Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2090/2024 02.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil oğunun, cavabdehin nümayəndəsi Şirinov Maarif Mİkayıl oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Oğuz rayon Baş Daşağıl bələdiyyəsinə qarşı “ünvan 1ində yerləşən, ona məxsus fındıq bağının yerləşdiyi 0,6252 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Oğuz rayon Baş Daşağıl bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ünvan 1i ünvanda yerləşən, ona məxsus fındıq bağının yerləşdiyi 0,50 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “ünvan 1ində yerləşən, ona məxsus fındıq bağının yerləşdiyi 0,6252 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçının mülkiyyətində ünvan 1i ərazisində 0,19 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi var. Qeyd torpaq sahəsi ona Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərarına əsasən verilmişdir. Həmin torpaq sahəsinə onun adına 27 fevral 2008-ci il tarixli A032142 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. 19 ha torpaq sahəsi və həmin torpaq sahəsinə bitişik ərazidə yerləşən torpaq sahəsi 30 ildən çox müddətdir onun istifadəsindədir. Həmin torpaq sahəsində fındıq və digər ağaclar əkərək qulluq etmişdir. Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinin mülkiyyətində olan həmin torpaq sahəsinin ona uzunmüddətli icarəyə verilməsi barədə qərar qəbul edilməsini Oğuz rayon Baş Daşağıl Bələdiyyəsindən xahiş etmiş, müraciətinə xx.xx.2015-ci il tarixli 14 nömrəli məktubda həmin torpaq sahəsindən istifadə etməyinə icazə verilmişdir. Bundan sonra o, həmin torpaq sahəsinin ona icarəyə verilməsi üçün yenidən Oğuz rayon Baş Daşağıl Bələdiyyəsinə müraciət etmiş, müraciətinə Baş Daşağıl Bələdiyyəsinin verdiyi xx.xx.2016-cı il tarixli 57 nömrəli məktubda həmin torpaq sahəsinin örüş sahəsi olduğuna görə ərizəsinə müsbət cavab verilməsinin mümkün olmadığı qeyd edilmişdir. Qeyd edilən torpağın ona icarəyə verilməsi barədə növbəti ərizəsinə 12 oktyabr 2023-cü il tarixli 41 nömrəli məktubla imtina cavabı verilmişdir. Həmin məktubda torpağın təyinatının məlum olmadığı bildirilir. Əlavə olaraq bildirilmişdir ki, Oğuz rayon Məşğulluq Mərkəzi ilə xx.xx.2019-cu il tarixdə intensiv meyvə bağı salınması məqsədi ilə müqavilə imzalamışdır. Məşğulluq mərkəzi tərəfindən ona ağac tingləri, gübrə və digər vasitələrlə yardım edilmişdir. İddiaçının müraciəti əsasında Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi müvafiq araşdırma aparmış və rəy vermişdir. Rəydə onun istifadəsində 0,7610 ha torpaq olduğu, həmin torpağın 0,1358 ha hissəsinin ona məxsus plan- ölçü sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü qeyd edilir. Həmin mütəxəssis rəyində son dərəcə təzadlı və anlaşılmaz nəticələr göstərilmişdir. Belə ki, onun mülkiyyətinə verilmiş torpaq sahəsi də daxil olmaqla həmin 0,7610 ha torpaq sahəsinin TEKUİS-ə əsasən kateqoriyasının yaşayış məntəqəsi torpaqları, uqodiyasının çoxillik əkmələr olan (perspektiv inkişaf) Baş Daşağıl Bələdiyyəsinin mülkiyyətinə aid ərazi olduğu qeyd edilir. Rəydə həmçinin mülkiyyətinə verilmiş 0,19 ha torpağın 0,0542 ha hissəsinin ümumiyyətlə onun istifadəsində olmadığı göstərilir. Göründüyü kimi onun həmin torpaq sahəsində əmlakı vardır. O, İ qrup gözdən əlildir. Uzun illər ailəsiylə birlikdə zəhmət çəkərək ağac əkmiş və həmin ağaclara qulluq edərək xeyli vəsait xərcləmişdir. Əkdiyi ağaclar bar verən ağaclardır. Bələdiyyə isə heç bir xəbərdarlıq etmədən onun bağının kənarlarını traktorla dağıtmışdır. Nəticədə ona xeyli ziyan dəymişdir. Bələdiyyə tərəfindən guya onun həmin torpağı zəbt etdiyi barədə Oğuz Rayon Polis Şöbəsinə şikayət ünvanlanmışdır. Oğuz Rayon Polis Şöbəsinin 29 fevral 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra o iddia ərizəsi ilə Oğuz Rayon Məhkəməsinə müraciət etmişdir. Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(054)-307/2024 nömrəli qərardadı ilə ona inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd edilənlərə əsasən o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavadeh orqan iddia tələbinə münasibətində aşağıdakıları qeyd etmişdir: - İddiaçı Baş Daşağıl bələdiyyəsinə aid uqodiyası yaşayış məntəqələri kateqoriyalı torpaqlarından 0,6252 ha torpaq sahəsini qanunsuz olaraq bağlamışdır. Ona dəfələrlə həmin torpağın qırağını aç deməsinə baxmayaraq oranı açmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi idarəsinin Oğuz rayonu üzrə məsləhətçi müfəttişi X3 və onun yanında bir nəfər nümayəndə, Baş Daşağıl kənd İcra Nümayəndəsi Məmmədov Tapdıq, bələdiyyənin sədri Şirinov Maarif polis sahə müvəkkili Quliyev Qurban və kənd camaatının iştirakı ilə həmin sahənin qırağı açılmışdır. Hal-hazırda həmin sahənin qırağını M.Akif bağlayaraq bələdiyyə torpağını zəbt etmişdir. Baş Daşağıl bələdiyyəsi bu barədə Oğuz rayon İcra Hakimiyyətinə, Oğuz rayon Prokurorluğuna, Oğuz rayon Polis şöbəsinə məlumat vermişdir. Prokurorluq işi polis şöbəsinə vermiş, ancaq onlardan heç bir cavab almamışlar. İddiaçı həmin yerə heç bir sənəd almayaraq məşğulluq mərkəzi ilə müqavilə bağlamış, guya orada fındıq bağı salır. Məşğulluqdan bağ salmaq üçün “ting və gübrə” almışdır. O, 2019-cu ildə orada bağ salıbdırsa, o bağ haradadır. 4 ildə bağ nə boyda olar və əlbətdə bu bağ 8 metrdən simmetrik olmalıdır. Lazımdırsa bir aqronom göndərin gəlib orda bağ olub olmadığını yoxlayaraq məlumat versin. Bu işi razılıqla biz də edə bilərik. Həmin torpaqda o, və yeznəsi ot biçirdilər və onların arasında mübahisə düşdü. bu zaman biz onların hər birinə xx.xx.2015-ci il tarixdə ot biçmək üçün arayış vermişik. bundan savayı biz onlara heç bir sənəd verməmişik. Biçənək üçün torpaq sahəsi mart ayında verilir, iyun ayında açılır, kəndin mal qarasını otlamaq üçün M.Akif həmin yeri açmayıb, kəndə gələn əhalinin içməli su xəttini 5-6 yerdən deşərək oranı suvarır və orada öz mal-qarasını otarır. Siyahıda olan kənd sakinləri içməli suların kəsilməsi barədə dəfələrlə bələdiyyəyə müraciyyət etmişlər. Mallarının şəklini göndəririk. Şəklə baxanda aydın görünür ki, həmin ərazidə heç bir bağ sahəsi mövcud deyil. Sizə əlavə məlumat veririk ki, Baş Daşağıl kəndində 3 Şəhid ailəsi və 6 müharibə veteranı var və onların həyətyani torpaq almaları barədə ərizələri Baş Daşağıl bələdiyyəsindədir. Bələdiyyə 17 mart 2024-cü il tarixli 03 saylı iclas protokolunda yer olmadığı üçün onların hər birinə 0.06 ha həyətyani torpaq sahəsi verilməsi barədə qərar çıxartmışdır. Həmin zəbt edilmiş torpağı şəhid və müharibə veteranlarına verilməsi qərarda göstərməklə onlara verilməsini nəzərdə tutulmuşdur. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu, iddia olunan torpaq sahəsinin yerləşmə vəziyyətinə dair yerquruluşu planları. Əsaslandırma hissəsi: İddiaçının nail olmadığı hüquqi nəticəyə uyğun olaraq cavabdeh tərəfindən qəbul edilməsi tələb edilən qərar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi anlamında inzibati akt hesab olunduğundan hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Lakin, iddia əsassızdır. İş materiallarından göründüyü kimi hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ünvan 1ində yerləşən, 0,6252 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə cavabdeh tərəfindən müvafiq inzibati aktın qəbul edilməsinə nail olmaqdır. Məhkəmə qeyd edir ki, bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin icarəyə verilməsi məsələsinə sahəvi qanunvericilik aktı olan “Torpaq icarəsi haqqında” Qanunun müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Sözügedən Qanunun preambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların icarəyə verilməsinin və icarə münasibətlərinin hüquqi əsaslarını müəyyən edir. “Torpaq icarəsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Həmin Qanunun 6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan aşağıdakı torpaqlar icarəyə verilə bilər: ehtiyat fondu torpaqları; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar. Ümumi istifadədə olan torpaqların icarəyə verilməsi bələdiyyə torpaqları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, faktiki naturada istifadə olunan torpaq sahəsi 0,7610 hektardır. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı faktiki istifadəsində olan 0,7610 torpaq sahəsinin 0,1358 ha hissəsi İddiaçı adına tərtib edilmiş **********0018 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilmiş 0,19 hektar torpaq sahəsi ilə ilə üst-üstə düşür. Qalan 0,6252 ha hissəsi Oğuz rayonu Baş Daşağıl kənd ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə (DVG) əsasən Baş Daşağıl kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr olan (perspektiv inkişaf) Baş Daşağıl bələdiyyəsinin mülkiyyətinə aid ərazidir. Sözügedən 0,7610 ha torpaq sahəsi X1 X2 (TEKUİS) əsasən Baş Daşağıl kənd İnzibati Ərazi Dairəsinin sərhədləri daxilində, kateqoriyası yaşayış məntəqələri torpaqları, uqodiyası çoxillik əkmələr olan (perspektiv inkişaf) Baş Daşağıl bələdiyyəsinin mülkiyyətinə aid ərazidir “Torpaq icarəsi haqqında” Qanunun 10-cu maddəsinin tələbinə görə bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər (28 oktyabr 2008-ci il tarixli 709-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə əlavə edilmiş ikinci cümlə). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür. Qanunvericilikdə bələdiyyə torpaqlarına münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində bağlanması barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmişdir (12 dekabr 2008-ci il tarixdən qüvvəyə minmişdir). Torpaq icarə müqaviləsinin uzadılmasına münasibətdə isə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir. Göründüyü kimi torpaq sahəsinin icarə müqaviləsinin bağlanmasının iki fərqli qaydası müəyyən edilmişdir. Belə ki, istinad olunan Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası məqsədilə icarəyə verilən torpaq sahələrindən başqa qalan bütün torpaq sahələrinin icarəyə verilməsi açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə həyata keçirilir. Hazırkı işdə isə iddia olunan torpaq sahəsi ilə bağlı tərəflər arasında torpaq icarə münasibətləri olmamışdır (iddia olunan torpaq sahəsi istinad olunan Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə iddiaçının icarəsinə verilməmişdir). Həmin torpaq sahəsindən iddiaçının faktiki istifadəsi zəbtetmə ilə əlaqədardır. Odur ki, sözügedən torpaq sahəsinə münasibətdə açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən torpaq sahəsinin birbaşa icarəyə verilməsi barədə qərarın qəbul edilməsi qanunvericiliyin tələbinə ziddir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Oğuz rayon Baş Daşağıl bələdiyyəsinə qarşı “ünvan 1ində yerləşən, ona məxsus fındıq bağının yerləşdiyi 0,6252 ha torpaq sahəsinin ona uzunmüddətli (49 il müddətinə) icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev