Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-211/2023 29.03.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi : Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “ sağlamlıq imkanlarının məhdud olması səbəbindən əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı Birinci Qarabağ müharibəsi zamanı, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. 1993-cü ildə döyüş zonasında hərbi xidmət keçərkən yaralanmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 24 dekabr 1993-cü il tarixli, 4812 saylı Qərarı ilə, ona “HƏRBİ TRAVMADİR. AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR" rəyi verilmişdir və İİ qrup əlillik təyin edilmişdir. İddiaçıya pensiya təyin edilmişdir. Lakin əsassız olaraq 2021-ci ildən etibarən pensiyası dayandırılmışdır. Tibb müəssisəsi tərəfindən ("Zaqatala rayon Mərkəzi Xəstəxanası" PHŞ) 26 iyun 2021-ci ildə Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. Lakin, Tibbi-Sosial Ekspertiza və Komissiyasının həkimləri tərəfindən iddiaçıya əlillik dərəcəsi təyin edilməmişdir. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2003-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1; XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.4 - Baz...; Diaqnozun mətni; Sağ bazunun sümüyünün aşağı 1\3 nin qapalı qəlpəlı siniqdan sonrakı vəziyyət yumşaq toxumalarda 0,5x0,5 sm ölçüdə qəlpə sağ dirsək oynağında deformasiya edici artroz; Meyar; 2.3. Üçüncü dərəcə əlillik => 2.3.2. Dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, anki...” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.4 - Baz...; Diaqnozun mətni: Sağ bazunun sümüyünün aşağı 1\3 nin qapalı qəlpəli siniqdan sonrakı vəziyyət yumşaq toxumalarda 0.5x0,5 sm ölçüdə qəlpə sağ dirsək oynağında deformasiya edici artroz; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Sağ bazunun sümüyünün aşağı 1 \3 nin rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ yuxarı ətrafın əzələ atrofiyası Oynaqların kontrakturası, sağ bazu dirsək sol aşıq baldır oynağının kantarkturası Sümük sınığının bitişməməsi [psevdoartroz], sağ bazunun aşağı 1\3-nin oynaqdaxili çoxqəlpəli sınığından sonra qeyri-düzgün bitişmiş sınığı. Bilək kanalı qapalı qəlpəli siniqdan sonrakı vəziyyət yumşaq toxumalarda 0,5x0,5 sm ölçüdə qəlpə sağ dirsək oynağında deformasiya ...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.4 - Baz...; Diaqnozun mətni: Bazu sümüyünün aşağı ucunu sınığı.Dirsək oynağının kapsul-bağ aparıtının gərilməsi və zədələnməsi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bazu sümüyünün aşağı ucunu sınığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S42 - Yuxarı ətraf qurşağı və bazu => S42.4 - Baz...; Diaqnozun mətni: Bazu sümüyünün aşağı ucunu sınığı.Dirsək oynağının kapsul-bağ aparıtının gərilməsi və zədələnməsi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Bazu sümüyünün aşağı ucunu sınığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “Xəstəliklərin Beynəlxalq. Təsnifatı: XX Sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59 - Bədbəxt hadisələr => W00-X59 - Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyatı bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, sağ bazunun və sol aşıq baldır oynağının qəlpə Ataktik yeriş, Ataktik yeriş Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, sağ bazu və mil sinirnin posttravmatik nevriti.sağ dirsək oynağının valqus deformasiyası.sağ Hipertrofik çapıq, sağ abzunun aşağı 1 \3-nin dirsək oynağın səthinin ağrılı dartıcı çapıq toxuması Digər oynaqların posttravmatik artrozu, sağ bazu dirsək oynağının sağ bazunun sol aşıq baldır oynağının artrozu deformasiyaedici. Kəskin ağrı, daimi ağrı təzyiq zamanı ağrıların artması Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ yuxarı ətrafın əzələ atrofiyası Oynaqların kontrakturası, sağ bazu dirsək sol aşıq baldır oynağının kantarkturası Sümük sınığının bitişməməsi [psevdoartroz], sağ bazunun aşağı 1\3-nin oynaqdaxili çoxqəlpəli sınığından sonra qeyri-düzgün bitişmiş sınığı. Bilək kanalı sindromu, Bilək kanalı sindromu Digər poliartroz, poliartroz; Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional pozğunluqlar dəqiqləşdirilməyib;” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi - “Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional pozğunluqlar dəqiqləşdirilməyib" olmuşdur. İddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Bundan əlavə, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci ildə imtina verilsədə, o, 2022-ci ilin iyul ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, verilən əlillik təyinatından imtina qərarından iddiaçının İPM-nin 38-ci maddəsinin tələbinə əsasən, mübahisələndirmə haqqında iddiadan inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, həmçinin məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində və İPM-in 39-cu maddəsinin tələbinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçdikdən sonra məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin iyul ayında, yəni təxminən 14 ay sonra xx.xx.2021-ci il tarixli göndəriş əsasında verilən əlillik təyinatından imtina qərarından məhkəməyə şikayət etmişdir. AR İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsində əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - "Zaqatala Rayon Mərkəzi Xəstəxanası" X3 xx.xx.2022-ci il tarixli 1099 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə Zaqatala RMX PHŞ-nə müraciət etmiş, vətəndaşa ixtisaslaşmış müəssisə olan ETTOİ göndəriş təklif edilmiş, lakin şəxsi işlərini yoluna qoyduqdan sonra müraciət edəcəyini bildirmiş, təkrar müraciət etməmişdir. - 0256003AALJL nömrəli Tibbi Sosial Ekspert Komissiyasının cavabında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, İmtina: Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: ekspertiza üçün əhəmiyyətli olan patofunksional pozğunluqlar dəqiqləşdirilməyib. - Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1627/2022 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nin xx.xx.2023-cü il tarixli 739 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı iddiası ilə bağlı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü onun özünün şəxsiyyət vəsiqəsi və tibbi sənədləri ilə Birliyə təqdim edilməsi bildirilməsinə baxmayaraq, bu günə qədər göndərilmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Bu səbəbdən də sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılır. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzürlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Cavabdeh orqan hazırkı inzibati iş üzrə tələbin “mübahisələndirmə haqqında” iddia növünə aid olmasını və iddiaçının İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddətin ötürməsini bildirsə də, məhkəmə cavabdeh orqan həmin mövqeyini əsaslı hesab etmir. Belə ki, iddiaçının əlillik vəziyyətinə xx.xx.2021-ci ildə imtina edilənədək onun hüquqi sferasında dəyişikliyə səbəb olacaq hər hansı inzibati akt qəbul edilməmişdir. Yəni, imtina cavabı verilənədək və ondan sonra iddiaçının hüquqi statusu eyni olmuşdur. Belə olan halda iddiaçının imtina qərarını mübahisələndirməsi “mübahisələndirmə haqqında” iddia növü kimi yox, nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq “məcburetmə haqqında” iddia növü kimi nəzərdən keçirilməlidir. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş materiallarında cavabdeh orqan tərəfindən iddiaçıya müvafiq imtina qərarının hansı tarixdə verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur.Belə olan halda məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülməmişdir. İddiaçının müraciətinə inzibati orqan tərəfindən baxıldığı vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin 1.3-cü bəndinə əsasən, TSEK Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra - Xidmət), Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılmaqla, tibbi-sosial ekspertiza keçirərək əlilliyi və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu qiymətləndirir, bunun əsasında əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edir. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Eyni ilə, hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə kollegiyası nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. Cavabdeh orqan müraciətin təmin edilməsindən imtinasını “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulması, Həkimin rəyi: ekspertiza üçün əhəmiyyətli olan patofunksional pozğunluqların dəqiqləşdirilməsi ilə ilə əsaslandırmışdır. Yəni, cavabdehin imtinasında və iddia tələbinə etirazında göstərilənlər səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişdəki məlumatların natamam olması, həmin göndərişin – onun verildiyi vaxtda qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.2-ci bəndinin tələblərinə uyğun tərtib olunmaması ilə bağlıdır. Həmin norma tələb edir ki, göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmalıdır. Bundan əlavə, göndərişin verildiyi vaxtda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 mart tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 2.3- cü bəndinə əsasən, göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir. Göndərişdə natamamlığın olduğu qəbul edildikdə, həmin göndərişə münasibətdə cavabdeh tərəfindən “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.22-ci bəndinin hansı səbəblərdən tətbiq olunmadığı məlum deyil. Həmin bəndin tələbinə görə, göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Lakin həmin normada göndərişin keyfiyyət meyarları göstərilmir. Cavabdeh isə Əsasnamənin 4.22-ci bəndinin iddiaçıya aid göndərişə münasibətdə tətbiqini zəruri hesab etməmiş, bununla da, həmin göndərişin keyfiyyət meyarına uyğunluğunu qəbul etmiş, müraciətə mahiyyəti üzrə baxmış və həll etmişdir. Lakin cavabdeh tərəfindən hər hansı əlavə inzibati araşdırma aparıldığına dair işdə məlumat yoxdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-1627/2022 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilərək ekspert qarşısında iddiaçıya təyin edilmiş “Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, sağ bazunun və sol aşıq baldır oynağının qəlpə Ataktik yeriş, Ataktik yeriş Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, sağ bazu və mil sinirinin posttravmatik nevriti.sağ dirsək oynağının valqus deformasiyası.sağ Hipertrofik çapıq, sağ abzunun aşağı 1/3-nin dirsək oynağın səthinin ağrılı dartıcı çapıq toxuması Digər oynaqların posttravmatik artrozu, sağ bazu dirsək oynağının sağ bazunun sol aşıq baldır oynağının artrozu deformasiyaedici. Kəskin ağrı, daimi ağrı təzyiq zamanı ağrıların artması Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, sağ yuxarı ətrafın əzələ atrofiyası Oynaqların kontrakturası, sağ bazu dirsək sol aşıq baldır oynağının kantarkturası Sümük sınığının bitişməməsi {psevdoartroz}, sağ bazunun aşağı 1/3-nin oynaqdaxili çoxqəlpəli sınığından sonra qeyridüzgün bitişmiş sınığı. Bilək kanalı sindromu, Bilək kanalı sindromu Digər Poliartroz, poliartroz diaqnozu”-nun düzgün olub-olmaması, qoyulmuş diaqnoz düzgündürsə həmin diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı xəstəliklə eyniyyət təşkil etməsi, qoyulmuş diaqnoz düzgün deyilsə iddiaçının hazırkı vəziyyətini əks etdirən diaqnozu və həmin diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə qeyd olunmuş hansı xəstəliyə uyğun olması barədə suallar qoyulmuşdur. İnzibati iş rəy verilməsi üçün “Məhkəmə-Tibbi Ekspertiza və X2” PHŞ-nə göndərilmiş, lakin iddiaçı ekspertizada iştirak etmədiyindən ekspert qarşısında qoyulmuş sualların aydınlaşdırılması mümkün olmamışdır. İddiaçı, ekspertizada iştirak etməməsinin səbəblərini müayinə üçün ekspertizaya gec getməsilə izah etmişdir. Müraciətə baxıldığı vaxtda qüvvədə olan “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin - 4.16-cı bəndinə əsasən, TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir; 4.25-ci bəndinə əsasən, araşdırma şəxsin iştirakı ilə təkrar müayinə aparılması zərurəti yaradarsa, Xidmət TSERAS-dan müraciət daxil olduğu gün şəxsin əks əlaqə vasitələrinin birinə TSERAS vasitəsilə təkrar müayinə vaxtı və yeri barədə məlumat göndərir və ya bildirir. Şəxs Xidmətə gəldiyi gün müayinə olunur, müvafiq qərar qəbul edilir və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək şəxsə bildirilərək TSERAS-a daxil edilir. Normaların məzmunu, həmçinin orada müəyyən edilmiş icraat qaydası və müddətləri belə nəticəyə gəlməyə əsas verir ki, cavabdeh müraciətlərə “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi ilə müəyyən edilmiş tələblərə uyğun (işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması, əlavə sübutların toplanması və s.) baxılmasına müddət baxımından iqtidarlı olmamışdır. Bundan fərqli olaraq, hazırda qüvvədə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın – 2.4-cü bəndinə görə, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.7-ci bəndinə görə, TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Xidmət tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Xidmətə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Xidmətin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. Həmin normalarla müəyyən edilmiş inzibati icraat qaydaları (o cümlədən, əlavə araşdırma aparılması imkanının nəzərdə tutulması) və müddətləri nəzərə alındıqda, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması və əlavə sübutların toplanması həmin icraatda mümkün, həm də zəruridir. Belə ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.3-cü maddəsi). İnzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduğundan və inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduğundan, bu səbəblə cavabdehin üzərinə iddia olunan məzmunda öhdəliyin qoyulması işin hazırkı vəziyyətində mümkün olmadığından iddia qismən təmin olunmalı, cavabdehin xx.xx.2021ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.1989-cu il tarixdə doğulmuş İddiaçı aid 0256003AALJL nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. İnzibati Prossesual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81 və 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli imtina qərarı ləğv edilməklə onun üzərinə xx.xx.1971-ci il tarixdə doğulmuş İddiaçı aid 0256003AALJL nömrəli göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyini nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulur. İddia tələbi qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-211/2023
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-211/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver