Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-213/2025 23.01.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Yevlax Bələdiyyəsinin 24 avqust 2011-ci il tarixli, 14 nömrəli qərarına əsasən sahibkarlıq məqsədilə, alqı-satqı yolu ilə aldığı Yevlax şəhəri Vaqif küçəsində yerləşən 30 kv torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayışın (elektron) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Yevlax şəhər Bələdiyyəsinin 24 avqust 2011-ci il tarixli, 14 nömrəli qərarına əsasən sahibkarlıq məqsədilə, alqı-satqı yolu ilə aldığı Yevlax şəhəri Vaqif küçəsində yerləşən 30 kv torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayışın (elektron) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-1303/2024 nömrəli qərardadı ilə Yevlax Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İşin qısa məzmunu ondan ibarətdir ki, iddiaçının mərhum əri X4 24 avqust 2011-ci il tarixdə Yevlax şəhər Bələdiyyəsinin 14 nömrəli qərarına əsasən Yevlax şəhəri Vaqif küçəsində yerləşən 30 kv torpaq sahəsini sahibkarlıq məqsədilə alqı-satqı yolu ilə almışdır. Həyat yoldaşı 18 avqust 2022-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı yuxarıda qeyd olunan 30 kv torpaq sahəsinə mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrindən Çıxarışı almaq istəyir. Bu məqsədlə iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanlnda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, bütün sənədləri qaydasında olmasına baxmayaraq orada iddiaçının müraciətinin icrasından imtina olundu və məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda bildirmişdir ki, müraciətlə bağlı təqdim edilən sənədlər (surətləri) toplusu ekspertiza edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ərizəyə əlavə edilən sənədlər natamamdır. Belə ki, qanunvericiliyə görə, torpağa mülkiyyət hüququna dair müqavilələr notariat qaydasında təsdiq edildikdən sonra əmlak üzərində sahiblik və istifadə hüququ yaranır, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra isə mülkiyyət hüququ əmələ gəlir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası DTXK Yevlax rayon hərrac və müsabiqə komissiyasının torpaq hərrac və ya müsabiqənin nəticələri barədə iclas protokolu əsasında Yevlax Bələdiyyəsi ilə X4 arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmasına baxmayaraq Azərbaycan Respublikası “Torpaq bazarı haqqında” Qanununun 10-cu maddəsində nəzərdə tutulduğu kimi notarial qaydada təsdiqlənməmişdir. Təqdim edilən xx.xx.2013-cü il tarixində verilmiş obyektin qəbul komissiyası tərəfindən istismara qəbul edilməsi aktı həmin dövrdə qüvvəyə minmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş tikinti obyektinin istismarına icazənin vahid forması ilə ziddiyyət təşkil edir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.
2. 23.09.2011-ci il tarixli Yevlax şəhər İcra Hakimiyyəti başçısının 196 nömrəli sərəncamının surəti.
3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ********* nömrəli şəhadətnaməsinin surəti.
4. xx.xx.2011-ci il tarixli 26 nömrəli protokolun surəti.
5. “Azəriqaz” İstehsalat birliyinin xx.xx.2013-cü il tarixli məktubu
6. FHN X5 xidməti X7 nəzarəti idarəsinin xx.xx.2014-cü il tarixli xx/xx-1568 nömrəli məktubu
7. 25.08.2011-ci il tarixli 14 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin surəti.
8. X2 Şəbəkəsi” MMC-nin xx.xx.2014-cü il tarixli xx-xx/1385 nömrəli məktubu.
9. 12.12.2013-cü il tarixli Müqavilənin surəti.
10. 26.05.2014-cü il tarixli Mingəçevir RES MMC tərəfindən verilmiş aktın surəti.
11. 05.10.2011-ci il tarixli ödəniş çekinin surəti.
12. 12.04.20213-cü il tarixli ödəniş çekinin surəti.
13. MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, 0.0030 ha torpaq sahəsi Yevlax bələdiyyəsinin mülkiyyətidir.
14. Yevlax bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 22 nömrəli qərarın surəti.
15. Yevlax şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2011-ci il tarixli 94 nömrəli məktubu.
16. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-5294/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, X3 Yevlax Bələdiyyəsinin 24 avqust 2011-ci il tarixli 14 saylı qərarı ilə satılmış 30 kv.m torpaq sahəsinin naturada faktiki sahəsi 31.74 kv.m təşkil edir. Torpaq sahəsinin təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpaqları, uqodiyası həyətyanı sahələrin altında olan torpaqlar, mülkiyyətçisi Yevlax Bələdiyyəsidir. Faktiki istifadəçisini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin döngə nöqtələri və yerləşmə vəziyyəti rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Faktiki istifadə olunan tikili altında yerləşən 31.74 kv.m torpaq sahəsi iddiaçıya ayrılmış 30 kv.m torpaq sahəsi ilə üst-üstə düşür. İddiaçıya ayrılmış 30 kv.m torpaq sahəsi və faktiki istifadə olunan 31.74 kv.m torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Faktiki istifadə olunan 31.74 kv.m torpaq sahəsinin 30 kv.m hissəsi **********30 reyestr nömrəli çıxarışla Yevlax Bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür.Torpaq sahəsi ilə 6 kv-luq hava elektrik xətti arasında 2.7 metr məsafə vardır. Əsaslandırma hissəsi:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır.Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, iddia olunan torpaq sahəsi üzərində **********30 reyestr nömrəli çıxarışla Yevlax Bələdiyyəsinin mülkiyyət hüququ qeydə alınmışdır.Həmin çıxarışın məqsədi torpaq sahəsinin hərrac vasitəsi ilə özgəninkiləşdirilməsindən ibarətdir. Torpaq sahəsi ilə bağlı xx.xx.2011-ci il tarixli hərracın nəticəsində X4 hərracın qalibi olmuş, hərracın yekunu xx.xx.2011-ci il tarixli, 26 saylı Protokolla rəsmiləşdirilmişdir.İddiaçıya bu barədə keçmiş DTXK tərəfindən xx.xx.2011-ci il tarixli Şəhadətnamə verilmişdir. Cavabdehin iddiaya qarşı dəlili - həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməməsi ilə bağlı olmuşdur. Məhkəmə etirazın dəlilinə münasibətdə qeyd edir ki,həmin sənəd tərəflər arasında bağlanmış müqavilə olmaqla müvafiq inzibati orqan-Bələdiyyə tərəfindən təsdiq edilmişdir ki,bu da şəxsin etimad hüququnun qorunması üçün əsasdır. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.2-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, tərəflər arasında “torpaqların alqı-satqısına dair” aktın tərtib olunmasını nəzərədə tutsa da, həmin aktın tərtibi və torpaq ayrırma qaydasında həyata keçirilən bütün digər proseslər (torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması) bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə prosedur pozuntularına yol verilməsi yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 21 iyun 2023-cü il tarixli 202 nömrəli (2 nömrəli əlavə) “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:
7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə keçmiş DTXK-nın xx.xx.2011-ci il tarixli, ********* nömrəli Şəhadətnaməsinə əsasən (torpaq sahəsi ilə bağlı xx.xx.2011-ci il tarixli hərracın yekun protokoluna əsasında) X1 mülkiyyətinə verilmiş, Yevlax şəhəri Vaqif küçəsində yerləşən 30 kv torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X3 məxsus olmasına dair arayışın (elektron) verilməsi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə