Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2051/2025 30.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “adın və soyadın düzəliş olunması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 avqust 1959-cu il tarixdə Şəki şəhər İHB-nin Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində 141 nömrəli doğum haqqında akt qeydinin ad və soyad qrafasında AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinə uyğun düzəliş edilməsi, adının “Mutallib”, soyadının “Abdurahimov” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə “X8 xx.xx.1959-cu ildə Şəki rayonu Böyük Dəhnə kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Şamaxı Pedaqoji məktəbində oxumuşdur, daha sonra hərbi xidmətdə olmuşdur. xx.xx.1981 -ci ildə nikahı Şəki rayon X22 qeyd etdirməklə X10 ilə həyatı qurmuşdur, 1981-ci ildən rəsmi əmək fəaliyyətinə başlamışdır, rəsmi evliliyindən 1982-ci ildə X5 adlı qızı dünyaya gəlmişdir. Yuxarıda qeyd edilən həyat yaşamında ona verilən şəxsiyyət vəsiqəsi, hərbi bilet, nikah şəhadətnaməsi və əmək kitabçasında adı və soyadı şəxsiyyət vəsiqəsinə uyğun olaraq İddiaçı kimi yazıldığı halda cavabdeh Şəki rayon qeydiyyat şöbəsi tərəfindən iddiaçıya doğum aktı əsasında verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-A-69-589/2024 saylı Arayışda adı və soyadının X1 yazılmışdır Bu barədə iddiaçı doğum haqqında şəhadətnaməsində olmadığı üçün Şəki Rayon Qeydiyyat şöbəsindən yuxarıda qeyd edilən doğum aktı barədə Arayış alarkən xəbərdar olmuşdur. Bununla bağlı cavabdehə müraciət edərək xahiş etmişdir ki, iddiaçının Doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında adı və soyadının şəxsiyyət vəsiqəsində qeyd edilən adı və soyadına uyğun olaraq dəyişiklik etsin. Oradan onun tələbindən imtina edilmiş və 17 12.2024-cü il tarixli məktubla bildidrilmişdir ki, ad və soyadının şəxsiyyət vəsiqəsinə uyğun olaraq dəyişdirilməsi üçün kifayət qədər əsas yoxdur, bununla bağlı məhkəməyə müraciət etməlidir. İddiaçı qeyd edir ki, ad və soyadına şəxsiyyət vəsiqəsinə uyğun düzəliş edilməsi üçün kifayət qədər əsas vardır və bunun da bitrinci səbəi budur ki, doğum akt qeydində yazılan ad və soyadım iddiaçı yuxarıda qeyd edilən sənədlərinin heç birində öz əksini tapmır. İddiaçıya verilən hərbi bilet, əmək kitabçası, uşağının doğum şəhadətnaməsində adı və soyadının şəxsiyyət vəsiqəsinə uyğun olaraq verilib. Bundan başqa Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)- 1671/2019 saylı Qətnaməsində hüquqi əhəmiyyəti müəyyən edərkən məhkəmə müəyyən etmişdir ki, "Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, ərizəçinin bacanağıdır. Azərbaycan SSR Ali və orta ixtisas Təhsil Nazirliyinin M. Ə. Sabir adına Şamaxı pedoqoji məktəbinin AT N 004711 nömrəli diplomunda ərizəçinin soyadı səhvən Abdurəhimov əvəzinə Əbdurrəhimov kimi qeyd edilmişdir. O, təsdiq edir ki, Azərbaycan SSR Ali və orta ixtisas Təhsil Nazirliyinin M. Ə. Sabir adına Şamaxı pedoqoji məktəbinin AT N 004711 nömrəli diplomunda X6 ilə AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindəki X9 eyni şəxsdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi X3 tələbi əsaslıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Azərbaycan Respublikası SSR Ali təhsil və orta ixtisas Təhsil Nazirliyinin M. Ə. Sabir adına Şamaxı pedoqoji məktəbi tərəfindən verilmiş AT N 004711 nömrəli diplomda yazılmış X6 ilə AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindəki X9 ilə eyni şəxs olması faktı müəyyən edilməlidir. Beləliklə qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə qət edilmişdir ki, "X6 ilə AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindəki X9 ilə eyni şəxs olması faktı müəyyən edilsin”. İddiaçı bildirir ki, yuxarıda sadalanan sənədlərlə, məhkəmə qətnaməsi ilə də təsdiq edilir ki, iddiaçı ictimai həyatında daim şəxsiyyət vəsiqəsində qeyd edilən ad və soyadla fəaliyyət göstərmişdir və həmin sənədlər əsassında iddiaçının gözlənilən bütün hüquqları (pensiya, müavinət vəs.) yaranacaqdır. Cavabdeh orqan tərəfindən doğum akt qeydinə düzəliş edilməməsi əsassızdır.”. Cavabdeh orqan iddiaya münasibətində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfimizdən təqdim olunmuş doğum haqqında akt qeydində adına və soyadına dəyişiklik edilməsindən imtina edilməsi barədə yazılı cavabımızı müdafiə edirik. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi imtinanın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş, tələbin icrasından imtina edilmişdir.
2. Şəki rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-1671/2019 nömrəli qətnaməsinin surəti.
3. 19.12.2024-cü il tarixli X7 məxsus arayışın surəti.
4. İddiaçıya məxsus НЗ ******* seriya nömrəli hərbi biletin əslindən surətindən görünür ki, iddiaçının adı “Mutallib”, soyadı “Abdurahimov”, ata adı “Neymət” kimi qeyd edilmişdir.
5. İddiaçıya məxsus ******* seriya nömrəli Əmək kitabçasının əslindən surətindən görünür ki, iddiaçının adı “Mutallib”, soyadı “Abdurahimov”, ata adı “Neymət” kimi qeyd edilmişdir.
6. Vİİ-ЖГ 419354 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 atasının adı “Mutallib” kimi qeyd edilmişdir.
7. İddiaçıya məxsus AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının adı “Mutallib”, soyadı “Abdurahimov”, ata adı “Neymət” kimi qeyd edilmişdir.
8. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti.
9. Şəki rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.1981-cı il tarixdə tərtib edilmiş 20 №-li nikah haqqında aktı qeydinin surəti.
10. Şəki rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.1959-cu il tarixdə tərtib edilmiş 141 №-li doğum haqqında aktı qeydinin surətindən görünür ki, iddiaçının adı “Mütallib”, soyadı “Əbdurahimov”, ata adı “Neymət” kimi qeyd edilmişdir.
Əsaslandırma hissə: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur,ancaq iddia əsaslı deyil. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. İşin müəyyən edilən hallarına görə iddiaçının hazırkı iddia ilə hüquqi marağı 07 avqust 1959-cu il tarixdə Şəki şəhər İHB-nin Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində 141 nömrəli doğum haqqında akt qeydində ad və soyad qrafasında AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinə uyğun düzəliş edilməsi, adının “Mutallib”, soyadının “Abdurahimov” kimi yazılması ilə bağlıdır. Məhkəmə aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi : Maddə 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları” 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası” 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş“Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”
1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.
4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. İş üzrə müəyyən edilir ki, Şəki şəhər İHB-nın Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli 141 nömrəli doğum akt qeydində iddiaçının adı “Mütalib”, soyadı “Əbdürəhimov” kimi qeyd edilmişdir. Həmin akt qeydində iddiaçının atasının soyadı “Əbdürəhimov” kimi qeyd edilmişdir. Bundan başqa iddiaçıya aid fərdi uçot kartoçkasında onun soyadı “Abdurahimov” adı isə “Mutallib” kimi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının ilkin sənəd üzrə həmin dövrdə adı “Mütalib”, soyadı “Əbdürəhimov” kimi qeyd edilsədə, sonradan hansı əsasla digər sənədlərdə onun adının “Mutallib” soyadının isə “Abdurahimov” kimi yazılması müəyyən edilmir. Yuxarıda qeyd olunan normaların tələbinə görə uşağın doğumu qeydə alınan zaman bu barədə məlumat verən valideyinlər tərəfindən ad valideyinlərin razılığı ilə, soyad isə bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilərək qeydiyyət orqanı tərəfindən digər zəruri sənədlər əsasında vətəndaşlıq vəziyyəti aktı tərtib edilir. Hazırkı tələbin uğurlu olması üçün iddiaçının digər sənədlərində adının “Mutallib” soyadının isə “Abdurahimov” kimi qeyd edilməsi deyil, məhz vətəndaşlıq vəziyyəti aktındakı ad və soyad qrafasındakı qeydlərin qeydiyyat orqanı tərəfindən düzgün tərtib edilməməsinin sübuta yetməsi ilə bağlıdır. İddiaçının doğum akt qeydi tərtib edilən zaman qüvvədə olan Azərbaycan SSR nikah və ailə məcəlləsinin 182-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeyd olunarkən, vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda qeyd olunmalı faktları təsdiq edən sənədlər və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim olunmalıdır. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunması üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına dair Təlimatla müəyyən olunur. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabına yazılan hər bir qeyd ərizə verənlərə oxunmalı, onlar tərəfindən və qeyd aparan vəzifəli şəxs tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Vətəndaşlıq vəziyyəti aktlarının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. Həmin Məcəllənin 184-cü maddəsinə əsasən doğumun qeydiyyatı, uşaqların doğulduğu yerdə və ya valideyinlərin yaxud da onlardan birinin yaşadığı yerdə vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlarda aparılır.Doğum haqqında yazılı və ya şifahi formada məlumat valideyinlər və ya onların biri tərəfindən verilir, valideyinlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda, məlumat qohumlar, qonşular, uşaq doğulan zaman ananın olduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alan orqanlar valideyinlərin razılıqı olduqda doğumu təntənəli şəkildə qeyd olunmasını təmin edirlər. Göründüyü kimi iddiaçının doğum akt qeydi valideyinlərin məlumatı və onların şəxsiyyətini təsdiq edən sənədlər əsasında tərtib olunmuş, onlar tərəfindən həmin dövrdə qeydlərə etiraz edilməmişdir. Belə olan halda doğum akt qeydindəki ad və soyad yazılarının düzgün olmaması qənaətinə gəlməyə əsas əsas müəyyən edilmir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinə qarşı “07 avqust 1959-cu il tarixdə Şəki şəhər İHB-nin Böyük Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyində 141 nömrəli doğum haqqında akt qeydinin ad və soyad qrafasında AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinə uyğun düzəliş edilməsi, adının “Mutallib”, soyadının “Abdurahimov” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev