Məhkəmə qərarları › İş №2-1(116)-206/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-206/2024

16.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-206/2024 16.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X4 İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “06 fevral 2018-ci il tarixdə Balakən rayonu, Notariat Kontorundan bağlanmış alqı-satqı müqaviləsində göstərilən Balakən rayonu, Katex kəndində yerləşən 1.0414 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X12 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “06 fevral 2018-ci il tarixdə Balakən rayonu, Notariat Kontorundan bağlanmış alqı-satqı müqaviləsində göstərilən Balakən rayonu, Katex kəndində yerləşən 1.0414 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Balakən rayonu Katex kəndində yerləşən 1.0414 ha torpaq sahəsinə dair X10, X5 , X6 və X11 ilə aralarında Balakən rayonu, Notariat Kontorunda 06 fevral 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı alqı-satqı müqaviləsi əsasında bağlanmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının DƏDRX-də qeydiyyata alınması üçün cavabdeh təşkilata müraciət etmiş. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bundan imtina etmişdir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, işlə bağlı aparılmış texniki inventarlaşdırma işləri, kadastr ekspertizası və daşınmaz əmlaka yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeydiyyata alınması nəzərdə tutulmuş torpaq sahəsinin sənəd üzrə sahəsi ilə faktiki istifadə oolunan sahəsi fərqlidir. Belə ki, sənəd üzrə sahə 1.0414 ha , faktiki istifadə olunan sahə 0.7572 hektardır. Qeyd olunan səbəbə görə vətəndaşın müraciətinin icrasından imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. 3618000684 qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, 1.0414 ha torpaq sahəsi X3 mülkiyyətindədir.

3. A seriyalı 246055 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 1.0414 ha metr torpaq sahəsi X3 adına verilmişdir.

4. 30.01.2018-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, X11, X10, X5 , X1 Zumrat Şamsulhuda oğlunun vərəsəsidir.

5. AN ******* seriya nömrəli xx.xx.2018-ci il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X11, X10, X5 və X6 özlərinə məxsus olan torpaq sahəsini İddiaçı satmışdır.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-47/2-3936/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi torpaq sahəsi idarənin xidməti istifadəsində olan TEKUİS məlumat bazasına əsasən Balakən rayonu, Katex kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində faktiki istifadəçisi İddiaçı, ölçüləri 0.73 ha olmaqla kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr sahəsidir və mülkiyyətçisi X11 və onun ailə üzvləridir. Torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki göstərilən torpaq sahəsi X11 tərəfindən alqı-satqı müqaviləsinə əsasən verilmiş AN 246055 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən ərazinin koordinatları ilə qismən üst-üstə düşür. Həmin ərazidə iddiaçının və digər mülkiyyətçilərin naturada istifadə etdiyi torpaq sahələri pay normalarına düşən normadan az olaraq istifadə edilir. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əlavədən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün satıcı X7 verilmiş JN-1427, KOD 40105018 nömrəli Dövlət Aktının 1427R planşetində qeyd edilmiş 1.0414 ha torpaq sahəsinin azalması ilə bağlı bildiririk ki, həmin ərazidə iddiaçının və ona bitişik olan torpaq sahələrinin ölçüləri dövlət aktlarındakı cizgilərdə göstərilən ölçülərlə yerində mövcud olmadığına görə müahisəli torpaq sahəsi və ona bitişik olan digər torpaq sahələrində vətəndaşların naturada istifadə vəziyyətinə uyğun olaraq işlənilmişdir. Torpaq sahəsini iddiaçıya alqı-satqı müqaviləsi əsasənda satan X7 verilmiş xx.xx.2018-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar JN-1427, KOD 40105018 nömrəli dövlət aktının koordinatları ilə eyni olmuşdur. xx.xx.2018-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatları TEKUİS əsasında digər subyektlərin mülkiyyətinə işlənilmiş 1427E, 1428E, 1429R cizgilərinin hüdudları daxilinə düşür. Torpaq sahəsinin planı və ölçüsü sənədinin yerləşmə vəziyyəti və TEKUİS məlumat bazasında göstərilən ərazilərin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.Digər subyektlərə məxsus hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri təqdim olurnur. Əsaslandırma hissəsi:

İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddiaçının hazırkı iddia ərizəsinə əsasən hüquqi marağı 06 fevral 2018-ci il tarixdə Balakən rayonu, Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən aldığı Balakən rayonu Katex kəndində yerləşən 1.0414 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasından ibarətdir. İş materiallarında olan AN ******* seriya nömrəli xx.xx.2018-ci il tarixli, Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X11, X10, X5 və X6 özlərinə məxsus olan torpaq sahəsini İddiaçı satmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddia olunan torpaq sahəsi naturada tam olaraq mövcud deyil.Belə ki,təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi torpaq sahəsi TEKUİS məlumat bazasına əsasən Balakən rayonu, Katex kəndinin inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşməklə naturada ölçüləri 0.73 ha olmaqla kənd təsərrüfatı təyinatlı çoxillik əkmələr sahəsidir. Torpaq sahəsinin az olmasının səbəbinə dair təqdim edilmiş rəyə əsasən müəyyən edilir ki,X7 verilmiş JN-1427, KOD 40105018 nömrəli Dövlət Aktının 1427R planşetində qeyd edilmiş 1.0414 ha torpaq sahəsinin azalması həmin ərazidə iddiaçının və ona bitişik olan torpaq sahələrinin ölçüləri dövlət aktlarındakı cizgilərdə göstərilən ölçülərlə yerində mövcud olmadığına görə müahisəli torpaq sahəsi və ona bitişik olan digər torpaq sahələrində vətəndaşların naturada istifadə vəziyyətinə uyğun olaraq işlənilməsindəndir. Göründüyü kimi iddia olunan torpaq sahəsi naturada tam olaraq mövcud deyil,iddiaçının istifadəsində 0,73 ha torpaq sahəsi var.Alqı-satqı müqaviləsinə əsasən də həmin torpaq sahəsini əldə etmiş,satıcının Dövlət Aktında 1427R planşetində qeyd edilmiş 1.0414 ha torpaq sahəsi qeyd edilməsinə baxmayaraq faktiki olaraq həmin ölçüdə deyil,iddiaçıya hazırda istifadə etdiyi ölçüdə torpaq sahəsini satmışdır.Odur ki,işin hallarına aşağıdakı normaları tətbiq edərək məhkəmə hesab edir ki,iddia qismən təmin olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Həmin Qanunun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinə uyğun olaraq Xidmətin aşağıdakı vəzifələri var : - daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; - dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara müəyyən edilmiş qaydada daşınmaz əmlakın (torpaqların) elektron kadastr uçotu informasiya sistemindən yerquruluşu planına və kadastr məlumatlarına dair elektron və (və ya) kağız formatlarında çıxarışların verilməsini təmin etmək; “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına əsasən torpaq sahələrinə dair sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X12 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə İddiaçı 06 fevral 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən əldə etdiyi,Balakən rayonu, Katex kəndində yerləşən, TEKUİS-ə əsasən faktiki istifadəsində olan 0.73 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar