Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2081/2023 14.12.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı “Balakən rayonu, Gərəkli kəndində yerləşən Balakən rayonu Dövlət Notariat Kontorundan xx.xx.2005-ci ildə bağlanmış reyestr nömrəsi 4Ə-46 olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 tərəfindən İddiaçı satılmış fərdi yaşayış evi və 700 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Balakən rayonu, Gərəkli kəndində yerləşən Balakən rayonu Dövlət Notariat Kontorundan xx.xx.2005-ci ildə bağlanmış reyestr nömrəsi 4Ə-46 olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 tərəfindən İddiaçı satılmış fərdi yaşayış evi və 700 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının DƏDRX-də qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, xx.xx.1991-ci il tarixdə Balakən rayonu Gərəkli kənd keçmiş “Oktyabr” kolxozunun xx.xx.1991-ci il tarixli 2 saylı ümumi iclas protokoluna əsasən 0.07 ha torpaq sahəsi X3 verilmişdir. X4 həmin torpaq sahəsi üzərində 1993-cü ildə 1 mərtəbəli, 1 otaqlı ümumi sahəsi 25 kv.m-dən ibarət fərdi yaşayış evi inşa etmişdir. Balakən rayonu Dövlət Notariat Kontorunda xx.xx.2005-ci ildə bağlanmış reyestr nömrəsi 4Ə-46 olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 ona məxsus sözügedən fərdi yaşayış evini İddiaçı satmışdır.İddiaçı həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin adına qeydiyyata alınaraq çıxarış verilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh onun müraciətindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazda bildirmişdir ki, Balakən rayonu Dövlət Notariat Kontorundan xx.xx.2005-ci ildə bağlanmış reyestr nömrəsi 4Ə-46 olan daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 tərəfindən Balakən rayonu Gərəkli kəndində yerləşən 1993-cü ildə inşa olunmuş yalnız fərdi yaşayış evi alqı-satqı olunmuşdur.Həmin evin yerləşdiyi torpaq sahəsi ilə Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.0688 ha ölçüdə (0.07) həmin evi satmış X4 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.
2. 17.09.2016-ci il tarixli ********** reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Gərəkli kəndində yerləşən 0.1460 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
3. xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, X4 hazırkı mənzili 2800 ABŞ dollarına iddiaçıya satmışdır.
4. A seriyalı 207823 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 688.57 kv.m torpaq sahəsi X2 mülkiyyətinə verilmişdir.Sənəd 7125 nömrə ilə qeydiyyata alınmışdır.
5. 742 inventar nömrəli 2005-ci il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki pasport”un təsdiq edilmiş surətindan görünür ki, Balakən rayonu Gərəkli kəndində olan fərdi yaşayış evinin texniki göstəriciləri xx.xx.2005-ci ildə bağlanmış reyestr nömrəsi 4Ə-46 olan alğı-satqı müqaviləsinə uyğundur.
6. Ədliyyə Nazirliyinin Dövlət Notaariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, X4 hazırkı mənzili 2800 ABŞ dollarına iddiaçıya satmışdır.
7. 813 inventar nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ümumi sahəsi 700 kv.m olan torpaq sahəsi və 1993-cü ildə 1 mərtəbəli, 1 otaqlı ümumi sahəsi 25 kv.m, fərdi yaşayış evi X2 adına qeydə alınmışdır.
8. Balakən rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd İnzibati Ərazi İdarəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 180 nömrəli arayışı.
9. Balakən Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş Balakən rayon İcra Hakimiyyəti Başçısının Gərəkli kənd İnzibati Ərazi İdarəsi üzrə nümayəndəsinin 1991-2005-ci il tarixli və 2006-2015-ci il tarixi təsərrüfatbaşına kitabının təsdiq olunmuş surəti.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2023-ci il tarixli 3-21-3-47/2-4283/2023 nömrəli məktubuna əlavə edilmiş Mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin naturada ölçüləri 0.07 ha Gərəkli kənd İnzibati Ərazi hüdudlarının daxilində yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədi üçün X2 adına, qalan 0.146 ha torpaq sahəsi isə İddiaçı adına kənd təsərrüfatı təyinatlı torpaqlar kimi işlənmişdir.Həmin torpaq sahəsinin naturada istifadəçisi İddiaçıdır. Torpaq sahəsinin koordinatları, yerləşmə vəziyyəti, ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Faktiki istifadə olunan torpaq sahəsi alqı-satqı müqaviləsinə əsasən əldə olunmuş 0.07 ha (688.57) torpaq sahəsi ilə eyni ərazidir. xx.xx.2005-ci il tarixli 242977 nömrəli müqaviləyə əsasən İddiaçı satılmış 700 kv.m torpaq sahəsi X3 A seriyalı 207823 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən ayrılmış 688.57 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. Torpaq sahəsinin naturada və hüquqmüəyyənedici sənədlərdəki cizgilərə əsasən yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Əsaslandırma hissəsi:
Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı qyeri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) (2.4) zəruri sənədlər olaraq qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ünvan 1ində olan fərdi yaşayış evini X1 alğı-satqı müqaviləsi ilə almışdır. ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı satılmasına dair xx.xx.2005-ci il tarixli 242977 nömrəli alqı-satqı müqaviləsi vardır. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi üzərində yerləşən yaşayış evi onun xüsusi mülkiyyətindədir. Həmin yaşayış evinin texniki pasportunda isə iddia olunan torpaq sahəsinin ölçüsü göstərilmişdir. Mülki Məcəllənin 139-1.1.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardandır. Həmin məcəllənin 227.1-ci maddəsinə əsasən yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. İş materiallarında olan texniki pasportdan göründüyü kimi 1993-cü ildə 1 mərtəbəli, 1 otaqlı ümumi sahəsi 25 kv.m, fərdi yaşayış evi də mülkiyyətçisi iddiaçıdır. Bu isə o deməkdir ki, həmin torpaq sahəsi birdən çox mənzilə xidmət etmir. İddia olunan torpaq sahəsi üzərində yerləşən yaşayış evi iddiaçının tam xüsusi mülkiyyətində olduğundan, cavabdeh orqan həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə görə, daşinmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin tələblərinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin maddənin 2-ci bəndinin tələblərinə görə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra – dövlət reyestri) aparılır. Həmin Qanunun 11.1-ci maddəsinə görə, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 12.1-ci maddəsinə müvafiq olaraq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında qeyd edilmişdir: “1) Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. 2) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X7 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə Balakən rayonu Gərəkli kəndində yerləşən Balakən rayonu Dövlət Notariat Kontorunda xx.xx.2005-ci ildə bağlanmış (reyestr nömrəsi 4Ə-46 olan) daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən X4 tərəfindən İddiaçı satılmış fərdi yaşayış evi və 700 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə