Məhkəmə qərarları › İş №2-1(116)-2124/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2124/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2124/2024 31.10.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmə iddia ərizəsi ilə müraciət edərək “ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələb hüququnu aşağıdakı kimi əsaslandırmışdır: - o, xx xxxx 1952-ci ildə Şəkidə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə başlamışdır. X3 hərbiçi olmuş və 1982-ci ildə vəfat etmişdir. Böyük oğlu X9 İ Qarabağ Müharibəsində xx.xx.1992-ci ildə şəhid olmuşdur. 2003-cü ildə ona 3 və daha çox uşaq tərbiyə etdiyi üçün yaşa görə əmək pensiyası təyin olunmuşdur. O dövrdən 2024-cü ilin yanvar ayına kimi pensiyasının məbləği artaraq 336 manat olmuşdur. 3 övladını itirdiyinə, onlardan biri şəhid olduğuna görə və qanunları bilmədiyindən 2009-cu ildə, yəni 57 yaşında ailə başçısını itirməyə görə pensiya təyin olunması üçün müraciət etməmişdir. 2024-cü ilin yanvar ayında ailə başçısını itirməyə görə pensiya təyin olunması və yenidən hesablanması üçün müraciət etmişdir. Ona ailə başçısını itirməyə görə 2024-cü ilin yanvar ayından təminat xərcliyinin 80% məbləğində pensiya təyin olunmuşdur. Bu məsələ ilə bağlı cavabdeh orqana rəsmi müraciət etsə də, ona imtina cavabı verilmiş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İmtinanın səbəbi kimi “pensiyanın bir növdən başqa növə keçirilməsinin əsas meyarı kimi müraciət olunan tarixindən hesablanmasını” bildirmişlər. Lakin o, bu səbəblə razılaşmır və hesab edir ki, ona ailə başçısını itirməyə görə əmək pensiyası xx.xx.2009-cu ildən hesablanmalıdır. Ona pensiyanın hansı qaydada təyin edilməsi və hansı tarixdən hesablanması barədə konkret məlumatı olmamışdır. O hesab edir ki, bu işin faktiki tərəfləri ilə yanaşı, qanunvericilikdə də kifayət qədər hüquqi normaların güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnu təsdiq edir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Belə ki, iddiaçıya xx.xx.2003-cü il tarixdən 3 və daha çox uşağı tərbiyə etdiyinə görə pensiya təyin edilmişdir. İddiaçı xx.xx.2009-cu il tarixdə 57 yaşı tamam olmuş, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmışdır. Lakin İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası almaq üçün müraciət etməmiş, 2003-cü il tarixdən təyin edilmiş pensiyasını almağa davam etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun {bundan sonra - Qanun) 20.17.1-ci maddəsinin tələblərinə uyğun olaraq Mərkəzi Filial tərəfindən 18 yanvar 2024-cü il tarixdə iddiaçıya mərhum (xx.xx.1992-ci il tarixdə şəhid olmuşdur) oğlu X2 müvafiq təminat xərcliyinin (834,40 manat) 80 faizi-667,52 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş və 21 dekabr 2023-cü il tarixdən hesablanmışdır. Cavabdeh orqan “Əmək pensiyaları haqqında’’ Qanunun 1.0.1, 1.0.2, 5.1, 17.2, 20.17.1, 20.1.13, 34.2-ci maddələrinə, habelə analoji iş üzrə Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)- 1293/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına istinad edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, savadı olmadığına görə 2009-cu ildə ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, Mingəçevir Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli iddiaçının ailə tərkibi haqqında arayışı, X6 aid İV-ЖГ 363119 nömrəli “ölüm haqqında” şəhadətnamənin surəti, İV-ЖГ 324862 nömrəli X7 aid ölüm haqqında” şəhadətnamənin surəti, Şəhid ailəsinin üzvünün 004296 nömrəli vəsiqəsi, Əmək pensiyasının təyin edilməsi haqqqında Qərar və iddiaçıya aid pensiya işinin təsdiq edilmiş surəti. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. “Əmək pensiyaları haqqında" Qanunun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən qüvvədə olmuş ƏPHQ-nun 20.17.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: Azərbaycan Respublikasının müdafiəsi zamanı, habelə başqa hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 50 faizi (ailə başçısının ölümünün səbəbindən asılı olmayaraq müharibə ilə əlaqədar əlilliyi olan şəxslər sırasından olan vəfat etmiş pensiyaçıların ailələrinə və tərkibində hər iki valideynini itirmiş uşaqların (ata-anadan yetimlərin) olduğu ailə üzvlərinə də əlavə bu məbləğdə müəyyən edilir) məbləğində (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) “Əmək pensiyaları haqqında" Qanunun 34-cü maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün həmin Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə həmin Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 6.4-cü maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə, yeni növ pensiya təyinatı ərizənin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. İş materiallarından görünür ki, iddiaçıya xx.xx.2003-cü il tarixdən 3 və daha çox uşağı tərbiyə etdiyinə görə pensiya təyin edilmişdir. İddiaçının xx.xx.2009-cu il tarixdə 57 yaşı tamam olmuş, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranmış, lakin o, ailə başçısını itirməyə görə əmək pensiyası almaq üçün müraciət etməmiş, 2003cü il tarixdən təyin edilmiş pensiyasını almağa davam etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət edərək ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinı xahiş etmiş, cavabdeh tərəfindən əmək pensiyasının təyin edilməsi haqqında qərar qəbul edilərək iddiaçıya xx.xx.2023-cü il tarixdən ƏPHQ-nun 20.17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Həmin qərarda vəfat etdən şəxs olaraq X8 göstərilmişdir. X8 iddiaçının mərhum əri olmuş və 1982-ci ildə vəfat etmişdir. Hazırkı iddia tələbini irəli sürməkdə iddiaçının hüquqi marağı ona təyin edilmiş ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2009-cu ildən hesablanmasına nail olmaqdır. Belə ki, iddiaçı, şəhid ailəsi üzvü olmasını bildirərək ƏPHQ-nun 34-cü maddəsində nəzərdə tutulmuş istisnanın (Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə şəhid ailə üzvlərinə münasibətdə həmin Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanır) ona tətbiq edilməsini cavabdeh orqandan tələb edir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verilməzdən əvvəl aşağıda qeyd edilmiş xüsusatlara diqqət yetirilməsini zəruri hesab edir. Qanunvericiliyin tələbinə görə, ailə başçısının kimliyi onun ailəyə əsas maddi təminat verən şəxs olması ilə müəyyən edilir. Ailə başçısı ailənin maddi təminatını həyata keçirən, ailənin əsas gəlir mənbəyi olan, ailə üzvlərinin əsas təminatçısı olmaqla iş qabiliyyətli olan şəxsdir. İddiaçıya münasibətdə ailə başçısı qismində mərhum X3 çıxış etmişdir. X1 ailənin maddi təminatçısı olmuş, lakin 1982-ci ildə vəfat etmişdir. Odur ki, iddiaçının məhz Mövsüm Məmmədova münasibətdə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yaranmış və cavabdeh orqan tərəfindən ona məhz mərhum ərinə görə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Başqa sözlə iddiaçı mərhum X3nun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvüdür. İddiaçının mərhum əri hərbçi olsa da, o, müharibədən əvvəl vəfat etmiş və şəhid statusu almamışdır. Buna görə də, ƏPHQ-nun 34.2-ci maddədə nəzərdə tutulmuş "ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanma" qaydası iddiaçıya şamil edilmir. İddiaçının oğlu (X9) Qarabağ müharibəsində şəhid olmuşdur və bu səbəbdən iddiaçı şəhid ailəsi statusuna malikdir. Lakin ƏPHQ-nun 34.2-ci maddəsində şəhid ailələri üçün müəyyən edilmiş istisnanın tətbiqi, konkret olaraq ailə başçısına şəhid statusu verildiyi tarixdən pensiyanın hesablanması ilə bağlıdır. İddiaçının oğluna görə şəhid ailəsi statusu alması, bu qaydanın tətbiqi üçün hüquqi əsas yaratmır. Çünki istinad olunan normanın əsas məqsədi birbaşa ailə başçısının şəhid statusuna görə pensiya hüququnun yaradılmasıdır. Odur ki, iddiaçının ailə başçısı olaraq mərhum əri nəzərdən keçirildiyindən və onun şəhid statusu olmadığından bu istisna iddiaçıya tətbiq edilmir. İddiaçının şəhid ailəsi üzvü olması ona mərhum ərinə görə aldığı ailə başçısını itirməyə görə əmək pensiyasının 2009-cu ildən hesablanmasına səbəb olmur. Şəhr olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, şəhid ailəsi üzvlərinə münasibətdə ƏPHQ-nun 34.2-ci maddəsində nəzərdə tutulmuş istisna yalnız ailə başçısına şəhid statusu verildiyi halda tətbiq olunduğundan və iddiaçıya münasibətdə həmin normanın tətbiqi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya, ailə başçısını itirməyə görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar