Məhkəmə qərarları › İş №2-1(116)-211/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-211/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-211/2021 01.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə qarşı "oğluna “Şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "oğluna “Şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçının oğlu X5 xx xxxxxx 1997-ci il tarixdə Naxçıvan MR Şahbuz rayonunun dağlıq sərhəd ərazisindəki N saylı hərbi hissənin əsgəri kimi xidməti vəzifəsini yerinə yetirən zaman həlak olmuşdur. İddiaçı oğluna “Şəhid” statusunun verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan imtina məktubunda qeyd etmişdir ki, Şəhid və şəhid ailəsi statusunun verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların 1.2.6-cı bəndinə müvafiq olaraq atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən öimüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Odur ki, iddiaçının mərhum övladı X6 barədə araşdırma aparılması və həlak olmasının döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqəli olub olmadığının müəyyən edilməsi məqsədi ilə ölümün şəraitini əks etdirən digər sənədləri (hərbi hissə komandirinin arayışı) və həmin iş üzrə (N.İddiaçı xx.xx.1997-ci il tarixdə həlak olması barədə) çıxarılmış məhkəmə hökmünün surətinin cavabdehə göndərməsi xahiş olunmuşdur. İddiaçıya xx.xx.2020-ci il tarixdə yardım məktubu ünvanlanaraq nəzərinə çatdırılmışdır ki, iddiası üzrə hazırkı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tələbinə cavab verməli olan orqan deyil. Belə ki, qeyd etdiyi tələbə dair cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi ola bilər. Odur ki, iddia ərizəsində dəqiqləşmə aparılaraq cavabdeh kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin qoyulması iddiaçıya təklif olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsində yardım məktubunda qeyd edilən nöqsanları aradan qaldırmış və cavabdeh qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsini qeyd edərək, "oğluna “Şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdi. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsi iddia tələbinə rəsmi münasibət (etiraz) bildirməmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan 457762 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, iddiaçının oğlu X6 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. Sənəddə ölümün səbəbi hissəsində “don vurması, xidməti vəzifəsini yerinə yetirərkən”, öldüyü yer hissəsində “Batabat kəndi, Şahbuz rayonu” qeyd edilmişdir. İş materiallarında olan Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2019cu il tarixli, 192 nömrəli iddiaçıya ünvanlanan məktubunda qeyd edilir ki, oğlu X1 həqiqi hərbi xidmət keçərkən xx xxxxxx 1997-ci il tarixdə Şəhid olması, həmin tarixdən indiyə qədər Şəhid vəsiqəsi almaması və Şəhid vəsiqəsi alması üçün Sərəncam verilməsi barədə Şəhər İcra Hakimiyyətinə daxil olmuş ərizəsinə, "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq baxılmışdır. Ərizəsinə əlavə olunmuş ölüm haqqında şəhadətnamədən aydın olur ki, onun oğlu İddiaçı N saylı Hərbi hissənin tərkibində xidməti vəzifəsini yerinə yetirərkən orqanizmin donması nəticəsində vəfat etmişdir. İş materiallarında olan cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli, 403 nömrəli məktubunda qeyd edilir ki, oğlu X5 N saylı hərbi hissənin tərkibində xidməti vəzifəsini yerinə yetirərkən orqanizminin don vurma nəticəsində vəfat etmişdir (Əsas: İVJQ №457762 saylı Ölüm Haqqında Şəhadətnamə). İş materiallarında olan xx.xx.2020-ci il tarixli,1447 nömrəli məktubuna əlavə edilən məktubda qeyd edilir ki, N saylı hərbi hissənin sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Bu səbəbdən də X2 həmin hissədə hərbi xidmətini və həlak olmasını təsdiq edə bilmirlər. Bu barədə hərbi hissənin özünə müraciət edilə bilər. İş materiallarında olan Yevlax Şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 2299 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı mərhum oğlu X4 “Şəhid” statusu verilməsi ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyətində heç bir sənəd yoxdur. İş materiallarında olan Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Yevlax rayon filialının Yevlax Şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 07 nömrəli məktubdan müəyyən edilir ki, iddiaçının mərhum oğlunun şəhid olması barədə Birlikdə heç bir məlumat yoxdur. X2 şəhid olması haqqında və ya qeydiyyata alınması barədə Birliyə heç bir müraciət edilməmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin xx.xx.2021-ci il tarixli, 11/222 nömrəli məktubuna əlavə edilmiş Təşkilat Səfərbərlik İdarəsinin xx.xx.2021-ci il tarixli, 20/4 nömrəli məktubunda qeyd edilir ki, Təşkilat-Səfərbərlik İdarəsində aparılan qaytarılmaz itkilərin elektron məlumat sistemində N nömrəli hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olarkən əsgər X2 x xxxxxx 1997-ci il tarixdə xidməti vəzifələrini yerinə yetirərkən həlak olması barədə məlumat vardır. Əlavə olaraq bildirilir ki, Təşkilat-Səfərbərlik İdarəsində əsgər X2 hansı şəraitdə həlak olması barədə məlumat yoxdur Məktuba əlavə edilən N nömrəli hərbi hissənin xx.xx.2021-ci il tarixli, 78 nömrəli məktubunda qeyd edilir ki, mərhum əsgər X5 N nömrəli hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 138 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilib və xx.xx.1997-ci il tarixdə Şahbuz döyüş bölgəsində Artilleriya divizionunun radiotelefonçu vəzifəsində xidməti vəzifəsini yerinə yetirərkən vəfat etdiyinə görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 33 nömrəli əmri ilə şəxsi heyətin siyahısından bütün qeydiyyatlardan çıxarılıb. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 1.1-ci maddəsinə görə şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qaydaların 1.2.5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər Həmin Qaydaların 1.2.6-cı maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilən digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarına görə, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd olunan normaların məzmunundan, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, iddiaçının mərhum oğlu X4 “şəhid” statusu verilməsi üçün sonuncunun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından isə görünür ki, iddiaçının oğlu Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyünün qorunması ilə əlaqədar deyil, Artilleriya divizionunun radiotelefonçu vəzifəsində xidməti vəzifəsini yerinə yetirərkən vəfat etmişdir. Bundan başqa, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, inzibati orqan tərəfindən iddiaçının oğluna şəhid olması barədə arayışın verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinə qarşı "oğlu X4 “Şəhid” statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.” Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar