Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-204/2023 06.02.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “qanuni istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən mənzilin öz adına özəlləşdirilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “qanuni istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən mənzilin öz adına özəlləşdirilməsi dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçıya Mingəçevir şəhərində yerləşən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə qulluq etdiyi zaman hərbi hissənin xx.xx.1993-cü il tarixli 7 nömrəli protokoluna əsasən hal-hazırda qeydiyyatda olduğu və yaşadığı Mingəçevir şəhəri A.S.Puşkin küçəsindəki 8 nömrəli evin 17-ci mənzili verilmişdir və həmin protokola əsasən Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 175 nömrəli sərəncamı ilə adına 003833 nömrəli xx.xx.1994-cü il tarixli order yazılmışdır. Lakin həmin mənzil ona xidməti mənzil kimi verilmiş və orderin üstünə də “Xidməti” sözü yazılmışdır. İddiaçı həmin mənzildə 1994-cü ildən qeydiyyatda olmaqla ailə üzləri ilə birlikdə yaşayır. Həmin mənzilə çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Mingəçevir şəhəri A.S.Puşkin küçəsi 8 nömrəli binanın 17 nömrəli mənzilinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və onun təqdim etdiyi sənədlər araşdırılmışdır. Məlum olmuşdur ki, sözügedən mənzil xidmətidir, mənzilə dair tərtib edilmiş order xidməti orderdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - 2 saylı Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 295 nömrəli arayışından görünür ki, iddiaçı A.S.Puşkin küçəsindəki 8 nömrəli 4 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən yaşayış sahəsi 32,8 kv metr olan 2 otaqlı 17 nömrəli mənzilində 11 nəfərdən ibarət ailə üzvləri (Əliyeva Samara, Əlili Sərvin, Əlili Fəxri, Əlili Sülhiyyə, Əlili Aysel, Əlili Aynur, Əlili Sunay, Əlili Melisa, Əlili Cihan, Əlili Mirkənan) ilə birlikdə yaşayır, mənzil İcra Hakimiyyətinə məxsusdur, xidmətidir və xx.xx.1994-cü il tarixli 003833 nömrəli order əsasında verilmişdir. - xx.xx.1994-cü il tarixli 003833 nömrəli orderdən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti aparatı başçısının xx.xx.1994-cü il tarixli 175 nömrəli sərəncamına əsasən H.Əliyevə N nəfər ailə üzvləri ilə birlikdə Puşkin küçəsində 8 nömrəli evin 17-ci mənzilindən 2 otaqdan ibarət 32,8 kv.m mənzil verilmişdir. Orderin üzərində “xidməti” qeydi icra edilmişdir. - X1 filialının xx.xx.2022-ci il tarixli T-181 nömrəli arxiv arayışında istinad edilmiş Mingəçevir şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli 175 nömrəli sərəncamından görünür ki, İddiaçı 1992-ci il tarixdən N nəfər ailə tərkibi ilə hərbi hissənin yataqxanasında qeydiyyatdadır və yaşayır. İddiaçı xx.xx.1992-ci il tarixdən mənzil şəraitini yaxşılaşdırmaq üçün uçota götürülərək, siyahıda 1-ci sayla qeydə alınıb, təklif olunmuş xidməti mənzillərə order yazılması barədə qərar qəbul olunmuşdur. - Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2023-cü il tarixli 09 nömrəli məktubundan görünür ki, A.S.Puşkin küçəsi 8 nömrəli evin 17-ci mənzili 1994-cü ildən xidməti ev kimi İddiaçı istifadəsindədir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, xidməti mənzilin özəlləşdirilməsini xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. İddiaçının mübahisə açdığı mənzilin Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən xidməti mənzil olaraq verilməsi müəyyən edildiyindən, iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5 və 8-ci maddələrinə əsaslanaraq mənzili özəlləşdirmək hüququ yoxdur. Belə ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yekun müddəalarına əsasən: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun vətəndaşlara 01 oktyabr 2009-cu il tarixdən sonra bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə münasibətdə şamil olunmur. İddiaçıya dövlət mənzil fonduna aid xüsusi təyinatlı (xidməti) mənzil N saylı hərbi hissənin hərbi qulluqçu olduğuna görə müvəqqəti verilmişdir. 01 oktyabr 2009-cu il tarixədək dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslərin, 01 oktyabr 2009-cu il tarixindən sonra da dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüquqları qalmışdır. İddiaçının isə 01 oktyabr 2009-cu il tarixədək də, həmin mənzili özəlləşdirmək hüququ olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli, 463 nömrəli Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Odur ki, xidməti mənzilərin özəlləşdirilməsi qanunvericiliklə birbaşa qadağan edildiyindən, iddiaçının, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinadla özəlləşdirmə qaydasında sözügedən mənzili özəlləşdirmək hüququ olmamışdır. Mingəçevir şəhər İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli 1336 nömrəli məktubunda sözügedən mənzilin xidməti mənzil olmamasını, Mingəçevir şəhər İcra Hakimiyyətinin qurumu olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin balansında olmasını və mənzildə uzun müddət qeydiyyatda olmaqla yaşayan İddiaçı tərəfindən özəlləşdirilməsinə etiraz edilmədiyini bildirmişdir. Məhkəmə tərəfindən Mingəçevir şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanaraq iddia olunan mənzilin hansı tarixdən və hansı əsasla xidməti mənzil hesab edilməməsi ilə bağlı məlumatlar tələb edilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin müvafiq sorğusu Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə yönəldilmiş, sonuncu isə xx.xx.2023-cü il tarixli 09 nömrəli məktubunda qeyd etmişdir ki, A.S.Puşkin küçəsi 8 nömrəli evin 17-ci mənzilinin 1994-cü ildən xidməti ev kimi İddiaçı istifadəsindədir. Göründüyü kimi mənzilin balans saxlayıcısı - Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi həmin mənzilin xidməti mənzil olmaması ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyəti xx.xx.2022-ci il tarixli 1336 nömrəli məktubunda qeyd olunanları təkzib etmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “qanuni istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən mənzilin öz adına özəlləşdirilməsi və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.