılmışdır. - **********76-10301 reyestr nömrəli, 405-1/1892 inventar nömrəli, 07.11.2017-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportunun “mərtəbələr üzrə otaqların təsnifatında” 37.4 kv.m sahəsi olan ərazi “anbar” olaraq qeyd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin 18.05.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair hüququn qeydə alınmasını xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə onun hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyriyaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları (dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə keçirilməsinə münasibətdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə münasibətdə isə həmçinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin razılığı əsasında) həyata keçirir). - 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Müəyən edilir ki, Oğuz Rayon İcra Hakimiyyətinin başçısının 07.02.2019-cu il tarixli 07 №-li sərəncamı ilə ümumi sahəsi 37.40 kv.m olan yaşayış sahəsi qeyri-yaşayış sahəsinə keçirilmiş və 27.11.2019-cu il tarixdə imza və möhürlə təsdiq edilən tikinti obyektinin istismarına icazədə qeyd edilmişdir ki, təqdim edilmiş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyi və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alaraq, 27.11.2019-cu ildən iddiaçıya tikinti obyektinin istismarına icazə verilsin. Cavabdehin iddia tələbinə etirazının başlıca dəlili 37.4 kv.m sahənin anbar kimi fərdi yaşayış evinin tərkib hissəsi olaraq dövlət reyestrində qeydiyyata alınması və həmin sahənin ayrıca qeyri-yaşayış binası kimi qeydə alınmasının mümkünsüzlüyü ilə bağlıdır. Bu isə o deməkdir ki, cavabdeh əslində yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı Oğuz Rayon İcra Hakimiyyətinin sərəncamının qanunvericiliyin tələblərinə uyğun olmadığını iddia edir. Lakin, cavabdehin qeyd etdiyi həmin hal iş materialları ilə təkzib olunur. İddia olunan 37.4 kv.m sahənin anbar kimi fərdi yaşayış evinin tərkib hissəsi olmasına hüquqi və texniki baxımdan qiymət verdikdə nəzərə alınmalıdır ki, 04.10.2018-ci il tarixli bölgü planı əsasında X5 öz mülkiyyətində olan fərdi yaşayış evinin 37.40 kv.m olan yaşayış sahəsini ayıraraq iddiaçıya 17.10.2018-ci il tarixdə bağışlamışdır. Bununla da fərdi yaşayış evinin həmin hissəsi üzərində mülkiyyət hüququnu itirmişdir. Odur ki, ümumi sahəsi olan 37.40 kv.m olan daşınmaz əmlak artıq Emin Loğmanovun mülkiyyətində olan ümumi sahəsi 129.1 kv.m fərdi yaşayış evinin tərkib hissəsi kimi nəzərdən keçirilmir. Yalnız, texniki baxımdan həmin fərdi yaşayış evinin digər sahələri ilə eyni ərazidə yerləşir ki, işdə olan 37.40 kv.m olan daşınmaz əmlakın layihəsinin memarlıq planlaşdırma bölməsindən və həmin daşınmaz əmlakın mövcud vəziyyətinin sxematik planından görünür ki, qeyriyaşayış sahəsinə gediş-gəliş, X3 mülkiyyətində olan fərdi yaşayış yaşayış evinə gedişgəlişi təmin edən sahədən istifadə edilmədən, birbaşa H.Əliyev küçəsindən həyata keçirilir və həmin qeyri-yaşayış sahəsinin fərdi yaşayış evi ilə ortaq divardan başqa heç bir bağlılığı yoxdur. İddiaçının yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə dair təqdim etdiyi sənədlər hüququn dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin 37.40 kv.m sahənin fərdi yaşayış evinin tərkib hissəsinə aid olması ilə bağlı əsaslandırdığı hallar işin hallarına uyğun olmamaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Oğuz Rayon İcra Hakimiyyəti başçısının 07.02.2019-cu il tarixli 02 №-li sərəncamı ilə ünvan 1 ünvanında 37.40 kv.m sahəsi olan bir mərtəbəli qeyri-yaşayış obyektinin (mağaza) tikintisinə icazə verilsə də, faktiki olaraq həmin tikili müvafiq sərəncamın verildiyi vaxt mövcud olmuşdur. Bu hal işdə olan bağışlama müqaviləsi, texniki pasportlar, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam və digər sənədlərlə sübut olunur. Bununla belə qeyd edilən sərəncamın mövcudluğu onu göstərir ki, Oğuz Rayon İcra Hakimiyyəti müvafiq tikilinin leqallaşdırılması və hüquqi sənədlərin hazırlanması prosedurunu nəzərdən keçirmiş və qanunvericiliyin tələblərinin pozulmasını aşkar etməmişdir. Odur ki, müvafiq tikilinin istismarına icazə verilmiş və ötən dövr ərzində müvafiq sənədlər mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması” təsdiq edilmişdir. Formaya görə təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq, hansı tarixdən tikinti obyektinin istismarına icazə verilməsi rayon icra hakimiyyətinin başçısına həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti haqqında” Əsasnamənin 3.9.6-cı bəndinə əsasən, yerli icra hakimiyyəti başçısı dövlət mənzil fondunun yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Əsasnamənin 3.11.1-ci bəndinə əsasən, müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək yerli icra hakimiyyəti başçısının vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə:

3. Xidmətin vəzifələri : 3.0. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmət aşağıdakı vəzifələri yerinə yetirir: 3.0.19. yaşayış fondundan qeyri-yaşayış fonduna və ya əksinə keçirilmiş daşınmaz əmlak obyektləri barədə məlumatları dövlət reyestrinə daxil etmək. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında Əsasnamə:

3. Xidmətin vəzifələri 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.18. daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; Göründüyü kimi cavabdehin vəzifəsi yaşayış fondundan qeyri-yaşayış fonduna keçirilmiş daşınmaz əmlak obyekti barədə məlumatları dövlət reyestrinə daxil etmək olmuşdur. Həmin məlumatların doğruluğuna və qanunvericiliyin tələblərinə uyğun olubolmamasına hüquqi qiymət vermək isə Oğuz Rayon İcra Hakimiyyətinin vəzifəsi olmuş, yuxarıda istinad olunan sənədlərin məzmunundan göründüyü kimi Oğuz Rayon İcra Hakimiyyəti sözügedən obyektin qeyri-yaşayış sahəsinə keçirilməsinin qanunvericiliyin tələblərinə uyğunsuzluğunu müəyyən etməmiş, həmçinin məhkəmə araşdırması zamanı da müvafiq hallar aşkar edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı, 129.1 kv.m olan fərdi yaşayış evinin 37.4 kv.m sahəsinin qeydiyyatının ləğv edilməsi, həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsini tələb etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ümumi sahəsi 129.1 kv.m olan fərdi yaşayış evinin 37.4 kv.m sahəsinin qeydiyyatının ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar