Məhkəmə qərarları › İş №2-1(116)-209/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-209/2021

01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-209/2021 01.04.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin xx.xx.2017-ci il tarixli 0517 saylı “hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən işdən azad edilməsi barədə əmrinin ləğvi, işə bərpa edilməsi” tələbi barədə işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin xx.xx.2017-ci il tarixli 0517 saylı “hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “e” bəndinə əsasən işdən azad edilməsi barədə əmrinin ləğvi, işə bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 707, 702, 161 və sonuncu olaraq xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək N saylı hərbi hissədə xidmət etmişdir. O, xx.xx.2017-ci il tarixdə Müdafiə Nazirliyinin 0517 saylı əmrinə əsasən “hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən işdən azad edilmişdir. İddiaçı əmrin ləğv edilərək yenidən işə bərpa edilməsi üçün cavabdeh orqana ərizə ilə müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olan 11/513 nömrəli məktubunda etirazını belə əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0517 nömrəli əmrilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” (xidməti uyğunsuzluğa görə) bəndi ilə ehtiyata buraxılmış və iddiaçı barədə təqdimat səlahiyyəti olan vəzifəli şəxlər tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaya təqdim edilmiş və müvafiq əmrə əsasən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuşdur, ehtiyata buraxılmağı ilə əlaqədar müəyyən edilmiş çıxış müavinəti almışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0517 nömrəli əmri ilə tanış olmuşdur və əmri icra etmişdir. Belə olan halda iddiaçı həmin dövrdə barəsində qəbul edilmiş qərarlardan narazı qaldığına görə şikayət instansiyalarına müraciət etmək hüququndan istifadə edə bilərdi və bunun üçün bütün imkanlara malik olmuşdur. Lakin, iddiaçı bunu etməmiş, 2 (iki) ildən çox vaxt keçdikdən sonra barəsində qəbul edilmiş qərarı mübahisələndirir. Bununla da o, qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüş, lakin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən qənaətə gəlinir ki, iddiaçının barəsində qəbul edilmiş qərarlardan məlumatlı olması, həmin qərarların ona elan edilməsi mübahisə doğurmayan haldır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3-cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. Belə ki, hüquqi mübahisənin bütün mərhələsində (iddia məhkəməyə daxil olduqda, məhkəmə baxışının vaxtı təyin edildikdə, məhkəmə baxışına hazırlıq aparıldıqda, məhkəmə qərarına apellyasiya və ya kassasiya şikayətinə əsasən yenidən baxdıqda) məhkəmə daim işin faktiki hallarını nəzərdən keçirməli, iddianın mümkünlüyünü yoxlamalıdır. İddianın əsaslığının araşdırılması üçün əsas şərt iddianın mümkün olmasıdır. Yəni məhkəmənin iddianın mahiyyəti üzrə qərar qəbul edə bilməsi üçün mümkünlük şərtləri mövcud olmalıdır. Çünki, Azərbaycan Respublikasının “İnzibati-Prosessual Məcəlləsinin” kommentariyasında (müəlliflər Səyyad Kərimov, Günəş Vəliyevə) İddia müddəti haqda 38-ci maddənin şərhində iddia müddətinə əməl olunması bəndində (səh. 149) göstərilmişdir ki, “həm mübahisələndirmə, həm də məcburetmə haqqında iddia növündə 30 günlük müddət ərzində iddia ərizəsinin məhkəməyə təqdim olunması iddia müddətinə əməl olunma kimi qiymətləndirilir. İddiaçı iddia ərizəsini məhkəməyə deyil, inzibati icraatda və ya şikayət instansiyasında inzibati işə baxmış inzibati orqana təqdim edilə bilər. Ərizənin 30 gün ərzində müvafiq inzibati orqana təqdim edilməsi də, iddia müddətinə riayət olunduğu hal kimi qiymətləndirilməlidir”. Beləliklə hesab edirik ki, məhkəmə iddianı mümkün saymamalıdır. Belə ki, xx.xx.2017-ci ildə olan münasibətlərə dair mübahisə 2 il sonra qaldırılmışdır. Bu cür mübahisələrə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin münasibəti də eynidir. Misal üçün: İddiaçı H.Heydərovun Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi” tələbinə dair iddiası üzrə Azərbaycan Respublikasını Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19.06.14 tarixli qərarını (hakimlər sədrlik edən Kəmaləddin Bədəlov, İlqar Dadaşov, Azər Hüseynov) ilə iddia müddətinin ötürülməsi səbəbindən iddia mümkün sayılmamışdır. Belə ki, iddiaçı H.Heydərov xx.xx.2011-ci il tarixli inzibati aktı xx.xx.2013-cü il tarixdə mübahisələndirmişdir. Məhkəmə iclasında iddiaçı mübahisələndirdiyi inzibati aktdan onun elan olunduğu xx.xx.2017-ci ildən məlumatının olduğunu bildirərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk növbədə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsinin xahiş edirəm hissəsində əmrin nömrəsini 063 qeyd etsə də, onun ehtiyata buraxılmasına dair əmrin nömrəsi 0517dir. 063 iddiaçının axırıncı xidmət etdiyi hərbi hissənin nömrəsidir. İddiaçı əmrin tarixini düz qeyd etmiş, onun tələbi də ərizəsindən və iş materiallarında olan sənədlərdən tam aydın olur. Odur ki, qeyd olunan hissədə məhkəmə hesab edir ki, bu adi texniki səhvdir və ifrat formallığa vararaq tələbdə düzəliş edilməsinə ehtiyac yoxdur. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar kı, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri İlkin şərt onun zəruri olmasıdır. İddianın əsaslığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-huquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcüdluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçının iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən, aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Hazırkı halda iddiaçının mübahisələndirdiyi akt barəsində məhkəməyə şikayət verilməmiş inzibati aktdır. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən inzibati akt 2017-ci il N iyul tarixində qəbul edilmiş və bu barədə iddiaçının ******* nömrəli hərbi biletində 5-ci səhifədə qeyd aparılmışdır. Həmçinin iddiaçı məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə xidmət etdiyi hərbi hissədə qərar ona elan olunmuş, hərbi biletində müvafiq qeydlər aparılmış və hərbi uçota durması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq şöbəsinə göndərilmişdir. Lakin iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində inzibati aktı mübahisələndirməmiş, inzibati akt qəbul edildikdən 2 (iki) ildən artıq müddət keçdikdən sonra iddia ərizəsini poçt vasitəsilə məhkəməyə göndərməklə (ərizə dəftərxanaya xx.xx.2020-ci il tarixdə daxil olmuşdur) müddəti ötürmüş, həmin aktı mübahisələndirmə imkanını itirmişdir. “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə görə hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Həmin Əsasnamənin 165-ci maddəsinə görə ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) buraxılması əmri və ya ondan çıxarış Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının, Silahlı Qüvvələr növlərinin, korpusların (diviziyaların) müvafiq qurumları tərəfindən korpuslara (diviziyalara), bilavasitə tabelikdə olan hərbi bölmə və hissələrə buraxılan hərbi qulluqçuya elan olunmaq və haqq-hesabı aparmaq üçün göndərilir. Həmin Əsasnamənin 166-cı maddəsinə görə hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılma günü həmin şəxslərin hərbi hissə üzrə əmrlə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hesab edilir (bu Əsasnamənin 20-ci maddəsi). Hərbi hissənin yerləşdiyi yerin dəyişdirilməsi hərbi qulluqçunun həqiqi hərbi xidmətdən vaxtından əvvəl buraxılmasına, habelə onların başqa hərbi hissəyə köçürülməsinə əsas ola bilməz. Məhkəmə qeyd edir ki, göstərilən normalardan görünür ki, qanunvericilikdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə onların ehtiyata buraxılması barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, hərbi qulluqçulara ehtiyata buraxılma barədə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur. Belə olan halda, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əmrdən həmin əmr ona elan olunduğu tarixdən 30 gün şikayət vermək hüququ olmuşdur. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-17N/2020 saylı xx.xx.2020-ci il tarixli qərarında da sərgilənmişdir. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan olunmuş, əmrdən onun xəbəri olmuş, onun hərbi biletində müvafiq qeydlər aparılmışdır. İddiaçı qeyd olunan əmrdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq şikayət instansiyasına şikauyət etmədiyi üçün ona münasibətdə İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulan iddia müddətinin axımı dayanmamışdır. Onun tələbinin “işə bərpa edilməsi” hissəsi də tələbinin birinci hissəsi mümkün sayılmadığı üçün və tələbin birinci hissəsindən asılı olduğu üçün mümkün sayılmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin xx.xx.2017-ci il tarixli 0517 saylı “hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən işdən azad edilməsi barədə əmrinin ləğvi, işə bərpa edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar