Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-21/2022 29.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “cavabdehin xx.xx.2020-ci il tarixli **********73 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki rayonu Turan qəsəbəsində iddiaçının fərdi yaşayış evi yerləşən 0,09 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********73 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki rayonu Turan qəsəbəsində yerləşən yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin əsaslarına görə, iddiaçı Şəki rayonu Turan qəsəbəsində yaşayır. Azərbaycanda islahatlar gedən zaman ona da “Turan” taxılçılıq sovxozu X7 Komissiyasının 24 fevral 2000-ci il tarixli 22 saylı protokol qərarı ilə Şəki rayonu Turan qəsəbəsinin ərazisində yaşayış evi əmlak payı kimi verilmişdir. Həmin yaşayış evində uzun illərdir iddiaçı və ailəsi yaşayır. Lakin həmin vaxtı savadsızlığı və maddi imkanının aşağı olması səbəbindən həmin yaşayış evinə mülkiyyət hüquqlarını qeydiyyata aldıra bilməmişdir. İddiaçı cavabdehə müraciət edərək fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli **********73 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim olunmuş sənədlərə əsasən aparılan araşdırma zamanı qeydiyyata alınması istənilən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin tam təqdim olunmadığı müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, ərazi idarəsinin mütəxəssisi tərəfindən fərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə müayinə baxış keçirilərkən İddiaçı istifadəsində olan torpaq sahəsinin bir hisssində qonşu tərəfindən yaşayış otağının inşa edildiyi, həmçinin həmin inşa olunmuş yaşayış otağının və yerləşdiyi torpaq sahəsinin mübahisəli olduğu məlum olmuşdur. Cavabdeh xx.xx.2021-ci il tarixli **********70 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, vətəndaşın ərazi idarəsinə müraciəti zamanı ərizəyə 1939-cu ildə inşa edilmiş yaşayış evinin 100% ona düşməsi barədə Şəki rayonu X3 24 fevral 2000-ci il tarixli, 22 saylı qərarı əlavə edilsə də, torpaq sahəsinin qanuni istifadədə olması barədə sənəd təqdim edilmədiyindən, qeydiyyat üçün tələb olunan sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələblərinə uyğun təqdim edilmədiyindən, həmçinin faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsində qonşu tərəfindən yaşayış otağı inşa edildilməklə mübahisə olduğu müəyyən edildiyindən vətəndaşın ərizəsinin icrasından imtina olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, sözügedən torpaq sahəsi ilə bağlı mübahisə olduğundan torpaq sahəsində ölçü işlərinin aparılması mümkün olmamışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-21/2022 nömrəli qərardadı ilə Şəki rayonu Turan bələdiyyəsi iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. İş üzrə üçüncü şəxs Turan bələdiyyəsinə ünvanlanmış məhkəmə sənədləri poçt xidməti tərəfindən “imtina edilib” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizə təqdim edərək “cavabdehin xx.xx.2020-ci il tarixli **********73 nömrəli imtinasının qanunsuz hesab edilməsi və Şəki rayonu Turan qəsəbəsində fərdi yaşayış evi yerləşən 0,09 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İş materiallarında olan: “Turan” taxılçılıq sovxozu X7 Komissiyasının xx.xx.2000-ci il tarixli 22 saylı protokolundan çıxarışda qeyd olunur ki, əmlak payçısı İddiaçı düşən əmlak payı 1939-cu ildə inşa edilmiş balans dəyəri 5006,6 manat olan yaşayış evinin 100% ona düşdüyü təsdiq edilsin və özəlləşdirilməsinə razılıq verilsin. 06 nömrəli təsərrüfatbaşına kitabının X6 filialı tərəfindən təsdiq olunmuş surətindən görünür ki, 1986-1990-cu illərdə X2 ailə başçısı olmaqla onun təsərrüfatında İddiaçı qeydiyyatda olmuşdur. Sənəddə İddiaçı adının üzərindən xətt çəkilmiş və “ərizəsinə əsasən ailə tərkibindən çıxarılmışdır” qeyd aparılmışdır. X6 filialının xx.xx.2021-ci il tarixli 62 nömrəli məktubuna əlavə olunmuş: 02 nömrəli təsərrüfatbaşına kitabda 2001-2005-ci illərə dair qeydlərdən görünür ki, İddiaçı ailə başçısı olmaqla onun təsərrüfatında arvadı, iki qızı və iki oğlu qeydiyyatdadır. Kitabda cəmi torpaq sahəsi 0,07 ha (hektarın yüzdə biri ilə 0,01 dəqiqliklə - 7,51) olaraq göstərilmişdir. 02 nömrəli təsərrüfatbaşına kitabda 2006-2010-cu illərə dair qeydlərdən görünür ki, İddiaçı ailə başçısı olmaqla onun təsərrüfatında arvadı, iki qızı və iki oğlu qeydiyyatdadır. Kitabda həyətyanı torpaq sahəsi 0,07 ha olaraq göstərilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********87 nömrəli məktubunda qeyd olunur ki, qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. Şəki ŞİH başçısının “Turan” qəsəbə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 209 nömrəli arayışından qeyd olunur ki, Nümayəndəliyin 02 saylı təsərrüfat kitabının 121 saylı şəxsi hesabına əsasən iddiaçının 0,08 ha həyətyanı torpaq sahəsi vardır. Şəki rayon Turan qəsəbə bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 39 nömrəli məktubunda qeyd olunmuşdur ki, Turan qəsəbə sakini İddiaçı və X1 fərdi yaşayış evlərinə baxıldı və aşağıda qeyd olunan göstəriciləri müəyyən edildi: İddiaçı fərdi yaşayış evi: - Həyətyanı sahə 0,747 ha - Həmin həyətyanı sahədə köhnə ev 3 otaq, hər biri 20 kv.m - Həmin həyətyanı sahədə yeni tikilən ev 3 otaq, hər biri 15 kv.m, mətbəx 9 kv.m - Həmin həyətyanı sahədə tövlə 12 kv.m - Həyətyanı sahə hər tərəfi hasarlanıb. X1 fərdi yaşayış evi: - Həyətyanı sahə 0,935 ha - Həmin həyətyanı sahədə ev 3 otaq, 1 mətbəx, 1 zaldan ibarətdir. 1-ci otaq 26,88 kv.m, 2-ci otaq 18,40 kv.m, 3-cü otaq 18,40 kv.m, zal 56 kv.m, mətbəx 20 kv.m - Həmin həyətyanı sahədə hamam, tövlə, əl damı hamısı birlikdə 85 kv.m - Həyətyanı sahə hər tərəfi hasarlanıb Yuxarıda göstərilən şəxslərin digər qonşularla mübahisəsi yoxdur. Şəki ŞİH başçısının “Turan” qəsəbə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 23 nömrəli, Şəki ŞİH xx.xx.2022-ci il tarixli 2/809 nömrəli məktublarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin təznzimlənməsi haqqında’’ Azərbaycan Respublikası Prezdentinin 2022ci il 7 aprel tarixli 1656 nömrəli Fərmanının 1-ci bəndinin 1.1-ci yarımbəndi ilə yerləşdikləri inzibati ərazidə baş vermiş təbii fəlakət nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinə münasibətdə yeni yaşayış evlərinin təqdim edildiyi şəxslərin siyahısının və tikinti lahiyəsinin memarlıq-planlaşdırma bölməsinin surətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim etmək yerli icra hakimiyyəti orqanlarına, 2-ci bəndinin 2.1-ci yarımbəndi ilə bu qəbildən olan şəxslərin müraciətləri əsasında yaşayış sahələri, habelə yaşayış evlərinin həyətyanı torpaq sahələri üzərində onların mülkiyyət hüquqlarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını təmin etmək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Hazırda Fərmanın icrası ilə bağlı yerli icra hakimiyyəti orqanları və İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq işlərin həyata keçirildiyinin nəzərə alınması xahiş olunur. Cavabdehin xx.xx.2022-ci il tarixli **********48 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 735 kv.m olub döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqəsi torpaqları kateqoriyasına aid, uqodiyası əkin olmaqla fərdi yaşayış evlərinin tikilməsi üçün nəzərdə tutulmuş bələdiyyə mülkiyyətində olan ərazidir. Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısına əsasən, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. Məhkəmə tərəfindən aparılan araşdırma, eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlər və mütəxəssis rəyindən də göründüyü kimi iddia tələbində qeyd edilən torpaq sahəsindən iddiaçının faktiki istifadəsində olan 735 kv.m torpaq sahəsinə dair iddiaçının hüquqlarını təsdiq edən sənədlər mövcuddur. Belə ki, təsərrüfatbaşına kitabdan çıxarışa əsasən iddiaçının, cəmi 0,07 ha (hektarın yüzdə biri ilə 0,01 dəqiqliklə - 7,51), xüsusi mülkiyyətdə istifadədə (sahiblikdə) 0,0744 ha torpaq sahəsi vardır. Turan bələdiyyəsi iddiaçının istifadəsində 0,0747 ha torpaq sahəsinin olduğunu müəyyən etmiş, iş üzrə xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən isə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 735 kv.m (0,0735 ha) olduğu müəyyən edilmişdir. Odur ki, işin faktiki hallarına hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçının tələbinin qismən təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə münasibətdə əsassız olmuşdur, iddianın həmin hissədə təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin iddiaçının tələbini təmin edilməsindən tam imtinası qanunvericiliyə zidd olmaqla və iddiaçının hüquqlarını pozmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. Şəki rayonu Turan qəsəbəsində İddiaçı fərdi yaşayış evi yerləşən 0,0735 ha (735 kv.m) torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq iddiaçının adına çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə
Məhkəmə qərarları › İş №2-1(116)-21/2022
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-21/2022
29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver