Məhkəmə qərarları › İş №2-1(116)-2114/2023

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-2114/2023

17.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-2114/2023 17.07.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçı Cavabdeh rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədova qarşı “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-29/2021 saylı icra vərəqəsinə əsasən, Zaqaatla rayon icra və probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun icraatında olan icra işi üzrə icraatın məcburi dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədova qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-29/2021 saylı icra vərəqəsinə əsasən, Zaqaatla rayon icra və probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun icraatında olan icra işi üzrə icraatın məcburi dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq bildirilmişdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati qaydada inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh tərəfindən müvafiq icra hərəkətləri – Zaqatala Rayon Məhkəməsinin 2(033)-29/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin icra edilməsi məqsədilə həyata keçirilmişdir. Odur ki, iddiaçıya icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə (Zaqatala Rayon Məhkəməsinə) şikayət vermək hüququ izah olunmuşdur. Yardım məktubunda qeyd edilənlərə münasibət bildirilməsi üçün iddiaçıya 5 gün müddətində vaxt verilmiş, iddiaçı, hüquqi yardım məktubunu xx.xx.2023-cü ildə qəbul etməsinə baxmyaraq, ötən müddət ərzində məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci tarixli qərarında ortaya qoyulan hüquqi mövqe ondan ibarətdir ki, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından tərəflər icra sənədini vermiş məhkəməyə, icra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilmiş qərarının əsaslandırıcı hissəsinə nəzər saldıqda da aydın olur ki, məhkəmə həmin qənaətə gələrkən “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən məhkəmənin öz verdiyi icra sənədinin icra vəziyyətinə nəzarət etmək səlahiyyətinin olması mövqeyindən çıxış etmiş, icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsinin müəyyən edildiyi “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə (icra sənədinə izah verilməsi), eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarında öz əksini tapmış, (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələrlə bağlı digər maddələrə istinad etmişdir. Məhkəmə gəldiyi hüquqi nəticəni onunla əsaslandırmışdır ki, icra məmurunun icraata xitam verilməsi barədə qərarının icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olubolmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi məqsədi daşıyır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2 sentyabr 2015-ci il tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilən qərarında icra məmurunun icra sənədinə xitam verilməsi ilə bağlı qərarından şikayətin verilmə qaydası ilə bağlı konkret hüquqi mövqe öz əksini tapmışdır. Buna baxmayaraq, icra məmurunun icra prosesi zamanı qəbul etdiyi çoxsaylı digər qərarları zahirən inzibati akt təsiri bağışladığından və işin hallarının hərtərəfli araşdırılması nəticəsində qəbul edildiyindən həmin qərarların inzibati akt olması ilə bağlı yanlış təsəvvür yaranır. Belə ki, icra prosesi zamanı icra məmurunun qəbul etdiyi digər qərarlarına (iş üzrə icraata başlamaq, icra ödənişinin tutulması, qiymətləndiricinin dəvət edilməsi, borclunun əmlakının və ya uşağının axtarılması) və hərəkətlərinə (borclunun əmlakına baxış keçirilməsi, onun əmlakının həbsi, müsadirəsi və yaxud başqasına verilməsi, habelə borclunun və ya başqa şəxslərin tutduğu yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı fəaliyyətinə) nəzər saldıqda icra məmurunun zahirən “İnzibati icraat haqqında qanun” əsasında inzibati fəaliyyət həyata keçirdiyi görünür. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati qaydada baxılması üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət ilkin icra sənədinin hüquqi təbiətinə uyğun qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində deyilir ki, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair 13 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. Sadalanan normaları icra məmurlarının fəaliyyətinə tətbiq etsək aydın olar ki, icra məmurlarının qərarları ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün hüquqi nəticələr yaratmır və hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyən etmir. Hüquqi nəticəni və yeni hüquqi statusu yaradan, (o cümlədən inzibati məsuliyyəti müəyyən edən) ilkin icra sənədidir ki, həmin icra sənədi üzrə icra məmuru icraata başlayaraq bötüvlükdə icra prosesini həyata keçirir. Yəni, icra prosesi ilkin icra sənədinin realizəsinə yönəlmiş, prossesual fəaliyətdir. Odur ki, icra qurumunun fəaliyyəti ilkin icraatın davamı olduğundan qeyd olunan fəaliyyətlə bağlı mübahisələr tamın bir parçası kimi qiymətləndirilərək, ilkin icra sənədinin hüquqi təbiətinə uyğun olaraq müvafiq məhkəmələrdə baxılmalıdır. Konstitusiya məhkəməsinin yuxarıda qeyd edilmiş qərarında da birmənalı olaraq qeyd olunmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Belə ki, məhz ilkin icraatın davamı olduğuna görə “icraata xitam verilməsi barədə” icra məmurunun qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır (“İcra haqqında” Qanunun 20.7.m.). Odur ki, icra məmurunun qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilərkən ilk növbədə ilkin icra sənədinin hüquqi təbiətinə diqqət yetirilməli və buna uyğun olaraq aidiyyəti məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4, 17-ci bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Cavabdehnə qarşı yönəlmiş tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün olmadığından iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilir ki, Cavabdeh icra vərəqəsinin icrası ilə əlaqədar həyata keçirdiyi icra tədbirləri ilə bağlı mübahisəyə mahiyyəti üzrə icra sənədini verən məhkəmədə (Zaqatala Rayon Məhkəməsində) baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdeh rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədova qarşı “Zaqatala Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(033)-29/2021 saylı icra vərəqəsinə əsasən, Zaqaatla rayon icra və probasiya şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri Elvin Əhmədovun icraatında olan icra işi üzrə icraatın məcburi dayandırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar