Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2096/2023 28.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsindəki 14 saylı evin 6 saylı mənzili üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsindəki 14 saylı evin 6 saylı mənzilinə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, məhkəmə iclasında iddia tələbini dəqiqləşdirərək, “Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsindəki 14 saylı evin 6 saylı mənzili üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı Azərbaycan DRES MMC-də qaynaqçı işləmişdir. Elə buna görə də Azərbaycan DRES MMC tərəfindən 30 sentyabr 1996-cı ildə Mingəçevir şəhərinin A.Şaiq küçəsində yerləşən 5 saylı evin 19 saylı xidməti mənzili iddiaçıya və ailə üzvlərinin istifadəsinə verilmişdir. Daha sonra Azərbaycan DRES Həmkarlar İttifaqı Komitəsinin 07 iyul 2000-ci il tarixli, 07-02/4 saylı qərarı ilə Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 5, mənzil 19-un sakini iddiaçının və ailə üzvlərinin, eləcə də Mingəçevir şəhəri, C.Əliyev küçəsindəki 14 saylı evin 6 saylı mənzilinin sakini A.Ağayev və onun ailə üzvlərinin razılığı ilə mənzillərin dəyişdirilməsi qərara alınmışdır. Bundan sonra 27 oktyabr 2000-ci ildə Mingəçevir DRES 2 saylı MİS-nin rəisi Şərifov B.P ilə iddiaçı arasında xidməti mənzilə dair kirayə müqaviləsi imzalanmış və Mingəçevir şəhərinin C.Əliyev küçəsində yerləşən 14 saylı evin 6 saylı mənzili iddiaçının və ailə üzvlərinin istifadəsinə verilmişdir. Bunun da əsasında Mingəçevir şəhər İcra Hakimiyyətinin 10 fevral 2010-cu il tarixli, 006902 nömrəli orderinə əsasən Mingəçevir şəhərinin C.Əliyev küçəsində yerləşən 14 saylı evin 6 saylı mənzili iddiaçının adına verilmişdir. Bundan sonra iddiaçı Mingəçevir şəhərinin C.Əliyev küçəsində yerləşən 14 saylı evin 6 saylı mənzili üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsinə dair ərizə ilə cavabdehə müraciət etmiş, Lakin cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçı Mingəçevir şəhəri, C.Əliyev küçəsində yerləşən 14 nömrəli evin 6 nömrəli mənzilinə dair çıxarışın və texniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. "Daşınmaz əmlakın döviət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11 maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edilir. Ərizəyə əlavə edilən orderin surətindən göründüyü kimi, həmin order iddiaçıya xx.xx.2010-cu il tarixində Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 19 nömrəli sərəncamı əsasında verilmişdir. xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi isə nəzərdə tutulmamışdır. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı ailə üzvləri ilə birlikdə 2000-ci il may ayından indiyədək Mingəçevir şəhəri C.Əliyev küçəsi 14 saylı binanın 6 saylı mənzilində yaşayırlar. - xx.xx.2000-ci il tarixli kirayə müqaviləsindən görünür ki, İddiaçı ailə üzvləri X1, X9 və X3r. - Stansiya müdriyyəti və Azərbaycan DRES Həmkarlar İttifaqı Komitəsinin Birgə xx.xx.2000-ci il tarixli 07-02/n nömrəli qərarından çıxarışdan görünür ki, A.Şaiq küçəsi 5 saylı evin 19-cu 5 otaqlı mənzilinin sakini İddiaçı və onun ailə üzvlərinin, eləcə də C.Əliyev küçəsi 14 saylı evin 6-cı 2 otaqlı mənzilinin sakini A.Ağayev və onun ailə üzvlərinin razılığı ilə xidməti mənzil hüquqlarını saxlamaqla qarşılıqlı razılaşma yolu ilə mənzilləri dəyişdirilmişdir. - Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 5-3/2- 710/2023 nömrəli məktubundan görünür ki, Mingəçevir şəhəri Cəmil Əliyev küçəsindəki 14 nömrəli evin 6 nömrəli mənzili Mingəçevir şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Kombinatının balansındadır, 10 fevral 2000-ci il tarixdə verilmiş orderlə vətəndaş İddiaçı istifadəsindədir. Xidməti deyil. Həmin məktuba əlavə olunmuş Mənzil-Kommunal Təsərrüfatı Kombinatının Mingəçevir şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2023-cü il tarixli 170 nömrəli məktubundan görünür ki, C.Əliyev 14 mənzil 6 xidməti mənzil deyil. Mənzil İddiaçı adınadır. 10 fevral 2000-ci ildə 006902 №li order almışdır. Dövlət mənzil fonduna aiddir. - X8, X5 və X2 Şəki İnzibati Məhkəməsinə ünvanlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, adları qeyd edilən şəxslər ünvan 3 ünvanında yerləşən 6 nömrəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə və ona mülkiyyət hüququnun verilməsinə razı olduqlarını bildirmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 3. Mənzil fondunun özəlləşdirilməsinin prinsipləri aşağıdakılardır: mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Belə ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur. Qanunun yuxarıda göstərilmiş 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvləri bu hüquqdan istifadə edə bilmələri üçün əlavə olaraq özəlləşdirilmə üçün müraciət edilən anda həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşamalıdırlar. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda həm kirayəçinin, həm də kirayəçi ilə birlikdə özəlləşdiriləcək mənzildə faktiki olaraq yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Stansiya müdriyyəti və Azərbaycan DRES Həmkarlar İttifaqı Komitəsinin Birgə xx.xx.2000-ci il tarixli 07-02/n nömrəli qərarı əsasında hazırda mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması tələb edilən mənzil iddiaçının və ailə üzlərinin xidməti mənzil olaraq istifadələrinə verilmiş, xx.xx.2000-ci il tarixdə kirayə müqaviləsi bağlanmışdır. Kirayə müqaviləsində iddiaçının ailə üzvləri olaraq X1, X9 və X6 qeyd edilmişlər. Sözügedən şəxslər 2000-ci il may ayından indiyədək Mingəçevir şəhəri C.Əliyev küçəsi 14 saylı binanın 6 saylı mənzilində yaşayırlar və mənzilin iddiaçının adına özəlləşdirilməsinə razılıqlarını ifadə etmişlər. Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli 5-3/2-710/2023 nömrəli məktubu ilə müəyyən edilir ki, Mingəçevir şəhəri Cəmil Əliyev küçəsindəki 14 nömrəli evin 6 nömrəli mənzili Mingəçevir şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Kombinatının balansındadır, 10 fevral 2000-ci il tarixdə verilmiş orderlə vətəndaş İddiaçı istifadəsindədir. Xidməti deyil. Qanunverici, mənzilin özəlləşdirilməsinin həyata keçirilməsi üçün konkret olaraq müəyyən etmişdir ki, şəxs yaşadığı mənzili özəlləşdirmək barədə ərizəsinə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsini, mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) və mənzil sahəsinin orderini əlavə etməlidir. Bundan sonra DƏDRX-in müvafiq Ərazi İdarəsi mənzilin vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirərək vətəndaşın mənzilə mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirir. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarətdir ki, sözügedən mənzilə dair təqdim edilmiş order Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli, 19 nömrəli sərəncamı əsasında verilmişdir. xx.xx.2009-cu il tarixində qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsində yaşayış mənzilinə order verilməsi isə nəzərdə tutulmamışdır. Məhkəmə cavabdeh orqanın həmin dəlilini əsassız hesab edir. Belə ki, sözügedən mənzil üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün xx.xx.2000-ci il tarixli mənzil kirayə müqaviləsinin mövcudluğu və iddiaçı ilə birlikdə yaşayan ailə üzvlərinin razılıqlarının mövcudluğu yetərlidir. İş materialları ilə müəyyən olunur ki, artıq sözügedən mənzil xidməti mənzil statusunda deyildir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu barədə” 30 oktyabr 2000-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit olunan hüquqdur və onun yaranması bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqəlidir. Mənzillərin əvəzsiz olaraq özəlləşdirilməsinin mümkünlüyünü qanunda təsbit etməklə yanaşı, dövlət vətəndaşlara həmin hüququn həyata keçirilməsi üçün şərait yaratmalı və müəyyən əmlakın onların xüsusi mülkiyyətinə verilməsi zamanı Konstitusiyada nəzərdə tutulmuş prinsiplərin qorunmasını təmin etməlidir. Burada xüsusi önəm həm mülkiyyət hüququnun konstitusion təminatlarına, həm də Qanunda istifadə olunan hüquqi vasitələr və konstitusiya əhəmiyyətli dəyərlər arasında olan mütənasiblik prinsipi əsasında müvafiq münasibətlərin bütün iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə verilməlidir. Buna müvafiq olaraq qanunverici “ARMFÖH” ARQ-nin 3-cü maddəsində digər prinsiplərlə yanaşı, həmçinin yaşadıqları mənzillərin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması və özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət prinsiplərini təsbit etmişdir. Qanunun göstərilən birinci prinsipdən irəli gələn başlıca məqsədi - yaşayış sahəsinə müstəqil şəkildə sahib olmaq, istifadə etmək, sərəncam vermək və daşınmaz əmlak bazarında iştirak etmək imkanının təqdim edilməsi vasitəsilə vətəndaşların mənzil ehtiyaclarının və mənzil fondunun istifadəsinin və qorunmasının daha səmərəli şəkildə təmin edilməsi kimi qəbul edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3-cü maddəsinə əsasən, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Mingəçevir şəhərinin Cəmil Əliyev küçəsindəki 14 saylı evin 6 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev
Məhkəmə qərarları › İş №2-1(116)-2096/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2096/2023
28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver