Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2045/2025 13.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ və Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ –nin tibbi rəyinin ləğv edilməsi və nəzarət qaydasında ətraflı olaraq Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin və Travmatalogiya İnstitutunun həkim mütəxəssisləri tərəfindən hərbi xidmətə yararlılıq vəziyyətinin (hərbi xidmətə yararlıdır, yoxsa yararsız) yoxlanılması öhdəliyinin üzərlərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq, məhkəmə mümkünlük iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: müəyyən etdi: İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ və Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ – nin tibbi rəyinin ləğv edilmədi və nəzarət qaydasında ətraflı olaraq Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin və Travmatalogiya İnstitutunun həkim mütəxəssisləri tərəfindən hərbi xidmətə yararlılıq vəziyyətinin (hərbi xidmətə yararlıdır, yoxsa yararsız) yoxlanılması öhdəliyinin üzərlərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Belə ki, ki, iddiaçı cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nı və Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətini göstərmişdir. İddiaçı öz iddia tələbini Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin tibbi rəyinin ləğv olunması və hərbi xidmətə yararlılıq vəziyyətinin yenidən yoxlanılması şəklində ifadə etsə də, iş materiallarından aydındır ki, iddiaçının əslində hüquqi marağı hərbi xidmətə yararlılıq vəziyyətini müəyyən edən qərarın ləğv edilməsi ilə bağlıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 14.1.2-ci maddəsinə əsasən çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifəsidir. Müvafiq qərarın qəbul edilməsi ilə bağlı aparılan icraat zamanı çağırışçıların yekun tibbi müayinəsinin aparılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bu zaman müayinənin nəticəsinə dair verilmiş yekun rəy rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı müvafiq qərarın qəbul edilməsi üçün nəzərə alınır. Bununla belə hər bir halda çağırışçının müddətli həqiqi hərbi xidmətə çağırılıb-çağırılmaması barədə yekun inzibati akt müvafiq çağırış komissiyası tərəfindən qəbul edilir və məhz həmin inzibati akt çağırışçı üçün icrası məcburi olan hüquqi nəticə yaradır. “Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2023-cü il tarixli, 2317№ -li Fərmanının 1-ci bəndində 2024-cü il iyulun 1-dən yekun tibbi müayinənin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilməsinin rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı müvafiq qərarlardan birinin qəbul edilməsi məqsədilə həyata keçirilməsi vurğulanmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 14.2-ci maddəsinə əsasən çağırışçı barəsində rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası tərəfindən qəbul edilmiş qərar 3 gün ərzində onun elektron kabinetinə yerləşdirilir, bu mümkün olmadıqda isə digər vasitələrlə göndərilir. 14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. Odur ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün iddia tələbini düzgün formalaşdırılmalı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli qurumunun hərbi xidmətə yararlılıq vəziyyətinin müəyyən edilməsi ilə bağlı qərarını mübahisələndirməlidir. İddiaçı üçün məcburi hüquqi nəticə yaradan inzibati aktı qəbul etmək səlahiyyəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-də olmadığından həmin qurumun hərəkətləri (hərəkətsizliyi) iddiaçının subyektiv hüquqlarına müdaxilə ilə nəticələnə bilməz. Sözügedən qurumun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli çağırış komissiyasının yekun qərarı mübahisələndirilərkən yoxlanılmaqla inzibati aktın qanuniliyinə hüquqi qiymət veriləcəkdir. Həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hazırkı iddia tələbinə cavab verməli olan inzibati orqan olmasa da, düzgün cavabdeh qurumun (Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq yerli qurumu) iddiaçı barəsində qəbul etdiyi müddətli həqiqi hərbi xidmətə çağırılma ilə bağlı qərarı iş materiallarına əlavə edilmədiyindən cavabdeh orqanın dəqiqləşdirilməsinə zərurət olmamışdır (ümumiyyətlə iş materiallarında hər hansı inzibati orqan tərəfindən aparılmış icraat nəticəsində iddiaçı barəsində əlverişsiz hüquqi vəziyyət yaradan inzibati aktın qəbul edilməsi, yaxud faktiki xarakterli hərəkətlərin edilməsini təsdiq edən sübut mövcud deyil). Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə iclasında iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ və Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ –nin tibbi rəyinin ləğv edilmədi və nəzarət qaydasında ətraflı olaraq Səfərbərlik və Hərbi Xİdmətə Çağırış üzrə Dövlət Xidmətinin və Travmatalogiya İnstitutunun həkim mütəxəssisləri tərəfindən hərbi xidmətə yararlılıq vəziyyətinin (hərbi xidmətə yararlıdır, yoxsa yararsız) yoxlanılması öhdəliyinin üzərlərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-2045/2025
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2045/2025
13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver