Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-209/2025 24.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “yaşa görə əmək pensiyasının təyin edilməsi ödənilməsi öhdəliynin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, ona xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, 1982-1993-cü illərdə Zaqatala rayonu “Nizami” adına kolxozda işlədiyi, həmçinin 18 yaşınadək əlilliyi müəyyən edilmiş övladına qulluq etdiyi xx.xx.2005-xx.xx.2015-ci il və xx.xx.2019-cu ildən sonrakı dövr nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı hesab edir ki, onun kolxozda işlədiyi müddət 9 il 10 ay, 6 gün və oğluna qulluq etdiyi müddət 15 il 6 ay 22 gün olmaqla ümumi sosial sığorta stajı 25 ildən artıqdır. Odur ki, cavabdeh orqanın imtina cavabı ilə razılaşmayaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının ümumi stajının 25 ildən az olması ilə əsaslandırmış, qeyd etmişdir ki, Zaqatala rayonu “Nizami” adına kolxozun 1982-1987-ci illərə və 1988-1993-cü illərə aid əmr kitablarında vətəndaşın adı “Xuzeymat” olduğu halda “Xozeymat” olaraq qeyd edilmişdir. Həmçinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemində olan məlumatlara əsasən İddiaçı sığorta stajı xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək övladı X1 qulluq etdiyi müddət nəzərə alınmaqla 4 il 26 gün təşkil edir. İddiaçıya xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 122 saylı arayışı, DSMF PHŞ-nin SÖTMF-nın məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubları, XX ЖГ 359804 saylı doğum haqqında şəhadətnamə, xx.xx.2015-ci il tarixli Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin əlilliyin təyin edilməsi barədə qərarı, TSEK müayinələrinə dair aktlardan çıxarışlar (055843, 019138, 027519). Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan şifahi məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 8.2-ci maddə. Əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 67-ci maddəsinə əsasən iş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti. “Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:... 21.2.4. (əvvəlki redaksiyaya əsasən) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” xx.xx.1992-ci il tarixli 284 nömrəli Qanunun (13.06 2008-ci il tarixli 648-İİİQD nömrəli Qanunla edilmiş əlavə və dəyişikliklərlə) (xx.xx.2018-ci il tarixli 1153-VQ nömrəli Qanunla ləğv edilmişdir) 2-ci maddəsinə əsasən, əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir. Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq - orqanizmin ümumi inkişafının pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır. Hazırda qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” xx.xx.2018- ci il tarixli 1153-VQ nömrəli Qanunun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs dedikdə, müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs nəzərdə tutulur. İş materiallarından göründüyü kimi, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Həmin tarixdə qadınlar üçün pensiya yaşı 63 il 6 ay olmuşdur (1 iyul 2023 - 30 iyun 2024). İddiaçı isə həmin yaş həddinin 5 il azaldılması ilə tələb olunan 58 yaş 6 aya (iddiaçı xx.xx.1964-cü ildə doğulub) xx.xx.2023-cü il tarixdə çatmışdır. xx.xx.2011-ci il tarixdə qəbul edilmiş və xx.xx.2017-ci ilədək qüvvədə olmuş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.2-ci bəndinə əsasən sosial sığorta stajına Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər də daxil edilir. Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlər yalnız şəxs sığortaolunan (xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs) olduqda nəzərə alınır. Qeyd olunan norma onu nəzərdə tutur ki, Qanunun 21.2-ci maddəsində nəzərdə tutulan müddətlərin nəzərə alınması üçün iddiaçı məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmuş olmalıdır. Yəni, heç bir əmək fəaliyyəti olmayan şəxslərə münasibətdə həmin norma tətbiq edilmir. İddiaçı, 1982-1993-cü illərdə Zaqatala rayonu “Nizami” adına kolxozda işləmişdir. 1985, 1987-1993-cü illərdə minimum əmək normasını yerinə yetirmiş, 1982-1984 və 1986cı illərdə minimum adam günü normasından az işləmişdir. Bütövlükdə iddiaçının kolxozda işlədiyi müddətin cəmi 9 il, 9 ay, 28 günə bərabərdir. Zaqatala rayonu “Nizami” adına kolxozun əmr kitablarında iddiaçının adında olan uyğunsuzluğa (adının “Xozeymat” qeyd edilməsi ilə bağlı) münasibətdə məhkəmə qeyd edir ki, bu hal yalnız adın orfoqrafik baxımdan düzgün yazılmaması ilə əlaqədardır. Yəni, mövcd uyğunsuzluq iddiaçının adının qarşısında icra edilmiş qeydlərin hər hansı başqa şəxsə aid olması kimi yox, məhz adın düzgün yazılış qaydalarına riayət olunmaması kimi qiymətləndirilməlidir. Digər tərəfdən “Xuzeymat” adı kifayət qədər nadir olub, əsasən lokal ərazilərdə rast gəlinən adlardan sayılır. Bu səbəbdən, adın fərqli formada yazılması onun nadirliyi, müvafiq qeydləri icra edən şəxsin yazı vərdişləri və ya həmin şəxsin adın düzgün yazılış qaydasını bilməməsi ilə izah edilə bilər. Buna görə də, məhkəmə hesab edir ki, adın tərkibində bir hərfin düzgün yazılmaması iddiaçının ziyanına şərh olunmamalı və bütövlükdə onun kolxozda qazandığı sosial sığorta stajının mötəbərliyini şübhə altına almamalıdır. xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduğundan və iddiaçının məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olması (9 il, 9 ay, 28) iş materialları ilə sübut olunduğundan, iddiaçı, xeyrinə sığorta fəaliyyəti həyata keçirilən şəxs hesab edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının övladı xx.xx.1997-ci ildə doğulmuşdur və “anadangəlmə daun sindromlu, kəskin dərəcəli əqli gerilik” xəstəliyindən əziyyət çəkir. İddiaçının övladının 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi işdə olan TSEK müayinə aktları ilə sübut olunur. xx.xx.2015-ci il tarixdən isə iddiaçının övladına müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh orqan - iddiaçının övladı X1 qulluq etdiyi xx.xx.2005-xx.xx.2007, xx.xx.2007-xx.xx.2009, xx.xx.2009-xx.xx.2011, xx.xx.2011-xx.xx.2015 və xx.xx.2019xx.xx.2023-cü illəri mübahisəsiz sosial sığorta stajı kimi qəbul edir. İddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etməsi işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh orqan məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçının xx.xx.2005-xx.xx.2023-cü illər üzrə mübahisəsiz sosial sığorta stajı 15 ildir. Bununla yanaşı, Kənan Aslanlı 18 yaşına çatdıqdan sonra, yəni xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixinədək olan dövrdə notarial qaydada təsdiq olunmuş qulluq edən və qulluq olunan barədə ərizə təqdim edilmədiyindən həmin müddət sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixdən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etdiyi tarixədək müddət 4 il, 5 ay, 27 günə bərabərdir. Eyni zamanda, cavabdeh orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda xx.xx.2005-ci ildən xx.xx.2015-ci ilədək olan dövrlərin onun sığorta stajına aid edildiyi və sosial sığorta stajı kimi qəbul edildiyi qeyd olunmuşdur. Həmin müddətlər toplandıqda (9 il, 9 ay, 28 gün + 10 il, 10 ay, 22 gün + 4 il, 5 ay, 27 gün) iddiaçının 25 ildən artıq sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. Odur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-209/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-209/2025
24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver