Məhkəmə qərarları › İş №2-1(116)-2054/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2054/2022

30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2054/2022 30.11.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ikinci qaz sayğacı çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ikinci qaz sayğacı çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi iddiaçı və oğlu X1 ümumi paylı mülkiyyətindədir. Həmin yaşayış evinin 26,3 kv.m hissəsi iddiaçının, 15,8 kv.m hissəsi isə oğlu X1 mülkyyətinə daxildir. Onların mülkiyyət hüquqları hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan Çixarışa əsasən təsbit edilmişdir. Hazırda ünvan 3 ünvanında yerləşən yaşayış sahəsində iki ailə yaşayır. İddiaçının oğlu X1 ailəsi və iddiaçı digər oğlu ilə birgə. Hər iki ailə ayrıca təsərrüfatı idarə edir. Ona görə də hər iki ailənin istifadəsi üçün iki qaz sayğacının çəkilməsi məqsədə müvafiqdir və zəruridir. Hazırda iki ailənin bir qaz sayğacından istifadə etməsi ciddi problemlər yaradır. İstehlakçı olaraq qazdan istifadə, o cümlədən qaz sərfiyyatı pulunun ödənilməsində ümumi razılığa gələ bilmirlər. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X03539 nömrəli məktubunda qeyd etmişdir ki, ünvan 4 ünvanında İddiaçı adına G-4 markalı ******* nömrəli qaz sayğacı abonent kodu:**********00000 olmaqla quraşdırılaraq istismara təhvil verilmişdir. Həmin ünvana ikinci qaz sayğacının quraşdırılması üçün Daşınmaz əmlakın (bölünməsi haqqında) hüquqi sənədlərini Yevlax rayonunda daimi fəaliyyət göstərən hər hansı bir xüsusi lisenziyası olan tikinti təşkilatının səlahiyyətli nümayəndəsinə təqdim etməklə, öz vəsaiti hesabına həyata keçirə bilər. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş etiraz məktubunda qeyd etmişdir ki, ünvan 1 ünvanının qaz təsərrüfatı İddiaçı adına rəsimləşdirilmişdir. xx.xx.2015ci il tarixdə G-4 markalı ******* nömrəli qaz sayğacı quraşdırılaraq istismara təhvil verilmiş və abonent kodu:**********00000 olmaqla İddiaçı adına qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2022-ci il tarixli “Azəriqaz” İstehsalat Birliyinə ünvanladığı və baxılması üçün SOCAR**********30560046X06937 nömrəli Tərtər RQİİ-nə daxil olmuş müraciətinə baxılaraq, xx.xx.2022-ci il tarixli, SOCAR**********30560046X03539 saylı məktubla cavablandırılmışdır. xx.xx.2022-ci il tarixli 29 saylı reyesterlə poçt vasitəsilə göndərilmiş, xx.xx.2022-ci il tarixdə 506000 nömrəli qəbzə imza edərək məktubu almışdır (sənədlər əlavə olunur). Qeyd olunan ünvana ikinci qaz sayğacının quraşdırılması üçün Daşınmaz əmlakın (bölünməsi haqqında) hüquqi sənədlərini Yevlax rayonunda daimi fəaliyyət göstərən hər hansı bir xüsusi lisenziyası olan tikinti təşkilatının səlahiyyətli nümayəndəsinə təqdim etməklə, qanunauyğunluq olduğu halda texniki şərt hazırlanıb və vətəndaşın vəsaiti hesabına həyata keçirlə bilər. Bir fərdi evə bir mülkiyyət sənədi ilə bir qaz sayğacı quraşdırılmaqla qazlaşdırılır, bir damın altında olan fərdi evə ikinci qaz sayğacının quraşdırılmamasına səbəb təhlükəsizliklə bağlıdı, yəni baş verə biləcək partlayış daha çox təlafat və dağıntılara səbəb ola bilər. Ona görədə iddiaçının tələbi rədd olunmalıdır. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun 13.3-cü bəndinə əsasən Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən qaz təchizatı sahəsində fəaliyyət — qazın istehsalı, emalı, saxlanması, nəqli, paylanması, satılması, mayeləşdirilməsi, istifadəsi, həmçinin qaz qurğularının quraşdırılması, boru kəmərlərinin tikintisi, istifadəsi, nəzarəti, sınağı və sertifikatlaşdırılması; istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; məişət abonenti – yaşayış evlərində və mənzillərdə, o cümlədən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsində nəzərdə tutulan xüsusi təyinatlı yaşayış sahələrində məişət ehtiyacları üçün qazdan istifadə edən fiziki şəxsdir. 13.3-cü maddəsinə görə Qaz təchizatçılarının qaz paylayıcıları tərəfindən təchizatının ümumi şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarla təyin edilə bilər. İstehlakçıların qaz təchizatı üçün texniki şərtlərin verilməsi və qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13.9-cu maddəsinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İş materiallarına əlavə edilmiş X2 adına tərtib edilmiş **********18-05101-093001 reyestr nömrəli ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi qeydiyyatdan keçmişdir. İddiaçının həmin ünvanda yaşaması və öz maraqlarının təmin olunması əsası ilə hazırkı tələblə məhkəmədə iddia qaldırması ona subyektiv mənada hüquq tanısa da iddianın əsaslılığına səbəb olmur. Belə ki, iddiaçının göstərilən fərdi yaşayış evində yaşadığını bildirərək, ailə üzvləri arası qaz ödənişinin həyata keçirilməsi ilə bağlı narazılığın aradan qaldırılması məqsədilə ikinci qaz sayğacının qraşdırılmasından ibarət tələbi əsassızdır. Məhkəmə qeyd edir ki, qaz sayğaclarının quraşdırılması, istismara qəbul edilməsi, qeydiyyata alınması, Dövlət yoxlamasından keçirilməsi “Qaz təchizatı haqqında” Qanuna, “Qaz təsərrüfatında təhlükəsizlik və texniki istismar qaydalarına” və qüvvədə olan digər qanunvericilik aktlarına uyğun yerinə yetirilməlidir. Məişət qaz sayğaclarının markası, miqdarı, novü və quraşdırılma yerləri layihə-smeta sənədləri əsasında qüvvədə olan normativ texniki sənədlərin tələblərinə riayət edilməklə təyin olunur. Mənzillərdə (evlərdə) məişət tipli sayğacların (G-4, G-6 markalı) quraşdırılması, çıxarılması və dəyişdirilməsi işləri "Azəriqaz" İB-nin müvafiq stuktur bölmələri tərəfindən, G-10 və böyük markalı qaz sayğaclarının quraşdırılması, çıxarılması və dəyişdirlməsi işləri isə “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi” tərəfindən yerinə yetirilir. Hər hansı bir abonent və ya şəxs tərəfindən özbaşına mənzilinin qaz xətti üzərində sayğac quraşdırılması və istismara qəbul edilmiş mövcud sayğacın açılması qəti qadağandır. Vahid əmlaka (yaşayış evinə, mənzilə) münasibətdə əlavə qaz sayğacının quraşdırılması üçün qanunvericiliklə müəyyən edilmiş hər hansı əlavə halın iddiaçının mənzilinə münasibətdə mövcudluğu öz təsdiqini tapmır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ikinci qaz sayğacı çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar