Məhkəmə qərarları › İş №2-1(116)-212/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-212/2020

28.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-212/2020 28.01.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmzadə Səmayə Abdurəhim qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı "01.09.1972-ci ildən 03.07.1976-cı ilədək V.İ.Lenin adına X3 Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi, pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1954-cü ildə doğulmuşdur. O, 01.09.1972-ci ildən 03.07.1976-cı ilədək V.İ.Lenin adına X3 Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunda əyani təhsil almışdır. Ona 12.06.2018-ci ildə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiyasının məbləği 271,42 manatdır. O, 01.09.1972-ci ildən 03.07.1976-cı ilədək təhsil aldığı müddətin də sosial sığorta stajına daxil edilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 05.09.2019-cu il tarixli məktubla imtina etmiş və bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin tərkibində əyani təhsil müddəti nəzərdə tutulmamışdır. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, öz tələbini belə əsaslandırmışdır ki, təhsil aldığı zaman qüvvədə olmuş qanunvericiliyə görə, təhsil müddəti sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh 28.11.2019-cu il tarixli **********4 nömrəli etirazında bildirmişdir ki, iddiaçıya cavabdeh tərəfindən 12.06.2018-ci ildə yaşa görə əmək pensiyası təyin olunmuşdur və 28.11.2019cu ilə pensiyasının məbləği 271,42 manatdır. İddiaçının 01.09.1972-ci ildən 03.07.1976-cı ilədək təhsil aldığı müddət başqa sosial sığorta stajı ilə üst-üstə düşmür. Təhsil illəri sosial sığorta stajına daxil edilərsə, iddiaçının yaşa görə əmək pensiyasında 19,23 manat artım olacaq. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə baxışının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlmədiyinə görə işə onun iştirakı olmadan baxıldı. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - Я seriyalı 113206 nömrəli diplomdan görünür ki, İddiaçı 01.09.1972-ci ildən 03.07.1976-cı ilədək V.İ.Lenin adına X3 Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Müəyyən edildi ki, iddiaçı hazırda yaşa görə 271,42 manat pensiya alır. Ona pensiya təyin edilərkən 01.09.1972-ci ildən 03.07.1976-cı ilədək təhsil aldığı müddət nəzərə alınmamışdır. Həmin müddətin də nəzərə alınacağı halda, onun pensiyasında 19,23 manat artım olacaqdır. Göründüyü kimi, təhsil müddətinin iddiaçının sığorta stajına daxil edilməsində onun hüquqi marağı vardır. Ona görə də hazırkı iddia mümkün sayılmalıdır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdən göründüyü kimi, cavabdehin imtinasının dəlili "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində təhsil müddətinin sosial sığorta stajına daxil edilməməsindən ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.1956-cı ildə qüvvəyə minmiş və 23.09.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı haqqında" SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil aldığı zaman qüvvədə olan pensiya qanunvericiliyi təhsil müddətinin iş stajına daxil edilməsini nəzərdə tutur. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında, o cümlədən, 01.01.2006-cı ildə qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Qanunda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən is stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının 01.09.1972-ci ildən 03.07.1976cı ilədək V.İ.Lenin adına X3 Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı müddəti onun sosial sığorta stajına daxil etməməkdə haqlı olmamışdır. Ona görə də iddia təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 01.09.1972-ci ildən 03.07.1976-cı ilədək V.İ.Lenin adına X3 Ordenli Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil aldığı müddətin onun sosial sığorta stajına daxil edilməsi və pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar