Məhkəmə qərarları › İş №2-1(116)-2070/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2070/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2070/2025 08.07.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Günel Soltan qızının sədrliyi, məhkəmə iclasının katibi Məmmədağayeva Səidə Nadir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinə qarşı “mərhum həyat yoldaşı X4 “şəhid” adının və “şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: I. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “mərhum həyat yoldaşı X4 “şəhid” adının və “şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsini qeyd edərək, mərhum həyat yoldaşı X4 “şəhid” adının və “şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində qeyd edilir ki, onun mərhum həyat yoldaşı X7 müharibənin qızğın dövründə 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. O, döyüş zonasında hərbi xidmət keçərkən aldığı xəsarətlərdən 08 fevral 1999-cu ildə vəfat etmişdir. Bu günədək mərhum həyat yoldaşına “şəhid” adının verilməsi üçün aidiyyəti orqanlara çoxsaylı müraciətlər etmişdir. Lakin bu günədək heç bir müsbət nəticə əldə edə bilməmişdir. Hesab edir ki, mərhum həyat yoldaşı X3 döyüş zonasında aldığı xəsarətdən vəfat etdiyi üçün ona “şəhid” adı və statusu verilməlidir. X9 “şəhid” statusu verilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinə müraciət edilmiş, lakin, müraciət təmin edilməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli etiraz məktubunda aşağıdakıları qeyd etmişdir: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 1.2.6-cı yarımbəndinə əsasən, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində. X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. Həmin Qərarın 4.1-ci bəndinin 2-ci abzasına əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Həmin maddədə, həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə mümkün olduğu qeyd olunub. Həmçinin, müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Lakin, mərhum X7 xx.xx.1996-cı il tarixdə ordu sıralarından tərxis olunduqdan uzun müddət sonra xx.xx.1999-cu il tarixdə “Döş qəfəsi və qarın boşluğu orqanlarının zədələnməsi" diaqnozundan vəfat etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin İzahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu. ( iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir.) - cavabdehin xx.xx.2015-ci il tarixli 1455 nömrəli arayışı. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 712 nömrəli qərarı. AZ-İ 735233 nömrəli ölüm haqqında şəhadətnamə və və xx.xx.1999-cu il tarixli ölüm haqqında akt qeydi. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubu. - Müdafiə Nazirliyinin Sənədlər Arxivinin xx.xx.2025-ci il tarixli 92/106 nömrəli məktubu. (Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə xidmət etmiş E.İbrahimov xx.xx.1993-cü il tarixdə “Kontuziya” diaqnozu ilə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissədə (Gəncə hospitalında) stasionar müayinə və müalicədə olduğu bildirilir.) - Məhkəmə-Tibbi Ekspertiza və X6 PHŞ-nin Yevlax rayon şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu. İİ. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.5. Məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair 30 dekabr 2008-ci il tarixli qərarı: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”: 1.1-ci bənd. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2-ci bənd. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 2.1-ci bənd. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar: 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 4.1-ci bənd. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. (-). 4.2-ci bənd. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2-ci bənd. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. İİİ. MƏHKƏMƏNİN MÖVQEYİ İddianın növü və mümkünlüyü. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı, cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. Belə ki, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktların qəbul olunması həmin Qanunun 8-ci maddəsi ilə Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bundan irəli gələrək, Nazirlər Kabineti 15 yanvar 1994-cü il tarixdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” 10 saylı Qərar qəbul etmişdir. Qaydaların 1.1-ci bəndində “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi təkrarlanmaqla, 1.2 və 1.2.5ci bəndlərdə göstərilmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Göründüyü kimi, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsində şəhid adının verilməsinin Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqələndirilməsi şəhid adına layiq görülmənin mümkün olduğu hadisələrin geniş dairəsini əhatə edir. Eyni zamanda Qaydaların qeyd olunan müddəalarının təhlili göstərir ki, Nazirlər Kabineti şəhid anlayışını həmin Qanunda olduğu kimi təkrarlayaraq, konkret hadisələrdə həlak olmuş və ya itkin düşmüş şəxslərin şəhid hesab olunduğunu müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Cavabdeh orqanın xx.xx.2015-ci il tarixli 1455 nömrəli arayışından görünür ki, X7 həqiqətən xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Keçmiş Yevlax rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış xx.xx.1992-ci il tarixdən xx.xx.1996cı il tarixədək N saylı hərbi hissədə xidmət etmişdir və döyüşlərdə iştirak edərkən yarlanaraq xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixlərədək N saylı hərbi hissənin (qospitalın) nevrologiya bölməsində stasionar müalicə olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli 712 nömrəli qərarından görünür ki, Yevlax RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, mərhum vətəndaş X3 döyüş zonasında hərbi xidmət keçərkən aldığı və xx.xx.1993-cü ildən xx.xx.1993-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma-diaqnoz: “Qapalı kəllə-beyin travması. Barotravma, asteno-nevrotik hal” “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, nazirinin xx.xx.1996-cı il tarixli 26 №-li əmrinə əsasən, yuxarı yaş hədli, 2-ci MAT-ın hərbi qulluqçusu, sıravi X8 Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğundan N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 35 №-li əmrilə (əsas: §-7, səh-83, sıra-21, əmrdə atasının adı “Şamil” yazılmışdır, vəzifəsi göstərilməmişdir) tutduğu vəzifəsindən azad edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Yevlax RHK-na göndərilmişdir. - AZ-İ 735233 nömrəli ölüm haqqında şəhadətnamədən və xx.xx.1999-cu il tarixli ölüm haqqında akt qeydindən görünür ki, X7 xx.xx.1998-ci il tarixdə ölmüşdür. Ölüm səbəbi kimi döş qəfəsi və qarın boşluğu orqanlarının həyatla bir araya sığmayan zədələri qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Məhkəmə-Tibbi Ekspertiza və X6 PHŞ-nin Yevlax rayon şöbəsi xx.xx.2025-ci il tarixli məktubunda bildirilir k, mərhum X3 meyiti xx.xx.1998-ci il tarixdə Yevlax rayon prokurorunun köməkçisi A.Tağıyevin qərarı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” ET və TB-nin Yevlax rayon şöbəsinin meyitxanasında məhkəmə-tibbi ekspertizadan keçirilmiş, “Döş qəfəsi və qarın boşluğu üzvlərinin həyatla bir araya sığmayan zədələri” diaqnozu qoyulmuşdur (28 saylı məhkəmə-tibb ekspertizası rəyi). Sorğuda qeyd edilənlərdən görünür ki, X7 xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N saylı hərbi hissədə “Qapalı kəllə beyin travması. Barotravma, asteno-nevrotik hal” klinik diaqnozu ilə stasionar müalicə almışdır. Göründüyü kimi klinik diaqnozla məhkəmə-tibbi diaqnoz arasında ziddiyyət vardır. Beləki “həyatla bir araya sığmayan” xəsarətlər almış şəxsdə ölüm saniyələrlə ölçülən müddət ərzində baş verir və deməli X7 xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək “Döş qəfəsi və qarın boşluğu üzvlərinin həyatla bir araya sığmayan zədələri” diaqnozu ilə yaşaya bilməzdi. Ona görədə xx.xx.1993-cü ildə alınmış xəsarətlə baş vermiş ölüm arasında heç bir səbəbli əlaqə yoxdur. Məhkəmə qeyd edir ki, mərhum X3 xx.xx.1998-ci il tarixdə “Döş qəfəsi və qarın boşluğu üzvlərinin həyatla bir araya sığmayan zədələri” diaqnozu ilə vəfat etməsi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində hərbi hissənin döyüş təminatını və döyüş tapşırığını yerinə yetirmədiyi işin mübahisəsiz halıdır. Belə ki, işin araşdırılan hallarından görünür ki, mərhum Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata tərxis olunduğundan tutduğu vəzifəsindən azad edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarıldıqdan uzun müddət sonra xx.xx.1998-ci il tarixdə ölmüşdür və ölüm səbəbi “Döş qəfəsi və qarın boşluğu üzvlərinin həyatla bir araya sığmayan zədələri” diaqnozu olmuşdur. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı xəsarətə görə isə mərhuma “Qapalı kəllə beyin travması. Barotravma, asteno-nevrotik hal” klinik diaqnozu qoyulmuş və xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N saylı hərbi hissədə stasionar müalicə almışdır. Məhkəmə-Tibbi Ekspertiza və X6 PHŞ-nin Yevlax rayon şöbəsi tərəfindən də məhkəməyə ünvanlanmış məktubda xx.xx.1993-cü ildə alınmış xəsarətlə baş vermiş ölüm arasında heç bir səbəbli əlaqənin olmadığı bildirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının mərhum həyat yoldaşı Elşən İbrahimovun döyüş zonasında hərbi xidmət keçərkən aldığı xəsarətlə ölümü arasında heç bir səbəbli əlaqə olmadığından onun vəfatının Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olmamışdır. İddiaçının mərhum həyat yoldaşı X3 vəfatının xidməti vəzifəsinin icrası və ya hərbi əməliyyatların həyata keçirilməsi ilə səbəbli əlaqəsi iş materialları və məhkəmə araşdırması ilə öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. X11 ölümü hərbi əməliyyatlar zamanı, döyüş tapşırığının icrası və ya döyüş təminatı üzrə xidmət fəaliyyəti çərçivəsində baş verməmiş, nəticə etibarilə “şəhid” statusu almaq üçün zəruri hüquqi və faktiki şərtlər mövcud olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinə qarşı “mərhum həyat yoldaşı X4 “şəhid” adının və “şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X14 Əsədova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar