Məhkəmə qərarları › İş №2-1(116)-2085/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2085/2024

21.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2085/2024 21.08.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Lətif oğlunun sədrliyi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 (yaşayış yeri: Mingəçevir şəhəri, Təbriz küçəsi, ev 11, mənzil 13; ixtisası: hüquqşünas, vəzifəsi: Mingəçevir şəhəri, “Konsensus” Vəkil Bürosunun vəkili), cavabdehin nümayəndəsi Nümayəndə2 (yaşayış yeri: Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 8, mənzil 79; ixtisası: hüquqşünas, vəzifəsi: Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının aparıcı mütəxəssisi) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Mingəçevir ş., Bozdağ küçəsi, döngə 9, ev 11A; ixtisası: texniki peşə təhsilli; iş yeri və vəzifəsi: Azərbaycan İES-də çilingər) cavabdeh – Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (yerləşdiyi yer: Bakı ş., Nərimanov rayonu, A.M.Cümə küçəsi 60) qarşı «iddiaçıya hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1961-ci il təvəllüdlüdür, 1978 – 1979-cu illərdə texniki peşə məktəbində peşə təhsili almış, 1980 – 1982-ci illərdə həqiqi hərbi xidmət keçmiş, 1984 – 1985-ci illərdə yenidən texniki peşə məktəbində təhsil almışdır. İddiaçı əmək fəaliyyətinə 10 sentyabr 1979-cu il tarixdən Mingəçevir Quraşdırma İdarəsində çilingər vəzifəsindən başlamış və hərbi xidmətdən sonra 5 avqust 1983-cü il tarixdən 11 noyabr 1985-ci il tarixədək yenidən həmin İdarədə fəaliyyətini davam etdirmişdir. 1 avqust 1986-cı il tarixdən 14 oktyabr 1988-ci il tarixədək Azərbaycan DRESdə (hazırkı Azərbaycan İES) Kimya sexində maşın sexinin avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli çilingər, 14 oktyabr 1988-ci il tarixdən 2 oktyabr 1989-cu il tarixədək 4-cü dərəcəli çilingər, 2 oktyabr 1989-cu il tarixdən 2 yanvar 1992-ci il tarixədək 5-ci dərəcəli təmirçi çilingər, 2 yanvar 1992-ci il tarixdən 1 iyul 1996-cı il tarixədək 6-cı dərəcəli təmirçi çilingər, 1 iyul 1996-cı il tarixdən 1 aprel 1997-ci il tarixədək 3-cü qrup usta, 1 aprel 1997-ci il tarixdən 2 fevral 1998-ci il tarixədək Xüsusi təmir sexində 3-cü dərəcəli usta, 2 fevral 1998ci il tarixdən 5 yanvar 2009-cu il tarixədək 2-ci dərəcəli usta vəzifələrində işləmişdir. 5 yanvar 2009-cu il tarixdən 5 yanvar 2010-cu il tarixədək "xxxx" MMC-nin X3 təmiri sexində 2-ci dərəcəli usta vəzifəsində çalışmış, 6 yanvar 2010-cu il tarixdə "xxxx" ASC-nin Elektrik Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir sahəsinin Kimya avadanlıqlarının təmiri sexində 9-cu dərəcəli usta vəzifəsinə, 5 oktyabr 2012-ci il tarixdə həmin İdarənin Mingəçevir təmir sahəsinin Qazan və köməkçi avadanlıqların təmiri sexinə 6-cı dərəcəli çilingər vəzifəsinə keçirilmiş, 7 dekabr 2012-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. 10 dekabr 2012-ci il tarixdən 23 fevral 2015-ci il tarixədək Azərbaycan DRES MMC-nin Mərkəzləşdirilmiş təmir sexində kimya avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli təmirçi çilingər, 23 fevral 2015-ci il tarixdən 1 iyun 2020-ci il tarixədək "xxxx" ASC-də 6-cı dərəcəli təmirçi çilingər, 1 iyun 2020-ci il tarixdən 28 fevral 2022-ci il tarixədək Azərbaycan İES MMC-nin Mərkəzi təmir sexinin köməkçi sexlərin təmiri sahəsində – kimya təsərrüfatı avadanlıqlarına xidmət və təmir edən briqadada təmirçi çilingər vəzifələrində işləmiş, 28 fevral 2022-ci il tarixdən hal-hazıradək isə kimya təsərrüfatlarına xidmət edən briqadada stansiyanın qazan-turbin sexinin ərazisində yerləşən X1 süzgəclərinin, nasos, armatura, boru kəmərlərinin, kimya sexinin reagent təsərrüfatında yerləşən turşu-qələvi nasos dozatorların, Qazan sahəsinin ocaq hissəsində ekran boruların Turbin sahəsində yerləşən kondensatorun daxili borularının turşu ilə yuyulması sexinin təmirində təmirçi çilingər vəzifəsində çalışır. İddiaçı ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan isə, həmin məsələnin həllindən imtina etmişdir. İmtina «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinadən onunla əsaslandırılmışdır ki, onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə iş stajı 1 il 2 ay 2 gün, yəni 12 il 6 aydan az təşkil edir. İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya müvafiq dövrdə işlədiyi müddət güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə iş stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54.1-ci maddəsinə görə cavabdehin razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «iddiaçıya 1 avqust 1986-cı il tarixdən 1 iyul 1996-cı il tarixədək işlədiyi çilingər, 1 iyul 1996-cı il tarixdən 5 yanvar 2009-cu il tarixədək işlədiyi usta, 10 dekabr 2012-ci il tarixdən hal-hazıradək işlədiyi çilingər vəzifələri AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən güzəştli şərtlərlə iş stajına daxil edilməklə hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki (iddia ərizəsinə əsasən), 1 avqust 1986-cı il tarixdən 1 iyul 1996-cı il tarixədək çilingər, 1 iyul 1996-cı il tarixdən 5 yanvar 2009-cu il tarixədək usta və 10 dekabr 2012-ci il tarixdən hal-hazıradək çilingər vəzifələrində işləməsi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Həmin peşələr AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda nəzərdə tutulmuşdur. Həmin vəzifələrdə işlədiyi müddətdə iş şəraitinə görə əmək haqqına əlavə məbləğ də ona ödənilmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh inzibati orqan iddiaya etiraz edir. Qurum mövqeyini belə əsaslandırır ki (iddiaya qarşı yazılı etiraza əsasən), İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş və ona qanunla tələb olunan 12 il 6 ay güzəştli iş stajını toplamadığından, əmək pensiyası təyinatının mümkün olmaması bildirilməklə 15 mart 2024-cü il tarixli məktubla cavab verilmişdir. Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Lakin iddiaçının təqdim etdiyi Azərbaycan İES MMC-nin arayışlarında onun həmin müəssisədə işlədiyi sahə və vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahə və vəzifəyə uyğunluğu barədə məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin eyni xarakterli mübahisə ilə bağlı qərarlarındakı mövqeyi üzrə də güzəştli şərtlərlə pensiya təyinatında iş yerindən alınmış arayışda peşələrin adının və sahələrin uyğunluq təşkil etməsi tələb olunur. Cavabdehin imtinası qanunauyğun olmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə etdiyini bildirdi və onun təmin olunmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq işlər üzrə qərarlarında güzəştli şərtlərlə pensiya təynatında iş yerindən alınmış arayışlarda peşələrin kodunun dəqiq göstərilməsinin tələb edildiyi vurğulanır. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 20.3-cü maddəsinə görə məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – MPM) müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. MPM-in 129.3-cü maddəsinə görə edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. «Əmək pensiyaları haqqında» Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Cavabdehin imtinası 15 mart 2024-cü il tarixə, iddia ərizəsinin məhkəməyə daxil olması 19 aprel 2024-cü il tarixə təsadüf etsə də, iş materiallarında olan poçt zərfindən görünür ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər müvafiq rabitə xidmətinə 9 aprel 2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdehin imtinasına münasibətdə iddiaçının məcburetmə haqqında iddiası ilə bağlı iddia müddəti buraxılmamış hesab edilir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Mingəçevir şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən iddiaçının yaşayış yeri Mingəçevir şəhəri, Bozdağ küçəsi, döngə 9, ev 11A-dır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatından imtinası qanuna zidd sayılmalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 1 iyul 2022-ci il tarixdən (hal-hazırda) qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 24-cü (Elektrik stansiyaları, enerji qatarları buxar və güc təsərrüfatı) bölməsinin a) yarımbəndində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri, “b” yarımbəndində isə qazanxana, turbin (qazbuxar turbini), qazan turbin tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası»nın 4.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: - (4.1.1-ci yarımbənd) 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: 1. «Sosial sığorta haqqında» Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən; 3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən; 4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən; 5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən; 6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; - (4.1.20) yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. Göründüyü kimi, qüvvədə olan qanunvericilik normaları nəzərdə tutur ki, 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik kişilər 60 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə ilk növbədə diqqətə çəkir ki, İddiaçı işlədiyi Azərbaycan İES MMC-nin verdiyi 07-30 və 07-31 nömrəli “İstehsalat fəaliyyəti haqqında”, 07-32, 07-33 və 07-34 nömrəli 13 fevral 2024-cü il tarixli “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışlarda aşağıdakılar qeyd olunmuşdur: - (07-30 nömrəli arayış) İddiaçı 10 dekabr 2012-ci il tarixdən 23 fevral 2015-ci il tarixədək Azərbaycan DRES MMC-nin Mərkəzləşdirilmiş Təmir sexində – kimya avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli təmirçi çilingər vəzifəsində işləmişdir. Mərkəzləşdirilmiş təmir sexinin kimya avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli təmirçi çilingərin vəzifə funksiyaları: Stansiyanın qazan-turbin sexinin ərazisində yerləşən blok duzlaşdırma qurğularının süzgəclərinin, nasos, armatura, boru kəmərlərinin, kimya sexinin reagent təsərrüfatında yerləşən turşu-qələvi nasos dozatorların, qazan sahəsinin ocaq hissəsində ekran boruların, turbin sahəsində yerləşən kondensatorun daxili borularının turşu ilə yuyulması sxeminin təmiri. 23 fevral 2015-ci il tarixdən 1 iyun 2020-ci il tarixədək "xxxx" ASC Azərbaycan İES MMC-nin Qazan və köməkçi avadanlıqların təmiri sexi kimya avadanlıqlarına xidmət və təmir edən briqadada X2 (BDQ) süzgəc motorlarının yüklənməsi və boşaldılmasında Stansiyanın Qazan-turbin sexinin ərazisində yerləşən BDQ süzgəclərinin, nasos armatura, boru kəmərlərinin, kimya sexinin reagent təsərrüfatında yerləşən turşu-qələvi nasos dozatorların, qazan sahəsinin ocaq hissəsində ekran boruların, turbin sahəsində yerləşən kondensatorun daxili borularının turşu ilə yuyulması sxeminin təmirində 6-cı dərəcəli təmirçi çilingər vəzifəsində işləmişdir. 1 iyun 2020-ci il tarixdən 28 fevral 2022-ci il tarixədək Azərbaycan İES MMC Mərkəzi təmir sexi Köməkçi sexlərin təmiri sahəsi kimya təsərrüfatı avadanlıqlarına xidmət və təmir edən briqadada təmirçi çilingər (ödəmə dərəcəsi-6) vəzifəsində işləmişdir. 28 fevral 2022-ci il tarixdən halhazıradək Azərbaycan İES MMC Mərkəzi təmir sexi köməkçi sexlərə xidmət edən sahə, kimya təsərrüfatı avadanlıqlarına xidmət edən briqadada Stansiyanın Qazan-turbin sexinin ərazisində yerləşən BDQ süzgəclərinin, nasos armatura, boru kəmərlərinin, kimya sexinin reagent təsərrüfatında yerləşən turşu-qələvi nasos dozatorların, qazan sahəsinin ocaq hissəsində ekran boruların, turbin sahəsində yerləşən kondensatorun daxili boruların turşu ilə yuyulması sxeminin təmirində təmirçi çilingər (ödəmə dərəcəsi-6) vəzifəsində işləyir. Göstərilən sahələr zərərli iş yerləri hesab olunur. 10 dekabr 2012-ci il tarixdən halhazıradək 20% əlavə əmək haqqı ödənilir. - (07-31 nömrəli arayış) 1961-ci il təvəllüdlü İddiaçı 1 avqust 1986-cı il tarixdən 14 oktyabr 1988-ci il tarixinədək Azərbaycan DRES-in Kimya sexində maşın sexinin avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli çilingər vəzifəsində işləmişdir. Maşın sexinin avadanlıqlarının təmiri üzrə 3-cü dərəcəli çilingərin vəzifə funksiyaları: Kimya sexinin reagent təsərrüfatının nasos qurğularının, sulfat turşusu, kaustik soda, hidrazin hidrat və ammonium hidroksid nasoslarının təmiri, Kimya sexinin kimyəvi sutəmizləmə qurğusunun nasos qurğularının, reagent şöbələrində yerləşən turşu-qələvi doza nasoslarının, drenaj nasoslarının və texniki su nasoslarının təmiri, Stansiyanın Qazan-turbin sexinin ərazisində yerləşən BDQ turşu və qələvi nasos dozatorlarının, qazanların kimyəvi yuma nasos dozatorlarının təmiri. 14 oktyabr 1988-ci il tarixindən 2 oktyabr 1989-cu il tarixinədək Kimya sexinin 4-cü dərəcəli təmirçi çilingəri, 2 oktyabr 1989-cu il tarixdən 2 yanvar 1992-ci il tarixinədək Kimya sexinin 5-ci dərəcəli təmirçi çilingəri, 2 yanvar 1992-ci il tarixdən 1 iyul 1996-cı il tarixinədək Kimya sexinin 6-cı dərəcəli təmirçi çilingəri vəzifəsində işləmişdir. Kimya sexinin təmirçi çilingərinin vəzifə funksiyaları: Kimya sexinin reagent təsərrüfatının avadanlıqlarının, sulfat turşusu və kaustik soda saxlama çənlərinin, turşu-qələvi nasoslarının, armatur və boru xətlərinin təmiri, Kimya sexinin kimyəvi sutəmizləmə qurğularının, avadanlıqlarının, ion mübadiləsi süzgəclərinin, nasosların, armatur və boru xətlərinin təmiri, süzgəclərə ionitlərin (süzgəc materiallarının) yüklənməsi boşaldılması, Stansiyanın Qazan-turbin sexinin ərazisində yerləşən BDQ süzgəclərinin, nasos, armatur və boru xətlərinin təmiri, qazan qurğularının kimyəvi yuyulma sxeminin avadanlıqlarının təmiri. 1 iyul 1996-cı il tarixindən 1 aprel 1997-ci il tarixinədək Kimya sexində 3-cü qrup usta vəzifəsində işləmişdir. 1 aprel 1997-ci il tarixindən 2 fevral 1998-ci il tarixinədək xüsusi təmir sexində 3-cü qrup usta, 2 fevral 1998-ci il tarixindən 5 yanvar 2009-cu il tarixinədək xüsusi təmir sexində 2-ci qrup usta vəzifəsində işləmişdir. Ustanın vəzifə və funksiyaları: Kimya sexinin reagent təsərrüfatının, sutəmizləmə qurğusunun və stansiyanın Qazan-turbin sexinin ərazisində yerləşən BDQ adları yuxarıda qeyd edilən avadanlıqlarının təmir işlərinin təşkili, təmir işlərinin aparılmasına rəhbərlik etmək. Göstərilən sahələr zərərli iş yerləri hesab olunur. İşlədiyi müddət ərzində 12% əlavə əmək haqqı ödənilib. - (07-32 nömrəli arayış) İddiaçı 1 avqust 1986-cı il tarixdən 1 iyul 1996-cı il tarixədək «Əmək pensiyaları haqqında» Qanuna uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (vəzifədə) – Azərbaycan İES MMC-nin Kimya sexində təmirçi çilingər işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: Zərərli sahədə təhlükəsizlik sinfi 3 – 4, səs, havanın hərarətinin, nəmlik, havanın temperaturunun yuxarı olması faktorlarına görə aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı və 6 gün əlavə məzuniyyət günü verilmişdir. - (07-33 nömrəli arayış) İddiaçı 1 iyul 1996-cı il tarixdən 5 yanvar 2009-cu il tarixədək «Əmək pensiyaları haqqında» Qanuna uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (vəzifədə) – Azərbaycan İES MMC-nin Kimya sexi, Kimyəvi avadanlıqların xüsusi təmir sahəsində usta işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: Zərərli sahədə təhlükəsizlik sinfi 3 – 4, titrəmə, səs, nəmlik, havanın hərarətinin yüksək olması faktorlarına görə aylıq məvacibinin 12%, 16% və 20% miqdarında əlavə əmək haqqı və 6 gün əlavə məzuniyyət günü verilmişdir. - (07-34 nömrəli arayış) İddiaçı 10 dekabr 2012-ci il tarixdən hal-hazıradək «Əmək pensiyaları haqqında» Qanuna uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (vəzifədə) – Azərbaycan İES MMC-nin Mərkəzi Təmir sexi – Kimya təsərrüfatı avadanlıqlarına xidmət edən briqadada təmirçi çilingər işləmişdir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: Zərərli sahədə CO2 (karbon qazı), səs-küy, titrəmə, havanın temperaturu, nisbi rütubət, əməyin ağırlığı (yeknəsəkliyi), monotonluğu, əsəb, emosional və intellektual gərginlik faktorlarına görə aylıq məvacibinin 20% miqdarında əlavə əmək haqqı və 6 gün əlavə məzuniyyət verilmişdir. Bundan başqa, İddiaçı işlədiyi "xxxx" ASC-nin və "xxxx" MMC-nin verdiyi 5 iyul 2021-ci il tarixli və 8 iyul 2021-ci il tarixli arxiv arayışlarında aşağıdakılar qeyd olunmuşdur: - (ASC-nin 5 iyul 2021-ci il tarixli arayışı) 1961-ci il təvəllüdlü İddiaçı 28 yanvar 2010-cu il tarixli 18/17-kş nömrəli əmrlə 6 yanvar 2010-cu il tarixində "xxxx" ASC-nin Elektrik Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir sahəsinin Kimya avadanlıqlarının təmiri sexinə 9-cu dərəcəli usta vəzifəsinə təyin edilib, 1 oktyabr 2012-ci il tarixli 104/17-kş nömrəli əmrlə həmin tarixdən Mingəçevir Təmir sahəsinin Köməkçi avadanlıqların təmiri sexinə 6-cı dərəcəli çilingər peşəsinə keçirilib, 115/17-kş nömrəli 30 oktyabr 2012-ci il tarixli əmrlə 5 oktyabr 2012-ci il tarixdə həmin İdarənin Mingəçevir təmir sahəsinin Qazan və köməkçi avadanlıqların təmiri sexinə 6-cı dərəcəli çilingər peşəsinə keçirilib və 7 dekabr 2012-ci il tarixli 143/17-kş nömrəli əmrlə həmin tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinə əsasən elektrik stansiyalarının buxar və güc təsərrüfatında işləyən çilingərlər (1 oktyabr 2012-ci il tarixdən 7 dekabr 2012-ci il tarixədək) xüsusi zərərli əmək şəraitində işlədiyinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün stajı – 2 ay 6 gün təşkil edir. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli 323 nömrəli sərəncamına əsasən "xxxx" ASC adlandırılmışdır. - (MMC-nin 8 iyul 2021-ci il tarixli arayışı) 1961-ci il təvəllüdlü İddiaçı 5 yanvar 2009cu il tarixli 01/-k nömrəli əmrlə həmin tarixdən "xxxx" MMC-nin X3 Təmiri və Sazlanması İdarəsinin Köməkçi avadanlıqların təmiri sexinə İİ qrup usta vəzifəsinə təyin edilmiş və 5 yanvar 2010-cu il tarixli 01/-k nömrəli əmrlə həmin tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Göstərilən peşə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahının 24-cü “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəslinə əsasən xüsusi zərərli əmək şəraitində işlədiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün stajı 1 il təşkil edir. "xxxx" MMC 21 fevral 2012-ci il tarixdən "xxxx" MMC adlandırılmışdır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı 1961-ci il təvəllüdlüdür, 25 il sığorta stajına malik 60 yaşına çatmış şəxs kimi ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onun 1 avqust 1986-cı il tarixdən 1 iyul 1996-cı il tarixədək işlədiyi çilingər, 1 iyul 1996-cı il tarixdən 5 yanvar 2009-cu il tarixədək işlədiyi usta, 10 dekabr 2012-ci il tarixdən halhazıradək işlədiyi çilingər vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olması barədə müvafiq vəzifələrin kodu göstərilməklə arayışların təqdim olunmaması ilə əsaslandırmışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə tərəflərin dəlil və sübutlarına mövcud qanunvericiliyin tələbləri baxımından qiymət verərək iddiaçının dəlillərini əsaslı sayır, cavabdehin mövqeyi ilə razılaşmır. Məhkəmə qənaətini aşağıdakılarla əsaslandırır: 1) «İnzibati icraat haqqında» Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi müəssisənin təqdim etdiyi arayışlarda onun tutduğu vəzifə üzrə işin xüsusiyyətləri tam açıqlanmışdır və həmin cəhətlər bu vəzifələrin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş müvafiq peşələrə (çilingər, usta) uyğunluğunu təsdiqləyir. Həmçinin nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan imtina əsası kimi dəlil olaraq iddiaçının təqdim etdiyi sənədlərlə işlədiyi və iddia etdiyi vəzifələrin uyğunsuzluğunu bildirsə də, iddiaçının mövqeyini təkzib edən yeni sübut toplamamış və ya təqdim olunmuş arayışın qeyri-mötəbərliyini sübut edə bilməmişdir. Arayışlar təfsilatlı olduğundan, kod dəqiqləşdirilmiş əlavə arayışın tələb olunmasını məhkəmə məqsədyonlü qiymətləndirmir. Cavabdehin digər dəlilinə (Ali Məhkəmənin analoji işlərdəki mövqeyi) gəldikdə isə, məhkəmə qeyd edir ki, hazırkı işin hallarında fərqli xüsusatlar mövcuddur. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqanın dəlilini formal mülahizələrə söykənən hal qismində qiymətləndirir və diqqətə çəkir ki, bu, «İnzibati icraat haqqında» Qanunun 15, 19, 24-cü maddələrinin tələblərinə ziddir. 2) «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə mübahisəyə sadalanan normalar baxımından da qiymət verərək vurğulayır ki, işlədiyi müəssisədən vəzifəsinin xüsusiyyətlərini əks etdirən ətraflı arayış alınması pensiya təyin olunmasını istəyən şəxsin üzərinə qanunla qoyulan vəzifə deyil və belə sənədin alınmasının mümkün olmaması birmənalı olaraq şəxsin iradəsi ilə bağlı hal kimi təqdim oluna bilməz. Odur ki, iddiaçı üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Nəzərə alınmalıdır kli, «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 64.8-ci maddəsinə görə normativ hüquqi aktda vəzifəli şəxsin öz mülahizəsindən asılı olaraq fiziki və hüquqi şəxslər üçün ümumi qaydadan istisnalar müəyyənləşdirmək imkanı nəzərdə tutula bilməz. Normativ hüquqi aktda vəzifəli şəxslərə normativ hüquqi aktla nizamlanmayan güzəştlər, habelə qadağa və məhdudiyyətlər müəyyən etmək imkanı nəzərdə tutula bilməz. 3) «Normativ hüquqi aktlar haqqında» Konstitusiya Qanununun 8-ci maddəsində normayaratma fəaliyyətinin Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı, mütənasiblik, insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipləri əsasında da həyata keçirilməsi təsbit olunmuşdur. İşin hallarından məlum olur ki, iddiaçının ayrı-ayrı vəzifələrdə işlədiyi müvafiq vəzifələrdə əmək haqqına 12%, 16% və 20% miqdarında əlavə əmək haqqı və 6 gün əlavə məzuniyyət günü verilmişdir. Qeyd olunan faktiki hal iş üzrə hüquqi dəyərləndirmənin predmetinə dolayısı ilə aid olsa da, məhkəmə iddiaçının işlədiyi müəssisədə digər sahələrdə işləmiş şəxslərdən fərqləndirilərək əlavə əmək haqqı və məzuniyyət günləri verilməsi kimi güzəştlər əldə etməsini onun işinin zərərli sfera üzrə səciyyəvi əlamət daşıması kimi nəzərə alır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanunu «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində dəyişikilik olunmuş (maddə yeni redaksiyada verilmiş) və 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmiş bu Qanunun 2-ci maddəsinin (Keçid müddəaları) 2.1-ci bəndinə nəzərdə tutulmuşdur ki, bu Qanunla «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. Lakin nəzərə alınmalıdır ki, 60 yaşı tamam olanadək İddiaçı fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən həcmdə pensiya kapitalı toplaması işin mübahisə olunmayan hallarına daxildir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanlanmış 29 iyul 2024-cü il tarixli məktubunda da iddiaçının 60 yaşı tamamlandığı tarixə qanunvericiliklə 40.800 manat tələb olunduğu halda, onun fərdi hesabının sığorta hissəsində 47.639,31 manat pensiya sığorta kapitalının qeydə alındığı bildirilmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” sahəsində işlədiyi “çilingər” və “usta” vəzifələrinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərə aid edilməməsinə əsas mövcud deyil. Belə olan halda, iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə stajı, eləcə də 25 ildən artıq ümumi iş stajı toplanmış olduğundan, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı onun xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi çilingər, xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi usta, xx.xx.2012-ci il tarixdən hal-hazıradək işlədiyi çilingər vəzifələrində stajı güzəştli şərtlərlə iş stajına daxil edilməklə hüququ yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 52, 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı onun xx.xx.1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi çilingər, xx.xx.1996-cı il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi usta, xx.xx.2012-ci il tarixdən hal-hazıradək işlədiyi çilingər vəzifələrində stajı güzəştli şərtlərlə iş stajına daxil edilməklə hüququ yarandığı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar