Məhkəmə qərarları › İş №2-1(116)-2075/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2075/2023

18.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2075/2023 18.09.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarına əsasən özünə və ailə üzvlərinizə verilmiş 2.25 ha torpaq sahəsinə dair JN-421 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında mülkiyyətçilərin siyahısında düzəliş edilərək adlarının şəxsiyyət vəsiqələrinə uyğun qeyd olunmaqla torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə “öhdəliyin icrası haqqında” ərizə ilə müraciət etmişdir. Məhkəmə tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “hüquqi yardım” məktubu ünvanlanaraq iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi izah edilmişdir. İddiaçı, xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək “Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarına əsasən özünüzə və ailə üzvlərinizə verilmiş 2.25 ha torpaq sahəsinə dair JN-421 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında mülkiyyətçilərin siyahısında düzəliş edilərək adlarının şəxsiyyət vəsiqələrinə uyğun qeyd olunmaqla torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(116)-2075/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli yardım məktubu iddiaçıya ünvanlanmış və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin (bundan sonra “İPM”) 13-cü maddəsinə əsasən izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Belə ki, düzəliş edilməsi tələb edilən JN-421 saylı “Torpağa mülkiyyət hüququna dair” X1 rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarı əsasında verilmişdir. Sözügedən sənəddə yol verilmiş texniki səhvlərin hazırda aradan qaldırılması və Dövlət Aktına düzəliş edilməsi mümkün deyildir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" AzərbaycanRespublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 21 aprel 2006-cı il tarixli 100-İİİQD№-li Qanunun İİİ hissəsinin 4-cü bəndində "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilən "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın və "Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə"nin nümunələrinin çıxarılması qeyd edilmişdir. Həmin Qanunun V hissəsində "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikası Qanununda 9-cu maddədə: b) dördüncü hissənin ikinci abzasında "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının, torpağın mülkiyyətə verilməsinə və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin, habelə icarə müqavilələrinin" sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların və torpaq üzərində müddəti on bir aydan az olan icarə və istifadə hüquqlarını qanunvericiliyə uyğun olaraq təsdiq edən sənədlərin" sözləri ilə əvəz edilmişdir. Eyni zamanda Qanunun Vİİ hissəsində Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən 10-cu maddənin 5-ci bəndindən "torpaq üzərində hüquqları təsdiq edən dövlət aktlarında, şəhadətnamələrdə," sözləri, 66-cı maddədə 4-cü bənddən "Dövlət aktının, şəhadətnamənin," sözləri çıxarılmışdır. İddiaçıya izah edilmişdir ki, arzuladığı məqsədə nail olmaq üçün Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən JN-421 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının həmin Dövlət Aktında adları qeyd edilmiş İddiaçı və digərlərinə məxsus olması faktının müəyyən edilməsi tələbi ilə xüsusi icraat qaydasında torpaq sahəsinin yerləşdiyi yer üzrə ümumi rayon məhkəməsinə (Balakən rayon məhkəməsinə) müraciət edə bilər. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3№-li Qərarı:

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. 6.3. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. İddia tələbinin “JN-421 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında qeyd edilmiş torpaq sahəsinə çıxarış verilməsi tələbi” ilkin tələbdən asılı tələbdir. Yəni, sözügedən torpaq sahəsi üzərində şəxsiyyət vəsiqələrində qeyd edilmiş adlar nəzərə alınmaqla mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi üçün ilk növbədə həmin sənədin Dövlət Aktında adları qeyd edilmiş şəxslərə məxsusluğuna hüquqi qiymət verilməlidir (Dövlət Aktında düzəlişin edilməsi qeyri-mümkün olduğuna görə). Yuxarıda qeyd olunduğu kimi JN-421 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının həmin Dövlət Aktında adları qeyd edilmiş İddiaçı və digərlərinə məxsus olması faktının müəyyən edilməsi ilə bağlı qaldırılan məsələ ümumi rayon məhkəməsində müsbət həllini tapdıqdan sonra, iddiaçı, JN-421 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının həmin Dövlət Aktında qeyd edilmiş torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etməli, müraciəti təmin olunmadıqda (və ya cavabsız saxlandıqda) isə anoloji iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edilməlidir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün iddiaçıya 10 gün müddət təyin edilmişdir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi ilə bağı məhkəmənin hüquqi mövqeyinə münasibət bildiriməsi üçün iddiaçıya 10 (on) gün vaxt təyin edilmişdir. Yardım məktubu xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə qəbul edilməsinə baxmayaraq, məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməmişdir. İddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Balakən rayon AİK-nın xx.xx.1998-ci il tarixli 09 saylı qərarına əsasən özünə və ailə üzvlərinə verilmiş 2.25 ha torpaq sahəsinə dair JN-421 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında mülkiyyətçilərin siyahısında düzəliş edilərək adlarının şəxsiyyət vəsiqələrinə uyğun qeyd olunmaqla torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar