Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2061/2023 19.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz “Top” kolxozunun ümumi yığıncağının 25 noyabr 1995-ci il tarixli 32 nömrəli iclasının qərarı ilə daimi istifadəyə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində iddiaçının adına qeydə alınması və həmin torpaq sahəsinə DƏDR-dən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 9 saylı Qəbələ ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz “Top” kolxozunun ümumi yığıncağının 25 noyabr 1995-ci il tarixli 32 nömrəli iclasının qərarı ilə daimi istifadəyə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində iddiaçının adına qeydə alınması və həmin torpaq sahəsinə DƏDR-dən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2061/2023 nömrəli qərardadı ilə Oğuz rayon Yaqublu Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Oğuz rayon “Top” kolxozunun ümumi yığıncağının 25 noyabr 1995-ci il tarixli 32 nömrəli iclasının qərarı ilə iddiaçıya 0,12 ha həyətyanı torpaq sahəsinin daimi istifadəyə verilməsi qərar alınmış, torpaq sahəsi yerində ölçülülərək sərhədlərinə nişan qoyularaq iddiaçıya təhvil verilmişdir. Qeyd edilən torpaq sahəsi həmin tarixdən iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı 0.12 ha həyətyanı torpaq sahəsi öz adına aldırmaq və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədi və müvafiq torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş. Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bundan imtina etmişdir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, İddiaçı qanuni istifadəsinə ayrılmış 0.12 ha həyətyanı torpaq sahəsinə dair Oğuz rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli 50 nömrəli qərarı əsasında iddiaçı və ailə üzvlərinin adına JN- 003A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə hazırlanmışdır. Sözügedən JN-003A saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə əsasında 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir.Qeyd olunan səbəbə görə vətəndaşın müraciətinin icrasından imtina edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur
2. Milli Arxiv İdarəsi Respublika X4 filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Oğuz rayon “Top” kolxozunun 25 noyabr 1995-ci il tarixli 32 nömrəli yığıncaq iclasının qərarından görünür ki, İddiaçı 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir.
3. JN-003A kod 40510038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı və ailə üzvlərinə Oğuz rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli 50 nömrəli qərarı əsasında 0.10 ha torpaq sahəsi verilmişdir.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Oğuz rayon Top kəndi üzrə torpaq payı alacaq subyektlərin siyahısının, 2000-ci il tarixli Oğuz rayon Top kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin surəti, Oğuz rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli 50 nömrəli qərardan çıxarışın surəti
5. A seriyalı 839793 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiqlənmiş surətindən görünür ki, 0.12 ha metr torpaq sahəsi İddiaçı adına verilmişdir.
6. 1922014146 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, 0.12 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-39/2-3922/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, İddiaçı faktiki istifadəsində olan 0.8176 ha torpaq sahəsinin 0.12 ha hissəsi **********91 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür, 0.6976 ha hissəsi isə Top kənd ərazi vahidinə aid olmaqla, kateqoriyası yaşayış məntəqəsi torpaqlarına, uqodiyası əkin olan bələdiyyə mülkiyyətinə aiddir. İddiaçı istifadəsindədir, digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmür. Faktiki istifadəsində olan torpaq sahəsi JN-003A kod 40510038 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən verilmiş 0.10 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Şəhadətnaməyə əsasən verilmiş 0.10 ha torpaq sahəsi və ya faktiki istifadə olunan torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür. xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əlavədən görünür ki, iddiaçı tərəfindən kolxozun qərarı ilə ayrıldığı bildirilən torpaq sahəsinə dair üzərində məkan göstəriciləri qeyd edilmiş (plan-ölçü) sənədi olmadığı üçün faktiki istifadəsində olan 0.81 ha torpaq sahəsi daxilində yerləşməsini təyin etmək mümkün deyildir.İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsi üzərində tikili mövcud deyildir. Əsaslandırma hissəsi:
İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçının hüquqi varisi, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia qismən əsaslıdır. İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. İddiaçının hazırkı iddia ərizəsinə əsasən hüquqi marağı Oğuz “Top” kolxozunun ümumi yığıncağının 25 noyabr 1995-ci il tarixli 32 nömrəli iclasının qərarı ilə daimi istifadəyə verilmiş 0,12 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində iddiaçının adına qeydə alınması və həmin torpaq sahəsinə çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi olmuşdur. İş materiallarında olan X4 filialının xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Oğuz rayon “Top” kolxozunun 25 noyabr 1995-ci il tarixli 32 nömrəli yığıncaq iclasının qərarından görünür ki, İddiaçı 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddia olunan 0.12 ha torpaq sahəsinin 0.10 ha hissəsi torpaq islahatı zamanı iddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir.Belə ki, JN-003A kod 40510038 saylı Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı və ailə üzvlərinə Oğuz rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1997-ci il tarixli 50 nömrəli qərarı əsasında 0.10 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi iddia olunan torpaq sahəsi torpaq islahat zamanı verilən torpaq sahəsi ilə eynidir. Məhkəmə hesab edir ki, Oğuz “Top” kolxozunun ümumi yığıncağının 25 noyabr 1995-ci il tarixli 32 nömrəli iclasının qərarı ilə verilən 0.12 ha torpaq sahəsinin 0.10 ha hissəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 50 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş, yerdə qalan 0.02 ha hissəsi isə qeyd olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əsasən iddiaçının mülkiyyətə verilməmiş 0,02 ha hissəsi üzərində mülkiyyət hüququ yaranmışdır. Odur ki,iddiaçının tələb hüququ 0.12 ha torpaq sahəsinin 0.02 ha hissəsinə münasibətdə əsaslı olsa da,digər hissədə iddia tələbi əsaslı deyil.İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi islahat zamanı mülkiyyətinə verilməmiş, sonradan bələdiyyə mülkiyyətində saxlanılmlışdır. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında (2.5-ci bənd) yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış mülkiyyət hüququnu təsdiq edən sənəd olaraq qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İddiaçı ərizə verərək, məhkəmə xərcinin ona aid edilməsini xahiş etdiyi üçün mütəxəssis rəyinin verilməsinə çəkilən xərc ona aid edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia qismən təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X3 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz rayon keçmiş “Top” kolxozunun ümumi yığıncağının 25 noyabr 1995-ci il tarixli 32 nömrəli iclasının qərarı ilə iddiaçıya ayrılmış 0,02 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və torpaq sahəsinin planı-ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə