Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2052/2022 01.12.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 649/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icra üsul və qaydasında dəyişdirilib, 12.000 manat pulun borclu X1 alınıb iddiaçıya verilməsi işi üzrə Mingəçevir şəhər Məhkəməsinin 8(051)-69/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş borclu X2 mülkiyyətində olan Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı binanın 14 nömrəli mənzilinin ½ hissəsinin borc əvəzinə iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-649/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icra üsul və qaydasında dəyişdirilib, 12.000 manat pulun borclu X1 alınıb iddiaçıya verilməsi işi üzrə Mingəçevir şəhər Məhkəməsinin 8(051)-69/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş borclu X2 mülkiyyətində olan Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı binanın 14 nömrəli mənzilinin ½ hissəsinin borc əvəzinə iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra “İPM”) 13-cü maddəsinə müvafiq olaraq, xx.xx.2022-ci il tarixli hüquqi yardım məktubu ünvanlanmış və bildirilmişdir ki, hazırkı iddia tələbi “öhdəliyin icrası haqqında” iddia növünə aid olmasına baxmayaraq, bununla bağlı cavabdehə müraciət edilməsi, cavabdehin onun müraciətinin təmin olunmasından imtina etməsi və ya müraciətini cavabsız saxlaması iş materialları ilə müəyyən olunmur. Məhkəmə zəruri olaraq qeyd etmişdir ki, müraciət iddia qaldırılan tarixə qədər edilməli, imtina cavabı iddia ərizəsinin təqdim edildiyi xx.xx.2022-ci il tarixdən əvvələ aid olmalıdır. Yardım məktubunda həmçinin iddia tələbinin birinci hissəsi “Şəki Apellyasiya Məhkəməsinin 2(107)-649/2017 saylı xx.xx.2017-cil il tarixli icra sənədinin icra üsul və qaydasında dəyişdirilməsi” ilə bağlı məhkəmə tərəfindən iddiaçının nəzərinə çatdırılmışdır ki, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Hüquqi yardım məktubunda iddiaçıya bildirilmişdi ki, o, hazırkı iddia tələbinin “icra sənədinin icra üsul və qaydasında dəyişdirilməsi” ilə bağlı icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verməklə mübahisələndirə bilər. Eləcə də iş üzrə göstərilən çatışmazlığın aradan qaldırılması, iddia tələbinin “Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı binanın 14 nömrəli mənzilinin ½ hissəsinin borc əvəzinə iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə dair iddia qaldırılanadək cavabdehə müraciət etməyini təsdiq edən sənədi ya cavabdehin imtinasını və ya dəqiqləşdirilmiş iddia ərizəsini 5 gün müddətində Şəki İnzibati Məhkəməsinə təqdim etməsi təklif olunmuşdur. Hüquqi yardım məktubu iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə alınmasına baxmayaraq orada qeyd olunanlarla bağlı münasibət bildirilməmişdir. Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1). İş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbinin “Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı binanın 14 nömrəli mənzilinin ½ hissəsinin borc əvəzinə iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi ilə bağlı müraciət edilməmiş və müraciətin təmin edilməsindən imtina olunmasına dair müvafiq məktub iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). İddia tələbinin birinci hissəsi, yəni “Şəki Apellyasiya Məhkəməsinin 2(107)-649/2017 saylı xx.xx.2017-cil il tarixli icra sənədinin icra üsul və qaydasında dəyişdirilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, «İcra haqqında» Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. Eyni zamanda, “İcra haqqında” Qanun məcəllələşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi «İcra haqqında» Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxıla bilməsi üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hansısa birinə aid edilməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, iş üzrə iddianın mümkünlüyü yoxlanılarkən müəyyən edilir ki, hazırkı tələbə dair iddia mümkün sayılmamalıdır. Hazırkı qərardad mübahisəni mahiyyəti üzrə həll etmədiyinə görə İPM-in 16.3-cü maddəsinə əsasən, şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq imkanını istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 649/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədinin icra üsul və qaydasında dəyişdirilib, 12000 manat pulun borclu X1 alınıb iddiaçıya verilməsi işi üzrə Mingəçevir şəhər Məhkəməsinin 8(051)-69/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş borclu X2 mülkiyyətində olan Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi 12 saylı binanın 14 nömrəli mənzilinin ½ hissəsinin borc əvəzinə iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-2052/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2052/2022
01.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver