Məhkəmə qərarları › İş №2-1(116)-2135/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-2135/2025

17.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-2135/2025 17.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı müraciət edərək, Yevlax rayonu Kövər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 70 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş 120.0 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, o cümlədən, tərtib olunmuş layihə əsasında avtomobillərə texniki və servis xidmət binalarının tikintisinə dair daşınmaz əmlaka onun adına mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını təsdiq edən çıxarış və həmin daşınmaz əmlakın texniki pasportunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia ərizəsinə əsasən, “Yevlax rayon Kövər Bələdiyyəsinin 29 noyabr 2007- ci il tarixli 70 nömrəli qərarı İlə iddiaçı bələdiyyənin mülkiyyətindən Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 120.00 kv.m torpaq sahəsinin satılması barəsindəki 18 iyun 2007- ci il tarixli ərizəsi nəzərə alınaraq, habelə bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinin hazırladığı sənədləri əsas tutaraq Yevlax rayon Kövər Bələdiyyəsinin sədri N.G. Mayılov tərəfindən qərara alınmışdır ki, Yevlax rayonu Kövər Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında Yevlax rayonu Kövər kənd sakini İddiaçı sahibkarlıq məqsədi ilə 120.00 kv.m torpaq sahəsi satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər və Kövər kənd sakini İddiaçı Bələdiyyənin büdcəsinə ödədiyi 102 manat vəsaiti nəzərə alınsın. Yevlax rayonu Kövər bələdiyyə mülkiyyətinin alqı-satqı premeti olan əkinə yararsız çevrədə yerləşən 120 kv.m hektar torpaq sahəsi Yevlax rayonu Kövər kənd sakini İddiaçı satılması, İddiaçı tapşırılsın ki, normativ qiymətdən az olmamaq şərtilə torpağın nəzərdə tutulmuş satış qiymətinə görə dəyərini Kövər Bələdiyyənin bankdakı müvafiq hesabına ödəsin və ödəmə barədəki qəbzi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsinə təqdim edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsindən xahiş edilsin ki, satılan torpağın dəyəri ödənildikdən sonra nümunəvi "Torpaqların alqı- satqı qaydalarına "əlavədə göstərilən nümunəsi əsasında "Torpaqların alqı- satqısına dair "üç nüsxədən ibarət akt tərtib etsin və onu qeydiyyata alsın. İlkin torpaqayırma sənədlərinin surəti D.T.X.K -nin Yevlax rayon şöbəsinə və digər aidiyyəti orqanlara göndərilsin. Yuxarıda qeyd edilən qərarın hüquqi nəticəsi olaraq aşağıda göstərilən hərəkətlər olmuşdur. ŞİHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Baş memar X. Əhmədov tərəfindən rəy verilmiş və həmin rəydə göstərilmişdir ki, iddiaçıya sahibkarlıqla məşğul olmaq üçün ( avtoyuyucu sexinin tikintisi) alqı-satqı qaydasında ayrılması nəzərdə tutulan 120.0 kv.m torpaq sahəsinə baxış keçirdilər. Baxış zamanı müəyyən olundu ki, həmin ərazidə tikinti işləri üçün maneəçilik törədən heç bir yeraltı və yerüstü kommunikasiya xətləri yoxdur. Odur ki, iddiaçıya avtoyuyucu sexinin tikintisi üçün torpaq sahəsinin ayrılmasını məqsədə müvafiq hesab edirlər. Yevlax rayonu Kövər Bələdiyyəsinin ərazisindən 120.0 kv .m torpaq sahəsinin mənə satılması ilə bağlı "Torpaqların Alqı- satqısına dair "Akt tərtib edilmişdir. Və həmin X7 və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsində 29 noyabr 2007- ci il tarixli 1595 nömrə ilə qeydiyyata alınmışdır. Habelə həmin torpaq sahəsinin yerquruluşu planı tərtib edilərək təstiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Yevlax rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2007- ci il tarixli Rəydə bildirilmişdir ki, İddiaçı Oqtay oğluna satılması nəzərdə tutulan torpaq sahəsi 120.0 kv.m olmaqla Kövər Bələdiyyə mülkiyyətinə aiddir və alqı- satqı predmetidir. 27 iyun 2007- ci il tarixdə ödənişin təyinatı torpaq alqı- satqısı olmaqla Kövər Bələdiyyəsinin hesabına 102 manat pul vəsaiti ödəmişəm. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 07 fevral 2012- ci il tarixli 18 nömrəli Sərəncamı ilə Yevlax rayonu Kövər kənd sakini İddiaçı Oqtay oğlunun satın aldığı torpaq sahəsində avtomobillərə texniki və servis xidməti binalarının tikintisinə razılıq verilmişdir. İddiaçı bildirir ki, ona Azərbaycan Respublikasının Dövlət Torpaq və Xərİtəçəkmə Komitəsi tərəfindən “ Torpaq sahəsinin planı və ölçüsü "sənədi verilmişdir. Yevlax rayonu Kövər kəndində iddiaçı 120.0 kv.m torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Odur ki, məhkəməyə müraciət etməmişdən öncə, cavabdeh inzibati orqana müraciət edərək, Yevlax rayonu Kövər Bələdiyyəsinin 29 noyabr 2007- ci il tarixli 70 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 120.0 kv.m torpaq sahəsində yerləşən, o cümlədən tərtib olunmuş layihə əsasında avtomobillərə texniki və servis xidmət binalarının tikintisinə dair daşınmaz əmlaka dair iddiaçının adına mülkiyyət hüququnun Dövlət reyestrində qeydə alınmasını təstiq edən Çıxarış və həmin daşınmaz əmlakın texniki pasportunun verilməsini təmin edilməsini xahiş etmişdir. Müraciəti, cavabdeh inzibati orqan tərəfdən cavablandırılaraq bildirilmişdir ki, Yevlax rayonu Kövər kəndində yerləşən 0.012 ha torpaq sahəsinə dair mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Nəzərinizə çatdırırıq ki, Yevlax rayon Kövər bələdiyyəsinin 29 noyabr 2007- ci il tarixli 70 saylı qərarı əsasında ayrılmış torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarıdır. Yuxarıda qeyd olunan səbəbə görə 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun qeydiyyata alınması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının "Torpaq Məcəlləsinin "16.4- cü maddəsinin 2-ci bəndində qeyd olunur ki, yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilnən qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal- qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında "Azərbaycan Respublikasının Qanununun 9.1.2- ci və 23.1- ci maddələrinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır və qeyd edildiyi kimi Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103- cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları , bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəfər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. İddiaçı cavabdeh inzibati orqanın yuxarıda qeyd edilən məzmunda imtinasını qanunsuz və əsassız hesab edir. Çünki, həmin ərazi örüş, otlaq və biçənək sahələri deyildir. Yevlax rayon Kövər Bələdiyyəsinin 29 noyabr 2007- ci il tarixli 70 nömrəli qərarı ilə iddiaçıya verilmiş həmin ərazi sahibkarlıq məqsədilə məşğul olmaq üçün iddiaçıya verilmişdir. Habelə, Yevlax ŞİHB aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar X. Əhmədov tərəfindən verilmiş rəydə, mənə alqısatqı qaydasında ayrılması nəzərdə tutulan 120.0 kv.m torpaq sahəsində tikinti işləri üçün maneəçilik törədən heç bir yeraltı və yerüstü kommunikasiya xətlərinin olmaması qeyd edilmişdir. Bundan başqa, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 07 fevral 2012- ci il tarixli 18 nömrəli Sərəncamı ilə torpaq sahəsinin avtomobillərə texniki və servis xidməti binalarının tikintisinə razılıq verilmişdir. Xüsusi olaraq onu da Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, iddia ərizəmin predmeti təşkil edən əraziyə lap bitişik ( yan -yana ) X1 adına mülkiyyət hüququnu təstiq edən Dövlət reyestrindən Çıxarış verilmişdir. Mülkiyyətçi Dilbər İbrahimovanın mülkiyyətçi olduğu əmlak - Yevlax rayonu Kövər kəndində yerləşməklə qeyri- yaşayış binasıdır, binanın ümumi sahəsi 55 kv. m dir , xüsusi mülkiyyətdədir. Torpaq sahəsinin məqsədli təyinatı - sənaye, nəqliyyat, rabitə , müdafiə digər təyinatlı torpaqlar kateqoriyasına aiddir. Torpaq sahəsinin ölçüsü 0.0065 ha-dir. Qonşuluq münasibəti olan ərazidə eyni mühüm faktiki hallara malik X3 mülkiyyət hüququnu təstiq edən Dövlət reyestrindən Çıxarış verilmişdir. İddiaçının müraciətinə isə yuxarıda qeyd edilən məzmunda imtina verilmişdir.”. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “iddiaçı Yevlax rayonu, Kövər kəndində yerləşən 0.0042 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X6 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Yevlax rayon Kövər bələdiyyəsinin 03 yanvar 2005-ci il tarixli 01 saylı qərarı əsasında ayrılmış torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarıdır. Yuxarıda qeyd olunan səbəbə görə 0.0042 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün deyildir.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: • Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. • RX ******* seriya nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Yevlax rayonu Kövər kəndində yerləşən 0,0065 ha torpaq sahəsi X2 mülkiyyətindədir. • 09.02.2012-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı torpağın dəyərini Yevlax rayonu Kövər Bələdiyyəsinin hesabına ödəmişdir. • xx.xx.2007-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı torpağın dəyərini Yevlax rayonu Kövər Bələdiyyəsinin hesabına ödəmişdir. • Yevlax şəhər İcra Hakimiyyəti Başçısın sərəncamının xx.xx.2012-ci il tarixli 18 nömrəli sərəncamının surəti. • Yevlax rayonu Kövər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 70 saylı qərarından görünür ki, İddiaçı Oqtay oğluna 120 kv.m torpaq sahəsi ayrılmışdır. • İsmayıllı RİH Memarlıq və tikinti şöbəsinin məktubundan görünür ki, Şöbə 120.0 kv.metr torpaq sahəsinin satılmasına etiraz etməmişdir. • Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, Yevlax rayonu Kövər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 70 saylı qərarı İddiaçı Oqtay oğluna Yevlax rayonu Kövər Bələdiyyəsi ərazisindən 120 kv.metr torpaq sahəsi ayrılmışdır. • AN 018458 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Yevlax rayon Kövər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 40 saylı qərarı ilə İddiaçı 120 kv.m torpaq sahəsi verilmişdir. • 05.02.2020-ci il tarixli EL-27/2020 nömrəli Lisenziyanın surəti. • Obyektin qəbul komissiyasl tərəfindən istismara qəbul edilməsi aktının surəti. • BA 882821 seriya nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin surəti. • Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-35/2-2910/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 48. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi xarakteristikası

1. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları həmin hüquqların bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, digər normativ-hüquqi aktlar və torpaqla bağlı əqdlərə dair müqavilələr ilə müəyyən edilmiş həcminə görə fərqlənir.

2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.

3. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər.

4. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir.

5. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Maddə 49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ

1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 1. Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında” Əsasnamə:

10. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının tikintisi üçün torpaq sahələrinin verilməsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. 13-1. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğı-satqı qaydasında verilir. 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər.

21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir.

22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə qərar qəbul edir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının aynlmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi haqqında” 06 may 2002-ci il tarixli Fərmanının 2-ci bəndinə əsasən Əsasnamənin 17, 18. 19, 21 və 22-ci bəndlərində nəzərdə tutulmuş “icra hakimiyyəti” orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0 Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.\ “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı:

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin; 2.5. ərazi vahidləri üzrə layihələrin nəticəsi olan və torpaqların elektron kadastr uçotu informasiya sisteminə daxil edilmiş torpaq sahələrinə dair məlumatlar əsasında daşınmaz əmlakın dövlət reyestrində üzərində hüquqlar qeydiyyata alınmış torpaq sahələrinə dair hüquqi və texniki sənədlərdə düzəlişlər edilməsi zərurəti barədə hüquq sahiblərinə bildiriş təqdim olunmasını, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsi ilə müəyyən edilmiş qaydada hüquq sahibi olan mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində düzəlişlər edilməsini və həmin düzəlişlərə uyğun yeni sənədlərin verilməsini təmin etsin; “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması” Qaydaları: 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. 5.3. Sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Əsaslandırma hissə:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34.1-ci -ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır Məhkəmə aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İPM-nin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Yevlax rayonu Kövər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 70 saylı qərarı ilə İddiaçı 120 kv.m torpaq sahəsi ayırılmışdır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, ümumi yığıncağın protokolu, habelə sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri Yevlax rayonu Kövər Bələdiyyəsinə ödənilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xərİtəçəkmə Komitəsi tərəfindən A 018458 saylı “ Torpaq sahəsinin planı və ölçüsü "sənədi verilmişdir Həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 07 fevral 2012- ci il tarixli 18 nömrəli Sərəncamı ilə Yevlax rayonu Kövər kənd sakini İddiaçı Oqtay oğlunun satın aldığı torpaq sahəsində avtomobillərə texniki və servis xidməti binalarının tikintisinə razılıq verilmişdir. Qeyd olunanlar işin mübahisəsiz hallarıdır. Cavabdeh imtinasının əsası kimi Yevlax rayon Kövər bələdiyyəsinin 03 yanvar 2005-ci il tarixli 01 saylı qərarı əsasında ayrılmış torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaq olmasına istinad etmişdir. Məhkəmə cavabdehin dəlilini əsaslı hesab etmir. Belə ki, iş üzrə əldə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-35/2-2910/2025 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, “Elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Kövər bələdiyyəsinin DWJ və TEKUİS xəritəsinə əsasəsn iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin təyinatı (kateqoriyası) - kənd təsərrüfatı təyinatlı (kənd təsərrüfatına yararsız) torpaq sahəsidir, uqodiyası - təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər sosial və ictimai tikinti altında olan torpaqlar, mülkiyyətçisi - Kövər bələdiyyəsidir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsinin faktiki sahəsi, döngə nöqtələrinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi A 018458 saylı plan- ölçü sənədində göstərilən torpaq sahəsi ilə eyni ərazidir. Müqayisəli ortofoto xəritəsindən çıxarış təqdim edilir. İddia olunan qeyriyaşayış binası naturada mövcuddur və həmin tikili bələdiyyə tərəfindən iddiaçıya ayrılmış 120 kv metr torpaq sahəsi üzərində inşa edilmişdir. Tikilinin faktiki vəziyyəti sorğuya əlavə edilmiş plana uyğundur.”. Göründüyü kimi mübahisəli torpaq sahəsi plan və ölçü sənədində göstərilən torpaq sahəsi ilə eyni ərazi olmaqla, kənd təsərrüfatına yararsız torpaq sahəsidir. Nəzərə alınmalıdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı torpaq olmasına münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1-ci hissəsinə əsasən sənaye obyektlərinin tikintisi, dəmir və avtomobil yollarının, elektrik və rabitə xətlərinin, magistral boru kəmərlərinin çəkilişi, habelə digər qeyri-kənd təsərrüfatı ehtiyacları üçün torpaq sahələri əsasən kənd təsərrüfatına yararsız və ya az yararlı torpaqlardan ayrılır. Göstərilən məqsədlər üçün meşə fondu torpaqlarından torpaq sahələri, bir qayda olaraq, meşə bitkiləri ilə örtülü olmayan sahələr, yaxud meşəbitmə şəraitinə görə az yararlı və yararsız sahələrdən verilir. Mövcud vəziyyətdə cavabdeh inzibati orqan “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanının 2.5-ci bəndində müəyyən edilən hallar üzrə öz səlahiyyətləri çərçivəsində hərəkət etməli olduğu halda, iddiaçının müraciətindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmayan imtina vermişdir. İddiaçının mübahislə torpaq sahəsinə dair qüvvədə olan hüquqmüəyyəedici sənədlərinin mövcudluğu mübahisəsizdir. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə qeyd edir ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən, eləcə də hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Cavabdehin dəlilini əsassız hesab edən məhkəmə qeyd edir ki, qanuni ayırılmış torpaqların hüquqi və texniki sənədlərdəki kateqoriya göstəriciləri elektron bazadakı göstəricilərlə uyğunsuzluğu mövcudluğu şəxsin mülkiyyət hüququnu məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz. Yuxarıda qeyd olunan normalrdan göründüyü kimi torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki torpaqlarda hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılmışdır. Odur ki, mövcud xəritələrdə (DVJ və TEKUİS) torpaq sahəsinin hüquqi və texniki sənədlərdəki məkan və kateqoriya göstəriciləri arasında mövcud olan uyğunsuzluqların mövcudluğu iddiaçının məsuliyyət sferasına aid edilə bilməz və bu əsasla o mülkiyyət hüquqlarının qeydə alınmasından məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin hüquqi əsası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsindən irəli gəldiyi halda cavabdeh bunu nəzərə almadan, zəruri inzibati icraatı aparmadan imtina etmişdir. İddiaçının iddia tələbində hüquqi marağı Yevlax rayonu Kövər bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 70 saylı qərarı ilə onun mülkiyyətinə verilmiş 120.0 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, o cümlədən, tərtib olunmuş layihə əsasında avtomobillərə texniki və servis xidmət binalarının tikintisinə dair daşınmaz əmlaka onun adına mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmasını təsdiq edən çıxarış və həmin daşınmaz əmlakın texniki pasportunun verilməsindən ibarətdir və bunun üçün o zəruri hüquqmüəyyənedici sənədlərə malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

Qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə Yevlax rayonu Kövər Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 70 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 120.0 kv.metr torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, avtomobillərə texniki və servis xidmət binalarına dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və texniki pasportunun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar