Məhkəmə qərarları › İş №2-1(116)-2073/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2073/2023

25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2073/2023 25.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X1 və X2 mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “üçüncü şəxslər X1 və X2 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1-(116)-2073/2023 nömrəli qərardadı ilə X1 və X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Mingəçevir şəhərinin Nizami küçəsində yerləşən 7 saylı evin 73 saylı mənzili iddiaçıya məxsusdur. Belə ki, ona həmin mənzilə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Lakin bu yaxınlarda ona mülkiyyətində olan mənzildə 3-cü şəxslər X1 və X2 istifadə hüququ olmadan qeydiyyatda olmaları məlum olmuşdur. 3-cü şəxslər ona məxsus mənzildə qeydiyyatda olsalar da, orada yaşamırlar. Bununla bağlı o, üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubu ilə onun tələbi təmin olunmamış və məhkəməyə müraciət olunması tövsiyyə edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Hazırki iddia ərizəsinə baxılarkən aşağıdakı sənədlərin məzmununa istinad edilmiş, həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - 430a nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. - yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında üçüncü şəxslər qeydiyyatdadırlar. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş, cavabdeh xx.xx.2023-cü il tarixli məktub göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki icraat qaydasında, ümumi rayon məhkəməsində (Mingəçevir Şəhər Məhkəməsində) baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını arzuladığı X1 ailə üzvüdür (oğludur). Digər üçüncü şəxs Südabə Heydərova isə onun keçmiş həyat yoldaşıdır. Belə ki, iddiaçı, məhkəmə iclasında verdiyi izahatında Südabə Heydərova ilə 1986-cı ildə Ermənistan Respublikasında evləndiyini, 1988-ci ildə idda tələbində qeydə edilmiş mənzilə (ünvan 1) köçdüyünü, həmin vaxt mənzilin atasına məxsus olmasını, 1993-cü ildə isə Südabə Heydərova ilə aralarında nikahın ləğv edildiyini bildirmişdir. Odur ki, 1982-ci ildən qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Digər tərəfdən nəzərə alınmalıdır ki, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. İnzibati icraat çərçivəsində yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi ilə qeydiyyatdan çıxarılması mümkündür. Qeyd olunan şəxslərin iddiaçıya məxsus yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün ilk növbədə onların həmin yaşayış sahəsində əmlak hüquqlarının hazırda mövcud olubolmamasına hüquqi qiymət verilməlidir. Bu isə inzibati məhkəmə icraatının tənzimetmə predmetinə aid deyil və xüsusi hüquqla həll olunmalıdır. İşin hallarından göründüyü kimi iddiaçının hüquqi marağı - oğlunun və keçmiş həyat yoldaşının həmin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasına nail olmaqdır. İddiaçı, üçüncü şəxslərin həmin yaşayış sahəsində qeydiyyatının formal olduğunu və heç bir istifadə hüquqlarının olmadığını bildirir. Belə olan halda iddiaçı, oğlunun və keçmiş həyat yoldaşının ünvan 1 ünvanında yerləşən mənzildə istifadə hüququnun itirilməsinə (xitam verilməsinə) dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etməlidir. Müraciəti müsbət həll olunduğu halda üçüncü şəxslər həmin qətnamə əsasında yuxarıda istinad olunan, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılacaqlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsinə əsasən (Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması) Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: .... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2023-cü il tarixdə keçirilmiş inzibati işin şifahi məhkəmə baxışı iclasında iddiaçıya izah edilmiş və iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 2, 3.1-ci bəndlərində qeyd edilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 69, 78, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxslər X1 və X2 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar