Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2089/2024 23.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Lətif oğlunun sədrliyi Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi İddiaçı (yaşayış yeri: Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 19, ixtisası: memar, işləməyən), cavabdehin nümayəndəsi Nümayəndə2 (yaşayış yeri: Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 17C, mənzil 54, ixtisası: hüquqşünas, vəzifəsi: Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının aparıcı mütəxəssisi) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi 19) cavabdeh – Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (yerləşdiyi yer: Bakı şəhəri, X1 küçəsi 143) qarşı «iddiaçının əmək fəaliyyəti müddəti sosial sığorta stajına daxil edilməklə ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 1960-cı il təvəllüdlüdür. Əmək fəaliyyətinə 1977-ci ilin 2 sentyabr tarixindən başlamış və 29 avqust 1978-ci il tarixədək işləmişdir. 1978-ci ilin sentyabr ayının 1-dən 1983-cü ilin iyun ayının 24-dək Azərbaycan Mühəndis İnşaat İnstitutunda ali təhsil almış, təhsilini başa vurduqdan sonra 18 iyun 1984-cü il tarixdən əmək fəaliyyətini davam etdirmiş və müəyyən fasilələrlə də olsa, 1 may 2002-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. 1 avqust 2002-ci il tarixdən 1 fevral 2003-cü il tarixədək və 2 avqust 2004-cü il tarixdən 3 fevral 2005-ci il tarixədək (ümumilikdə 1 il müddətinə) ona Ağdaş rayon Məşğulluq Mərkəzi tərəfindən işsiz statusu verilmiş və bununla əlaqədar işsizlik müavinəti ödənilmişdir. İddiaçı ona hüququnun yarandığı 63 yaşdan yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan isə, həmin məsələnin həllindən imtina etmişdir. İddiaçı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «iddiaçının əmək fəaliyyəti müddəti sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək «iddiaçıya 1 avqust 1985-ci il tarixdən 31 avqust 1985-ci il tarixədək, 1 noyabr 1986-cı il tarixdən 30 noyabr 1986-cı il tarixədək, 1 dekabr 1987-ci il tarixdən 31 dekabr 1987-ci il tarixədək, 1988 – 1990-cı illər, 1 yanvar 1991-ci il tarixdən 23 oktyabr 1991-ci il tarixədək, 5 mart 1992-ci il tarixdən 31 dekabr 1992-ci il tarixədək, 1993-cü il, 1 yanvar 1994-cü il tarixdən 31 mart 1994-cü il tarixədək, 1 sentyabr 1994-cü il tarixdən 31 oktyabr 1994-cü il tarixədək və 1995-ci il üzrə əmək fəaliyyəti müddətinin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, 2005-ci ildə əmək kitabçası itdiyindən, ona kitabçanın dublikatı verilmişdir. 18 iyun 1984-cü il tarixdən 23 oktyabr 1991-ci il tarixədək, yəni 7 il 4 ay 6 gün Ağdaş Rayon XDS İK-da iqtisadçı işləmişdir. Rayon Arxivində müvafiq vəzifəyə təyinatı barədə əmrin göstərildiyi kitab olsa da, işdən azad olunması barədə əmrin nəzərdə tutulduğu kitab mövcud deyil. Arxiv qurumu 1990 – 1991-ci illərə aid sənədlərin arxivə təhvil verilmədiyini bildirmişdir. Arxivdə tapılmayan sənədlərə görə o (iddiaçı), məsuliyyət daşımır. Ona yaşa görə əmək pensiyasının təyin olunması üçün 63 yaş (1960cı il təvəllüdlü olduğundan), müəyyən edilmişdir. 1985 – 1995-ci illər üzrə müvafiq əmək fəaliyyəti müddəti sığorta stajına daxil edilərək hüququ yarandığı vaxtdan ona əmək pensiyası təyin edilməlidir. O, pensiya təyinatı ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etsə də, cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə istinadən imtinanı mübahisələndirir. Cavabdeh iddiaya etiraz edir və mövqeyi belədir ki, iddiaçı ona yaşa görə əmək pensiyası təyinatı ilə bağlı cavabdehə müraciət etmiş, lakin həmin məsələnin həllindən onun sosial sığorta stajının və pensiya kapitalının qanunvercilikdə tələb olunan həddən az olması əsası ilə imtina olunmuşdur. Belə ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş 18 iyun 1984-cü il tarixdən 23 oktyabr 1991-ci il tarixədək, 5 mart 1992-ci il tarixdən 29 iyun 1996-cı il tarixədək olan dövlərin araşdırılması zərurəti yaranmışdır. Arxiv qurumundan alınmış məlumata görə Ağdaş XDS İK-nın 1 yanvar 1988-ci il tarixdən 5 mart 1992-ci il tarixədək və Ağdaş RİH başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin 1 yanvar 1992-ci il tarixdən 1 aprel 1994-cü il tarixədək, 1 noyabr 1994-cü il tarixdən 1 yanvar 1996-cı il tarixədək və 1 may 1996-cı il tarixdən 29 iyun 1996-cı il tarixədək olan əməkhaqqı cədvəlləri arxivə təqdim edilməmişdir. Bundan başqa, 1985-ci ildə iddiaçının adına 1 ay əmək haqqı hesablanmamışdır. Beləliklə, iddaçının qanunla nəzərdə tutulan 25 ildən az – 17 il 7 ay 2 gün sığorta stajı var və onun fərdi şəxsi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı, o cümlədən 2018-ci ilin 1 iyul tarixinədək hər hansı məbləğdə pensiya kapitalı qeydə alınmamışdır. İddia əsassızdır və təmin edilməməlidir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Cavabdehin imtinası 15 mart 2024-cü il tarixli olsa da, iş materiallarında olan poçt zərfindən görünür ki, həmin imtina məkubunun iddiaçıya çatdırılması 23 mart 2024-cü il tarixdən sonrakı dövrə təsadüf edir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırkı iş üzrə cavabdehin imtinasına münasibətdə iddiaçının məcburetmə haqqında iddiası ilə bağlı iddia müddəti buraxılmamış hesab edilir. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi, və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Ağdaş rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, İddiaçı yaşayış yeri Ağdaş şəhəri, C.Məmmədquluzadə küçəsi, ev 19-dur. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı hüququnun yarandığı 23 may 2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyinatından imtinası qanuna zidd sayılmalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.5-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə işsizlikdən sığorta ödənişinin verildiyi müddətlər daxil edilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67-ci maddəsinin 1 – 3-cü hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, qüvvədə olan qanunvericilik normaları nəzərdə tutur ki, 25 il ümumi iş stajına və ya fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, yaxud 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmış, 1 yanvar 1960-cı il tarixdən 1 iyul 1960-cı il tarixədək doğulmuş qadınlar 63 yaşına çatdıqda onların yaşa görə əmək pensiyası hüququ yaranır. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxx 1960-cı il tarixdə doğulduğunu və 25 il sığorta stajına malik olduğunu əsas gətirərək 63 yaşına çatmış qadın kimi ona yaşa görə əmək pensiyasının təyinatı ilə bağlı cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını «Əmək pensiyaları haqqında» Qanunu 7 və 22-1.1-ci maddələrinə istinadən onun yaşa görə əmək pensiyası təyin olunması üçün tələb olunan 25 il sığorta stajını toplanmaması və fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə tərəflərin dəlil və sübutlarına qanunvericiliyin tələbləri baxımından qiymət verərək iddiaçının dəlillərini əsaslı sayır, cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında şəxsin 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən baş tutmaması, habelə müəssisənin müvafiq sənədlərinin (əməkhaqqı cədvəlləri, əmrlər və s.) aşkarlanmaması, arxivə təhvil verilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiqlənməsindən asılı olmayaraq, bu hal özlüyündə müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Əmək kitabçasında qeyd olunan dövrdə iddiaçının əmək haqqı almamasına gəldikdə isə, məhkəmə vurğulayır ki, müvafiq dövrdə əmək haqqı verilməsə belə iddiaçının işdən azad olunmaması onu başqa qurumda işlə təmin olunma imkanından məhrum etmişdir və belə halda işlədiyi müddət onun sığorta stajına daxil edilməlidir. Onun müvafiq dövrdə əmək haqqı almaması işləməməsi kimi birmənalı şəkildə qəbul oluna bilməz və belə hal iddiaçının iradəsi ilə bağlı olmadığından və məsuliyyət sferasını əhatə etmədiyindən, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Əmək kitabçasının dublikat olmasına gəldikdə isə, bu institut müvafiq dövrdə mövcud olmuş inzibati praktika üzrə yolverilən hal olduğundan imtina üçün formal xarakterli dəlil kimi qiymətləndirilməlidir. Bundan başqa, İddiaçı işlədiyi və sığorta stajı kimi nəzərə alınmasını tələb etdiyi əmək fəaliyyəti 1 yanvar 2002-ci il tarixədək dövrə aid olduğundan, həmin müddətin sığorta stajı kimi hesablanması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti də qoyulmur. Məhkəmə vurğulayır ki, cavabdeh inzibati orqan iddiaçının sığorta stajına onun eyni müəssisədə (Rayon XDS, indiki RİH) işlədiyi dövrün bir hissəsini daxil edib, digər hissəsini daxil etməmişdir. Hansı ki, mübahisəli dövrdən sonra iddiaçının orada işləməsini cavabdeh təkzib etmir və bütün bu dövrlər 1 yanvar 2002-ci il tarixdən əvvəlki, yəni qanunvericiliklə iş fəaliyyətinin sığorta stajı kimi hesablanmasının məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirilmədiyi vaxta aiddir. Belə hal həm də, «İnzibati icraat haqqında» Qanunun 12-ci maddəsində təsbit olunan bərabərlik prinsipi ilə uzlaşmır. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh DSMF Sosial Ödənilərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı 1 avqust 1985-ci il tarixdən 31 avqust 1985-ci il tarixədək, 1 noyabr 1986-cı il tarixdən 30 noyabr 1986-cı il tarixədək, 1 dekabr 1987-ci il tarixdən 31 dekabr 1987-ci il tarixədək, 1988 – 1990-cı illər, 1 yanvar 1991-ci il tarixdən 23 oktyabr 1991-ci il tarixədək, 5 mart 1992-ci il tarixdən 31 dekabr 1992-ci il tarixədək, 1993-cü il, 1 yanvar 1994-cü il tarixdən 31 mart 1994-cü il tarixədək, 1 sentyabr 1994-cü il tarixdən 31 oktyabr 1994-cü il tarixədək və 1995-ci il üzrə əmək fəaliyyəti müddətinin onun sığorta stajına daxil edilməməsi üçün əsaslar mövcud deyil. Həmin staj da nəzərə alınmaqla iddiaçının sığorta stajı 25 ildən artıqdır (sözügedən dövr nəzərə alınmadan, işsizlikdən sığorta ödənişinin verildiyi müddət də daxil olmaqla mübahisələndirilməyən dövr 17 il 7 ay 2 gün təşkil edir). Həmin dövrlər də sığorta stajı kimi nəzərə alındıqda «Əmək pensiyaları haqqında» Qanunun 27 və 29-cu maddələrinin tələblərinə müvafiq pensiya kapitalının hesablanması və indeksləşdirilməsi məsələsinə baxılmasına zərurət yaranmır, çünki, sözügedən illər staja daxil edildikdə pensiya kapitalının tələb olunan məbləğdən az olması işin mübahisələndirilməyən halıdır. Bununla da «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə görə onun 23 may 2023-cü il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Nəzərə alınmalıdır ki, iddiaçı xx xxx 1960-cı il tarixdə doğulmuşdur. Belə olan halda, iddiaçının 25 ildən artıq sığorta stajı toplanmış olduğundan, «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə əsasən 63 yaşdan, yəni 23 may 2023-cü il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 1 avqust 1985-ci il tarixdən 31 avqust 1985-ci il tarixədək, 1 noyabr 1986- cı il tarixdən 30 noyabr 1986-cı il tarixədək, 1 dekabr 1987-ci il tarixdən 31 dekabr 1987-ci il tarixədək, 1988 – 1990-cı illər, 1 yanvar 1991-ci il tarixdən 23 oktyabr 1991-ci il tarixədək, 5 mart 1992-ci il tarixdən 31 dekabr 1992-ci il tarixədək, 1993-cü il, 1 yanvar 1994-cü il tarixdən 31 mart 1994-cü il tarixədək, 1 sentyabr 1994-cü il tarixdən 31 oktyabr 1994-cü il tarixədək və 1995-ci il üzrə əmək fəaliyyəti müddətinin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan (23 may 2023-cü il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 52, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı 1 avqust 1985-ci il tarixdən 31 avqust 1985-ci il tarixədək, 1 noyabr 1986-cı il tarixdən 30 noyabr 1986-cı il tarixədək, 1 dekabr 1987-ci il tarixdən 31 dekabr 1987-ci il tarixədək, 1988 – 1990-cı illər, 1 yanvar 1991-ci il tarixdən 23 oktyabr 1991-ci il tarixədək, 5 mart 1992-ci il tarixdən 31 dekabr 1992-ci il tarixədək, 1993-cü il, 1 yanvar 1994-cü il tarixdən 31 mart 1994-cü il tarixədək, 1 sentyabr 1994-cü il tarixdən 31 oktyabr 1994-cü il tarixədək və 1995-ci il üzrə əmək fəaliyyəti müddətinin sosial sığorta stajına daxil edilərək hüququnun yarandığı vaxtdan (23 may 2023-cü il tarixdən) yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2-1(116)-2089/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2089/2024
23.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver