Məhkəmə qərarları › İş №2-1(116)-210/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-210/2024

14.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-210/2024 14.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4in 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “JN-190F nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə mülkiyyətində olan Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,69 ha həyətyanı torpaq sahəsinə dair çıxarış və plan ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4in 9 saylı Qəbələ ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında JN-190F nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətində olan Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,69 ha həyətyanı torpaq sahəsi üzərində onun və ailə üzvlərinin, mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, müvafiq çıxarış və plan ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-210/2024 nömrəli qərardadı ilə Qəbələ rayonu Mirzəbəyli bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - Qəbələ rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında JN-190F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə Qəbələ rayonu Corlu kəndində yerləşən 0,69 ha həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. JN-190F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə ilə mülkiyyətinə verilmiş hal hazırda istifadələrində olan 0,69 ha torpaq sahəsinə dair çıxarış və plan ölçü sənədinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan 14 aprel 2023-ci il tarixli 3-21-3-42/2- 1954/2023 saylı məktubla onların müraciətinə əsassız olaraq imtina vermişdir. İmtinanı onunla əsaslandırılmışdır ki, 0,69 ha torpaq sahəsinə dair JN-190F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə cavabdehin elektron uçot baza xəritəsində öz əksini tapmamışdır. Bildirilmişdir ki, JN-190F saylı Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə göstərilən 0,69 ha torpaq sahəsi uzun illərdir ki, onların istifadəsində olmuş və hal hazırda da, onların mülkiyyətində və faktiki istifadəsindədir. Həmin torpaq sahəsində uzun illərdir ki, bağ salmış, qulluq göstərmişlər. Heç kimlə mübahisələri olmamışdır. Həmin həyətdə özlərinə məxsus qeyri yaşayış binası və digər həyət tikililəri var. Həmin qeyri yaşayış binasını onlar Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatından rəsmi notarial alqı-satqı müqaviləsi əsasında almışlar. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı1 Qəbələ rayonu, Corlu kəndində yerləşən JN-190 F nömrəli Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə əsasına verilmiş 0,69 torpaq sahələrinə çıxarış və plan ölçü sənədinin hazırlanması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. İddiaçı1 müraciəti ilə bağlı Ərazi İdarəsinin arxiv məlumatları əsasında müvafiq araşdırma aparılmışdır. JN-190F saylı "Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə”nin arxiv nüsxəsi Ərazi İdarəsinin arxiv məlumatlarında aşkarlanmamışdır. Eyni zamanda bildirilmişdir ki, JN-190F saylı "Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamə" Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır. Üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmişdir. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, RX seriyalı ******* nömrəli (********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli) çıxarış, **********49-06301 reyestr nömrəli, 406-13/257 inventar nömrəli Texniki pasport, JN-190F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1240/2023 nömrəli məktubuna əlavə olunmuş, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 66 saylı qərarından çıxarış və həmin qərarla təsdiq edilmiş Qəbələ rayonunun Corlu kəndi üzrə pay torpaq sahəsinə dair subyektlər siyahısından çıxarış. Məhkəmənin xx.xx.2023-ci il tarixli 2-1(116)-1904/2023 nömrəli qərardadı ilə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş 5/1078 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş İddiaçı1 adına JN-190F KOD 40613005 nömrəli Torpağın mülkiyyətə Verilməsinə dair Şəhadətnaməsinin 3-cü və 4-cü vərəqlərində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş İddiaçı1 adına JN-190F KOD 40613005 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməsinin 3-cü və 4-cü vərəqlərində olan imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Qəbələ rayonu Corlu kənd ərazisində aparılmış torpaq islahatına dair Kompleks yerquruluşu xəritəsində (DVG) JN-190F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə öz əksini tapmamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsində olan faktiki naturada ölçülmüş 0,5336 hektar torpaq sahəsi Qəbələ rayonu Corlu kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən (DVG) kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası ictimai tikililər altında olan torpaqlar olmaqla, Bələdiyyə mülkiyyətinə aid ərazidir. X2 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar, mülkiyyət növü 190F nömrəli Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət göstərilmişdir. Sözügedən torpaq sahəsi digər mülkiyyətçilərə aid torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçılar İddiaçı1 və İddiaçı2 istifadəsində olan faktiki naturada ölçülmüş 0,5336 hektar torpaq sahəsi üzərində yerləşən 406-13/257 inventar nömrəli Texniki Pasporta əsasən Qeyri-yaşayış binası kimi İddiaçı1 adına qeydiyyata alınmış bina hal-hazırda fərdi yaşayış evi kimi istifadə olunur. Fərdi yaşayış evi kimi istifadə olunan tikili 265,65 kv.m-dir. Həmçinin iddiaçıların istifadəsində olan torpaq sahəsi üzərində təsərrüfat tikililəri (tövlə, talvar, ayaqyolu) inşa edilmişdir. JN-190F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə barədə Qəbələ rayonu Corlu kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsində məlumat olmadığına görə cizgisində qeyd edilmiş tikililərin yerləşmə vəziyyətinin, 406-13/257 inventar nömrəli texniki pasportun şərti istinad planında qeyd edilmiş tikilinin yerləşmə vəziyyəti ilə uyğun olub-olmamasını təyin etmək mümkün deyildir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İş materialları ilə müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 66 saylı qərarı əsasında JN-190F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə qeyd edilmiş 0.69 ha torpaq sahəsi iddiaçıların ümumibirgə mülkiyyətinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsinin tələbinə görə JN-190F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəddir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin istinad olunan Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İşin hallarından göründüyü kimi iddiaçıların hazırkı tələblə məhkəməyə müraciət etməkdə hüquqi maraqları JN-190F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə ümumibirgə mülkiyyət hüquqları qeydiyyata alınmış 0.69 ha torpaq sahəsinə dair yeni nümunəli çıxarışın verilməsinə nail olmaqdır. Belə ki, həmin torpaq sahəsi üzərində qeydiyyata alınmış və sözügedən şəhadətnamə ilə rəsmiləşdirilmiş ümumibirgə mülkiyyət hüququ qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən tanınmış bir hüquqdur. Hazırkı iş üzrə iddiaçıların məqsədi də, əslində torpaq sahəsi üzərində hüququn cavabdeh tərəfindən qeydiyyata alınmasına deyil, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsinə yönəlmişdir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Cavabdeh orqan sözügedən Şəhadətnamənin arxiv nüsxəsinin və elektron baza məlumatlarının mövcud olmamasına istinad etsə də, təqdim edilmiş şəhadətnamənin mötəbərliyini və həqiqiliyini şübhə altına alan hər hansı sübut təqdim etməmişdir. Həmin şəhadətnamə qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış və ya geri çağırılmamışdır. Oxşar işlər üzrə arxiv nüsxəsi və elektron baza məlumatları mövcud olmayan Şəhadətnamələrin saxtalaşdırılması (imza və möhür əkslərinin texniki qurğu vasitəsilə köçürülməsi) halları aşkar edildiyindən, Şəhadətnamədə icra edilmiş möhür və imza əkslərinin mötəbərliyinin yoxlanılması məqsədilə məhkəmə tərəfindən sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubua əlavə olunmuş 5/1078 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, Şəhadətnaməsinin 3-cü və 4-cü vərəqlərində olan möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Həmin vərəqlərdə olan imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Həmçinin iş üzrə materiallardan da, həmin torpaq sahəsinin iddiaçıya ayrılmasının təkzib edilmədiyi, başqasına ayrılmadığı və dövlət reyestrində başqasının adına qeydiyyata alınmadığı, eləcə də, həmin torpaq sahəsinin ayrıldığı vaxtdan iddiaçının faktiki istifadəsində olduğu və təyinatı üzrə istifadə edildiyi görünür. Belə ki, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1240/2023 nömrəli məktubuna əlavə olunmuş Qəbələ rayonunun Corlu kəndi üzrə pay torpaq sahəsinə dair subyektlər siyahısından çıxarış iddiaçıların torpaq islahatının subyektləri olmasını sübut edir. İddia olunan torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış binası da, İddiaçı1 tam xüsusi mülkiyyətindədir. Odur ki, artıq qeydiyyata alınmış hüquqa dair yeni nümunəli çıxarışın verilməsindən imtina etməkdə cavabdeh orqan haqlı olmamışdır. Nəzərə alınmalıdır ki, JN-190F nömrəli Şəhadətnamənin cizgisi ilə 406-13/257 inventar nömrəli texniki pasportun şərti istinad planında qeyd edilmiş tikilinin və torpaq sahəsinin yerləşmə vəziyyəti, o cümlədən ərazinin ortofoto xəritəsindən çıxarışı müqayisələndirdikdə sözügedən Şəhadətnamənin iddia olunan torpaq sahəsinə aid olması aşkar görünür. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində də, qeyd edilmişdir ki, X2 Uçotu informasiya Sisteminə (TEKUİS) əsasən, iddia olunan torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları, mülkiyyət növü 190F nömrəli Şəhadətnaməyə əsasən xüsusi mülkiyyətdir. Yəni, cavabdeh orqan etirazını Şəhadətnamənin arxiv nüsxəsinin və elektron baza məlumatlarının olmaması ilə əsaslandırsa da, yeni elektron uçot məlumatlarında həmin torpaq sahəsinin 190F nömrəli Şəhadətnaməyə əsasən xüsusi mülkiyyət kimi qeydə alınmasını bildirir. Cavabdeh orqan təqdim etdiyi mütəxəssis rəyində torpaq sahəsinin ölçüsünün 0,5336 hektar olmasını qeyd etmiş, qalan 0.1564 ha torpaq sahəsinə (0.69- 0.5336=0.1564) münasibətdə torpaq sahəsinin xüsusiyyətləri barədə məlumat təqdim etməkdən imtina etmişdir. Bununla belə aralarında bütün sərhəd boyu dəqiq mərz nişanları olmayan torpaq sahəsindən 0.5336 ha torpaq sahəsini hansı qaydada ayıraraq iddiaçıların faktiki istifadəsi kimi müəyyən etməsini əsaslandırmamışdır. İşdə olan 406-13/257 inventar nömrəli texniki pasportun şərti istinad planına və Şəhadətnamənin cizgisinə nəzər yetirdikdə mövcud tikilinin arxasında boş torpaq sahəsinin qalması aşkar görünür. Cavabdeh orqan ortofoto planında və yerquruluşu planında iddiaçıların faktiki istifadəsində olan torpaq sahəsinin sərhəddinin konturlarını məhz tikilinin sərhəd divarı boyunca işarələmişdir ki, bu da sənəd üzrə torpaq sahəsinin ölçüsünün lüzumsuz azaldılmasına səbəb olmuşdur. 406-13/257 inventar nömrəli texniki pasportun şərti istinad planından aşkar görünür ki, cavabdeh orqanın nəzərə almadığı torpaq sahəsi (tikilinin arxa hissəsində yerləşən) sözügedən texniki pasportun tərtib edildiyi xx.xx.2013-cü il tarixdəki vəziyyətdə iddiaçıların faktiki istifadəsi olaraq müəyyən edilmişdir. Odur ki, cavabdeh orqanın heç bir əsaslanma təqdim etmədən torpaq sahəsinin faktiki ölçüsünü 0,5336 hektar müəyyən etməsi və sənəd üzrə torpaq sahəsini azalmaya məruz qoyması iddiaçıların mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə tərəfindən cavabdeh orqana sorğu verilərək xx.xx.2024-cü il tarixli məktuba əlavə olunmuş mütəxəssis rəyinin dəqiqləşdirilməsi, torpaq sahəsinin xüsusiyyətləri (mülkiyyətçisi, təyinatı) barədə məlumatın 406-13/257 inventar nömrəli (**********49-06301 reyestr nömrəli) texniki-pasportda qeyd olunmuş situasiya planına uyğun tamamlanması, mübahisəli ərazinin ortofotosunun təqdim edilməsi tələb edilmişdir. Cavabdeh orqan ərazinin ortofoto xəritəsindən çıxarış məlumatlarını təqdim etsə də, 406- 13/257 inventar nömrəli (**********49-06301 reyestr nömrəli) texniki-pasportda qeyd olunmuş situasiya planına uyğun torpaq sahəsinin xüsusiyyətləri ilə bağlı məlumat verə bilməmişdir. Göründüyü kimi xx.xx.2013-cü il tarixdəki vəziyyətdə iddiaçıların faktiki istifadəsi olaraq müəyyən edilməklə 406-13/257 inventar nömrəli texniki-pasportun şərti istinad planına daxil edilmiş torpaq sahəsi nəzərə alınmadığından torpaq sahəsinin faktiki ölçüsü azalmaya məruz qalmışdır. Odur ki, cavabdeh orqan özünün natamam və səthi fəaliyyətindən irəli gələrək azalmaya məruz qoyduğu torpaq sahəsinin ölçüsünü tamamlamaqla, cəmi 0.69 ha torpaq sahəsinə yeni nümunəli çıxarışın və plan-ölçü sənədinin tərtib edilməsi öhdəliyi daşıyır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X4in 9 saylı Qəbələ ərazi idarəsinə üzərinə JN-190F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 ümumibirgə mülkiyyətində olan Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,69 ha həyətyanı torpaq sahəsinə yeni nümunəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan ölçü sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulur. Ekspertiza xərci cavabdeh orqana aid edilir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 70 (yetmiş) manat pul məbləği cavabdeh orqandan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar