Məhkəmə qərarları › İş №2-1(116)-2105/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2105/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2105/2024 06.06.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Lətif oğlunun sədrliyi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi iddiaçının nümayəndəsi Nümayəndə1 (orta təhsillidir, işləmir, Şəki rayonu, Baş Şabalıd kəndində yaşayır) cavabdehin nümayəndəsi Nümayəndə2 (ixtisasca hüquqşünasdır; Cavabdeh aparıcı məsləhətçisi vəzifəsində işləyir, ünvan 1 ünvanında yaşayır) iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri – Şəki rayonu, Baş Şabalıd kəndi) cavabdeh – Cavabdehnə (yerləşdiyi yer – Şəki şəhəri, S.Mümtaz küçəsi 318) qarşı «doğum haqqında təkrar şəhadətnamənin verilməsi» barədə iddia tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı X1 ilə birgə nikahından 29 dekabr 1989-cu il tarixdə “Xəyal” adlı övladı – X4 doğulmuşdur. X4 2023-cü ildə işlə təmin olunması məqsədilə Rusiya Federasiyasına getmiş, sonradan ondan məlumat alınmamışdır. Atasına (hazırkı iddiaçıya) bildirilmişdir ki, oğlu bu ərəfədə Rusiya – Ukrayna müharibəsində döyüşlərə cəlb edilmiş və onun itkin düşməsi ehtimal olunur. Tapılmış əsgər meyidləri sırasından şəxsin müəyyən edilməsi üçün müvafiq analizlərin verilməsi və doğum haqqında şəhadətnamənin təqdim olunması zəruridir. Bundan sonra İddiaçı 1989-cu il təvəllüdlü övladı X3 doğumu haqqında təkrar şəhadətnamənin əldə edilməsi üçün 19 aprel 2024-cü il tarixdə hazırkı Cavabdehnə müraciət etmiş, lakin cavabdeh həmin tarixli məktubu ilə məsələnin həllindən imtina etmişdir. İddiaçı Şəki İnzibati Məhkəməsində iddia qaldıraraq, cavabdeh inzibati orqan Cavabdeh imtinasını mübahisələndirir və 1989-cu il təvəllüdlü övladı X2 doğumu haqqında təkrar şəhadətnamənin ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbini irəli sürür. İddiaçı tələbini belə əsaslandırır ki, övladı X2 doğumu haqqında təkrar şəhadətnamənin verilməsi vacibdir. Oğlu Rusiya Federasiyasına gedərkən bütün sənədlərini özü ilə aparmış, sonradan evdə saxlanılan sənədlər içərisində də onun doğumu haqqında şəhadətnamə aşkar edilməmişdir. Cavabdeh inzibati orqan Cavabdeh mövqeyini belə əsaslandırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. İddiaçı onun adına müvafiq qaydada rəsmiləşdirilmiş etibarnamə təqdim etmədiyindən, eləcə də X2 özünün müraciəti olmadığından, sonuncunun doğumu haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyil. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilən məzmunda izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazdakı məzmunda izahat verdi və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə isə, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. Cavabdeh inzibati orqan Cavabdeh tərəfindən İddiaçı müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının valideyn olaraq marağına toxunulan şəxs kimi subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan Cavabdeh Şəki şəhəri, S.Mümtaz küçəsi, 318 ünvanında yerləşir. Məhkəmə qeyd edir ki, iddia tələbi “öhdəliyinin icrası haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti bir məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə Cavabdeh yerləşdiyi yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə Cavabdeh iddiaçıya övladının doğumu haqqında təkrar şəhadətnamənin verilməsindən imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti akt qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmin Qaydanın 9.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin Qaydanın 9.2-ci bəndinə əsasən təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. Həmin Qaydanın 9.7-ci bəndinə əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir. Ölüm haqqında təkrar şəhadətnamə ölmüş şəxsin qohumlarına verilir. Əgər nikah pozulubsa, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən nikahın qeydiyyatı haqqında təkrar şəhadətnamə verilə bilməz. Lazım gəldikdə keçmiş ərin (arvadın) xahişi ilə ona müvafiq arayış verilə bilər. Həmin Qaydanın 9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizənin verildiyi gün təqdim olunur, elektron sorğu əsasında şəhadətnamələr isə sorğunun daxil olduğu gün verilir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrar şəhadətnaməni verdikdən dərhal sonra əvvəllər verilmiş şəhadətnamənin qüvvədən düşmüş hesab edilməsi üçün müvafiq məlumatları Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürür. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Xarici ölkələrdən tələb edilən təkrar şəhadətnamələr və ya arayışlar ərizəçinin seçdiyi yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Hərbi qulluqçulara təkrar şəhadətnamələr hərbi hissə rəisinin (komandirinin) adına göndərilə bilər. Təkrar şəhadətnamələrin seriyası və nömrəsi, verilmə tarixi, qeydiyyat şöbəsinin və konsulluq idarəsinin, hərbi hissənin və digər dövlət orqanlarının adı barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində qeyd olunur. Kağız daşıyıcıda şəhadətnamələr yalnız sifarişli məktubla göndərilir. Təkrar şəhadətnamə elektron qaydada təqdim edildikdə elektron şəhadətnamənin qeydiyyat nömrəsi, qeydə alan orqan barədə məlumat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində qeyd olunur. «İnzibati icraat haqqında» Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə işin faktiki hallarına münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan Cavabdeh iddiaçının müvafiq qaydada təsdiqlənmiş etibarnaməni təqdim etməməsini əsas gətirsə də, iddiaçının müraciətindəki dəlillərə görə həmin etibarnaməni təqdim edə bilməməsini nəzərə almamışdır. Barəsində doğum akt qeydi aparılmış şəxsin özünün iştirakının və onun etibarnamə ilə müvafiq səlahiyyət verməsinin istisna olunduğu halda, maraqlı şəxs qismində həmin şəxsin valideyninin müraciəti «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın müddəalarına zidd deyil. Sözügedən Qaydanın 9.2-ci bəndinin tələbləri valideynin maraqlı şəxs kimi müraciətini istisna etmir. Məhkəmə vurğulayır ki, inzibati icraat çərçivəsində inzibati orqan tərəfindən iddiaçının müvafiq məsələ ilə bağlı müraciəti üzrə hüquqi marağı, həmin marağa çatmaq üçün digər müdafiə vasitələrinin, o cümlədən başqa müvafiq səlahiyyətli şəxsin həmin məsələni qaldırmasının mümkünlüyü və məqsədyönlülüyü araşdırılmalı və müsbət qərar və ya imtina qərarı qəbul edilərkən adekvatlıq xüsusatları tam və hərtərəfli qiymətləndirilməlidir. Lakin cavabdeh inzibati orqan Cavabdeh apardığı inzibati icraatda qeyd olunan məsələləri araşdırmadan, qanunvericilik normalarının tələblərini formal tətbiq etməklə kifayətlənmiş, eləcə də qaldırılan məsələnin həlli baxımından mümkün halları qiymətləndirməmişdir. Bununla da, cavabdeh inzibati orqan apardığı inzibati icraat çərçivəsində «İnzibati icraat haqqında» Qanunun 15, 17, 24-cü maddələrinin tələblərinə riayət etməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsinə əsasən normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. «İnzibati icraat haqqında» Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmənin qənaətinə görə inzibati orqan Cavabdeh İddiaçı maraqlı şəxs kimi övladının doğumu haqqında təkrar şəhadətnamənin verilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının doğumu barədə 13 yanvar 1990-cı il tarixli akt qeydi mövcuddur və Cavabdeh həmin akt qeydinin surətini məhkəməyə müvafiq sorğu əsasında təqdim etmişdir, yəni doğum akt qeydinin olması işin mübahisəli hallarına aid deyil. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 28 dekabr 1989-cu il tarixdə Şəki rayonu Baş Şabalıd kəndində doğulmuş övladı X2 doğumu haqqında təkrar şəhadətnamənin onun özü olmadan İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı 28 dekabr 1989-cu il tarixdə Şəki rayonu Baş Şabalıd kəndində doğulmuş övladı X2 doğumu haqqında təkrar şəhadətnamənin onun özü olmadan İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan – ünvan 4ki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verə bilərlər. Qərar, rəsmi qaydada təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu vaxtdan 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar