Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2063/2023 12.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun qərarı ilə İddiaçı ayrılmış 600 kv m torpaq sahəsindən faktiki istifadəsində olan 592.27 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavavbdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz şəhəri ərazisində olan, Oğuz rayon Şöbəsinin 21 iyun 2008-ci il tarixli A seriyalı 044819 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən cizgilər daxilindəki 0.06 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində iddiaçının adına qeydiyyata alınması və həmin torpaq sahəsinə dair adına DƏDR-dən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2063/2023 nömrəli qərardadı ilə Oğuz Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun qərarı ilə İddiaçı ayrılmış 600 kv m torpaq sahəsindən faktiki istifadəsində olan 592.27 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Oğuz Bələdiyyəsinə 19 oktyabr 2007-ci il tarixdə ev tikmək üçün torpaq sahəsi almaq barədə müraciət etmişdir. Həyatyanı torpaq sahəsi alması məqsədi ilə 250 manat pul vəsaiti Oğuz Bələdiyyəsinin hesabına ödənildikdən sonra müraciətinə Bələdiyyə iclasında baxılmış və Oğuz bələdiyyəsi ərazisindən 0.06 ha torpaq sahəsinin satılması barədə 31 oktyabr 2007-ci il tarixdə 10 saylı qərar qəbul edilmişdir. Daha sonra Oğuz Bələdiyyəsi ilə aralarında Torpaqların alqısatqı aktına dair iki akt tərtib olunmuş, Akt 711 nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz Rayon şöbəsinin verdiyi xx.xx.2018-ci il tarixli, A 044819 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi ilə Oğuz şəhəri ərazisində 0.06 ha fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi X2 kitabında 602 nömrə ilə iddiaçının adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki,Oğuz rayonu Oğuz bələdiyyəsinin İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsinin ayrılmasına dair xx.xx.2007-ci il tarixli, 10 saylı qırarı olsa da , lakin torpağın alqı-satqısına dair tərtib edilmiş aktın tarixi 25 dekabr 2007-ci ildir. Həmin aktın qeydiyyatı isə 08 yanvar 2008-ci il tarixdı 711 nömrə ilə qeydə alınmışdır. “Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466- saylı 111 QD Azərbaycan Respublikasının Qanunun, Bələdiyyələrə dair Azərbaycan Respublikasının Bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə “23 oktyabr 2007-ci il, 466-saylı İİİ QD Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 dekabr 2011-ci il, 271 saylı sarəncamından irəli gələn tələblərə cavab vermir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə 01 dekabr 2007-ci il tarixindən bələdiyyə torpaqları hərrac və müsabiqə yolu ilə satıla bilər. Eyni zamanda bildiririk özgəninkiləşdirmə predmeti olan torpaq sahəsi üzərində bələdiyyə öz hüquqlarını dövlət qeydiyyatına aldıqdan sonra özgəninkiləşdirə bilər. Buna görə də onun ərizəsinin icrası tərəfindən mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur
2. Oğuz Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı tərəfindən Bələdiyyənin mülkiyyətinə xx.xx.2007-ci il tarixdə 250 manat ödəniş edilmişdir.
3. Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı “Oğuz rayonu Oğuz Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci il tarixli 10 saylı iclas qərarı ilə İddiaçı Oğuz rayonu Oğuz Bələdiyyəsi ərazisindən 0.06 ha torpaq sahəsi ayrılmış, iddiaçı 250 manat bələdiyyənin hesabına ödəmişdir.
4. A seriyalı 044819 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, İddiaçı yaşayış evi tikmək məqsədi ilə 0.06 ha torpaq sahəsi ayrılmış, X2 kitabında xx.xx.2008-ci il tarixli 602 nömrə ilə uçota alınmışdır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-42/2-3578/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, Oğuz Bələdiyyəsinin 31 Oktyabr 2007-ci il tarixli 10 saylı qərarı ilə iddiaçıya satılmış A seriyalı 044819 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 592,27 kv.metr torpaq sahəsi Oğuz şəhər İnzibati ərazi dairəsi sərhədləri daxilində yaşayış məntəqələri torpaqlarına aid olmaqla Oğuz bələdiyyəsinin mülkiyyətindədir, İddiaçı istifadəsindədir. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş 638,0 kv.metr torpaq sahəsi A seriyalı 040810 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 592,27 kv.metr torpaq sahəsinin 557,0 kv.metr hissəsi ilə üst-üstə düşür.İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsi üzərində tikili mövcud deyildir. İddiaçının istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsi üzərində tikili mövcud deyildir. İddiaçının adına tərtib edilmiş A seriyalı 044819 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 592,27 kv.metr torpaq sahəsinin 9,0 kv.metr hissəsi **********78 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X1 xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinə, 557,0 kv.metr hissəsi İddiaçının adına tərtib edilmiş A seriyalı 044819 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş torpaq sahəsinə və özünün faktiki istifadəsinə, İddiaçının adına tərtib edilmiş A seriyalı 044819 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 592,27 kv.metr torpaq sahəsinin 18,0 kv.metr hissəsi qonşunun istifadəsində olan torpaq sahəsinə, İddiaçının adına tərtib edilmiş A seriyalı 044819 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 592,27 kv.metr torpaq sahəsinin 8,0 kv.metr hissəsi isə istifadəsində olmayan yol yeri ilə üst-üstə düşür. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş torpaq sahəsinin adına tərtib edilmiş A seriyalı 044819 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş 592,27 kv.metr torpaq sahəsi ilə üst-üstə düşməyən 81,0 kv.metr hissəsi, kateqoriyası yaşayış məntəqəsi torpaqları uqodiyası örüş olan bələdiyyə mülkiyyətinə aid ərazidir.
Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Oğuz Bələdiyyəsinin 31 oktyabr 2007-ci il tarixdə 10 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilən 0,06 ha torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri Oğuz Bələdiyyəsinin hesabına ödənilmişdir. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdehin iddiaya qarşı dəlili - həmin torpaq sahəsinə dair alğı-satqı aktının tərtib olunmaması ilə bağlı olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki, inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alğı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, müvafiq alğı-satqı aktı və digər belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyillər. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq alğı-satqı aktının tərtib edilməməsi kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İddiaçıya ayrılan və faktiki istifqadəsində olan torpaq sahəsi tikili altı torpaqla olmaqla kənd təsərrüfatına yararsız ərazidə yerləşdiyi mütəxəssis rəyinə əsasən müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə Oğuz Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli iclas protokolunun qərarı ilə İddiaçı ayrılmış,faktiki istifadəsində olan 592,27 kv m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə