Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-208/2021 25.08.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Qəbələ rayonu, Hacallı bələdiyyəsi) “Aqrar İslahat aparılan zaman təşkil olunmuş Komissiyanın 19.01.1998-ci il tarixli 13 nömrəli qərarı ilə, həmçinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-206A saylı KOD 40604048 saylı şəhadətnaməyə əsasən digər ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş 0,33 hektar həyətyanı torpaq sahəsinə dair ona hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Qəbələ rayonu, Hacallı bələdiyyəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Aqrar İslahat aparılan zaman təşkil olunmuş Komissiyanın 19.01.1998-ci il tarixli 13 nömrəli qərarı ilə, həmçinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-206A saylı KOD 40604048 saylı şəhadətnaməyə əsasən digər ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş 0,33 hektar həyətyanı torpaq sahəsinə dair ona hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, planölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi Şəki İnzibati Məhkəməsinə 10.09.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Qəbələ rayonu, Çarxana kəndi ərazisində Aqrar İslahat aparılan zaman təşkil olunmuş Komissiyanın 19.01.1998-ci il tarixli 13 nömrəli qərarı, həmçinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-206A saylı kod 40604048 nömrəli şəhadətnaməyə əsasən digər ailə üzvləri ilə birgə iddiaçının mülkiyyətinə 0.33 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, qeyd olunan 0.33 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 22.07.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə ünvanladığı, JN-206A KOD 40604048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında Qəbələ rayonu, Çarxana kəndində yerləşən 0,33 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə baxılmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır. Təqdim olunmuş sənədlərin kadastr ekspertizası zamanı məlum olmuşdur ki, iddiaçının təqdim etdiyi JN-206A KOD 40604048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmamış və baza xəritəsində həmin ərazi 352BB olmaqla bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. Həmçinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə və qeydiyyat kitabında JN-206A KOD 40604048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair səhadətnamə”nin sahəsi 0,14 ha olmaqla yalnız X3 adına qeydiyyata alınmışdır. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli 13 saylı Qərarı ilə tərtib olunmuş torpaq payı alacaq subyektlərin adlı siyahısında yalnız X3 adı qeyd olunmuşdur. Bu səbəblərdən JN-206A KOD 40604048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında 0,33 ha torpaq sahəsinin qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh orqan məhkəməyə ünvanladığı 15.10.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı Qəbəiə rayonu Çarxana kəndində yerləşən JN-206 A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasında verilmiş 0.33 ha torpaq sahəsinin adına rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı təqdim etdiyi JN-206 A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv matriallarında mövcud deyil. Həmçinin Ərazi İdarəsinə təhvil verilmiş Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydiyyat aparılmamışdır. JN-206 A saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə sahəsi 0.14 ha olmaqla X3 adına tərtib edilmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, qeyd edilən torpq sahəsi sənəd üzrə 0.33 ha olsa da, faktiki torpaq sahəsi 0.29 ha təşkil edir. Torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarına aiddir. Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında qeyd edilən torpaq sahəsi 352 BB kimi Hacıalılı Bələdiyyəsinin mülkiyyəti kimi öz əksini tapmışdır. Torpaq sahəsinin istifadəçisi İddiaçıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Məhkəmə iclasında cavabdeh orqanın nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan JN-206A kod 40604048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Qəbələ rayon AİK-nın 19.01.1998-ci il tarixli 13 saylı qərarı ilə 0.33 ha həyətyanı torpaq sahəsi X9 və İddiaçı verilmişdir. Şəhadətnamə kitabda 2812 nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan cavabdehin etiraz məktubuna əlavə edilən siyahının təsdiq edilmiş surətindən görünür ki, siyahıda 2812-ci sırada X2 adı qeyd edilmiş, “ümumi sahə” qrafasında 0.14 ha, “şəhadətnamənin nömrəsi” qrafasında JN-206A qeyd edilmişdir. İş materiallarında olan cavabdehin etiraz məktubuna əlavə edilən JN-206A kod 40604048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Qəbələ rayon AİK-nın 19.01.1998-ci il tarixli 13 saylı qərarı ilə 0.14 ha həyətyanı torpaq sahəsi X4 verilmişdir. Şəhadətnamə kitabda 2812 nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanladığı 14.10.2020-ci tarixli məktubda qeyd edilir ki, məhkəmənin müraciəti ilə əlaqədar Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivindən həyətyanı torpaq sahələri verilmiş subyektlərin siyahısından çıxarışın surəti təqdim edilir və İddiaçı adı siyahıda aşkar edilməmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və onun tabeliyində olan "xxxx" MMC-nin arxivlərində pay torpaq sahəsi almaq hüququ olan subyektlər siyahısında müraciətdə adları qeyd olunan (X9, İddiaçı) vətəndaşların adları aşkar edilməmişdir. İş materiallarında olan Qəbələ Rayon Qeydiyyat Şöbəsinin məhkəməyə ünvanladığı 13.02.2021-ci il tarixli məktubunda qeyd edilir ki, ünvan 3əzində Qeydiyyat şöbəsinin 29.09.2017-ci il tarixli 1568 saylı akt qeydinə əsasən X9 19.09.2017-ci il tarixdə Qəbələ rayon Çarxana kəndində vəfat etmişdir. Məktuba əlavə edilən 12.02.2021-ci il tarixdə verilən 67 nömrəli sənəddən görünür ki, X5 ilə X7 arasında nikah 05.09.1967-ci ildə bağlanmış və 10 nömrəli akt qeydi tərtib edilmişdir. İş materiallarında olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı tərəfindən göstərilən naturada ölçülmüş mübahisəli torpaq sahəsi Mərkəzin elektron məlumat bazasında öz əksinin tapan Qəbələ rayonu keçmiş Ə.Bayramov adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Qəbələ rayonu Çarxana kənd inzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Hacıalılı bələdiyyəsi (352BB) mülkiyyətinə aiddir. Mübahisəli torpaq sahəsinin koordinatları sxem üzrə göstərilmişdir. Əsaslandırma hissəsi: İddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, naturada ölçülmüş mübahisəli torpaq sahəsi Mərkəzin elektron məlumat bazasında öz əksinin tapan Qəbələ rayonu keçmiş Ə.Bayramov adına təsərrüfatın ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən Qəbələ rayonu Çarxana kənd inzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Hacıalılı bələdiyyəsi (352BB) mülkiyyətinə aiddir. Həmçinin cavabdeh tərəfindən surəti təsdiq edilərək məhkəməyə təqdim edilən JN-206A nömrəli X11 və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “T.Məmmədov” və Dövlət Yerquruluşu və Layihə İnstitutunun əməkdaşı “F.Cəfərov” tərəfindən tərəfindən imza edildiyi və torpaq sahəsinin ölçüsü 0.14 ha qeyd olunduğu halda, eyni tarixli və nömrəli qərara əsasən verilən 0.33 ha torpaq sahəsinə dair tərtib edilmiş və iddiaçı tərəfindən iş materiallarına əlavə edilən JN-206A nömrəli Şəhadətnamə digər şəxs, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsinin müdiri “İ.Hacıyev” və Dövlət Yerquruluşu və Layihə İnstitutunun əməkdaşı “H.Əlisoltanov” tərəfindən imzalanmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi şəhadətnamədə tərtib olunma (hazırlanma) tarixi qeyd olunmamışdır. Həmin şəhadətnamənin nə zaman verildiyini müəyyən etmək mümkün deyil. Həmçinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin arxivindən həyətyanı torpaq sahələri verilmiş subyektlərin siyahısında İddiaçı adı siyahıda aşkar edilməmişdir. Bundan başqa cavabdeh orqanın etiraz məktubuna əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilən JN-206A saylı Şəhadətnamənin arxiv nüsxəsi Ərazi İdarəsində olan arxiv materiallarında mövcud deyil və İdarəyə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyat kitabında müvafiq qeydlər aparılmamışdır. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Qəbələ rayonu, Hacallı bələdiyyəsi) “Aqrar İslahat aparılan zaman təşkil olunmuş Komissiyanın 19.01.1998-ci il tarixli 13 nömrəli qərarı ilə, həmçinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-206A saylı KOD 40604048 saylı şəhadətnaməyə əsasən digər ailə üzvləri ilə birlikdə mülkiyyətlərinə verilmiş 0,33 hektar həyətyanı torpaq sahəsinə dair ona hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın, plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 95 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X15 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-208/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-208/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver