Məhkəmə qərarları › İş №2-1(116)-206/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-206/2022

25.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-206/2022 25.01.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ünvan 1 ünvanında yerləşən əmlaklara tam şəkildə dövlət aktı, torpağın alqı-satqısına dair akt və torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamələr verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı şəhəri Çingiz Əmrullayev küçəsi 1 ünvanında yerləşən JN-292A nömrəli 0,06 ha torpaq sahəsi və 0,0095 ha torpaq sahəsinin naturada olduğu kimi dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı İsmayıllı şəhəri Çingiz Əmrullayev küçəsi 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətçisidir. O, həmin torpaq sahəsinə və torpaq sahəsinin yanında olan 0,0095 ha torpaq sahəsinin də dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə ərizə ilə müraciət etmiş, cavabdeh isə 30.06.2021-ci il tarixli məktubu ilə müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina məktubunda qeyd etmişdir ki, iddiaçı İsmayıllı şəhərində yerləşən 0,0095 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə idarəyə müraciət etmiş, mütəxəssislər tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunduqda məlum olmuşdur ki, sənəd üzrə torpaq sahəsinin koordinatları ilə faktiki torpaq sahəsinin koordinatları arasında 95 metr fərq mövcuddur. Həmçinin torpaq sahəsinin 0,002 ha hissəsi əvvəllər qeydiyyata alınmış həyətyanı torpaq sahəsi ilə üstüstə düşür. Qeyd edilən səbəblərə görə müraciətin təmin edilməsi mümkün olmamışdır. İddiaçıya 15.11.2021-ci il tarixdə yardım məktubu ünvanlanmış, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (“İPM”) 13-cü maddəsinə müvafiq olaraq nəzərinə çatdırılmışdır ki, iddia tələbində 0,06 ha və 0,0095 ha torpaq sahələrinin naturada olduğu kimi dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsini xahiş etsə də, iddia ərizəsinə əlavə edilən cavabdehin 30.06.2021-ci il tarixli imtinasından görünür ki, cavabdehin imtinası 0,095 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınması ilə bağlı olmuş və həmin tələbə müvafiq imtina cavabı alınmışdır. Lakin 0,06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət edilməmiş, odur ki, cavabdehin qeyd olunan məsələyə münasibəti iş materialları ilə müəyyən edilməmişdir. İddiaçıya 0,095 ha torpaq sahəsinin onun mükiyyətinə verilməsinə dair hüquqi və texniki sənədlərin, 0,06 ha torpaq sahəsinə münasibətdə isə cavabdehin imtinasının məhkəməyə təqdim etmək və yaxud iddia ərizəsində hazırkı imtina məktubuna müvafiq düzəlişlərin aparılaraq dəqiqləşdirilmiş iddia ərizəsini 20 gün müddətində Şəki İnzibati Məhkəməsinə təqdim etmək və qeyd olunanlara yazılı münasibət bildirmək təklif olunmuşdur. İddiaçı 10.12.2021-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək, “İsmayıllı şəhər ərazisində Ç.Əmrullayev küçəsi 1 ünvanında yerləşən əmlaklara tam şəkildə dövlət aktı, torpağın alqı-satqısına dair akt və torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamələr verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 07.01.2022-ci il tarixli 2-1(116)-206/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddiaçının “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizəsində qeyd etdiyi tələbinə dair cavabdeh orqan tərəfindən 17.01.2022-ci il tarixli **********24 nömrəli etiraz məktubu məhkəməyə daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, İddiaçı müraciəti əsasında ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr bazası ilə müqayisə olunmuşdur. JN-292 A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ərazi idarəsinin arxivində saxlanılmalı olan nüsxəsi də arxiv materiallarında aşkar edilmədi. İddiaçı tərəfindən faktiki olaraq təqdim edilmiş torpaq sahəsi 0,639 hektardır. Torpaq sahəsinin müəyyən hissəsi bələdiyyə torpağının, müəyyən hissəsi isə 292 A saylı şəhadətnamənin üzərinə düşür. 0,0095 ha torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki yerin koordinatları arasında 95-97 metr fərq var. Bundan əlavə faktiki torpaq sahəsinin konfiqurasiyası ilə sənəd üzrə torpaq sahəsinin konfiqurasiyası kəskin fərqlənir. Faktiki torpaq sahəsinin müəyyən hissəsi bələdiyyə mülkiyyətinin, müəyyən hissəsi isə 292 A saylı şəhadətnamənin üzərinə düşür. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İşdə olan cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, İsmayıllı şəhər sakini X7 ərizə ilə İsmayıllı bələdiyyəsinə müraciət edərək, sahibkarlıqla məşğul olmaq məqsədilə torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. İsmayıllı RİH Memarlıq və Tikinti şöbəsi İsmayıllı bələdiyyəsinə ünvanladığı 23.02.2007-ci il tarixli məktubda qeyd edilir ki, İsmayıllı şəhər sakini X6 şəhərin 16a məhəlləsinin qarşısında sahibkarlıqla məşğul olmaq məqsədilə ticarət obyektinin tikintisi üçün 95,0 kv.m torpaq sahəsinin ona satılmasına Şöbə etiraz etmir. DTXK-nın mart 2007-ci il tarixli rəyinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Komitə bələdiyyə mülkiyyətində olan 95,0 kv.m torpaq sahəsinin sahibkarlıq məqsədilə İsmayıllı şəhər sakini X1 etiraz etməmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı bələdiyyəsinin 15.03.2007-ci il tarixli 05 saylı iclas protokolundan çıxarışın təsdiq edilmiş surətindən görünür ki, sahibkarlıqla məşğul olmaq məqsədilə şəhərin 16a məhəlləsinin qarşısında ticarət obyektinin tikintisi üçün 95 kv.m torpaq sahəsi alqı-satqı qaydasında İsmayıllı şəhər sakini X2 qərara alınmışdır. İsmayıllı rayon Torpaq şöbəsində 10.04.2007-ci il tarixdə 39 nömrə ilə qeydiyyata alınmış “Torpaqların alqı-satqısına dair” Aktın təsdiq edilmiş surətinə əsasən isə müəyyən edilir ki, İsmayıllı bələdiyyəsinin 15.03.2007-ci il tarixli 05 saylı qərarına əsasən X6 95,0 kv.m torpaq sahəsi satılmış, R.Seyidov torpaq sahəsinin dəyərini 16 nömrəli qəbzlə "xxxx" ASC-nin İsmayıllı rayon filialına ödəmişdir. Akt səlahiyyətli şəxslər tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. İsmayıllı bələdiyyəsinin 15.03.2007-ci il tarixli 05 saylı qərarı ilə 95 kv.m torpaq sahəsinin tikinti məqsədilə X6 verilməsi barədə DTXK tərəfindən A seriyalı 000826 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. X9 Kadastrı kitabında 16.04.2007-ci il tarixdə 04 nömrə ilə uçota alınmışdır. İşdə olan JN-3252A KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25.11.2003-cü il tarixli 111 nömrəli qərarı ilə 0,06 ha həyətyanı torpaq sahəsi X5 mülkiyyətinə verilmişdir. Sənəd 18581-ci nömrə ilə kitabda qeydə alınmışdır. İşdə olan 03.11.2012-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqısı müqaviləsi”nin surətindən görünür ki, X7 JN-3252A KOD 40701004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ilə özünə məxsus olan 0,06 ha torpaq sahəsini İddiaçı satmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC İsmayıllı rayonunda X7 və İddiaçı arasında bağlanmış 13.11.2012-ci il tarixli alqı-satqı müqavilələrinin surətinin təqdim edilməsi barədə məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, sözügedən İsmayıllı şəhəri ərazisində R.Seyidovun adına olan 0,06 ha torpaq sahəsinə 03.11.2012-ci il tarixli məhdudiyyət (yüklülük) barədə arayış verilmişdir.Arxivdə aparılmış araşdırma zamanı 03.11.2012-ci il tarixli 4Ə-2/505 saylı müqavilə barədə məlumat aşkarlanmamışdır. Dövlət Notariat Arxivi məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, İsmayıllı rayon notariat ofisində 2011-2021-ci illərdə rəsmiləşdirilən notariat sənədləri arxivə təhvil verilməmişdir. Cavabdeh tərəfindən İsmayıllı şəhəri Çingiz Əmrəliyev küçəsi 1 ünvanında yerləşən İddiaçı istifadəsində olan digər (sahibkarlıq) təyinatlı torpaq sahəsinin yerləşmə sxemi və faktiki torpaq sahəsi ilə sənəd üzrə koordinatlara əsasən torpaq sahəsinin müqayisəli yerləşmə sxemi məhkəməyə təqdim edilmiş, 95 kv.m torpaq sahəsinin sənəd üzrə koordinatları ilə faktiki yerinin fərqli olduğu, aralarında 95-97 metr fərq olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən İsmayıllı şəhəri Çingiz Əmrəliyev küçəsi 1 ünvanında yerləşən İddiaçı məxsus JN-3252A nömrəli şəhadətnamənin elektron DWG baza xəritələrindən təsviri məhkəməyə təqdim edilmiş, iddiaçının istifadəsində olan həyətyanı torpaq sahəsinin faktiki yerləşmə sxeminə əsasən onlar arasında konfiqurasiya fərqinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 10.2-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1-ci hissəsində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində öz əksini tapmışdır: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar. Məhkəmə araşdırması nəticəsində iddiaçının faktiki olaraq tam şəkildə qeydiyyata alınmasını tələb etdiyi iki torpaq sahəsinin fərqli ərazidə yerləşdiyi, həmçinin 95 kv.m torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşməsinin fərqli olduğu, iddiçı tərəfindən JN 3252A nömrəli Şəhadətnaməyə əsasən qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin sədən üzrə və faktiki konfiqurasiyasının, yəni yerləşməsinin DWG baza xəritələrinə əsasən fərqli olduğu, bələdiyyə və digər şəxslərin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ünvan 2 ünvanında yerləşən əmlaklara tam şəkildə dövlət aktı, torpağın alqı-satqısına dair akt və torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamələr verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar