Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-213/2024 05.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yevlax şəhəri Q.Quliyev küçəsi 2C ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-213/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X8 Xidmətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı cavabdeh orqan tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - ünvan 2 ünvanında iddiaçının xüsusi mülkiyyətinə 0.0511 ha həyətyanı torpaq sahəsi daxildir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan ******* nömrəli Çıxarışa əsasən təsbit edilmişdir. Qeyd edilən torpaq sahəsinə dair "Torpaq sahəsinin planı və ölçüsü" sənədi cavabdeh orqan tərəfindən xx.xx.2016-cı il tarixdə işlənib hazırlanmışdır. Plan və ölçünün tərtib edilməsinə əsas Yevlax rayonu notariusu X1 (Şəhadətnamə № 002), xx.xx.2015-ci il tarixli 4Ə-158 nömrəli Daşınmaz əmlakın alqı- satqı müqaviləsi, AR ƏMDK yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsi, xx.xx.2011-ci il tarixli **********20 nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olmuşdur. Xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Q.Quliyev küçəsi 2C ünvanında yerləşən 0.0511 ha həyətyanı torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmiş və həmin fərdi yaşayış evinin “X5” Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Layihələndirən Təşkilat "xxxx" MMC tərəfindən tərtib edilmişdir. İddiaçı xüsusi mülkiyyətinə daxil olan Yevlax şəhəri Q.Quliyev küçəsi 2C ünvanında yerləşən 0.0511 ha həyətyanı torpaq sahəsi üzərində inşa etdirdiyi fərdi yaşayış evinin vahid daşınmaz əmlak olaraq (həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi ilə birlikdə mülkiyyət hüququnu təsdiq edən Dövlət reyestrindən Çıxarış verilməsi üçün cavabdeh inzibati orqana - müraciət etmişdir. Müraciəti 28 mart 2023-cü il tarixdə "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə "BİLDİRİŞLƏ cavablandırılaraq ona bildirilmişdir ki, mülkiyyətində olan 0.0511 ha torpaq sahəsinin və onun üzərində inşa etdiyi fərdi yaşayış evinin bir hissəsi 0.0184 ha torpaq sahəsi və 52.0 kv.m) dövlət mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Həmçinin torpaq sahəsi yerləşən fərdi yaşayış evinin 2.0 metr məsafəsindən gücü 6.0 KV-t olan yüksək gərginlikli hava elektrik xətti keçir. Yuxarıda qeyd edilən məzmunlu imtinanı qanunsuz və əsassız hesab edir. Çünki, 0.0511 ha həyətyanı torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və o, həmin torpaq sahəsini fiziki şəxsdən satın almışdır. Aralarında olan alqı-satqı müqaviləsi notariat qaydasında təstiqlənmişdir. Eyni zamanda alqı-satqı müqaviləsinin hüquqi nəticəsi olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnu təstiq edən Dövlət reyestrindən Çıxarış və "torpaq sahəsinin planı və ölçüsü " sənədi əldə etmişdir. Hər iki sənəd məhz cavabdeh inzibati orqan tərəfindən verilmişdir. Hazırda isə cavabdeh inzibati orqan yaşayış evinə münasibətdə mülkiyyət hüququnu təstiq edən Dövlət reyestrindən Çıxarışın verilməsindən imtina edir. Fərdi yaşayış evini xüsusi mülkiyyətində 0.0511 ha həyətyanı torpaq sahəsi üzərində inşa etdirmişdir. Eyni zamanda cavabdeh inzibati orqan tərəfindən "Torpaq sahəsinin planı və ölçüsü" sənədi tərtib edilən torpaq sahəsinin sərhədləri ona tanınmışdır və o, həmin sərhədlərdən kənara çıxmamışdır. ünvan 2 ünvan yerləşməklə 0.0511 ha həyətyanı torpaq sahəsinə dair onun mülkiyyət hüququnu təstiq edən sənəd - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi ******* nömrəli Çıxarış ləğv edilməmiş, etibarsız hesab edilməmiş, o cümlədən mübahisələndirilməmişdir. Qeyd olunan fərdi yaşayış evini inşa etdirməmişdən öncə, Yevlax Şəhər İcra Hakimiyyətini rəsmi məlumatlandıraraq bildirmişdir ki, mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0.0511 ha həyətyanı torpaq sahəsinin üzərində hündürlüyü 6.5 metr olan 3(üç) otaqlı, 2 mərtəbəli fərdi yaşayış evi inşa etdirmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında " Azərbaycan Respublikası Qanununun 2.1- ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Cavabdeh orqan iddia tələbinə münasibətdə etirazını aşağıdakı kimi əsaslandırmışdır: Belə ki, iddiaçı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə Ərazi İdarəsinə müraciət etmişdir. Fərdi yaşayış ev üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının mülkiyyətində olan 0.0511 ha torpaq sahəsinin və onun üzərində inşa olunmuş fərdi yaşayış evinin bir hissəsi (0.0184 ha torpaq sahəsi və 52.0 kv.m) dövlət mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşir. Həmçinin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 2.0 metr məsafəsindən gücü 6.0 kV-t olar yüksək gərkinlikli hava elektrik xətli keçir. “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları" və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin qaydalara əsasən 6.0 kV-luq hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə 10 metr məsafədə məhdudlaşan torpaq sahəsi mühafizə zonası sayılır. Bununla da fərdi yaşayış evi elektrik hava xəttinin mühafizə zonasında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci və 23.1-ci maddələrinin müddəalarında qeyd edildiyi kimi; hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və Qeydiyyat orqanının vəzifəli şəxsləri bu Qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. İddiaçının vəkili (nümayəndəsi) məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, ********** qeydiyyat nömrəli xx.xx.2011-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli çıxarış,xx.xx.2016cı il tarixli, 058000 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, fərdi yaşayış evinin memarlıq planlaşdırma bölməsi və Yevlax şəhər İH-nə müvafiq məlumatın təqdim edilməsinə dair poçt qəbzinin surəti, AN-İ ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsi, JN 7360A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə, Yevlax İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məktubu, Yevlax İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2023-cü il tarixli məktubu, "xxxx" ASC-nin xx.xx.2023-cü iltarixli məktubu, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubu, cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi, tikilinin yerləşdiyi ərazinin əks olunduğu ortofoto və yerquruluşu planı. Əsaslandırma hissəsi: İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin iddia tələbi mahiyyət etibarilə əsassızdır. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; “Elektroenergetika haqqında” Qanun: 37.2. Elektrik şəbəkələrinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik şəbəkələri ətrafında mühafizə zonaları müəyyənləşdirilir. 37.3. Mühafizə zonalarında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.10.2-ci maddələrinin tələblərindən göründüyü kimi, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən sonra inşa edilmiş tikililərə dair torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Başqa sözlə, iddiaçı Yevlax şəhəri Q.Quliyev küçəsi 2C ünvanında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi və 8.0.10.2-ci maddədə göstərilən digər sənədləri təqdim etməklə, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun qeyd alınmasını tələb edə bilər. Hazırkı halda, cavabdehin imtinasının əsasını iddiaçının mülkiyyətində olan 0.0511 ha torpaq sahəsinin və onun üzərində inşa olunmuş fərdi yaşayış evinin bir hissəsinin (0.0184 ha torpaq sahəsi və 52.0 kv.m) dövlət mülkiyyətində olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşməsi, həmçinin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 2.0 metr məsafəsindən gücü 6.0 kV-t olan yüksək gərkinlikli hava elektrik xəttinin keçməsi ilə bağlıdır. Məhkəmə tərəfindən mübahisəli daşınmaz əmlakın yerləşdiyi ərazinin xüsusiyyətlərinin öyrənilməsi məqsədilə mütəxəssis rəyi alınmış və həmin rəydə qeyd edilmişdir ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi 381 kv. m torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Yevlax bələdiyyəsinin “X3 X7”ndəki xəritəsinə əsasən, təyinatı yaşayış məntəqələrinin torpaqlar, uqodiyası şərti yararsız torpaqlardır. Torpaq sahəsinin 226 kv. m hissəsinin mülkiyyətçisi İddiaçı, 69 kv.m hissəsinin mülkiyyətçisi Yevlax bələdiyyəsi, 86 kv. m hissəsi isə dövlət mülkiyyətinə aid torpaq sahəsində yerləşir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Sənəd üzrə ayrılmış torpaq sahəsi ilə faktiki istifadə etdiyi torpaq sahəsi eyni ərazidə yerləşir, lakin konfiqurasiya və sahə fərqi vardır. Torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evinin 152.88 kv. m hissəsi **********20 reyestr nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində, 24 kv. m hissəsi isə dövlət mülkiyyətinə aid torpaq sahasi üzərində inşa edilmişdir. Fərdi yaşayış evi və torpaq sahəsi elektrik xəttinin qorunma zolağında yerləşir. Məhkəmə, iddia olunan torpaq sahəsinin 226 kv.m hissəsinin İddiaçı, 69 kv.m hissəsinin Yevlax bələdiyyəsinin, 86 kv.m hissəsinin isə dövlət mülkiyyətinə aid olması ilə bağlı cavabdeh orqanın dəlilinə münasibətdə qeyd edir ki, sözügedən üst-üstə düşməyə səbəb torpaq sahəsinə dair ilkin sənədlərin, o cümlədən sonrakı çıxarışların və plan-ölçü sənədinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il, 818 nömrəli Fərmanının tələblərinə uyğun dürüstləşdirilməsinin təmin edilməməsi ilə bağlıdır. Belə ki, “Azərbaycan Respublikasında X3 X7nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”ının tələbləri baxımından cavabdeh orqan çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə etməli, uyğunsuzluqları müəyyənləşdirnəli və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib etməlidir. Ərazi vahidləri üzrə layihələrdə fiziki şəxslərə torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilməli və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapmalıdır. Yekun olaraq sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunmalıdır. İş materiallarında olan JN-7360A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədən görünür ki, torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinin ölçüsü 0.05 ha olmaqla X4 ayrılmış, daha sonra xx.xx.2011-ci il tarixdə ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Gözəl Quliyeva ilə iddiaçı arasında sözügedən torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında xx.xx.2016-cı il tarixdə iddiaçının tam xüsusi mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsinin planı və ölçüsü sənədi xx.xx.2016-cı il tarixdə tərtib edilmişdir. Cavabdeh orqan məhz xx.xx.2016-cı il tarixdə tərtib edilmiş plan-ölçü sənədinin koordinatlarına istinad edərək sənəd üzrə ayrılmış torpaq sahəsi ilə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi eyni ərazidə yerləşməsini, lakin konfiqurasiya və sahə fərqlərinin mövcud olmasını bildirmişdir (faktiki istifadə vəziyyətinin sənəd üzrə torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğun olmaması). Bununla belə cavabdeh orqan yuxarıda qeyd edildiyi kimi torpaq sahəsinin konfiqurasiya və sahə fərqlərinin Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı hər hansı icraat aparmamış və dürüstləşdirilməmiş məlumatlar əsasında torpaq sahəsinə bələdiyyə və dövlət mülkiyyətinə aid torpaq sahələri ilə üst-üstə düşməsi barədə rəy təqdim etmişdir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyində iddia olunan 381 kv.m torpaq sahəsinin elektron məlumat bazasında mövcud olan Yevlax bələdiyyəsinin “X3 X7”ndəki xəritəsinə əsasən yaşayış məntəqələri təyinatlı torpaqlara aid olması göstərilmişdir. İmtina cavabı verilərkən qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən mühafizə zonası - elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələr müəyyən edilmişdir. Həmin Qaydaların 5-ci bəndinin (a) yarımbəndinə əsasən, elektrik şəbəkələrinin mühafizə zonaları (hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində) aşağıdakı göstərilən məsafələrdə müəyyən edilir: 1- 20 KV – 10 metr, 35 KV – 15 metr, 110 KV 20 metr və s. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərin 2.2-ci bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri elektrik verilişi xətlərinə münasibətdə izolyasiyasız naqilli hava elektrik verilişi xətləri üçün aşağıdakı kimi müəyyən edilir: 2.2.1.gərginliyi 1000 voltadək hava elektrik verilişi xətləri üçün – 2 metr; 2.2.2. 1-20 kV-luq hava elektrik verilişi xətləri üçün – 10 metr; ... İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən daşınmaz əmlak obyekti "xxxx" ASC-nin balansında olan 10 kVluq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. Tikinti işləri aparılan zaman Səhmdar Cəmiyyətdən razılıq alınmamışdır. Göründüyü kimi torpaq sahəsinin yüksək gərginliklə elektrik xətlərinin mühafizə zonasında yerləşdiyini "xxxx" ASC-də təsdiq edir. Mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında fərdi yaşayış evi ilə elektrik xətti arasında məsafə 4 m. göstərilmişdir. İddiaçı da həmin faktı mübahisələndirmir. Lakin o, torpaq sahəsi üzərində mülkiyyət hüququnun mövcudluğuna istinad edərək fərdi yaşayış evini xüsusi mülkiyyətində olan 0.0511 ha həyətyanı torpaq sahəsi üzərində inşa etməsini və "Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən sərhədlərdən kənara çıxmamasını bildirir. Məhkəmə iddiaçının həmin dəlilini iddianın təmin olunmasının əsası kimi qəbul etmir. Belə ki, fərdi yaşayış evinin xüsusi mülkiyyətində olan 0.0511 ha həyətyanı torpaq sahəsi üzərində inşa edilməsi normativ aktla təsdiq edilmiş Qaydalarda (Tələblərdə) təsbit olunmuş tələblərin qüvvəsinə təsir etmir. Həmin tələblər hər bir halda gözlənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”n müddəalarına görə, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər (6). Torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır (7). Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə “Tikinti Normaları və Qaydaları”na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Eynilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli 261 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair” Tələblərin 1.4-cü bəndində qeyd edilmişdir ki, bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. Göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri xüsusi mülkiyyətdə və yaxud istifadədə ola bilər. Lakin həmin torpaq sahələrində binaların layihələşdirilməsi və tikintisi zamanı qeyd olunan Qaydaların tələbləri gözlənilməlidir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, yüksək gərginlikli elektrik xəttinin mühafizə zonası təhlükəsizlik baxımından xüsusi rejmə malik olduğundan və iddiaçı tərəfindən mühafizə zonasına dair tələblər pozulmaqla tikinti işləri aparıldığından cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Yevlax İnzibati Məhkəməsi (Yevlax şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Yevlax Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.