Məhkəmə qərarları › İş №2-1(116)-2125/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2125/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2125/2025 07.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan iddiaçı – İddiaçı (yaşayış yeri: Şəki şəhəri, İddiaçı küçəsi, ev 1/21) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə (yerləşdiyi yer: Şəki şəhəri, H.Əliyev prospekti 9A) qarşı «fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin vahid əmlak kimi iddiaçının adına qeydiyyata alınması» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : Şəki şəhəri, X6 küçəsi, mənzil 13 ünvanında yerləşən daşınmaz əmlak İddiaçı mülkiyyətindədir və həmin əmlak 23 yanvar 2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydiyyata alınmışdır. Əmlakın qeydiyyatı mənzil qismində aparıldığından, onun yerləşdiyi torpaq sahəsi iddiaçının mülkiyyəti kimi qeydə alınmamışdır. İddiaçı həmin əmlakın onun altındakı torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evi kimi adına mülkiyyət hüququ ilə qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Bundan sonra İddiaçı cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə qarşı «fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin vahid əmlak kimi iddiaçının adına qeydiyyata alınması» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçının mövqeyi belədir ki, cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin imtinası qanunsuz və əsassızdır. Belə ki, cavabdeh onun müraciəti üzrə icraatı obyektiv aparmamış, üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Əmlakın texniki pasportundan göründüyü kimi, onun həyətyanı sahəsi də var. «Torpaq islahatı haqqında» Qanunun tələblərinə əsasən həmin torpaq sahəsi onun mülkiyyətindədir. Cavabdehin mövqeyi belədir ki, mənzil «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanuna əsasən özəlləşdirildiyindən, onun yerləşdiyi torpaq sahəsi ilə birlikdə «Torpaq islahatı haqqında» Qanunun tələblərinə uyğun olaraq qeydiyyata alınması qanunauyğun deyil. Şəki şəhəri, X6 küçəsi 13 ünvanında yerləşən yarımzirzəmili və bir mərtəbədən ibarət mənzilin həyətyanı sahəsində yerləşən 639 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən onun xüsusi mülkiyyətə verilməsi qanunamüvafiq deyildir. 12 fevral 2025-ci il tarixli müşayiət məktubu ilə verilmiş mütəxəssis rəyi və yerquruluşu planında mübahisə predmeti olan 639 kv.m torpaq sahəsinin X2 X3 elektron məlumat bazasında dövlət torpaqlarına aid, yaşayış məntəqəsi torpaqları daxilində tikili altında olan torpaq olduğu göstərilmişdir. İctimai mülkiyyətdə olan mənzil fonduna məxsus iki otaqdan ibarət, 58 kv.m sahəsi olan 13 nömrəli yaşayış evini 26 mart 1998-ci il tarixdə özəlləşdirmiş X1 adına Şəki Rayonlararası Dövlət Tİ MH Qeydiyyatı İdarəsi tərəfindən 2001-ci il yanvar ayının 1-dək tərtib olunmuş qeydiyyat vəsiqəsi olsa da, üzərində mülkiyyət hüququ qeydə alınmış fərdi yaşayış sahəsinə daxil olan özəlləşdirilmiş mənzilin texniki inventarlaşdırma orqanları tərəfindən tərtib olunmuş texniki pasportu 2006-cı ilin yanvar ayında tərtib olunmuşdur. Odur ki, həmin daşınmaz əmlak fərdi yaşayış evi hesab edilsə belə, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahının 2.4-cü bəndinə əsasən yaşayış evinin torpaq sahəsinə münasibətdə daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab oluna bilməz. Məhkəmənin DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə ünvanlanmış 5 fevral 2025-ci il tarixli məktubu ilə iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, aşağıdakı məlumatların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur: 1-ci sual – Şəki şəhəri, Məmmədşərif Həmidov küçəsi mənzil 13 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən mübahisəli torpaq sahəsinə dair ətraflı (döngə nöqtələri, koordinatları, sahəsi, təyinatı, uqodiyası (dəqiq göstərilməklə), rejimi, statusu, mülkiyyətçiləri, istifadəçiləri, başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi (üst-üstə düşürsə hansı hissədə və ölçüdə kimin torpaq sahəsi ilə üstüstə düşməsi barədə məlumatı dəqiq göstərməklə və həmin torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədləri təqdim etməklə)) məlumat, həmçinin işin hallarının araşdırılması üçün zəruri əhəmiyyət kəsb edə biləcək digər məlumatlar; 2-ci sual – Mübahisəli torpaq sahəsinə dair arxivdə saxlanılan hüquqi və texniki sənədlərin təsdiq olunmuş surətləri; 3-cü sual – 23 yanvar 2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış və onun verilməsinə əsas olmuş hüquqi və texniki sənədlərin təsdiq olunmuş surətləri; 4-cü sual – Mübahisəli yaşayış binasının neçə mərtəbəli olması, həmin binada digər şəxslərə məxsus başqa mənzillərin olub-olmaması barədə məlumat. DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin məhkəməyə 5 fevral 2025-ci il tarixli məktuba cavab olaraq ünvanlanmış 12 fevral 2025-ci il tarixli məktubu ilə aşağıdakı məzmunda mütəxəssis rəyi təqdim olunmuşdur: 1-ci sual üzrə – İddia olunan torpaq sahəsi İddiaçı tərəfindən istifadə edilir və 639 kv.m olub, yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Torpaq sahəsi TEKUİS məlumatlarında dövlət torpaqlarına aid, yaşayış məntəqəsi torpaqları daxilində tikinti altında olan torpaqlar kimi göstərilmişdir. Torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi qeydə alınmamışdır; 4-cü sual üzrə – Mübahisəli yaşayış binası zirzəmili və bir mərtəbədən ibarətdir və həmin binada başqa şəxslərə aid mənzil mövcud deyil. Məhkəmənin DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinə ünvanlanmış 1 aprel 2025-ci il tarixli məktubu ilə iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, aşağıdakı məlumatların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur: 1-ci sual – Şəki şəhəri, Məmmədşərif Həmidov küçəsi mənzil 13 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən torpaq sahəsində mövcud tikili aşağıdakı bəndlərdən hansına uyğundur? a) yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evi; b) bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən yaşayış binasının tərkib hissəsi; 2-ci sual – Mübahisəli tikili küçənin qırmızı xətdindən hansı məsafədə yerləşmişdir? 3-cü sual – Tikilidə yaşayış otaqları və yardımçı sahələr - mətbəx (o cümlədən mətbəx-yemək otağı), dəhliz (holl), sanitar qovşağı nəzərdə tutulmuşdurmu? 4-cü sual – Tikilidə istilik təchizatı, havalandırma, su təchizatı, kanalizasiya, elektrik təchizatı nəzərdə tutulmuşdurmu? 5-ci sual – Tikilinin yaşayış otaqlarının, mətbəxinin və dəhlizinin hündürlüyü (döşəmədən tavanadək) neçə metrdir? 6-cı sual – Tikili qonşu ərazilərdə yerləşən hər hansı başqa tikili ilə ortaq divarlara malikdirmi? DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin məhkəməyə 1 aprel 2025-ci il tarixli məktuba cavab olaraq ünvanlanmış 17 aprel 2025-ci il tarixli məktubu ilə aşağıdakı məzmunda mütəxəssis rəyi təqdim olunmuşdur: 1-ci sual üzrə – Şəki şəhəri, X6 küçəsi, mənzilı 13 (yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən torpaq sahəsində mövcud tikili yerüstü mərtəbələrinin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evidir. 2-ci sual üzrə – Mübahisəli tikili küçənin qırmızı xəttindən 13.50 metr məsafədə yerləşir. 3-cü sual üzrə – Tikilidə yaşayış otaqları və yardımçı sahələr, o cümlədən mətbəx (yemək otağı), dəhliz (holl), sanitar qovşağı nəzərdə tutulmuşdur. 4-cü sual üzrə – Tikilidə istilik təchizatı, havalandırma, su təchizatı, kanalizasiya, elektrik təchizatı nəzərdə tutulmuşdur. 5-ci sual üzrə – Tikilinin yaşayış otaqlarının, mətbəxinin və dəhlizinin hündürlüyü (döşəmədən tavanadək) yarımzirzımi mərtəbəsində 1.6 metr, İ mərtəbədə isə 2.6 metrdir. 6-cı sual üzrə – Tikilinin qonşu ərazilərdə yerləşən hər hansı başqa tikili ilə ortaq divarları yoxdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Şəki rayonu ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin iddiaçının müraciəti üzrə fərdi yaşayış evinin və yerləşdiyi torpaq sahəsinin vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 63-cü maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. İnzibati aktda düzəlişlər inzibati orqanın müvafiq vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin imzası ilə təsdiq olunmalıdır. İnzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. «Torpaq islahatı haqqqında» Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci və 3-cü hissələrinə əsasənm tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 4.1-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.5) 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; - (8.0.8) bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə “«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda nəzərdə tutulmuş səınədlər sırasına aşağıdakılar da aiddir: Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair – üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 1 yanvar 2001-ci il tarixədək tərtib olunmuş texniki pasport (texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: yaşayış evi, yaşayış evinin hissəsi, mənzil, mənzilin hissəsi, otaq, bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. Həmin Məcəllənin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinə görə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 30 noyabr 2021-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş «AzDTN 2.7-2 Yaşayış binaları. Layihələndirmə normaları»nın 3-cü bəndində göstərilmişdir ki, mənzil – bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən yaşayış binasının tərkib hissəsi mənzil hesab edilir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 21 noyabr 2023-cü il tarixli 3-35/3-2-6/2023 nömrəli qərarı ilə təsdiq edilmiş «AzDTN 2.7-3 Fərdi yaşayış evləri. Layihələndirmə normaları»nın 3-cü bəndində göstərilmişdir ki, fərdi yaşayış evi – yerüstü mərtəbələrin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evidir, həyətyanı torpaq sahəsi – fərdi yaşayış evinə bitişik və ona bilavasitə çıxışı olan torpaq sahəsidir, 4.6-cı bəndində göstərilmişdir ki, fərdi yaşayış evləri yerli əhəmiyyətli küçələrin qırmızı xəttindən 3 m-dən, ümumşəhər və rayon əhəmiyyətli küçələrin qırmızı xəttindən isə 5 m-dən az olmayan məsafədə yerləşdirilməlidir, yaşayış məntəqələrinin müfəssəl planlarının hazırlanması şəraitində mövcud şəhərsalma vəziyyəti nəzərə alınmaqla qeyd olunan məsafənin azaldılmasına və ya fərdi yaşayış evinin yerli əhəmiyyətli küçənin qırmızı xəttində yerləşdirilməsinə yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtləri təmin edilməklə yol verilir, 4.7-ci bəndndə qeyd olunmuşdur ki, fərdi yaşayış evlərində yaşayış otaqları və yardımçı sahələr - mətbəx (o cümlədən mətbəx-yemək otağı), dəhliz (holl), sanitar qovşağı nəzərdə tutulmalıdır. İşin faktiki hallarından görünür ki, hazırkı İddiaçı Şəki şəhəri, X6 küçəsi, mənzil 13 ünvanındakı daşınmaz əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sözügedən daşınmaz əmlakın həmin qeydiyyatı “mənzil” kimi aparıldığından, iddiaçı həmin qeydiyyatda düzəliş olunaraq, əmlakın “fərdi yaşayış evi” qismində əks olunmasını və bununla yanaşı evin altındakı torpaq sahəsinə mülkiyyət hüququnun da qeydiyyata alınmasını istəyir. Bununla bağlı o, cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı məxsus əmlakın ünvanı “X6 küçəsi, mənzil 13” göstərilməsi, eləcə də həmin ünvanda başqa şəxslərə məxsus mənzilin olmaması həmin əmlakın mənzil kimi hər hansı binanın tərkib hissəsi olmadığına dəlalət edir. Bundan başqa, nəzərə alınmalıdır ki, iddiaçıya məxsus həmin əmlakın texniki pasportunda onun yerləşdiyi torpaq sahəsi də əks olunmuşdur. Bu isə, qeydiyyatın əvvəlcədən mənzil qismində aparılmasının səhv addım olması ehtimalını daha da artırır. Nəzərə alınmalıdır ki, iş üzrə icraatda DƏDKR 12 saylı Şəki Ərazi İdarəsindən alınmış mütəxəssis rəyində yaşayış evinin yerüstü mərtəbələrinin sayı 3-dən çox olmayan, otaqlardan, həmçinin məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrdən ibarət, bir ailənin yaşaması üçün nəzərdə tutulan yaşayış evi olduğunun, müvafiq küçənin qırmızı xəttindən 13.50 metr məsafədə yerləşməsinin, tikilidə yaşayış otaqları və yardımçı sahələr, o cümlədən mətbəx, dəhliz, sanitar qovşağının, istilik təchizatı, havalandırma, su təchizatı, kanalizasiya, elektrik təchizatının olmasının, tikilinin yaşayış otaqlarının, mətbəxinin və dəhlizinin hündürlüyü yarımzirzəmi mərtəbəsində 1.6 metr, İ mərtəbədə isə 2.6 metr olmasının, qonşu ərazilərdə yerləşən hər hansı başqa tikili ilə ortaq divarlarının olmamasının, yerləşdiyi torpaq sahəsinin TEKUİS məlumatlarında dövlət torpaqlarına aid, yaşayış məntəqəsi torpaqları daxilində tikinti altında olan torpaqlar kimi göstərilməsi, habelə başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsinin qeydə alınmadığının müəyyən edildiyi bildirilmişdir. Məhkəmə həmçinin vurğulayır ki, DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssis rəyində göstərilənlərə əsasən İddiaçı mülkiyyətində olan daşınmaz əmlak (Şəki şəhəri, X6 küçəsi, mənzil 13) göstəricilərinə görə Mənzil Məcəlləsində təsbit olunmuş “mənzil” anlayışı ilə deyil, “yaşayış evi (fərdi ev)”lə uzlaşır. Məhkəmə icraatında həmin mütəxəssis rəyində qeyd olunanların təkzib olunması ilə bağlı xüsusatlar müəyyən edilmədiyindən, məhkəmə rəylə razılaşır və onu mötəbər sübut qismində qiymətləndirir. Sadalananların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mülkiyyətində olan Şəki şəhəri, X6 küçəsi, mənzil 13 ünvanında yerləşən daşınmaz əmlakın qeydiyyatında düzəliş olunaraq, həmin əmlak reyestrdə fərdi yaşayış evi qismində qeydiyyata alınmalıdır. Qeyd olunmalıdır ki, tikili fərdi yaşayış evi olduğu halda, onun texniki sənədlərdə əks olunan həyətyanı torpaq sahəsi «Torpaq islahatı haqqında» Qanunun 9-cu maddəsinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.8-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının müddəalarına əsasən iddiaçının mülkiyyətinə keçmiş olur və onun həmin torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Bununla da belə nəticə əldə olunur ki, iddiaçının fərdi yaşayış evinə və onun altındakı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üzrə əsas mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 12 saylı Şəki Ərazi İdarəsi iddiaçının müraciəti üzrə fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. Cavabdehin imtinası qanuni sayıla bilməz. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı adına Şəki şəhəri, X6 küçəsi, mənzil 13 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 639 kv.m torpaq sahəsinin vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh DƏDKR 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 13, 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı adına Şəki şəhəri, X6 küçəsi, mənzil 13 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi 639 kv.m torpaq sahəsinin vahid əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 9legiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) şikayət verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar