Məhkəmə qərarları › İş №2-1(116)-210/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-210/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-210/2022 06.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmət üzrə ehtiyata buraxılmasından imtina qanunsuz olduğu üçün onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı hissənin “j” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı (üçüncü şəxs: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissə komandirinin hərəkətlərini qanunsuz hesab edərək, onun hərbi xidmət üzrə ehtiyata buraxılmasından imtina qanunsuz olduğu üçün hərbi xidmətdən ehtiyata buraxılmasının cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə tərəfindən imzalanmışdır. İddia ərizəsinin əsaslarına görə, iddiaçı N nömrəli hərbi hissədə hərbi hissənin döyüş hazırlığı bölməsinin rəisinin komandiri və döyüş hazırlığı üzrə köməkçi vəzifəsində çalışmış və hazırda da çalışır. Artıq 14 ildir ki, hərbi xidmətdədir. İddiaçı 2021-ci ildə cavabdeh N saylı hərbi hissənin komandirinə raport yazaraq “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə, “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 41.9-cu maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırmasına dair müraciət etmiş, lakin raport barədə 28.07.2021-ci il tarixdə əsassız olaraq imtina olunmuşdur. Bu səbəblə iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırlıq icraatı çərçivəsində 17.02.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, üçüncü şəxs qismində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissənin icraata cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Hazırlıq icraatı çərçivəsində 05.05.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək “hərbi xidmət üzrə ehtiyata buraxılmasından imtina qanunsuz olduğu üçün onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı hissənin “j” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Cavabdeh etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı 2010-cu ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və hal-hazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində Əməliyyat və döyüş hazırlığı bölməsi rəisinin döyüş hazırlığı üzrə köməkçisi vəzifəsində xidmət edir. Qeyd etmək lazımdır ki, iddiaçı mayor İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda İddiaçı peşəkar və təcrübəli zabit olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmış savadlı kadr olduğunu nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar qəbul edilməmişdir. Bundan başqa, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi kiçik zabitlər (o cümlədən, mayor, polkovnik-leytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Göründüyü kimi, həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda, mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün zabitlər 10 il müddətində peşəkar bir zabitə çevrilir, yüksək səviyyəli təcrübə toplayır, öz vəzifəsi üzrə praktik vərdişlər əldə edir, hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqlarından gənc zabitlərin hazırlanmasında böyük rolu olur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusunu hal-hazırda məhkəmə qətnamələri əsasında həyata keçirilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsi, bununla da müharibə şəraitində yaşayan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kadrlarının böyük çatışmazlığına gətirib çıxaracaqdır. Cavabdeh etiraz ərizəsində iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: İddiaçı tərəfindən N nömrəli hərbi hissə komandirinə ünvanlanmış 17.04.2021-ci il tarixli raportda qeyd olunur ki, iddiaçı 25.06.2010-cu il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi həqiqi xidmətdədir. Hal-hazırda şəxsi problemləri ilə əlaqədar olaraq həqiqi hərbi xidmət etməkdə çətinlik çəkir və Azərbaycan Respublikasının qanunları üzrə hüquqi haqlarından istifadə edərək Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətini davam etdirmək istəmir. Xahiş edir ki, yuxarıda yazılanları nəzərə alaraq və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci bəndi, “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 41.9-cu bəndi və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156 “j” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılsın. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N saylı hərbi hissənin 12.08.2021-ci il tarixli 2724 nömrəli arayışından qeyd olunur ki, hərbi qulluqçunun raportu əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdimatı 14.07.2021-ci il tarixdə N nömrəli hərbi hissəyə göndərilmişdir. 28.07.2021-ci il tarixdə təqdimat müsbət qərar qəbul olunmadığı üçün icra olunmadan geri qaytarılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin Şəki İnzibati Məhkəməsinə ünvanlanmış 10.09.2021-ci il tarixli 2969 nömrəli məktubunda məhkəmənin 18.08.2021-ci il tarixli №2-1(116)-1290/2021 nömrəli sərəncamına cavab olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı vəkil Bürosunun Vəkili Nümayəndə N nömrəli hərbi hissə komandirinə 30.07.2021-ci il tarixdə 1790 nömrəli məktub ünvanlamışdır. Həmin məktubda kapitan İddiaçı hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı təqdim etdiyi raport üzrə raportun və təqdimatın icra vəziyyəti ilə bağlı verilmiş təqdimatın əsasında qəbul edilmiş əmrin surəti və ya bu barədə arayış verilməsi (şəxsi işin) xahiş edilmişdir. Hərbi qulluqçunun şəxsi işi məxfi sənəddir, şəxsi iş və ya surətinin başqa orqana göndərilməsi Azərbaycan Ordusunun Baş Qərargah rəisinin icazəsi ilə mümkündür. Vəkilin məktubuna cavab olaraq kapitan İddiaçı raportunun surəti və raportun əsasında hərbi qulluqçu barəsində qəbul edilmiş qərar barədə arayış 12.08.2021-ci il tarixdə (xaric olma №2723) göndərilmişdir. Arayışda, hərbi qulluqçunun xidmət keçməsi barədə şəxsi işində qeyd edilən bütün məlumatlar dolğun qeyd edilmişdir. Belə ki, arayışda kapitan İddiaçı hərbi xidmətə qəbul olunma tarixi və Azərbaycan Ordusunda zabit qismində hərbi xidmət keçməsi göstərilmişdir ki, bu da hərbi qulluqçunun xidmət illərinin hesablanmasına əsas üçündür. Bundan başqa arayışda hərbi qulluqçunun təqdimatının 14.07.2021-ci il tarixdə ehtiyata buraxılması üçün N nömrəli hərbi hissəyə göndərilməsi və 28.07.2021-ci il tarixdə təqdimat müsbət qərar qəbul olunmadığı üçün icra olunmadan geri qaytarılması göstərilmişdir. “Komandirin hərəkətlərini qanunsuz hesab edərək hərbi xidmət üzrə ehtiyata buraxılmağından imtinasını qanunsuz olduğu üçün hərbi xidmətdən ehtiyata buraxılmağı öhdəliyininin cavabdehin üzərinə qoyulması” tələbinin icrası hərbi hissə komandiri tərəfindən mümkün deyil. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 40.3-cü maddəsində həqiqi hərbi xidmətdən buraxılma hüququ müvafiq icra hakimiyyəti orqanına verilir. Hərbi hissə komandiri nəinki zabiti, heç müddətli əsgəri belə ehtiyata buraxmaq səlahiyyətinə malik deyil. Hərbi hissə komandiri ehtiyata buraxılma barədə komanda üzrə raport yaza, vəsatət qaldıra bilər və bunu etmişəm. Sənədlərinin aidiyyatı üzrə göndərilməsi və geri qayıtması barədə kapitan İddiaçı da müvafiq məlumat verilib. N saylı hərbi hissəsinin Şəki İnzibati Məhkəməsinə təqdim edilmiş 16.02.2022-ci il tarixli 509 nömrəli arayışında qeyd edilmişdir ki, mayor İddiaçı ümumilikdə 12.08.2006-cı il tarixdən, 23 iyun 2010-cu il tarixindən isə Azərbaycan Ordusunda zabit qismində həqiqi hərbi xidmət keçir. Mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq istəməsi barədə 17.04.2021-ci il tarixində (daxil olma nömrəsi 2455) və 05.01.2022-ci il tarixində (daxil olma nömrəsi 144) raportla müraciət etmişdir. Hərbi qulluqçunun raportu əsasında “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmaq üçün təqdimatlar N nömrəli hərbi hissəyə göndərilmişdir: 14.07.2021ci il tarixində (xaric olma nömrəsi 0157) - HHQ Komandanı ehtiyata buraxılmağa öz etirazını bilidirir; 06.10.2021-ci il tarixində (xaric olma nömrəsi 0224); 18.01.2022-ci il tarixində (xaric olma nömrəsi 016) - sənəd düzgün tərtib olunmadığı üçün geri qaytarılıb; 11.02.2022-ci il tarixində (xaric olma nömrəsi 039). Məhkəmə hesab edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ... 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; ... “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Qadınlar və müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular həqiqi hərbi xidmətdə olmağın müddətləri başa çatanadək ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən öz arzuları ilə buraxıla bilər, zabitlər isə, bundan başqa, bir də zabit vəzifələrində beş illik xidmət müddəti başa çatdıqdan sonra öz arzuları ilə buraxıla bilər. 22.1-ci maddəsinə görə, hərbi qulluqçular dövlət orqanlarına, ictimai təşkilatlara və birliklərə, hərbi idarəetmə orqanlarına təkliflər göndərmək, ərizələr vermək, habelə vəzifəli şəxslərin, dövlət orqanlarının, ictimai təşkilatların və birliklərin, hərbi idarəetmə orqanlarının, habelə vətəndaşların (o cümlədən hərbi qulluqçuların) hüquqa zidd hərəkətləri barəsində müəyyən edilmiş qaydada şikayət etmək hüququna malikdirlər. 22.2-ci maddəsiə əsasən, müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir. Hərbi qulluqçular hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərar və hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 78-ci hissəsinə görə, hərbi qulluqçuların xidmət yerinin dəyişilməsi aşağıdakı qaydada həyata keçirilir: a) yuxarı vəzifələrə — xidmət üzrə irəli çəkilmə qaydasında; b) bərabər vəzifələrə — xidməti zərurət olduqda, xidmət müddəti müəyyən edilmiş yerlərdə planlı əvəzetmə aparılarkən, eləcə də hərbi qulluqçulardan daha məqsədəuyğun şəkildə istifadə etmək üçün; v) tutduğu vəzifədən azad edilməklə təhsil müəssisəsinə daxil olmaqla əlaqədar, eləcə də təhsili bitirdikdən sonra vəzifəyə təyin edildikdə; q) aşağı vəzifələrə — bu Əsasnamənin 81-ci maddəsində nəzərdə tutulmuş əsaslarla. 81-ci hissəsinə əsasən, hərbi qulluqçuların yuxarı vəzifələrdən aşağı vəzifələrə keçirilmələri aşağıdakı hallarda edilə bilər: a) ştatlar ixtisar olunduqda; b) hərbi-həkim komissiyasının rəyinə müvafiq olaraq səhhətinə görə; v) işgüzar və ya mənəvi keyfiyyətləri nəzərə alınaraq iş həcmi az olan vəzifələrə keçirildikdə; q) Azərbaycan Respublikası Silahlı X1 uyğun olaraq intizam cəzası qaydasında və ya müvafiq hərbi qulluqçular heyəti şərəf məhkəməsinin vəsatətinə əsasən; d) hərbi qulluqçunun razılığı ilə yaşa və ya ailə vəziyyətinə görə. 156-cı hissəsinə görə, hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 11.1-ci maddəsinə görə, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə görə, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1-ci maddəyə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. (67.2) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı hissəsinə görə, hərbi qulluqçu xidmət məsələlərinə dair özünün bilavasitə rəisinə və ancaq onun icazəsi ilə komanda üzrə daha böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu şəxsi məsələlərə dair, bir qayda olaraq, özünün bilavasitə rəisinə, xüsusi hallarda isə böyük rəisə müraciət edə bilər. Hərbi qulluqçu rəisə yazılı surətdə müraciət etdikdə, raportu yalnız komanda üzrə verə bilər. Hərbi qulluqçu təklif, ərizə və şikayət verdikdə, İntizam nizamnaməsinin müddəalarını rəhbər tutmalıdır. Məhkəmə işin hallarına yuxarıda göstərilən qanunvericilik nprmalarının tətbiqi baxımından hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, yuxarıda qeyd edilmiş qanunvericilik aktları müvafiq vəzifələrdə zabit kimi azı 10 il xidmət etmiş hərbi qulluqçulara öz arzusu ilə ehtiyata buraxılma hüququnu nəzərdə tutur və qanuna görə bu hüquqa o, hərbi xidmətdə olmağın son yaş həddinə çatmasa da malik olur. İş materiallarına, cavabdehin etirazına və üçüncü şəxsin təqdim etmiş olduğu arayışlara əsasən isə müəyyən edilir ki, iddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 10 ildən artıq müddətdə zabit kimi xidmət etmiş hərbi qulluqçu kimi öz arzusu ilə ehtiyata buraxılması barədə raportunu 17.04.2021-ci il tarixdə müvafiq komanda üzrə rəhbərliyinə təqdim etmişdir. Onun həmin tarixdə vəzifəsi döyüş hazırlığı bölmə rəisinin komandir və döyüş hazırlığı üzrə köməkçisi olmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçının mütaciətinin təmin edilməməsi qanunvericiliklə müəyyən edilmiş tələblərə zidd olmaqla yanaşı, onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Göstərilənlərə əsasən və İPM-in 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmət üzrə ehtiyata buraxılmasından imtina qanunsuz olduğu üçün onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı hissənin “j” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilsin. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı hissənin “j” bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3legiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar