Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-210/2021 02.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********500900 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərarının ləğv edilməsi” barədə tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, “11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********500900 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2020-ci il tarixində məhkəməyə daxil olmuş və İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən həmin tarixdən icraata qəbul edlmiş sayılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsi “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixə 6498,04 manat məbləğində borcu olduğunu göstərmişdir. Həmin borcun 10 gün müddətində ödənilməsi barədə guya borclu “xxxx” MMC MMC-yə xəbərdarlıq məktubu, bildirişlər, tələbnamələr göndərməsinə baxmayaraq borclu tərəfindən vergi, faiz və maliyyə sanksiyasının ödənilmədiyi qeyd edilmişdir. 11 saylı Ərazi Vergilər Baş İdarəsi xx xxxxxx 2019-cu il tarixli **********500900 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərar qəbul edərək “xxxx” MMC tərəfindən əsas vergi üzrə 4778,43 manat, maliyyə sanksiyası üzrə 300 manat, faiz üzrə 1419,61 manat olmaqla, ümumilikdə 6498,04 manat məbləğində borcun tutulması qərara alınmışdır. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi xx.xx.2019-cu il tarixli **********500900 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərarın məhkəmədə mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülmüş və müddətin bərpası üçün məhkəməyə hər hansı müraciət edilməmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, hazırkı mübahisələndirilən qərarın qəbul edilməsinə səbəb vergi ödəyicisinin vergi öhdəliklərini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi olmuşdur. Belə ki, vergi ödəyicisində kameral vergi yoxlamaları keçirilmiş və həmin yoxlamaların nəticəsinə dair qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərarla vergi ödəyicisinə ümumilikdə 5508,85 manat məbləğində vergilər hesablanmışdır. Sözügedən qərar, xx.xx.2019-cu il tarixli **********155300 nömrəli borc bildirişi və hazırda mübahisələndirilən qərar vergi ödəyicisinə elektron formada və poçt xidməti vasitəsi ilə göndərilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, "xxxx” MMC-nin icra orqanının rəhbəri X1r və həmin müəssisənin və rəhbəri olduğu dövlət büdcəsinə borcu olan digər müəssisələrlə bilrikdə həmin şəxsin ölkədən getmək hüququnun müvəqəti məhdudlaşdırılması ilə bağlı vergi orqanı tərəfindən məhkəməyə müraciət olunmuş və bununla bağlı məhkəmə qərarları mövcuddur. Həmin məhkəmə qərarlarından da göründüyü kimi vergi ödəyicisi ona hesablanmış vergilərdən xəbərdar olmuş, hüquqi şəxsin nümayəndəsi məhkəmə proseslərində iştirak etmiş və məhkəmə prosesində verdiyi ifadənsində " xxxx" MMC-yə münasibətdə yaranmış borclarını 2018-ci ilin sonunadək ödəyəcəyini bildirmişdir. Bundan sonrada borc məbləği ödənmədiyi üçün həmin məbləğin dövlət büdcəsinə tutulması məqsədi ilə növbəti prosedur olaraq vergi orqanı təfindən xx.xx.2019-cu il tarixli **********500900 nömrəli “Tələbin icraya yönəldilməsi haqqında” Qərar qəbul edilərək icra olunması üçün Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci maddəsinə əsasən İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Mübahisələndirilən qərarlarda vergi ödəyicisinin narazılığı olduğu təqdirdə onların təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə, 3 ay müddətində isə yuxarı vergi orqanına şikayət etmək hüququ olduğu göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70.2-ci maddəsinə görə vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. Həmin Məcəllənin 70.2-1-ci maddəsinə görə sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Hazırkı mübahisələndirilən qərarın vergi ödəyicisinə rəsmi olaraq təqdim edilməsi barədə tərəfimizdən aidiyyəti üzrə sorğu edilmiş və “xxxx” MMC-nin X7 filialının xx.xx.2020-ci il tarixli məktubu ilə sözügedən qərarın rəsmi poçt vasitəsi ilə xx.xx.2020-ci il tarixdə vergi ödəyicisinə təqdim edildiyi məlum olmuşdur. Qeyd olunanlara baxmayaraq, iddiaçı 30 gündən çox müddət keçdikdən sonra yəni mübahisələndirilən qərar onun elektron qutusuna göndərildikdən 8 ay sonra məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı xx.xx.2020-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edərkən iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Həmçinin Məhkəmənin nəzərinə çatdırırıq ki, ilkin inzibati akt olan xx.xx.2019-cu il tarixli **********597100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar vergi ödəyicisi tərəfindən hazırkı vaxtadək mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verib, iddianın mümkün hesab edilməməsini xahiş etdi. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarında olan xxxx MMC-nin X7 Filialının xx.xx.2020-ci il tarixli məktubunun təsdiqlənmiş surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən “xxxx” MMC-yə ünvanlanmış SS640915405AZ saylı məktub xx.xx.2020-ci il tarixdə X3 qəbul edilmiş xx.xx.2020-ci il tarixdə ünvançıya çatdırılmışdır. İş materiallarında olan Cavabdeh xx.xx.2019-cu il tarixli qərarından görünür ki, “xxxx” MMC tərəfindən əsas vergi üzrə 4778,43 manat, maliyyə sanksiyası üzrə 300,00 manat, faiz üzrə 1419,61 manat olmaqla ümumilikdə 6498,04 manat məbləğində borc qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarının xx.xx.2019-cu il tarixdə icraya yönəlməsi barədə qərar verilmişdir. Azərbaycan Respublikası İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: - 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); - 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. İddiaçı tərəfindən qərar xx.xx.2020-ci il tarixində alınmış, onun məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün həmin tarixdən 30 gün vaxtı olmuş, lakin iddiaçı həmin müddətdə məhkəməyə müraciət etməmişdir. Sadalananlardan göründüyü kimi iddiaçının qərar barədə kifayət qədər məlumatı olmuş, həmin qərarı mübahisələndirmək üçün yetərli həcmdə vaxtı olmuşdur. İPM-nin 38-ci maddəsinin tələbinə əsasən iddiaçı məhkəməyə müraciət etməli olduğu 30 gün müddətində cavabdeh orqanın qərarından yuxarı orqana inzibati şikayət verdiyi halda, ona münasibətdə İPM-nin 38-ci maddəsi ilə müəyyən olunmuş 30 günlük müddətin axımı dayana bilərdi ki, iddiaçı həmin müddət ərzində deyil, yəni xx.xx.2020-ci il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmənin son tarixindən 7 ay sonra inzibati şikayət vermişdir. Həmçinin iddiaçıya qərarda inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti barədə məlumat verilmişdir. Azərbaycan Respublikası İPM-nin: - 24.1-ci maddəsinə əsaəsn, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. Bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmiş, təqdim edilmiş olsa belə yuxarıda qeyd olunan faktiki hallara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən istinad edilən ərizənin verilməsi əhəmiyyətsiz olardı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Bundan başqa məhkəmə qeyd edir ki, mübahisələndirilən qərar xx.xx.2019-cu il tarixli **********597100 nömrəli qərar əsasında verildiyindən və həmin qərar mübahisələndirilmədiyindən hazırki qərarın mübahisələndirilməsi ilə iddiaçı istədiyi məqsədə çata bilməyəcəkdir. İddiaçı ilk növbədə hazırda mübahisələndirilən qərarın verilməsinə əsas olan qərarları mübahisələndirməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx xxxxxx 2019-cu il tarixli **********500900 nömrəli “tələbin icraya yönəldilməsi haqqında” qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-210/2021
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-210/2021
02.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver