Məhkəmə qərarları › İş №2-1(116)-21/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-21/2021

02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-21/2021 02.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı X5rşı "məcburi dövlət sosial sığorta haqqı üzrə silinməmiş qalan 1318.88 manat olan borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı ASC-nin xx.xx.2006-cı il tarixədək 9027,68 manat məcburi dövlət sosial sığorta haqqı borcu yaranmışdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində 4179,57 manat əsas borc üzrə, maliyyə sanksiyası, o cümlədən penya və inzibati cərimələr üzrə 896,15 manat borcu yaranmışdır. İddiaçı 14103.40 manat məbləğində əsas məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ümidsiz borc hesab edilməsi və həmin məbləğin İddiaçı” ASC-nin şəxsi hesab vərəqəsindən silinməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli məktubla bundan imtina etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək "məcburi dövlət sosial sığorta haqqı üzrə silinməmiş qalan 1318.88 manat olan borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması " barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin iclasında ərizə icraata qəbul olunmuşdur. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, “X6 ” ASC (VÖEN **********,) tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə təqdim etdiyi məcburi dövlət sosial sığorta üzrə sonuncu B1 hesabatına əsasən cəmiyyətin xx.xx.2018-ci il tarixə 14103,40 manat borcu yaranmışdır. Həmçinin cəmiyyət tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə təqdim edilmiş 1 DSMF və B1 hesabatlarına və eyni zamanda elektron variantda təqdim edilmiş hesabatlara əsasən cəmiyyətin xx.xx.2006-ci il tarixə məcburi dövlət sosial sığorta üzrə 9027,68 manat, eləcə də xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə 4179,57 manat, əsas borc üzrə maliyyə sanksiyası o cümlədən peniya və inzibati cərimələr üzrə 896,15 manat olmaqla borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Ağdaş Su X4 Səmdar Cəmiyyətinə aid şöbədə saxlanılan sənədlər qovluğunda 1DSMF və B1 hesabatlarında eləcədə elektron hesabatlarda məcburi dövlət sosial sığortası üzrə xx.xx.2006-cı il tarixə cəmiyyətin DSMF Ağdaş rayon şöbəsinə 9027.68 manat borcu yaranmışdır. xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində 4179.57 manat əsas borc üzrə, maliyyə sanksiyası o cümlədən penya və inzibati cərimələr üzrə 896.15 manat olmaqla ümumilikdə 5075.72 manat borcu yaranmışdır. Su X4 Səmdar Cəmiyyəti tərəfindən şöbəyə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sonuncu B1 hesabatına əsasən DSMF Ağdaş rayon şöbəsinə xx.xx.2018-ci il tarixə borcu 14103.40 manat təşkil edir. (əsas borc üzrə 13207.25 manat, maliyyə sanksiyası, o cümlədən peniya və inzibati cərimələr üzrə 896.15 manat) İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Araşdırma zamanı məlum olmuşdur ki, Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun elektron məlumat bazasında olan məlumatlara əsasən “X6” ASC-nin (VÖEN:**********; SUN: **********0) 2018-ci ilin 1 oktyabr tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 13207 manat 25 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 896 manat 15 qəpik, ümumilikdə 14103 manat 40 qəpik borcu yaranmışdır. Həmçinin “X6” ASC-nin 2006-ci il 1 yanvar tarixinə məcburi dövlət sosial sığorta haqqı üzrə 9027 manat 68 qəpik borcu yaranmışdır. Eləcə də sığortaedənin 2006-cı il 1 yanvar tarixdən 2018-ci il 1 oktyabr tarixinədək olan dövr ərzində məcburi dövlət sosial sığorta haqqı üzrə 4179 manat 57 qəpik, maliyyə sanksiyası (o cümlədən penya) üzrə 896 manat 15 qəpik, ümumilikdə 5075 manat 72 qəpik borcu yaranmışdır. Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Azərbaycan Respublikasının Vergilər Nazirliyinə 2019-cu il 11 oktyabr tarixli **********6 nömrəli cavab məktubuna əlavə olunmuş cədvəldə qeyd olunan borc sığortaedənin “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən sığortaedənin 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə silinməli olan borcları barədə məlumatı əks etdirir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Nazirliyin “X1 Sistemi”ndə olan məlumatlara əsasən sığortaedən “X6” ASC-nin 2018-ci il 1 oktyabr tarixinə 0111 (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) fəaliyyət növünə görə 13207 manat 25 qəpik məcburi dövlət sosial sığorta haqqı üzrə, 896 manat 15 qəpik maliyyə sanksiyası (o cümlədən penya) üzrə, ümumilikdə 14103 manat 40 qəpik borcu yaranmışdır. “X6” ASC-nin 2006-cı il 1 yanvar tarixinə 9027 manat 68 qəpik məcburi dövlət sosial sığorta haqqı üzrə borcu yaranmışdır. Qeyd edilən dövrdən sonra həmin borcdan 1260 manat məcburi dövlət sosial sığorta haqqı sığortaedən tərəfindən ödənilmiş, 6750 manat 20 qəpik məcburi dövlət sosial sığorta haqqı Fondun Ağdaş rayon şöbəsi tərəfindən sığortaedənin şəxsi hesabından azaldılmışdır. Beləliklə də 2006-cı il 1 yanvar tarixinə yaranmış borc məbləğinin 1017 manat 48 qəpik ödənilməmiş hissəsi qalmışdır. Fondun Azərbaycan Respublikasının Vergilər Nazirliyinə 2019-cu il 11 oktyabr tarixli **********6 nömrəli cavab məktubuna əlavə olunmuş cədvəldə proqram təminatında “X6” ASC-nin x xxxxxx 2009-cu il tarixinə yaranmış 7708 manat 80 qəpik məcburi dövlət sosial sığorta haqqı üzrə borcu mexaniki səhv olaraq "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə silinməli olan borc məbləği kimi əks etdirilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia qismən əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2019-cu il tarixli Plenum Qərarında qeyd edilmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlər sosial təminat hüququnun predmetini təşkil etməklə, tərəflərin iradələrinin sərbəstliyinə və bərabərliyinə deyil, digər ümumi (publik) hüquq münasibətləri kimi bir tərəfin digərinə tabeliyinə, münasibətlərin məcburiliyinə, tənzimlənmənin imperativliyinə əsaslanır. Bu sahədə qanunverici “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət sosial sığortasının məcburiliyi prinsipini qəbul etmiş, sığortaedənin üzərinə uçota durmaqla, dövlət sosial sığorta haqqını ödəməklə, sığortaçıya müvafiq hesabatları, arayışları təqdim etməklə bağlı vəzifələr qoymuş, qarşı tərəfin (məcburi dövlət sosial sığortası sahəsində dövlət idarəetməsini həyata keçirən orqanın) isə bununla bağlı səlahiyyətlərini dəqiq şəkildə müəyyən etmişdir. O da qeyd olunmalıdır ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə dövlət vergi orqanlarının səlahiyyətləri Vergi Məcəlləsində göstərilmişdir. Beləliklə, məcburi dövlət sosial sığorta münasibətləri mahiyyət etibarilə ümumi (publik) hüquq münasibətləridir. Bu isə Mülki Məcəllənin 2.5-ci maddəsinin tələbləri baxımından, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrin inzibati məhkəmələr tərəfindən həmin Məcəllənin müddəalarına əsaslanmaqla həllini istisna edir. Göründüyü kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə Mülki Məcəllənin müddəaları tətbiq edilmədiyini qərarında qeyd etmişdir başqa sözlə, mövcud qanunvericiliyə əsasən məcburi dövlət sosial sığorta haqları ilə bağlı borcların alınması hər-hansı müddətlə məhdudlaşmır. Vergi Məcəlləsinin 85.5-1.-ci maddəsinə görə bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 73.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, sığortaedən “X6” ASC-nin 2018ci il 1 oktyabr tarixinə 0111 (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (büdcədən maliyyələşən təşkilatlar istisna olmaqla) fəaliyyət növünə görə 13207 manat 25 qəpik məcburi dövlət sosial sığorta haqqı üzrə, 896 manat 15 qəpik maliyyə sanksiyası (o cümlədən penya) üzrə, ümumilikdə 14103 manat 40 qəpik borcu yaranmışdır. “X6” ASC-nin 2006-cı il 1 yanvar tarixinə 9027 manat 68 qəpik məcburi dövlət sosial sığorta haqqı üzrə borcu yaranmışdır. Qeyd edilən dövrdən sonra həmin borcdan 1260 manat məcburi dövlət sosial sığorta haqqı sığortaedən tərəfindən ödənilmiş, 6750 manat 20 qəpik məcburi dövlət sosial sığorta haqqı Fondun Ağdaş rayon şöbəsi tərəfindən sığortaedənin şəxsi hesabından azaldılmışdır. Beləliklə də 2006-cı il 1 yanvar tarixinə yaranmış borc məbləğinin 1017 manat 48 qəpik ödənilməmiş hissəsi qalmışdır. İddiaçının 2006-cı il 1 yanvar tarixinə 9027 manat 68 qəpik məcburi dövlət sosial sığorta haqqı üzrə borcundan ödədiyi 1260 manat və azaldılmış 6750 manat 20 qəpik çıxıldıqda onun 2006-cı il 1 yanvar tarixinə 1017 manat 48 qəpik borcunun qaldığı aydın olur. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının həmin tarixə qədər olan 1017 manat 48 qəpik borcu silinməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı X7 üzərinə İddiaçı ASC-nin “2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə silinməmiş 1017 manat 48 qəpik borcunun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin olunmur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar