Məhkəmə qərarları › İş №2-1(116)-211/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-211/2025

28.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-211/2025 28.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X3rşı “iddiaçının əliliyinin səbəb-əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçının əliliyinin səbəb-əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı xx.xx.1994-cü il ildə N saylı hərbi hissədə Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının müdafiəsi zamanı sol yuxarı ətrafın proksimal parezi ilə nəticələnmiş sol çiyin nahiyəsinin odlu kor qəlpə yaralanması nəticəsində sol bazu kələfininin zədələnməsinin, sol qamış və incik sinirinin postravmatik nevropatiyası nəticəsində sol pəncənin parezi ilə nəticələnmiş qalıq əlamətləri, sol aşağı ətrafın funksiyasının mühüm dərəcədə pozulması ilə sol aşıq-baldır oynağının sallanan pəncə tipli deformasyasına görə aparılmış üçoynaqlı artrodez cərrahiyyə əməliyyatından sonrakı ankilozu, ətrafın funksiyası mühüm dərəcədə pozulması ilə nəticələnən xəsarət almışdır. Sol çiynindən qəlpə yarası alan zaman ayağımdan da qəlpə yarası almışdır. Sonradan ayağından Bərdə şəhərində cərrahiyyə əməliyyat olmuşdur. MN-nin Mərkəzi Hərbi Həkim Komissiyasının rəyinə əsasən həm dinc dövrdə həm də müharibə dövründə hərbi xidmətə yarasız olduğu müəyyən edilmişdir. xx.xx.2016-cı ildə təkrar komissiyadan keçmiş və iddiaçıya 5 il müddətinə Azərbaycan Respubilkasının ərazi bütövlüyünün müdfiəsi ilə əlaqədar İİ qrup əlillik müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə təkrar müayinədən keçən zaman əlilliyin təyinatı ümumi xəstəlik səbəbi ilə müddətsiz İİİ dərəcə əlillik olaraq müəyyən edilmişdir. Son iki il müddətində cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və ReabilitasiyaAgentliyi X4 xəstəliyimin yenidən müayinən aparılması və səbəb-əlaqəsinin dəyişdirilməsi ilə bağlı etdiyi müraciətlərinə imtina gəlmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun mətni: Baldır səviyyəsində sinirlərin travması, sol aşıq baldır oynağının sallanan pəncə tipli deformasiyaya görə aparılmş üçoynaqlı artrodez(xx.xx.2004) cərrahi əməliyyatdan sonrakı ankilozu, ətrafın funksiyasını mühüm dərəcədə pozulması ilə xx.xx.2021-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Zaqatala rayon sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.5. bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. (ESDAS: **********8xx.xx.2022-ci il tarixli Əyani müayinə). Növbəti dəfə əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi üçün tibb müəssisəsinin 0256003AAQ5B nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir (ESDAS **********6). Yenidən əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 23 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol yuxarı ətrafın proksimal parezi ilə nəticələnmiş sol çiyin nahiyəsinin odlu kor qəlpə yaralanması (xx.xx.1994) nəticəsində sol bazu kələfinin zədələnməsinin qalıq əlamətləri” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və “Sol qamış və incik sinirinin posttravmatik nevropatiyası nəticəsində sol pəncənin parezi ilə nəticələnmiş qalıq əlamətləri, sol aşağı ətrafın funksiyasının mühüm dərəcədə pozulması ilə. Sol aşıqbaldır oynağının sallanan pəncə tipli deformasiyasına görə aparılmış üçoynaqlı artrodez (xx.xx.2004) cərrahiyyə əməliyyatından sonrakı ankilozu, ətrafın funksiyasının mühüm dərəcədə pozulması ilə. Əngin və çənənin ikincili hissəvi adentiyası” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol çiynin və sol topuq nahiyyəsinin odlu silah yaralanmasından sonrakı, sol pəncədə əməliyyatdan sonrakı boylama çapıq izlənilmişdir. Nevroloji statusda sol aşağı ətrafda diz refleksi yüksəlmiş, axil refleksi çağırılmamış, sol qamış və incik sinirlərin posttravmatik neyropatiyası nəticəsində pəncənin spastik parezi müşahidə olunmuşdur” kimi qeyd olunmuş, Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Daha sonra, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda baldırın ön və arxa əzələlərinin kəskin atrofiyası müəyyən edilmiş, pəncənin dərin distal parezi müəyyən edilmiş, yeriş paretik olmuş, sol aşıq-baldır oynağında ankiloz müəyyən olunmuşdur” kimi qeyd olunmuş, xx.xx.2021-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuşdur. Baxış zamanı sol pəncədə və sol çiyinkürək nahiyəsində çapıqlar izlənmiş, sol pəncədə ankiloz qeyd edilmişdir. Nevroloji müayinə zamanı yuxarı ətraflarda əzələlər simmetrik olmuş, əzələ gücü saxlanılmış, atrofiya, hipotrofiya qeyd edilməmişdir. Sol aşağı ətrafda baldır əzələləri sağ baldıra nisbətən hipotrofik, proksimal əzələ gücü və hərəkətlər saxlanılmış, sol aşıq-baldır oynağı şişkin, hərəkətlər kontraktura hesabına məhdudlaşmışdır. X2 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli ********** nömrəli Arayışında diaqnoz “Partlayış travması, sol çiyin qurşağı, sol baldırın qəlpə yaralanmasından sonrakı çapıqları sol bazu kələfinin, sol qamış, incik sümüklərinin parezi, sol pəncənin sallanmasına görə aparılmış artodez əməliyyatından sonrakı aşıq-baldır oynağının ankilozu, aşıq-daban, daban-kub oynaqlarının İİİ (üçüncü) dərəcə artrozu, daimi ağrı sindromu, əməliyyatdan sonrakı vəziyyət, sol aşağı ətrafın dayaq-hərəki funksiyasının pozulması ilə” kimi qeyd olunmuşdur. Əlillik təyinatına əsas verən travmanın səbəb-əlaqəsi Hərbi şəhadətnamədə “Ümumi xəstəlik” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq xx.xx.2021-ci il tarixli Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. Bununla əlaqədar bildirmək istəyirik ki, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olmuş xəstəlik hərbi xidmət dövründə keçirilən xəstəlik ilə əlaqədar yaranmadığından iddiaçının tələbi üzrə əlillik dərəcəsinin dəyişdirilməsi mümkün deyildir Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:

1. Cavabdehin etiraz məktubunun surəti.

2. İddiaçıya məxsus xx.xx.2008-ci il tarixli 23 nömrəli xəstəlik haqqında şəhadətnamənin surəti.

3. MN-in Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-ci il tarixli 367 nömrəli məktubu.

4. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1287/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.

5. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli 624 nömrəli rəyindən görünür ki, 1974-cü il təvəllüdlü X1 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.Ə.C.Mollaçıyevin tibbi sənədlərinin təhlilinə və əyani müayinəsinə əsasən onda hazırda da qərardadın 1-ci bəndində qeyd edilən “Sol qamış və incik sinirinin postravmatik neyropatiyası nəticəsində sol pəncənin parezi İlə nəticələnən əlamətləri, sol aşağı ətrafın funksiyasının mühüm dərəcədə pozulması ilə” diaqnozuna rast gəlinir və bu diaqnoz HHK-nın qərarı ilə (Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı almışdır). Diaqnoz MHHK- mn 16.01,2008-ci il tarixli Jte 23 nömrəli Xəstəlik haqqında Şəhadətnamədəki diaqnoz arasında səbəbli əlaqə mövcuddur. Sol qamış və incuk sinirinin posttravmatik neyropatiyası nəticəsində sol pəncənin parezi ilə nəticələnmiş qalıq əlamətləri, sol aşağı ətrafın funksiyasının mühüm dərəcədə pozulması ilə; aşıq-baldır oynağının sallanan pəncə tipli deformasiyasına görə aparılmış üçoynaqlı artrodez (xx.xx.2004) cərrahiyyə əməliyyatından sonrakı ankilozu, ətrafın funksiyasının mühüm dərəcədə pozulması ilə xəstəlikləri isə ümumi xəstəliklə əlaqədar olub, aşıq- baldır oynağında aparılmış artrodez əməliyyatı ilə bağlıdır.

Əsaslandırma hissəsi:

İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. Hazırkı iddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı ifadə tərzindən asılı olmayaraq onun müəyyən edilmiş əliliyinin səbəb-əlaqəsinin “ümumi xəstəlik”dən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşin hallarından müəyyən edilir ki, iddiaçının xx.xx.2016-ci il tarixindən etibarən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyi müəyyən edilmişdir. Əliliyin müəyyən edilməsi zamanı diaqnoz “Baldır sümüklərinin,aşıq-baldır oynağında daxil olmaqla sınığı” kimi qeyd edilmişdir.Eyni diaqnoz sonrakı qiymətləndirmə zamanı da təsdiqlənərək xx.xx.2021-ci il il tarixədək qüvvədə olmuş əlilliyin təyin edilməsi əsası olmuşdur. İddiaçı barəsində 16 yanvar 2008-ci il tarixli XƏstəlik haqqında Şəhadətnamədə həmin diaqnoz göstərilmişdir. İddiaçı barədə xx.xx.2021-ci il il tarixli qiymətləndirmə aparılarkən yuxarıda qeyd olunan diaqnozla eyni diaqnoz qeyd edilərək “ümumi xəstəlik” səbəbi ilə əlillik təyin edilmişdir. Gründüyü kimi digər sübutlarla təsdiq olunur ki,hazırkı əliliyin təyin edilmə diaqnozu “Baldır sümüklərinin,aşıq-baldır oynağında daxil olmaqla sınığı”ndan ibarətdir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlillik səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq dəyişiklik edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. ... 3.5. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmişdir); (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə ləğv edilmişdir)

1. Ümumi müddəalar 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. 1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. ... İddiaçıya əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə o halda təyin oluna bilər ki, əlilliyin müəyyən edilməsinin meyarı kimi çıxış edən xəstəliyin, travmanın Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə səbəb əlaqəsi Hərbi Həkim Komissiyası tərəfindən müəyyən edilmiş olsun. Buna görə də, iddianın əsaslılığı barədə nəticəyə gələrkən iddiaçıya “ümumi xəstəlik” səbəbi ilə təyin edilmiş əlilliyin meyarı kimi çıxış edən xəstəliyin (diaqnozun) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya verilmiş Şəhadətnamədə göstərilən diaqnozun “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirildiyinə əmin olmalı, bunun üçün isə həmin sənədi bilavasitə tədqiq etməli və qiymətləndirməlidir. Azərbaycan Respublikasının Ali məhkəməsinin 2-1(102)-2437/2023 saylı xx.xx.2023-cü il tarixli Qərarında təsbit olunan hüquqi mövqe) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. İddiaçı müəyyən edilmiş əliliyinin səbəb-əlaqəsinin ümumi xəstəlikdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə dəyişdirilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar