Məhkəmə qərarları › İş №2-1(116)-207/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-207/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-207/2022 26.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı “X6 xx.xx.2020-ci il tarixdə verilən ********** nömrəli ümumi sahəsi 77,90 kv.m, xx.xx.2020-ci il tarixli ********** nömrəli 70,05 kv.m, xx.xx.2020-ci il tarixli ********** nömrəli 103,20 kv.m xüsusi mülkiyyətindəki 3 fərdi yaşayış evinə cavabdeh tərəfindən verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 xx.xx.2020-ci il tarixdə verilən ********** nömrəli ümumi sahəsi 77,90 kv.m, xx.xx.2020-ci il tarixli ********** nömrəli 70,05 kv.m, xx.xx.2020-ci il tarixli ********** nömrəli 103,20 kv.m xüsusi mülkiyyətindəki 3 fərdi yaşayış evinə cavabdeh tərəfindən verilmiş çıxarışların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsinin əsaslarına görə, iddiaçıların məlumatı olmadan 1997-ci ildən onların istifadəsində olan fərdi yaşayış evi qeyri-qanuni sənədləşdirilmişdir. Belə ki, həmin evi 1996-cı ildən iddiaçılar istifadə edir və onlar 1997-ci ildən Ağsu rayonunun Girdə kəndinə qeydiyyata düşmüşlər. İddia tələbində qeyd olunan fərdi yaşayış evləri iddiaçılara təklif olunmadan Bakı şəhər sakininin adına rəsmiləşdirilmişdir. İddiaçılar sözügedən evdə hazırda yaşamalarına baxmayaraq Əli Topçiyevin adına həmin evlər dövlət reyestrində qeydiyyata alınaraq çıxarışlar verilmişdir. İddiaçılar hazırkı iddia ilə həmin çıxarışların ləğv olunması üçün məhkəməyə müraciət etmişlər. Cavabdeh xx.xx.2021-ci il tarixli **********26 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Ağsu rayonun Girdə kəndində yerləşən 3 ədəd fərdi yaşayış evinə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar Ərazi İdarəsi tərəfindən qanunamüvafiq qaydada tərtib olunmuşdur. Belə ki, Ağsu rayonun Xanbulaq nümayəndəliyinin Girdə kəndində məskunlaşan İddiaçı2 müraciəti əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Ağsu rayonun Xanbulaq nümayəndəliyinin Girdə kəndində yerləşən 3 fərdi yaşayış evi X3 adına Ağsu rayon Dövlət Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2007-ci il tarixli 4Ə-01-352, xx.xx.2007-ci il tarixli 4ə/01-354, xx.xx.2007-ci il tarixli, 4ə/01-353 nömrəli alqı-satqı müqavilələri əsasında qeydiyyata alınmışdır. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-207/2022 nömrəli qərardadı ilə X8 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və cavabdeh orqan nümayəndəsinin iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı1 məhkəməyə xx.xx.2022-ci il tarixdə teleqram ünvanlayaraq iştirakı olmadan işə baxaraq iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs Əli Topçuyev məhkəməyə xx.xx.2022-ci il tarixdə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçıların iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişlər. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Cavabdehin xx.xx.2021-ci il tarixli **********01 nömrəli məktubuna əlavə olunmuş Ağsu RİH başçısının xx.xx.2002-ci il tarixli 155 nömrəli sərəncamından görünür ki, Özbəkistanın Fərqanə vilayətindən qaçqın düşmüş və elə o vaxtdan Ağsu rayonunda məskunlaşmış mesxeti türkləri Afuz İbrahim oğlu, Katib Allazovun və X4 müraciətləri nəzərə alınmış, müvafiq olaraq ümumi sahələri 93,8 kv.m, 91,7 kv.m və 70,5 kv.m olan fərdi yaşayış evləri onların mülkiyyətinə əvəzsiz verilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********01 nömrəli məktubuna əlavə olunmuş MH seriyalı ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Ağsu rayonunun Girdə kəndində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 70,5 kv.m olan fərdi yaşayış evi Afuz İbrahim oğlunun mülkiyyətində olmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixli **********01 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2007-ci il tarixli “Müqavilə”nin təsdiq olunmuş surətindən görünür ki, Afuz İbrahim oğlunun adından çıxış edən X1 rayonunun Girdə kəndində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 70,5 kv.m olan fərdi yaşayış evini X6 satmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli **********01 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Ağsu rayonunun Kirdə kəndində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 70,5 kv.m olan fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********01 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2007-ci il tarixli “Müqavilə”nin təsdiq olunmuş surətindən görünür ki, Katib Allazovun adından çıxış edən X1 rayonunun Girdə kəndində 0,1197 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,9 kv.m olan fərdi yaşayış evini X6 satmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli **********01 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Ağsu rayonunun Kirdə kəndində 0,1197 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 77,9 kv.m olan fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********01 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2007-ci il tarixli “Müqavilə”nin təsdiq olunmuş surətindən görünür ki, X5 adından çıxış edən X1 rayonunun Girdə kəndində 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103,2 kv.m olan fərdi yaşayış evini X6 satmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli **********01 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Ağsu rayonunun Kirdə kəndində 0,20 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103,2 kv.m olan fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir. İşin göstərilən faktiki hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçıların fərdi yaşayış evlərindən istifadə etməsi onlara hazırkı iddia ərizəsi ilə məhkəməyə iddia qaldırmaq üçün subyektiv hüquq tanısa da, mübahisəli fərdi yaşayış evlərinin onların qanuni istifadəsinə verilməsini və ya mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd təqdim etmədiklərindən iddia əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunan normaların tələblərinin işin göstərilən hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçların tələbinin təmin olunmasını istisna edən hallar iş materialları ilə öz təsdiqini tapır. Belə ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evləri X6 münasibətdə notariat qaydada təsdiq edilmiş müqavilələr əsasında özgəninkiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydə alınmışdır. İddiaçılar isə mübahisəli əmlaka dair hər-hansı hüquqmüəyyənedici sənədə malik deyil. Belə ki, cavabdeh mübahisəli daşınmaz əmlaklara münasibətdə hüquqların qeydə alınmasını həyata keçirərkən qanunvericiliyin tələblərinə riayət etmiş, cavabdehin hərəkətlərinin qanuniliyini istisna edən şərtlər iş materialları ilə təsdiq edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıların tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi idarəsinə qarşı “X6 xx.xx.2020-ci il tarixdə verilən ********** nömrəli ümumi sahəsi 77,90 kv.m, xx.xx.2020-ci il tarixli ********** nömrəli 70,05 kv.m, xx.xx.2020-ci il tarixli ********** nömrəli 103,20 kv.m xüsusi mülkiyyətindəki 3 fərdi yaşayış evinə cavabdeh tərəfindən verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar